“mygov”da ilkin hərbi qeydiyyat xidməti istifadəyə verilib

23-02-2026 / 12:30

Azərbaycanda rəqəmsal xidmətlərin genişləndirilməsi istiqamətində növbəti yenilik həyata keçirilib. Belə ki, “mygov” platformasında ilkin hərbi qeydiyyata alınma xidməti vətəndaşların istifadəsinə təqdim olunub.

Xeberler.az məlumat verir ki, artıq 2026-cı ildə 15 yaşı tamam olacaq kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması prosesi onlayn şəkildə həyata keçirilə bilər. Valideynlər platforma vasitəsilə övladlarının qeydiyyatı üçün müraciət göndərmək imkanına malikdirlər.

Bildirilib ki, xidmətin platformaya inteqrasiyası İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.

Xidmətdən istifadə üçün valideynlər “mygov” platformasının “Xidmətlər” bölməsinə daxil olaraq “Hərbi” kateqoriyasını seçməli və “İlkin hərbi qeydiyyat” xidmətinə keçid etməlidirlər. Daha sonra “Yeni müraciət” bölməsində övladın məlumatları seçilərək qısa tərcümeyi-hal daxil edilir. Xaricdə təhsil alan şəxslər üçün müvafiq arayışın əlavə olunması tələb edilir. Əlaqə məlumatları daxil edildikdən sonra müraciət təsdiqlənərək göndərilir.

Müraciət prosesinə paralel olaraq valideynin şəxsi kabinetinə övladın tibbi müayinədən keçməsi ilə bağlı bildiriş göndərilir. Müayinələr tamamlandıqdan sonra vətəndaş müvafiq hərbi həkim komissiyasına əyani baxış üçün müraciət etməlidir.

Qeyd olunub ki, prosesin şəffaflığını təmin etmək məqsədilə valideynlər müraciətin icra vəziyyətini şəxsi kabinet üzərindən izləyə bilir. İlkin hərbi qeydiyyat prosesi başa çatdıqdan sonra istifadəçilərə bu barədə bildiriş təqdim olunur.

Məlumat üçün bildirək ki, bu ildən etibarən ilkin hərbi qeydiyyata alınma haqqında kağız daşıyıcı vəsiqə ləğv edilib və proses tam şəkildə “mygov” platforması üzərindən aparılır.

Xidmət həm my.gov.az veb portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə əlçatandır. Bununla yanaşı, platforma üzərindən vətəndaşlara hərbi qeydiyyat, həqiqi hərbi xidmət, çağırışdan möhlət və digər məlumatlar da rəqəmsal formada təqdim olunur.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə