Mobil telefonlar ölkəyə necə gətirilir və necə qeydə alınır ?

06-09-2018 / 17:05

Ötən aydan başlayaraq mobil cihazların qeydiyyatı üçün Nazirlər Kabinetinin qərarı ilə yeni rüsumlar tətbiq olunur.

Fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə əvvəllər 5 manat olan rüsum telefonun modelindən asılı olaraq 3000%-dək qaldırılıb.

Yəni, şəxsi istifadə üçün telefon gətirənlər telefonun qiymətindən asılı olaraq 20 manatdan 150 manatadək rüsum ödəyirlər. Elektron ticarət yolu ilə telefonları əldə etmək istəyən vətəndaşlar isə indiyədək mövcud olan qaydalardan fərqli olan tam yeni situasiya ilə qarşılaşıblar.

İlk öncə indiyədək bu prosesin necə həyata keçirildiyinə nəzər salaq.

Adətən ölkəyə telefonlar elektron ticarət yolu ilə əsasən iki istiqamətdən , Dubay və Çindən gətirilir. Az bir qismi isə Avropa və Amerikadan gətirilir. Dübaydan alınan bağlamaların logistikasını (çatdırılmasını) EMS poçt şirkəti (Təsisçisi “Azərpoçt” olan “Azərekspresspoçt” qurumu), Çindən gətirlən malların çatdırılmasını isə əsaəsn Azərpoçt təmin edir. Məlum qərar çıxanadək vətəndaşlar internet mağazalardan əldə etdikləri telefonları, əgər hər hansı bir gömrük problemi olmadığı halda son ünvanda, evində və ya ofisində adı şəkilən poçt qurumları vasitəsilə əldə edə bilirdi.

Əgər problem vardısa, o, hər iki poçt şirkətinin ofisinin yerləşdiyi, Poçt Daşıma Mərkəzinə, Droqal döngəsi 702 ünvanına yaxınlaşaraq , problem aydınlaşdırıldıqdan, ehtiyac olarsa zəruri ödənişləri etdikdən sonra telefonunu əldə edə bilirdi. Ədalət naminə qeyd edək ki, əvvəlki qaydalarda həqiqətən də “şəxsi məqsədlər” adı altında gizlənərək kommersiya məqsədi üçün də telefon gətirənlərin olması sirr deyildi və bunların da çox az bir hissəsinə sonradan Dövlət Gömrük Komitəsinin buradakı nümayəndəsi rüsumlar ödətdirirdi.

Əvvəllər telefonların gəlməsi ilə bağlı vətəndaşlara SMS də göndərilirdi. Həmçinin vətəndaşlar özləri də onlayn olaraq telefonların alındığı ölkədən Azərbaycana daxil olanadək çatdırılmasını izləyə bilirdilər. 

Bəs NK-nın yeni qərarından sonra nə baş verib, proses indi necə icra olunur ? 

Araşdırmalarımız, rastlaşdığımız situasiyalar və əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki Nazirlər Kabinetinin məlum qərarından sonra vəziyyət kəskin dəyişib.

Adı çəkilən ünvanda DGK-nın geniş tərkibdə yeni komandası çalışır. Hava limanındakı gömrük qurumunun rəhbəri indi buradakı gömrük məntəqəsinə rəhbərlik edir. Nəqliyyat, Rabitə və Yüsək Texnologiyalar Nazirliyi onlar üçün burada, modern səviyyədə olmasa da, iş şəraiti yaradıb, otaqlar ayırıb. Əslində kommersiya məqsədi ilə telefon gətirənlərin qarşısını almağa yönələn NK-nın yeni qərarında şəxsi və ya kommersiya məqsədi ilə gətirilənlərin aşkara çıxarılması üçün hər hansı mexanizm nəzərdə tutulmadığından DGK kütləvi olaraq adı çəkilən ölkələrdən gələn bağlamalara baxış keçirir. Burada yerləşən poçt qurumları bağlamaları, necə deyərlər vətəndaşlara deyil, birbaşa DGK-ya təhvil verir.

Bütün telefonlar, şəxsi və ya kommersiya məqsədi ilə gətirilməsindən asılı olmayaq DGK tərəfindən qeydə alınır. Gömrük əməkdaşları, daxil olan hər bir bağlamanı açır və oradakı hər bir telefon üçün, uzun-uzadı sadələşdirilmiş bəyannamələri (kim gətirib, hardan gəlib, İMEİ kodu, dəyəri və s.) kompüterə daxil edirlər . Prosesin nizamlanması, növbəlilik kortəbii, oflayn formada təmin edildiyindən, ilk günlər yüzlərlə vətəndaşlar növbədə və basabasda vaxt itirirdilər. Hazırda isə proseslərin bir qədər səngidiyi müşahidə olunur. Növbəlilik prosesinə də DGK nəzarət edir.

Ədalət naminə demək lazımdır ki, burada hansısa rüşvət və ya korrupsiya ilə bağlı halların olmadığını bildirilir. Sadəcə, bütün qeydiyyat və telefonların əldə edilməsi prosesləri primitiv qaydada icra olunur.

Yeni metodun tətbiqindən sonra əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, DGK “şəxsi məqsədlər” bəyannaməsi ilə, əslində isə kommersiya məqsədləri üçün ölkəyə gətirilməsi şübhə yaradan külli miqdarda telefonlar aşkar edib. Ölkəyə gətirilən çox sayda telefonların alınması ilə bağlı ödənişlərin birbaşa xaricdə həyata keçirilməsi onların əsil sahiblərini də aşkara çıxarmağa mane olduğu bildirilir.

Bəzi hallarda gətirilən telefonların dəyərinin qəsdən aşağı qeyd edildiyi, sənəddə qeyd olunan markadan fərqli bir telefonun bağlamada olduğu, bir adamın onlarla vətəndaşların adına telefon göndərməsinin şübhə doğurduğu hallar qeydə alınır. Ölülərin adlarına, internetdə vətəndaşlar haqqında məlumatlardan ibarət saytlardan əldə edilən məlumatlar əsasında telefonların gətirilməsinin də aşkarlandığı bildirilir.  

DGK bəzi hallarda problemi yerindəcə həll etmək üçün müvafiq gömrük rüsumlarının ödənilməsini tələb edir və bundan sonra telefonlar sahiblərinə verilir. Prosesi operativ etmək üçün burada Azərpoçtun ödəniş məntəqəsi də yaradılıb.
Şəxsi məqsədlər üçün gətirilməsinə ciddi şübhələr olduqda DGK dərhal özünün təhqiqat və qaçaqmalçılıqla bağlı şöbəsinə müraciət edir . Bundan sonra bu strukturlarda araşdırma başlayır.

Bütün bunlar bəlkə də yaxşıdır, yəni primitiv qaydada olsa da, qanunsuzluğun və qaçaqmalçılığın qarşısının alınmasına yönəlib. Ən pisi isə ondan ibarətdir ki, bu cür şübhələr, bu yazışmalar və bu proseduralar təsəvvür edin ki, adi bir düyməli telefon alan vətəndaşlara da tətbiq edilir. Və onlar da saatlarla gözləməli olurlar. Hansı ki onlar indiyədək bu telefonları evində və ofisində ala bilirdi.

DGK burada çevik və effektiv yoxlama mexanizmlərini hələlik tətbiq edə bilməyib. Yəni, bu prosedsə əsas problem odur ki NK-nın məlum qərarının konkret icra mexanizmi olmadığından , necə deyərlər “qurunun oduna yaş da yanır.”

Yeri gəlmişkən, görünən həm də ondan ibarətdir ki NK-nın yeni qərarından sonra EMS və Azərpoçt demək olar ki proseslərdən kənarlaşdırılıblar. Onlar yalnız vətəndaş müraciət etdikdən sonra onun bağlamasını DGK-ya təhvil verməklə funksiyalarını başa vurmuş olurlar.

İndiyədək son nöqtəyə telefonu çatdıran EMS indiki halda sadəcə olaraq vətəndaşa SMS göndərir ki, ofisə yaxınlaşsın. Azerpoçt isə ümumiyyətlə SMS göndərməkdən də imtina edib.

Yəni, görünən budur ki, elektron ticarətin əsas atributu olan çatdırılma xidməti- logistika xidməti NK-nın yeni qərarı ilə iflic vəziyyətinə salınıb. Düşünürük ki, bu , ölkədə elektron ticarətin gələcək inkişafı baxımından da yolverilməz bir haldır. 

Nə etməli ?

Dərhal qeyd etmək istərdik ki biz, AİF olaraq telefonlara tətbiq olunan yeni rüsumları Azərbaycanın indiki inkişafı və ölkədə aparılan islahatlar baxımından məqsədəuyğun hesab etməmişik və bununla bağlı ölkə başçısına da müraciət göndərmişik.

Məlum qərarın icrası istiqamətində DGK-nın qaçaqmalçılığa qarşı mübarizəsi, bu məqsədlə apardığı təhqiqat, yoxlama, anlaşılandır.

Anlaşılmaz olan odur ki, bütün bunlar özü üçün telefon gətirən sadə vətəndaşlara da tətbiq olunur və logistika infrastrukturu da dağıdılıb.

İndiki halda , düşünürük ki, ən ciddi məsələ həqiqətən də şəxsi məqsədlər üçün telefon gətirənlərin daha asan, rahat üsulla telefon əldə etməsini təmin etməkdən ibarətdir.

Yolverilməz haldır ki, kimsə onlayn formada, qanunvericilikdə nəzərdə tutulduğu qaydada adi bir telefonu öz kredit kartı ilə, ölkə ərazisində ödəniş etməklə əldə edə bilmir. Hansı ki bu, normalda poçt qurumalrı tərəfindən onun arzuladığı bir yerə çatdırılmalıdır.

Fikrimcə NK-nın yeni qərarının normal icrasını təmin etmək üçün aşağıdakı addımlar atılmalıdır :

1. DGK şəxsi məqsədlər üçün gətirilən telefonların asan və rahat formada əldə edilməsi üçün imkanlar yaratmalıdır. Məsələn, vətəndaşın özəl bank kartı ilə ölkə daxilindən edilən ödənişlərlə bağlı sənədi telefonu tez bir zamanda əldə etməsi üçün yetərli hesab oluna bilər. Gərəkdir ki DGK və poçt qurumları bu sənədin qabaqcadan əldə edilməsi üçün vətəndaşa onlayn imkanlar yaratsınlar. Bu sənəd təqdim edən vətəndaşların bağlamaları dərhal poçt qurumları tərəfindən qeyd olunan ünvana çatdırılmalıdır.

2. DGK hər bir telefon haqqında, vətəndaş haqqında məlumatların kompüterə daxil edilməsini sadələşdirməlidir. Bu məqsədlə poçt şirkətləri ilə qabaqcadan informasiya münasibətləri quraraq, vətəndaşlarla bağlı informasiyaları inteqrasiya etməklə yenidən bəyənnamələrin yazılması prosedurunu aradan qaldırmaq və ya sadələşdirmək olar. 

3. DGK telefonların gömrük dəyərini müəyyən etmək üçün güvənli sənədlərə və mənbələrə üstünlük verməlidir . Bəzən müşahidə olunur ki DGK 1000$ ətrafında olan telefonların qəsdən, bilərəkdən bu məbləği keçməsi üçün onun üzərinə dəxli olmayan xərcləri də əlavə etməkdə maraqlı olur. Çünki, gömrük dəyəri 1000$-dan çox olsa vətəndaş gömrük rüsumu ödəməyə məcbur olur. Telefonların gömrük dəyərinin DGK tərəfindən süni surətdə artırılması, həmçinin də vətəndaş tərəfindən süni olaraq azaldılması yolverilməzdir.
Telefonun gömrük dəyərini müəyyən etmək üçün DGK özünün inandığı bir neçə mənbəyə, internet resurslara əsaslanır ki, bu da doğru yanaşma hesab oluna bilməz. Əgər vətəndaş telefonun alındığı qiymətlə bağlı ağlabatan, güvənli sənədlər təqdim edə bilirsə onlar qəbul edilməlidir.
DGK qabaqcadan məlumatlandırma işləri aparmalıdır.

4. Azərpoçt və EMS binasında- Poçt Daşıma Mərkəzində bağlamaların gömrük rəsmiləşdirilməsi və araşdırma üçün DGK-ya normal iş şəraiti yaradılmalıdır. DGK rəhbərliyi və NRYTN burada normal, effektiv və çevik mexanizmlər qurmalıdır. Bu qurumlar VXSİ Dövlət Agentliyi ilə birgə bu xidmətin zəruri mərhələlərini elektron formaya keçirməlidirlər. Poçt qurumları ilə qarşılıqlı informasiya mübadiləsi əsasında bu xidmətin zəruri mərhələləri elektron formaya keçirilə bilər.

5. Vətəndaşlar üçün bağlamanın hərəkəti , son nöqtəyə çatması ilə bağlı SMS məlumatlandırmanı inkişaf etdirmək, vətəndaş tərəfindən bağlamanın əldə edilməsi üçün vahid pəncərə prinspi tətbiq etmək, onlayn və oflayn növbəlilik mexanizmləri yaratmaq lazımdır. 

6. Bu sahədə bir maarifləndirmə işlərinin də aparılmasına ehtiyac var. Vətəndaş bilməlidir ki onun adına kommersiya məqsədi ilə gətirilən telefonlar gələcəkdə ona ciddi problemlər yarad bilər. Kimlərsə bu telefonlardan qeyri-qanuni məqsədlə istifadə etdikdə hüquq-mühafizə orqanları ilk növbədə bu adamları axarmağa başlayacaqlar. 

Ümid edirəm aidiyyatı qurumlar NK-nın yeni qərarının daha şəffaf və vətəndaşlar üçün rahat formada icrası mexanizmlərini qısa müddətdə hazırlayacaqlar

 

Osman Gündüz
06.09.2018


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə