İNTERNET, İŞSİZLƏRİN İŞ YERİNƏ ÇEVRİLMƏMƏLİDİR

11-08-2009 / 05:10

Öz gözündə ağac ola-ola başqasının gözündə çöp axtarma...
Azərbaycan atalar sözü

Azərbaycan folkloruna üz tutub yazdığım qoğal nağıldan sonra 3 həftə qədər gözləməli oldum ki, yazıma bir cavab gəlsin. Ardı gələn (ancaq ki nəsə gəlib çıxmayan) məqaləsini yazan söhbətin ətrafında fırlandığı “bərk gedən” İnternet layihəsinin icraçı direktoru yəqin tükənib ki, estafeti həmin layihənin marketinq direktoru (bir layihədə neçə direktor olarmış) təhvil aldı.

Düzdü, məni səviyyəsiz adlandıraraq məqaləmə cavab yazmağa söz belə tapa bilmədi, suallarım cavabsız qaldı. Ancaq layihənin yeni nümayəndəsinin yeni yazısı eyni tərzli olduğuna görə yeni suallar doğurduğu üçün, bu barədə düşüncələrimi bölüşmək istərdim.

Hər cümləsi böhtan, hər sözü yalan olan cənab direktor, yaymağa çalışdığı səhv məlumatlara qarşılıq olaraq çox professional məqalə yazan dostumuza cavab olaraq Nizamidən bir sitat tapıb, amma rus dilinə tərcümə etməkdən hər halda aciz qalıb ki, rusca məqaləsində sitat azərbaycanca gətirilib.

Əlindən gəldiyi qədər öz layihələrini misilsiz və sərfəli olaraq göstərmək üçün yolunda duran bütün hamını palçığa batıran cənab direktorların növbəti hədəfi cari ilin may ayından etibarən çox uğurlu addım atıb, Odnoklassniki.ru saytındakı reklamların Azərbaycan üzrə göstərmələrinin satışı hüququnu alan dostumuz oldu.

Sosial şəbəkə saytında reklamı faydasız adlandıran cənab direktor, daha sonra milli informasiya və xəbər saytlarında yerləşdirilən reklamların effektivliyini də şübhə altına qoydu. Bunun üçün keçmişi yada salaraq, mobil operatorlarının birində çalışdığı dövrlərdə etdiyi araşdırmaları əsas gətirərək orada tutduğu vəzifədən azad olduqdan sonra həmin mobil operatorunun indiki marketinq siyasətinə də söz atdıqdan sonra cənab direktor məqalənin özünə qayıdır...

Bundan sonra məqaləsini oxumağa dəyər, çünki böhtanatma və qarayaxmalardan sonra direktorumuz marketinq mütəxəssisi olduğunu xatırlayıb, nəhayət ki əsas işinə qayıdır.

* * *

Bütün bu nağılın ən maraqlı nöqtəsi ondadır ki, illər öncə mobil operatorlarımızın birində çalışan cənab direktorlar hal hazırda səviyyəsiz saydıqları bəndənizə İnternet-reklam mövzusunda mütəxəssis hesab edərək, xidmətlərimizə müraciət etdilər və hətta şirkətimizlə mobil operator arasında müqavilə imzalandı. O vaxtı (4 il əvvəl), biz məhz reklamın dinamik göstərilməsi və aparılan reklam kampaniyasının monitorinqin aparılması üçün yaratdığımız sistemdən istifadə imkanlarını təqdim etmişdik.

Azərbaycan İnternet Forumununun çoxillik fəaliyyətlərini yox sayan cənab direktor bu səfər 4 illik mövcudluğumuzu də görməməzlikdən gələrək, göstərdiyimiz xidmətlərin bazarda olmadığını iddia edir. Maraqlı faktlardan biri də odur ki, “bilinməyən reklam agentliyi” adlandırdığı agentlik, düz 2 il əvvəl mötəbər milli informasiya agentliklərin birinin veb-resursunda tətbiq etmişdir və hal hazırda digər əhəmiyyətli saytlarda tətbiq etməyə davam edir.

* * *

Bütün bunların işığında maraqlı fakt odur ki, cənab direktorun məqaləsi reklam yerləşdirilməsi nöqteyi-nəzərdən effektiv olmayan xəbər saytında yer alır.

İkinci maraqlı tərəf odur ki, həmin xəbər saytında reklamlar statik üsulla yerləşdirilib. Sayt rus dilindədir, sayğacların statistikası bağlıdır və reklam göstərilməsi coğrafi olaraq filtrlənmir.

Cənab direktorun bəzi saytlarda reklamların sayının bol olduğundan da gileylənir. Düzdür, Beynəlxalq Reklam Bürosunun standartlarına görə bir veb-səhifəsində 4 bannerdən artıq nümayiş olunmamalıdır. Maraqlısı odur ki, məqalənin nəşr olunduğu xəbər saytının əsas səhifəsində eyni anda 16 ədəd reklam yeri yer alır.

Ən maraqlısı da odur ki, həmin xəbər saytı 1 il əvvəl olunan dizayn dəyişikliyi ediləndən sonra tətbiq etdikləri reklam yerləşdirmə üsulu bəyənmədikləri saytın sistemini təqlid edir.

Hər halda bunun üçün cənab direktorun məqaləsini nəşr edən xəbər saytı yazının altında, “Müəllifin fikirləri redaksiyanın fikirləri ilə üst-üstə düşməyə bilər” cümləsini yazmışdır, və yəqin ona görə də “redaksiya müəllifin görüşlərinə görə heç bir məsuliyyət daşımır”.

Məqaləmi yazanda epiqraf üçün uyğun atalar sözü seçəndə “Yalan danışan yanındakını qanmaz yerinə qoyar” sözü də yadıma düşüb. Həqiqətən də, ata-babalar sözlərində əsrlik elm gizlidir. Kaş milli dildə layihə düzəldib, rusca məqalə yazan cənab direktorlar mədəniyyətimizə və irsimizə bir az daha bələd olsaydı... Yoxsa, belə, yalan-böhtan üzərində qurulan qarayaxma, PR saydıqları fəaliyyətə davam etsələr, eldə layihələrinə simpatiyası olan adam qalmayacaq.



ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə