“Statusunuza görə sizi hətta işdən azad edə bilərlər”

03-04-2015 / 13:47

CV hazırlayarkən qeyd etməli olduğumuz nüanslardan biri də sosial şəbəkələrdəki hesablarımızdır. Kimi üçün adi ünsiyyət, kimi üçün məlumat vasitəsi olan bu hesablar iş müraciətləri zamanı da əlavə tərcümeyi-hal funksiyasını daşıyır. Xüsusilə də, işləmək istədiyiniz HR, PR, Jurnalistika, Marketinq və s. kimi düşüncə tərzinizin, əlaqələrinizin, məsələyə yanaşma və baxış bucağınızın ələxsus vacib olduğu sahələrdirsə. Bu vacib amili nəzərə alaraq bu dəfə müzakirəyə belə bir sual qoymaq qərarına gəldik:

İş müraciətləri zamanı sosial şəbəkələrdəki hesablarınız sizi necə ifadə edər?

“Mənim 100-lüyüm”ün seçdiyimiz 10 cavabını sizə təqdim edirik:

Xanım Nağıyeva: Yaxşı, çünki sosial şəbəkələr insanın güzgüsüdür və sənin haqqında öyrənmək istəyən biri facebook-da paylaşımlara baxaraq maraqlandığı suallara cavabı daha tez və rahat tapa bilər. Jurnalistikada isə bu çox vacibdir. Gənclərin Səsi Radiosunda işləyəndə təcrübə proqramına tələbələr qəbul olunurdu. Orada qapalı, sosial şəbəkələrdə aktiv olmayan tələbələrin seçilmək şansı daha az olurdu. Belə də olmalıdır. Elə adamlar var ki, facebook-a heç öz adını yazmır, şəklini qoymur. Belələrinə nisbətdə ünsiyyətcil, yeniliklərə açıq, komplekssiz insanlar bütün sahələrdə arzulanan potensial işçilərdir.

Günel Təhməzzadə: Ona görə d 2 Facebook hesabım var. Birində ciddi qızam. O birində (yəni, bunda) qeyri-ciddi.

Turanə Hüseynli: Çox yaxşı, çünki indiyədək iş üçün heç vaxt CV verməmişəm, qəribədir. Daha doğrusu, heç vaxt iş müraciəti etməmişəm. Sualı düzgün anladımsa, öz tərəfimə çəkərək fikir bildirəcəm. Sosial şəbəkələrdə hesablarım aktivliyim və bir az da izləyici sayımın olması, işlərimdə də hər zaman müsbət təsirini göstərib.

Əlfəz Sadiqbəyli: Elə bir dərdim yoxdur, çünki çalışdığım yerdə nəinki internet, heç kompüter yoxdur. Yeganə elektriklə işləyən cihaz kondisionerdir.

Aydan Sultanli: Elə bir problemim yoxdur, çünki facebook-da yazdığım bütün informasiyalar doğrudur. Həm iş məqsədilə profilə baxanları,həm də dostlarımı qane edə bilər.  Bundan əlavə, məncə,heç bir HR və ya mütəxəssis kiminsə profilini ciddi, yaşlı insan təsiri bağışlayan görmək istəməz. Ən azından turizm sektorunda bu, belədir. Onlar enerjili,təbii, ünsiyyətcil insanlar axtarırlar. Nəinki ciddi, özünü hamıdan uzaq, işə verən insanları.

Elvin Cəbiyev: Pis, çünki statuslarımda müdirlərin xoşuna gəlməyəcək, "başağrıdan" çox şey var.  İndiyə qədər CV vermədən iş tapdığım üçün belə problem yaşanmayıb. Ümumiyyətlə işçi lazımlıdırsa onun sosial şəbəkə hesabları arxa plana düşür, oradakı fəaliyyəti də həmçinin. Yox, işçidən narazılıq varsa, sosial şəbəkədəki hansısa status da qovulması üçün səbəb ola bilər.

Ülviyyə Məmmədova: Sosial şəbəkədən düzgün istifadə etməyi bacarmaq əlbəttə önəmlidir. Bu baxımdan onların sosial şəbəkə hesablarımızla maraqlanmaları normaldır. Lakin burada əsas olan, məncə, hesabların nə dərəcə aktiv və gündəlik istifadə edilməsi deyil. Onlar CV verən insanların sosial şəbəkənin məqsədlərini düzgün qavraya bilib bilməməsi, məsələlərə yanaşma tərzi və ya iş sahəsində sosial şəbəkənin üstünlüklərindən necə faydalanarlar- bunları öyrənməyə çalışır. Məsələn, mənim sosial şəbəkəm şəxsi hesab olduğu üçün günlərlə girmədiyim olur, paylaşım isə ümumiyyətlə az edirəm. Məzmun baxımından da şəxsi zövqümü əks etdirən şeylər paylaşıram. Amma iş sahəsində bunu belə etmək olmaz əlbəttə. Şəxsi həyatla iş həyatı necə ayrılırsa sosial şəbəkələrdə də bunların fərqini ayırmaq lazımdır.

Aysel Əkbərzadə: Elə bir CV istəyən vakansiyalara şükür etmək lazımdır, ümümiyyətlə hesabınızın olmaması gərəkdiyini şərt olaraq bildirən sahələr, iş yerləri var. Beynəlxalq Münasibətlər məzunları bu cəhətdən "bəxtəvərdirlər" deyə bilərəm. Yadımdadır, AR Miqrasiya Xidmətində olanda öyrəndik ki, oradakı işçilərə bütün sosial şəbəkələr qadağandır.

Gülşən Həsənzadə: CV-də sosial şəbəkə hesablarımı yazmışam, amma inanmıram ki, hesabıma göz yetirmiş olalar. Çünki onları maraqlandıran kriteriyalar barədə CV-də bilavasitə yazmışam. Hesabıma gəlincə, ətrafdakıları qıcıqlandırıb unfollow həddinə gətirməyəcək paylaşımlar edirəm, əgər iş üçün müraciət etdiyim müəəssisə Facebook hesabımla maraqlansa, üzümü qaraltmayacaq paylaşımlarım var.

Ülviyyə Alıxanova: Öz hesabımı nə pis, nə də yaxşı qiymətləndirirəm, çünki məndən, ondan hər şeydən bir az var. Düzü, sosial şəbəkələrdəki paylaşımların işimizə təsir etməyini istəməzdim. Mənim hesabım nə ümümi səhifə, nə də mən ictimai insan deyiləm ki, yazdıqlarım, paylaşdıqlarıma ciddi-ciddi fikir verim. Amma bizim sahədə, əsasən də online jurnalistikada buna çox fikir verirlər. Yəni, sənin əhatə dairən nə qədərdir, onlara təsiretmə dərəcən necədir. Haqlı olaraq bunları hesablayırlar. Bir də keçən dəfə Faiq yazmışdı, çox xoşuma gəldi: Gərək ictimai məsələlərə yumor hissi olan adamlar fikir bildirsinlər, yormadan.

Qrup üzvlərinin seçdiyimiz fikirlərindən sonra sualımıza cavabı bir də GSR.fm-in direktoru, bir çox təcrübə proqramlarının layihə rəhbəri, həmçinin “Mənim 100-lüyüm”dən biri olan Azər Nəzərovdan alaq:

Həm təcrübə proqramı, həm də iş üçün bizə müraciət edən şəxslərin CV ilə yanaşı sosial şəbəkələrdəki fəaliyyəti bizim üçün çox vacibdir. Mütləq və mütləq axtarırıq, baxırıq ki, bir- sosial mediada nə dərəcədə aktivdir,nə paylaşır, iki- ən azından öz şəklini qoyubmu. Çünki jurnalistdirsə bu kimi hallarda kompleksi olmamalıdır. Bu monitorinq bizə şəxsin xarakteristikasını öyrənməkdə də yardımçı olur. CV əksər hallarda özündə tam məlumatları əks etdirə bilmir. Ona görə də müraciət edən şəxslərin sosial şəbəkələrdəki fəaliyyəti bizim üçün maraqlıdır.

Müzakirəni təlimçi Azər Dünyaminoğlunun sosial şəbəkələrdə özünü PR-ın 8 qızıl qaydası ilə tamamlayaq:

1. Profil şəkliniz sizin necə biri olduğunuzu ifadə edən və sizin asanlıqla kim olduğunuzu göstərən bir foto olmalıdır.

2. Profil cover fotosu sizin toplum arasında hansı mövqedə olduğunuzu bildirən foto olmalıdır.

3. Paylaşılan fotolar əsasən sizin dost çevrənizdəki önəmli insanlar və aktivliyiniz, gördüyünüz işləri göstərməlidir.

4. Etdiyiniz “check in”lər sizi axtaranlara harada olmağınızla bağlı mesaj ötürməlidir.

5. Post paylaşarkən “nə şiş yansın, nə kabab” taktikasından istifadə etməyiniz önəmlidir. Radikallıq sizin izləyici kütlənizi azalda bilər. Bir gün ərzində 2 və 3 dən artıq lazımsız post paylaşmaq digərlərinin sizi “unfollow” etməsinə gətirib çıxara bilər. Eyni zamanda toyda çəkdirdiyiniz 727423742.. şəkilin hamısı eyni anda paylaşmaq vacib deyil. Ən azından albom yarada bilərsiniz.

6. Profilinzdə qeyd etdiyiniz məlumatların doğruluğuna önəm verin.

7. Profilinizdə tanıdığınız insanları bir araya cəmləməyə çalışın. Bu sizin üçün xəbər və yeniliklərin paylaşımı üçün ən asan üsul olacaq.

8. Baxdığınız filmləri, oxuduğunuz kitabları da qeyd etməyi unutmayın. Bundan istifadə edərək maraq dairənizin hansı yöndə olduğu mesajını ötürmüş olursunuz.

Bu xırda nüanslar sizin üçün karyeranızda yaratmış olduğunuz imic brendindən istifadəni online olaraq rahatlaşdıracaq. Unutmayın sosial şəbəklərdə siz əsl olmaq istədiyiniz insanı yaradırsınız.

Günel Hacı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə