Qlobal rəqəmsallaşma prosesləri və Azərbaycan üçün açılan imkanlar

19-04-2019 / 19:59

Dünya sürətlə rəqəmsallaşır və müxtəlif dövlətlər rəqəmsallaşma prosesinin sosial və iqtisadi həyata daha sürətli inteqrasiyası üçün proqramlar hazırlayaraq tətbiq edir, böyük korporasiyalar rəqabətdən geri qalmamaq üçün yüksək texnologiyalar vasitəsilə iri həcmli məlumatları emal edir, vətəndaşlar isə rəqəmsal texnologiyalardan hər gün getdikcə daha çox istifadə edirlər.

Hazırda mobil cihazların sayında sürətli artım, sosial medianın sərhədləri aşması və gündəlik həyatımızın bir hissəsinə çevrilməsi, məlumatların artıq fiziki cihazlar deyil, bulud texnologiyalarında saxlanılması, Data Mərkəzlərin sayının davamlı şəkildə artması rəqəmsallaşma proseslərinin sürətlə həyata keçməsinin göstəricisidir.

Rəqəmsallaşama qlobal iqtisadiyyatın böyüməsi ilə nəticələnir. Nüfuzlu konsaltinq şirkəti olan “McKinsey Qlobal İnstitutu”nun hesablamalarına əsasən, dünya üzrə rəqəmsallaşma və ən son rəqəmsal texnologiyalardan istifadə 2025-ci ilə qədər dünya üzrə ÜDM-də (Ümumi Daxili Məhsul) 3-6 trilyon ABŞ dolları səviyyəsində artıma səbəb olacaq. Təşkilat bu artımın əsasən 12 növ yüksək texnologiyaların (mobil internet, qabaqcıl robotlaşma, bulud texnologiyaları, bərpaolunan enerji, əşyaların interneti və s.) inkişafı sayəsində baş verəcəyini proqnozlaşdırır.

Hesablamalara əsasən, Avropa rəqəmsal transformasiya bazarı 2018-ci ildə 256 milyard ABŞ dolları səviyyəsinə qədər artıb. Hazırda Avropa regionu transformasiya texnologiyalarının alışı üzrə ABŞ və Çindən sonra üçüncü yerdə qərarlaşıb. “IDC” (International Data Corporation) təşkilatı və “Citrix” şirkətinin (kompüter şəbəkələrinin yardılması, bulud hesablamaları və virtualizasiya üçün proqram həlləri sahələrində ixtisaslaşmış şirkət) məlumatlarına əsasən, hazırda dünya üzrə böyük şirkətlər rəqəmsallaşma üzrə reallıqları dərk edir, bulud texnologiyalara istiqamətlənir, rəqəmsal transformasiyaya gedir və ya öz şəbəkə infrastrukturlarını modernizasiya edirlər.

“IDC” və “Seagate” (ABŞ-ın texnologiya şirkəti) təşkilatları qeyd edir ki, hazırda rəqəmsallaşma və rəqəmsal kontentin yaradılması nəticəsində baza, periferik və son istifadəçi cihazlarında toplanılan məlumatların (qlobal məlumat sferası) həcmi sürətlə artır və 2018-ci ildə qlobal məlumat sferasının həcmi 33 zettabayt təşkil edib, 2025-ci ilə qədər isə bu rəqəmin 175 zettabayt olması, yəni 5 qat artımı gözlənilir. Hazırda qlobal məlumat sferasında illik olaraq ən sürətli artım Çinin (Çin bulud həllərin tətbiqi üzrə də ən sürətlə inkişaf edən ölkə hesab olunur), ikinci yerdə Asiya-Sakit Okean regionunun (Çin daxil olmamaqla), daha sonra isə Avropa, Yaxın Şərq və Afrika regionlarının payına düşür. ABŞ isə bulud texnologiyalar sənayesinin liderlərinin mənzil qərargahının yerləşdiyi dövlətdir və bu ölkə ənənəvi olaraq məlumatların bulud sistemlərində saxlanılması üzrə əsas yeri tutub.

Müxtəlif dövlətlər rəqəmsallaşma üzrə fərqli təşəbbüslər tətbiq edir

Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyatın yaradılması istehlakçılar, dövlətlər və ümumilikdə cəmiyyətlər üçün mühüm imkanlar açır. Dünyada rəqəmsal iqtisadiyyatın tətbiqi üzrə ən qabaqcıl dövlətlər sırasında Sinqapur, Çin, Cənubi Koreya, Yeni Zelandiya və Danimarka qeyd edilə bilər. Bu dövlətlər rəqəmsallaşma, yüksək texnologiyaların tətbiqi istiqamətlərində mühüm təşəbbüslər reallaşdırıblar. Məsələn, Sinqapur 2014-cü ildə özünün “Smart Nation” konsepsiyasını irəli sürüb, biznes və ekspert ictimaiyyətini bu konsepsiyanın reallaşmasına dəvət edib. “Smart Nation” konsepsiyası vətəndaşların gündəlik həyatına rəqəmsallaşmanın tətbiq edilməsi ilə həyatın keyfiyyətinin yüksəldilməsi ilə bağlı dövlətin təşəbbüsüdür. Bu konsepsiyanın reallaşması üçün dövlət müxtəlif təşəbbüslər reallaşdırılıb və konsepsiyanın reallaşmasında təkcə iri şirkətlər deyil, həmçinin orta və kiçik biznes də iştirak edib.

Çin rəqəmsal iqtisadiyyat quruculuğu üzrə özünün “İnternet Plyus” proqramında rəqəmsal sənaye ilə ənənəvi sənayeni inteqrasiya edir, Kanada Torontoda İKT Hab yaradır, Sinqapur informasiya və kommunikasiya texnologiyalarının (İKT) əsas təşkil etdiyi “Ağıllı iqtisadiyyat” qurur, Cənubi Koreya “Kreativ İqtisadiyyat” proqramında insan kapitalının inkişafı, sahibkarlıq və İKT nailiyyətlərinin yayılmasına istiqamətlənir, Danimarka isə dövlət sektorunun rəqəmsallaşmasına diqqəti cəmləşdirir.

Rəqəmsallaşma, rəqəmsal iqtisadiyyat quruculuğu hazırda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan dövlətlər üçün əsas inkişaf istiqaməti hesab olunur.

Qloballaşma şəraitində rəqəmsallaşma prosesləri Azərbaycan üçün də geniş imkanlar açır. Sənaye 4.0 (Dördüncü Sənaye İnqilabı) şəraitində Azərbaycan özünün yerləşdiyi əlverişli coğrafi mövqe (Regionun enerji mərkəzi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzi), zəngin təbii sərvətləri və insan resurslarından istifadə etməklə qısa zamanda yeni sıçrayışla inkişaf edə və dünya üzrə İKT sahəsində yeni trendləri ölkədə tətbiq edə bilər. Rəqəmsallaşma və rəqəmsal iqtisadiyyat quruculuğu ölkənin dayanıqlı inkişafı üçün yeni pəncərə aça bilər.

Azərbaycanın rəqəmsallaşması üçün mühüm imkanlar mövcuddur

“Sənaye 4.0” şəraitində Azərbaycanda rəqəmsallaşma İKT sahəsində müvafiq yeni infrastruktur quruculuğunu, mövcud infrastrukturun modernizasıyasını, yeni texnologiyaların tətbiqini özündə ehtiva edir.

Qeyd edək ki, rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın yaradılması üçün də əsas baza informasiya və kommunikasiya texnologiyalarının inkişafıdır. İnkişaf edən İKT infrastrukturunun əsasını isə internetə genişzolaqlı çıxış təşkil edir. Genişzolaqlı çıxış isə bir qayda olaraq FTTx (hər hansı nöqtəyə fiber-optik kabelin çəkilişi), 4G (gələcəkdə 5G) və peyk rabitəsi vasitəsilə təmin edilir.

Azərbaycanda İKT sektorunun inkişaf etdirilməsi üçün son illər həm dövlət, həm də özəl sektor tərəfindən mühüm addımlar atılıb. Ölkə başçısı cənab Prezident İlham Əliyev tərəfindən bu sektorun davamlı inkişafına istiqamətlənən mühüm Dövlət Proqramları, Sərəncamlar qəbul edilib.

Təqdirəlayiq haldır ki, hazırda ölkədə rəqəmsal baza infrastrukturun qurulması, İKT sektorunun dayanıqlı inkişafı istiqamətində özəl sektor da mühüm təşəbbüslər irəli sürür. Son olaraq bu təşəbbüslərdən biri də Azərbaycanın hazırki Enerji və Nəqliyyat Mərkəzi statusuna əlavə olaraq ölkənin həm də Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün irəli sürülən və hazırda icrası davam edən “Azerbaijan Digital Hub” proqramıdır. Ölkənin telekommunikasiya sektorunun ən iri oyunçularından biri olan Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətinin törəmə müəssisəsi olan magistral internet provayderi “AzerTelecom” şirkəti tərəfindən Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün icra edilən “Digital Hub” proqramıölkədə telekommunikasiya sahəsində təkcə yeni magistral infrastruktur quruculuğunu deyil, həmçinin Azərbaycanın rəqəmsallaşmasına mühüm töhfənin verilməsini özündə ifadə edir.

 

“Digital Hub” proqramının icrası Azərbaycanın Qafqaz, MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionlar üçün Regional Rəqəmsal Mərkəzə çevrilməsini, dünyanın internet xəritəsinə Frankfurt, London, Sofiya, Moskva, İstanbul şəhərləri kimi Bakının da yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə edilməsini, iri kontent istehsalçıları olan brendlərin (Amazon, Apple, Alibaba, Facebook, Google, Netflix, Tencent və s.) Azərbaycanda öz nümayəndəliklərini açmasını, burada müxtəlif rəqəmsal xidmətlərin və həllərin yaradılmasını və bu xidmətlərin məhz “Made in Azerbaijan” brendi altında ətraf region dövlətlərinə ixracını özündə ehtiva edir. Proqram ölkədə mərkəşləşdirilmiş blokçeyn texnologiyasının tətbiqini, müxtəlif sahələrdə bu platformanın istifadəsini də mümkün edəcəkdir.

 

“AzerTelecom” şirkətinin icra etdiyi “Digital Hub” proqramı həmçinin rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın qurulması ilə ölkə ÜDM-nin artımına töhfənin verilməsini, Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilişini (Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzərin dibi ilə ümumi uzunluğu 380-400 km olan magistral xəttin çəkilməsi üçün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası saziş imzalanıb), Avropa-Asiya arasında “rəqəmsal ipək yolu” dəhlizinin yaradılmasını, qonşu dövlətlərin magistral infrastruktur şəbəkələrinin məhz Azərbaycanda birləşməsini, ümumilikdə isə yeni bir telekommunikasiya, rəqəmsal arxitekturanın qurulmasını nəzərdə tutur.

 

Eyni zamanda “Digital Hub” proqramı ilə Azərbaycanın rəqəmsallaşması onun Çinin qlobal proqramı olan “One Belt, One Road Initiative” layihəsində iştirakına töhfə verəcək, Azərbaycanın bu layihənin Avropa-Asiya arasında telekommunikasiya dəhlizinə (Rəqəmsal İpək Yolu) çevrilməsini təmin edəcək.

 

Xüsusilə bildirmək lazımdır ki, “Digital Hub” proqramının icrası dövlət investisiyası cəlb olunmadan ölkə iqtisadiyyatının inkişafı üçün yeni imkanların yaranmasına,qeyri-neft sektorunun inkişafına, yeni iş yerlərinin yaradılmasına (rəqəmsal sahədə 1 yeni iş yeri iqtisadiyyatın digər əlaqəli sektorlarında 3-4 yeni iş yerlərinin yaranmasına səbəb olur), İKT sahəsində xaricə hər-hansı “beyin axını”nın qarşısının alınmasına, müxtəlif elektron xidmətlərin inkişafına və ölkənin kiber-təhlükəsizliyinin təmin edilməsinə, rəqəmsal infrastruktur quruculuğuna, eləcə də beynəlxalq reytinqlərdə Azərbaycanın daha öncül mövqelərə çıxmasına imkan verəcəkdir.

Müəllif: Fuad Allahverdiyev (“AzerTelecom” MMC-nin Baş icraçı direktoru

“Azerbaijan Digital Hub” proqramının müəllifi və rəhbəri)

Müəllif haqqında: Fuad Allahverdiyev İKT sektorunda 20 ildən çox iş təcrübəsinə sahibdir. O müxtəlif startapların və telekommunikasiya sferasında bir sıra uğurlu şirkətlərin təsisçisi olub. F.Allahverdiyev iki nüfuzlu ali təhsil müəssisəsinin məzunudur, Bakı Dövlət Universitetini və M.V.Lomonosov adına Moskva Dövlət Universitetini (Executive MBA proqramı) bitirib. Hazırda F.Allahverdiyev Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti olan “AzerTelecom” MMC-nin Baş icraçı direktorudur. Şirkət dövlət və korporativ sektor üçün qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə