Naxçıvan MR-da informasiya və rabitə sahəsinin inkişafı təmin edilib

15-12-2019 / 09:40

Muxtar respublikada iqtisadi və sosial həyatın bütün sahələrində müasir texnologiyalardan səmərəli istifadə ümumi inkişafı sürətləndirib, informasiya cəmiyyətinin formalaşmasına yeni stimul yaradıb.

Xeberler.az AZƏRTAC-a istinadən bildirir ki, son dövrlərdə muxtar respublikada mobil rabitə operatorlarının fəaliyyətinin təşkili, mövcud koordinattipli avtomat telefon stansiyaların elektrontipli avtomat telefon stansiyaları ilə əvəz edilməsi, fiber-optik kabel xətlərinin çəkilişi, 4G və “Naxtel” simsiz telefon xidmətinin istifadəyə verilməsi, Naxçıvan Dövlət Televiziya və Radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasında videodərslərin hazırlanması və distant tədrisin tətbiqi məqsədilə avadanlıqların quraşdırılması, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin uğurla davam etdirilməsi bu sahənin sürətli inkişafına təkan verib.

Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülüb, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi sistemləri yaradılıb, dövlət orqanlarına, vətəndaşlara və sahibkarlıq subyektlərinə elektron imzaların verilməsinə başlanılıb. Bundan əlavə, “Evədək optika” layihəsi üzrə görülən işlər də telekommunikasiya sahəsində yeniliklərin əldə olunmasına şərait yaradıb.

Telekommunikasiya sisteminin yenilənməsi istiqamətində Naxçıvan şəhərini, Şərur, Babək, Ordubad, Şahbuz və Sədərək rayonlarını əhatə edən yeni nəsil telekommunikasiya xidmətlərindən istifadəyə imkan verən 4-cü nəsil avtomat telefon sistemləri istifadəyə verilib.

İnformasiya-texnologiyaları sahəsinin inkişafı məqsədilə təkcə 2010-cu ildən 1 yanvar 2019-cu il tarixinədək muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına, ümumilikdə, 70 milyon 254 min 800 manat vəsaitin yönəldilməsi bu sahədə görülən işlərin miqyasını xarakterizə edən mühüm bir göstəricidir.

2018-ci ilin sonuna muxtar respublikada avtomat telefon stansiyalarının ümumi tutumu 100 min nömrəni ötüb, əsas telefon aparatlarının sayı isə 72 min nömrə təşkil edib.

Əhalinin maddi rifah halının yaxşılaşmasının və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsidir ki, 2018-ci ilin sonuna muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarında 130,2 min kompüter mövcud olub ki, bu da 1 yanvar 2010-cu il tarixə olan göstəricidən 1,5 dəfə çoxdur.

Bu ilin ötən dövründə də bu sahənin inkişafı diqqətdə saxlanılıb, informasiya və rabitə sahəsinin inkişafına 2 milyon 969 min 600 manat vəsait yönəldilib, 97 min 600 metr fiber-optik, 142 min 996 metr fiziki kabel xətlərinin çəkilişi işləri həyata keçirilib. Hazırda muxtar respublikada fiber-optik kabel xətlərinin ümumi uzunluğu 1600 kilometrə yaxındır.

Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin artımına da zəmin yaradıb. 2019-cu ilin yanvar-oktyabr aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin dəyəri 45 milyon 313 min 100 manat olub. Bu da 2010-cu ilin müvafiq dövründəki göstəricidən 1,5 dəfə çoxdur.

Cari ilin ötən dövründə yeni nəsil texnologiyaların tətbiqi istiqamətində Culfa rayonunda 4-cü nəsil telekommunikasiya sistemləri qurulub. Həyata keçirilən tədbirlərin nəticəsi olaraq hazırda muxtar respublikanın telekommunikasiya sisteminin 94 faizini Yeni Nəsil (NGN) texnologiyasına əsaslanan 4-cü nəsil telekommunikasiya sistemləri təşkil edir.

İnfrastruktur quruculuğu tədbirləri çərçivəsində Ordubad rayonunun Dəstə, Şərur rayonunun Kərimbəyli, Muğanlı və Alışar, Babək rayonunun Kültəpə və Gülşənabad, Şahbuz rayonunun Türkeş kəndlərində yaradılan kənd mərkəzlərində və Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərini əhatə edən kənd mərkəzində yeni rabitə evləri istifadəyə verilib, Ordubad rayonunun Dəstə kəndində 704, Şərur rayonunun Kərimbəyli kəndində 384, Muğanlı kəndində 192, Alışar kəndində 384, Yeni Havuş və Xətai kəndləri üçün 192, Babək rayonunun Kültəpə kəndində 384, Gülşənabad kəndində 192, Şahbuz rayonunun Türkeş kəndində 96 nömrə tutumlu avtomat telefon stansiyaları quraşdırılıb, Ordubad rayonunda Dəstə Radio-Televiziya Verici Stansiyası üçün binanın tikintisi, Culfa rayonunda rabitə evinin yenidən qurulması davam etdirilib.

Həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq bu gün muxtar respublikanın yaşayış ərazilərinin 99,1 faizində genişzolaqlı internet, 99,5 faizində mobil internet xidmətləri göstərilir.

İnformasiya və rabitə sahəsinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunması bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, əhalinin informasiya-kommunikasiya xidmətlərindən daha geniş istifadə etmələrinə yeni imkanlar yaratmaqdadır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə