Sənaye 4.0 şəraitində medianın inkişafı və üzləşdiyi çağırışlar

25-07-2019 / 16:43

Biz artıq Dördüncü Sənaye İnqilabına (“Sənaye 4.0”) qədəm qoymuşuq. Yeni dövrdə qarşılaşdığımız dəyişikliklərin miqyası o qədər böyükdür ki, artıq bu dəyişiklikləri izləmək və onlarla ayaqlaşmaq özü-özlüyündə bir çətinliyə və çağırışa çevrilib.

“Sənaye 1.0” buxar maşınının kəşfi ilə istehsalın mexanikləşməsi, “Sənaye 2.0” kütəlvi istehsala keçid və elektrik enerjisinin kəşfini, “Sənaye 3.0” istehsal proseslərinin avtomatlaşdırılmasını, kompüterləşmə və informasiya texnologiyalarından istifadəni nəzərdə tuturdusa, artıq yeni inkişaf mərhələsi olan “Sənaye 4.0” rəqəmsallaşmanı, kiber-fiziki sistemləri, süni intellektin inkişafını özündə ehtiva edir. “Sənaye 4.0” özündə əşyaların interneti, robotlaşma, modelləşdirmə və proqnozlaşdırma, kibertəhlükəsizlik, 3D çap, big data, analitika, bulud texnologiyaları, ağıllı şəhərlər kimi trendləri birləşdirir.

Müasir dövrdə ictimai həyatın ayrılmaz bir hissəsi olan media da sürətli transformasiyaya məruz qalır, media orqanları və jurnalistlər “Sənaye 4.0”, rəqəmsallaşma şəraitində yeni çağırışlara cavab verməli olurlar. Hazırki şəraitdə daha çox insan xəbəri rəqəmsal media üzərindən əldə edir, rəqəmsal cihazlara, xüsusilə mobil cihazlara çıxış, bu cihazlarla informasiyanın paylaşılması imkanları hər gün artır, oxucular isə sosial media vasitəsilə yayılan informasiyaya daha çox inanırlar.

Çox az sayda olan texnologiya şirkətləri (Facebook, Youtube, Linkedin, Twitter və s.) milyonlarla insanların müxtəlif platformalar vasitəsilə xəbər, video paylaşım imkanlarını artırır, bu şirkətlər informasiyanın yayılması və rəqəmsal reklam baxımından daha vacib rola sahib olurlar. Belə şəraitdə isə ənənəvi media informasiyanın bir qayda olaraq daha etibarlı mənbəyi olmasına baxmayaraq onun yayılmasında daha az əhəmiyyətə malik olur. Ənənəvi media həm oxucu sayı, həm də biznesin rəqabət qabilliyyətinin saxlanılması baxımından hər ötən gün geriləyir, qəzet və jurnallar satış və reklam yerləşdirməklə əlaqəli gəlirlərinin azalması kimi problemlə üzləşirlər.

Bu isə nənəvi media üçün də rəqəmsal kanalları formalaşdırmağı və yeni dövrün tələblərinə cavab verən biznes modelə keçidi aktuallaşdırır. Bu zaman media orqanları arasında xərclərin optimallaşdırılması, bir neçə ənənəvi media qurumunun konsolidasiyası (birləşməsi və satınalınması) və rəqəmsallaşmaya sərmayə qoyuluşu kimi trendlər üstünlük təşkil edir. Hazırda dünya üzrə müşahidə etdiyimiz qəzetlərin tirajlarının azalması, investisiya cəlb etmək qabiliyyətinintükənməsi, bağlanması, yeni media holdinqlərin yaranması posesləri də məhzrəqəmsallaşma tendensiyası ilə bağlıdır.

“Sənaye 4.0” media və jurnalistika sahəsinin inkişafı üçün də mühüm imkanlar açır. Bu, böyük həcmli məlumatların (big data) daha tez bir zamanda təhlil olunması imkanı, informasiyanın ən qapalı ölkələrə belə daha tez yayıla bilməsi, kütləvi kommunikasiya vasitələri platformalarının daha çeşidli olması və müvafiq olaraq xəbərin ən müxtəlif platformalardan fərqli oxucu kütləsinə təqdim oluna bilməsidir. Dünya üzrə hər ötən gün daha çox cihazların internetə bağlanması şəraitində Əşyaların interneti (İoT- İnternet of Things), Maşın öyrənməsi (Machine Learning) imkan verir ki, informasiya daha sürətli şəkildə təhlil olunsun və internetə qoşulan cihazlar vasitəsilə yayılsın.

Mobil Operatorların Assosiasiyası olan GSMA təşkilatının “The Mobile Economy 2018” hesabatına əsasən, 2017-ci ildə internetə qoşulan əşyaların ümumi sayı 7.5 milyard olub. 2025-ci ildə isə bu rəqəmin 25.1 milyard olacağı proqnozlaşdırılır. Hazırda dünya üzrə qlobal informasiyanın həcmi də ilbəil artır. Məsələn, “IDC” (Beynəlxalq Data Korporasiyası) təşkilatı və “Seagate” (ABŞ-ın texnologiya şirkəti) şirkəti qeyd edir ki, hazırda rəqəmsallaşma və rəqəmsal kontentin yaradılması nəticəsində baza, periferik və son istifadəçi cihazlarında toplanılan məlumatların (qlobal məlumat sferası) həcmi sürətlə artır və 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edib, 2025-ci ilə qədər isə bu rəqəmin 175 zettabayt olması, yəni 5 qat artımı gözlənilir.

Eyni zamanda dünya üzrə internet istifadəçilərinin də sayı artır. “Internet World Stats”ın (Dünya üzrə internetdən istifadə, əhali, sosial media statistikası və internet bazarını araşdıraraq məlumatları təqdim edən beynəlxalq internet resursu) məlumatlarına əsasən, dünya üzrə ümumi əhalinin sayı 7 milyard 700 milyon nəfərdir və qlobal olaraq ümumi internet istifadəçilərinin sayı hazırda 4 milyard 422 milyon nəfər təşkil edir. Əgər bunu faiz nisbəti ilə ifadə etsək, o zaman dünyada internet istifadəçiləri dünya əhalisinin 57.3 %-ni təşkil edir.

Qeyd etmək lazımdır ki, “Sənaye 4.0” şəraitində medianın üzərinə mühüm funksiya düşür və istər ənənəvi, istərsə də rəqəmsal medianın qarşısında onların təqdim etdiyi məlumatların eksklüziv olması, operativliyi, etibarlılığı, eləcə də digər media orqanlarının verdiyi məlumatlardan daha maraqlı olması kimi çağırışlar yaranır. Rəqəmsallaşma dövründə informasiyanın yayılma sürəti həm də həqiqi informasiyanın saxta informasiyadan necə ayırd edilməsi kimi mühüm çətinliyi yaradır.

Hazırda müxtəlif media orqanlarında tirajlanan bəzi məlumatların həmin məlumatların digər mənbələrdən yoxlanılması şəraitində saxta olduğunu aşkar edilir ki, bu da oxucular üçün həqiqi informasiyanı saxta informasiyadan zamanında ayırd etmək kimi çətinliyi formalaşdırır. Saxta məlumatın həqiqi məlumatdan ayırd edilməsi bəzən bir deyil, bir neçə saatlar və günlər tələb edir. Saxta məlumatın sürətli şəkildə tirajlanması isə təkcə lokal deyil, həm də qlobal informasiya məkanında çaşqınlığa səbəb olur ki, bu da hətta ayrı-ayrı ölkələrin təhlükəsizliyinə belə təhdid yaradır.

Təəssüflər olsun ki, bir sıra hallarda saxta məlumatın aşkara çıxarılması və təkzib olunması belə fayda vermir və reputasiyaya vurulan ziyan müqayisəolunmaz dərəcədə olur. Bu təhdidlərlə həm biznes, həm də dövlətlər üzləşirlər. Artıq ənənəvi medianın öz yerini yeni, rəqəmsal mediaya verdiyi bir dövrdə ən mühüm məqamlardan biri də məhz etibarlı və maraqlı kontent yaradıcılığı və bunun vasitəsilə oxucunun saxlanılmasıdır. Dünya təcrübəsi göstərir ki, artıq oxucunun saxlanılması üçün sadəcə olaraq qəzetin və ya internet saytın sadəcəxəbər verməsi kifayət etmir.

Burada əsas məsələ xəbərin verilmə sürəti, eyni zamanda etibarlılığı (informasiyanı təqdim edən mənbənin şəffaf və etibarlı olması), və daha böyük kütləni əhatə edə bilməsi və xəbərin peşəkar şəkildə təqdim olunması və kontentin cəlbediciliyidir. Sözsüz ki, “Sənaye 4.0” şəraitində rəqəmsallaşma media fəaliyyəti inanılmaz imkanlar yaradır, internetin hər bir sahəyə nüfuz etməsi, daha çox insanın internetə qoşulması və qlobal məlumat bazasının artması ilə bərabər informasiya platformalarının da sayı çoxalır, nəticə etibarilə rəqabət genişlənir.

Amma bu həm informasiyanı təhlil edib oxucuya çatdıran jurnalistlər, həm də bu informasiyanı istehlak edən oxucular üçün əvvəlki dövrlərlə müqayisədə çoxsaylı çətinlikləri formalaşdırır ki, belə şəraitdə də ən əsası peşəkar fəaliyyət və keyfiyyətli kontenti əldə etmə və seçmə kimi faktorlar önə çıxır. Rəqəmsal transformasiya şəraitində medianın üzərinə keyfiyyətli və etibarlı informasiyanın əldə edilməsi, onun zamanında təhlili, maraqlı kontentin hazırlanması və informasiyanın daha operativ şəkildə çatdırılması, beləliklə də yeni dövrdə rəqabət qabiliyyətinin qorunması kimi mühüm vəzifələr düşür.

Əlimərdan Sultanov


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə