Məlumat verdiyimiz kimi, Türkiyənin sevilən müğənnilərindən Musatafa Sandal bu gün Webrazzi Mobil 2017-də səhnəyə çıxıb.
Mahnıları, bəstələri ilə görməyə alışdığımız müğənni bu dəfə startap sahəsinə gəlişi, indiyə qədər etdiyi yatırımlar və bununla bağlı digər məqamlar barədə maraqlı məlumatlar bölüşüb.
Xeberler.az-ın məlumatına görə, 5 ay əvvəl startap sahəsinə gəldiyini deyən Sandal bu sahənin göründüyü kimi asan olmadığını deyib:
“5 ay əvvəl mənimlə görüşmək istəyən yatırım qrupunun vasitəsi ilə bu dünyaya addım atdım. Yatırım etdiyim ilk startap isə Jestiniyap oldu. Göründüyü kimi, startapın adı “Jest oldu" mahnım ilə əlaqəlidir. Komanda ilə görüşdük, ideyanı çox bəyəndim. Layihənin üzərində bir az işlədik və təqdim etdik. Jestiniyap mobil üzərindən hədiyyə göndərir. Belə ki, istədiyiniz adama tətbiq vasitəsi ilə hədiyyə göndərə bilirsiniz. Yatırımçıları, komandaları və bu sahə ilə bağlı digər maraqlı tərəfləri dinləyəndə əmin oldum ki, çox yaxşı ideyanız ola bilər, amma onun üzərində bir az işləyib, qısa zamanda böyük gəlirlər qazana bilmə ehtimalı, ümumiyyətlə, yanlışdır. Və bu sahənin o qədər də asan, sadə olmadığını qısa zamanda anladım”.
Mustafa Sandal qeyd edib ki, hazırda sahəni daha yaxından öyrənməyə çalışır:
“İlk vaxtlar sahə mənə çox yad gəlirdi. Daha sonra bu sahədəki insanlarlarla, simalarla görüşdük. Çalışıram ki, o mütəxəssislərə doğru suallar verim və məntiqli cavab alım. Sektoru öyrənmək üçün onların təcrübəsindən faydalanıram. Elə Jestiniyap startapını ərsəyə gətirənə qədər demək olar ki, bu sahə ilə bağlı çox məqamları öyrəndim. Tətbiqə bir dəyər qatmağa çalışdım. Bunun üün startapın marketinq tərəfini çox uğurlu işlədik, markalarla görüşlər keçirdik, hətta tətbiqin reklam üzü də mən oldum. Daha sonra startapın qlobala çıxışı üçün yeni istiqamətlər axtardıq, bunun üçün çox sayda görüşlər, müzakirələr oldu. Yeni stratergiyalar müəyyən etdik. Bunların da nəticəsində kifayət qədər tərcübə toplaya bildim”.
Sandalın sözlərinə görə, hər hansı ideyaya yeni tapdığı bir melodiya kimi yanaşır:
“ 20 ildən çoxdur musiqi sahəsi ilə məşğulam. Çalışıram bu sahədəki təcrübəmi startap eksosistemində də tətbiq edim. Məsələn, hər hansı yeni ideyaya çox gözəl bir melodiya ilə qarşılaşmışam kimi yanaşıram. Sadəcə bu musiqini auditoriyaya təqdim etmək üçün aranjman etmək lazımdır ki, özünü daha yaxşı ifadə etsin. Eynilə startap sahəsi də belədir. Düşündüyün ideyanı insanlara təqdim etmək üçün ən yaxşı formada stratergiya hazırlamalısan. İnsanlar, yatırımçılar sizin işinizə həqiqətən də ürəkdən inanmalıdır. Bu güvəni, inamı da siz yaratmalısınız. İnsanlar sizin nəzərdə tutduğunuz məhsulun fotosunu görməli, sonra inanmalıdır. Əlbəttə, burada işin riyazi tərəfi də çox yaxşı olmalıdır. Bu işlər isə sürətli olmur. Bir az nəfəs ala-ala etmək lazımdır”.
Müğənni qeyd edib ki, hazırda yeni 3 startap üzərində işləyirlər və yaxın vaxtda təqdim ediləcək:
“Ringpara adlı startap hazırlayırıq. Bu startap reklam dünyasında fərqlilik yaradacaq. Belə ki, reklam verən ilə son istifadəçini birləşdirəcək. Ringpara üçün Vestel şirkəti ilə əməkdaşlıq edirik. Ringpara-nın mayın sonu, iyul ayının əvvəlində böyük təqdimat mərasimi keçiriləcək. Digər Manibux startapı da 6-16 yaş uşaqlar üçün xərclik kartıdır. Tətbiqin daxilindəki karta müəyyən məbləğdə pul yerləşdirirsiniz. Və uşaqlarınız o vəsaitdən rahat istifadə edə bilir. Bu startapı ilk dəfə oğlumla sınaqdan keçirdik. Hesab edirəm ki, startap həm uşaqlar, həm də valideynlər üçün faydalı olacaq. Bununla yanaşı, uşaqlar üçün yeni oyun da hazırlayırıq. Nəzərdə tutulan mobil tətbiqdə uşaqlar maraqlı və intelektual oyun oynaya biləcək. Tətbiq çox sadə və rahat dizayn edilib”.
Qeyd edək ki, bu mobil oyunun dizaynı tamamilə Sandala məxsusdur.
Daha çox mobil startaplara yatırım edən müğənni məsələyə aydınlıq gətirib:
“Məlumdur ki, hazırda bütün xidmətlər mobil telefonlara daşınır. Dünya sürətlə bu istiqamətə gedir. Baxın, reklam verən hər kəsin baxdığı yerdə olmaq istəyir. Hər kəs də ən çox telefona baxır. Gələcək mobildədir”.
Sandal deyib ki, hazırda startap sahəsi ilə də öz peşəsi kimi maraqlanır:
“Düzdür ki, mənim başqa dünyam var. Amma bu sahə də maraqlı gəlir, mənə zövq verir. Həm öyrənirəm, həm də özümü inkişaf etdirirəm. Bura bilmədiyim bir dünyadır. Daha yeniyəm. Amma öyrənməyə çox böyük həvəsim var. Startap sahəsində də fərqlilik etmək istəyirəm. Hiss edirəm ki, bu sahəyə çox doğru vaxtda daxil oldum”.
Mustafa Sandal sektora verdiyi faydadan da danışıb:
“Qeyd etdiyim kimi, hələ yolun başındayam. Mələk yatırımçı olmaq üçün öncə "mələk ruhu" olmalıdır. "Mələk" olmadan öncə bax ki, fayda verə biləcəyin, təsir edə biləcəyin bir ruhun varmı?. İşin hələ bu hissəsindəyəm. Musiqini bəstələyəndə onu tamaşaçılara təqdim edənə qədər böyük işlər görülür. Mənim üçün təqdimata qədər görülən işlərdir əsasdır. Bundan zövq almaq istəyirəm. Bu sahədə daha çox əksikləri aradan qaldırıb, yeni həllər təqdim etməyə çalışıram. Startaplarla görüşəndə işin əksik tərəfinə baxıram, işi sürətləndirmək üçün təkliflər verib, dəstək göstərməyə çalışıram. Əsas da əlimdən gəldiyi qədər sahəyə ruh qatmağa çalışıram. Önəmli tərəflərin məhsula inanması baxımından motivasiyanı təmin edirəm. Startapların nəyə ehtiyacı var, onu qarşılamağa çalışıram. Bundan əlavə, netvörkinq əhatəm çox genişdir. Bu əlaqələrlə də startaplara dəstək oluram”.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri