Tanınmış mentor: “Azərbaycan startapları barədə çox az məlumatım var”

02-11-2016 / 11:59

Dünyanın texnologiya, innovasiya mərkəzi hesab edilən Silikon Vadisində yaşayan, 20 il ərzində bir çox şirkətlərdə CEO olan Tatyana Kanzaveli Bakıda olub.

Maraqlı bir məqamı da vurğulayaq ki, Tatyana Kanzaveli 1979-1984-cü illərdə Azərbaycanda Neft Akademiyasında Kompüter Elmləri üzrə təhsil alıb.

Hazırda Open Health Network şirkətinin icraçı direktoru olan və dünyada ilkin mərhələdə olan startap layihələrini dəstəkləyən 500 Startups-da mentorluq edən Tatyana Kanzaveli  ölkəmizdə bu sahə ilə maraqlanan şəxslərlə görüşüb.

Xeberler.az olaraq fürsətdən istifadə edib Silikon Vadisi mütəxəssisi ilə dünyada sürətlə inkişaf edən startap ekosistemi, mövcud vəziyyət, reallıqlar, gözləntilər, Azərbaycan bazarı və digər məsələlər ilə bağlı ətraflı söhbət etdik.

Elə söhbətimizə başlayanda Tatyana Kanzaveli bildirdi ki, Azərbaycan bazarı haqda çox az məlumatı var.

Həmsöhbətimiz deyir ki, Azərbaycan gözəl ölkədir, amma İKT, startap bazarı balacadır. Ona görə də Tatyana Kanzaveli ölkəmiz haqda, hazırda inkişaf edən startap ekosistemi barədə geniş biliyə sahib deyil.

Elə bazarın balaca olması məsələsindən Tatyana Kanzaveli ilə söhbətimizə başlayırıq.

Mütəxəssis deyir ki, bazar balaca olanda yeni yaranan startap layihələrində çox sayda problemlər olur. Bunlardan biri də yeni məhsula inam məsələsidir:

“Belə bazarlarda ilk vaxtlar startap layihələrinə inam, güvən məsələsində ciddi problemlər yaşanır. Böyük şirkətlərin belə xırda layihələrin fəaliyyətinə inanması və dəstəkləməsi uzun zaman alır. Layihə rəhbərləri bunun öhəsindən gəlmək üçün bəzi məqamlara diqqət etməlidir. İlk öncə startap yaradanda məqsədinizi düzgün seçməlisiniz. Öz layihəniz, böyümə potensialı və digər tərəfləri ilə bağlı detallı məlumatlar olmalıdır. Daha sonra diqqqət edilməsi vacib məsələ insanların sizin məhsula inanıb, sevərək istifadə etməsidir. Bunun üçün də layihəyə başlayanda təqdim edəcəyiniz yeni xidmətin insanlara faydasını araşdırıb, əvvəlcədən müəyyən etməlisiniz ki, fəaliyyətə başlayanda məhsulunuzdan istifadə edilsin. Növbəti vacib məsələ sizin məhsuldan nə qədər insanın , kimlərin istifadə etməsi və məhsulunuza xərcləyəcəkləri pulun məbləğidir. Bu məqamlar vacibdir və hər bir yeni layihəyə başlayan şəxs bunlara diqqət edərsə, layihəsində böyüyə bilər. Yəni, müəyyən mənada əmin olmalısınız ki, insanların həqiqətən də sizin məhsula ehtiyacı var və bu xidmətdən sevərək istifadə edəcək”.

Onun sözlərinə görə, bu günə qədər Qazaxıstan, Tacikistan, Özbəkistan kimi inkişaf etməkdə olan ölkələrin bazarında müşahidə etdiyi ümumi problem startapçıların bazar araşdırmasını yaxşı etməməsidir:

“ Hazırda bir çox startap accelerator-ları ilə işləyirəm. Qazaxıstan, Tacikistan, Özbəkistan kimi inkişaf etmiş ölkələrdə ən böyük problem odur ki, yeni layihəyə başlayanada bazar araşdırmasını düzgün aparılmır. Təşəbbüskarlar əksər vaxt nəinki öz ölkələrinin bazarını, həmçinin qlobal bazarda araşdırma etmirlər ki, onlardan başqa bu kimi məhsulu kim yaradıb, bazarda kimlər var, bu kimi layihələrin uğur qazanıb-qazanmamasında problemlər nələrdir?”.

Mütəxəssis deyir ki, bəzən startap layihələr sırf maliyyə əldə etmək üzərində qurulur və buna görə də ilk başda addımlamaqda çətinlik çəkir:

“Bəzən startap layihələrini sırf pul qazanmaq üçün yaradırlar. Buna görə də yeni ideyaları olanda deyirlər ki, bu qədər maliyyə lazımdır, yeni maliyyə mənbələri, investisiylar axtarmağa çalışırlar. İddia edirlər ki, bu maliyyə olmadan fəaliyyətə başlaya bilmərik. Amma bu, düzgün yanaşma deyil. Başa düşmək lazımdır ki, ilk mərhələdə layihələrinə yatırım olmayacaq və bunu özləri etməlidir. Mən də uzun illər layihələr həyata keçirmişəm. Öz təcrübə dayanaraq deyə bilərəm ki, ilk mərhələdə özünüz addımlaya, irəli gedə bilməsəz, biznes modelini öyrənə və şirkəti idarə edə bilməyəcəksiniz. Gəlirləri idarə etmək, biznesi nəzarətdə saxlamaq üçün ilk vaxtlar bütün işləri layihə rəhbələrinin özü, komandası etməlidir. Bu işin öhdəsindən gəldikdən sonra maliyyə axtarmaq daha məqsədəuyğundur”.

Startap yaradarkən konkret məqsədin olmasını diqqətə çatdıran həmsöhbətimiz deyir ki, startap layihələrin inkişaf , böyümə dərəcəsi mühitdən asılıdır.

O, Silikon Vadisini misal göstərərək məsələyə aydınlıq gətirib:

“ Layihəyə başlayanda konkret məqsədin müəyyənləşdirilməsi startapınızın dəyərini artıracaq. Əlbəttə bu sahədə uğur qazanmaq hər bir məkanın mədəniyyətindən, mühitindən çox asılıdır. Məsələn, hazırda Silikon Vadisində yaşayıram. Orada hər kəs üçün ümumi olan məsələlər var və hamı bu sistemə uyğunlaşmağa çalışır. Vadidə şirkətlər, startap komandaları çox çalışır. Elə olur ki, bütün gün çalışan, hətta gecə və həftəsonu işləyənlər də olur. Artıq bu, orada adət halını alıb. Vadidə, elə ABŞ və digər inkişaf etmiş ölkələrdə tələbatlar da yüksəkdir və həmin layihələr o təlabatları üçün xidmətlərini inkişaf etdirir.Çünki onlar bunun nəticəsində əlavə dəstək, investisiya mənbələri tapa bilir. Böyük şirkətlərin onlarla əməkdaşlıq etmələri üçün çox çalışırlar. Yəni, startap sahəsində də uğur qazanmaq o qədər asan deyil”.

Onun sözlərinə yeni layihəyə başlayanda ailənin və dostların da dəstəyi növbəti mərhələdə uğur qazanmaq üçün müsbət rol oynayır:

“ Startap yaradarkən ailənizin, dostlarınızın dəstəyi, inamı da vacibdir. Bu da sizə uğur qazanmağa yardım edir. Amma bu dəstək olmayanda da siz uğur qazana bilirsiniz. Əgər yeni ideyanızı ətrafınıza, ailənizə, dostlarınıza deyəndə onlar bunu qəbul etmirsə, amma sizin konkret məqsədiniz varsa, bunu edəcəksiniz. Və ətrafda deyilənlər sizi bu işi etməyə daha çox vadar edəcək və siz özünüzü sübut edib, o yeniliyi təqim etmək üçün daha çox çalışacaqsınız. Yəni, hər şey məqsəddən və çox işləməkdən asılıdır”.

Qadınların innovasiyalarda yeri barədə danışan Tatyana Kanzaveli   son dövrlər Silikon Vadisi və ümumiyyətlə, dünyada qadınların texnologiya sahəsinə gəlməsində bir challenge ( çağırış) yaşandığını deyib:

“ Qadınların artıq texnologiyalar sahəsinə gəlməsində böyük irəliləyişlər var. Xanımlar yalnız startap yox, digər texnoloji layihələrdə, sahələrdə də fəaliyyətlərini genişləndirir.Təşəbbüskar xanımlara qarşı bəzən kişilərə nisbətən fərqli münasibətlər olur. Onlar maliyyə tapmaqda da çətinlik çəkir. Amma əsas odur ki, mqəsəd olsun və dayanmayasan, işləyəsən”.

Bu qədər layihə ilə məşğul olub, müxtəlif yerlərdə mentorluq etsə də, ailəsinə, övladlarına və nəvələrinə vaxt çatırdığını deyən həmsöhbətimiz işini çox sevdiyi üçün bunların öhdəsindən gəldiyini də bizimlə bölüşüb:

“Maraqlı sual verdiniz ki, bu qədər işləri çatdırırsınız, sizi nə motivasiya edir?. Bəli, bu qədər işi çatdıra bilirəm.Ona görə ki, işimi, yeni texnologiyaları sevirəm. Dünyada bu sahədə baş verən yenilikləri daim izləyirəm. Şirkətlərin böyümə potensialı, inkişafı, dəyərləndirməsi məni daha çox maraqlandırır. Bu inkişafın yolları ilə maraqlanıram. Bunun üçün ətrafımı, dünyada baş verənləri izləyib, həmişə yeni nələrsə öyrənirəm və işimdə də tətbiq edirəm. Uğur qazanmaq asan deyil. Çox əmək tələb edir. Amma məqsədiniz varsa, bunlara dözüb bacarırsınız”.

500 Startups-ın Azərbaycan bazarına gəlmə ehtimalına da münasibət bildirən Tatyana Kanzaveli deyib ki, bunun üçün Azərbaycanın daxili bazarı formalaşmalıdır:

“ Hazırda Azərbaycanın startap bazarı ilə bağlı çox az məlumatım var. Bu sahə ilə bağlı ilk öncə daxili bazar formalaşdırmalıdır. Bazarda angel investorlar olmalıdır, yerli bazarın potensialını göstərən, xarici investorların marağını çəkəcək məqamlar olmalıdır. Xarici investorlar da yatırım edəndə daxili bazara baxır ki, o layihələr necə dəyərləndirilir? İnsanlar həmin məhsuldan istifadə edirmi? Kimlər ona yatırım edib? . Bu kimi məsələlərdən sonra yatırım edirlər. İlkin mərhələdə olan startaplar üçün bəlkə də Azərbaycan bazarı yaxşıdır. Amma indi hər şey dəyişir. Qlobala doğru addımlar atılır. Hər ölkə, layihə də çalışır ki, qlobalda da sözünü desin. Ona görə də bu istiqamətdəki problemlər həll olunmalıdır”.

Onu da öyərnirik ki, 500 Startups-da mentorluq xidmətini almaq ödənişsizdir, amma bəzən fərdi olanlar ödənişli olur.

Silikon Vadisi mütəxəssisi viza ilə bağlı Azərbaycanın elektron turistik viza siteminə müraciət etdiyini və qısa zamanda vizası ilə bağlı məsələni həll etdiyi üçün bu xidmətin operativliyini də yüksək qiymətləndirib.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə