Xəbərlər.az saytında artıq bir aydan çox olar ki, “Mənim 100-lüyüm” layihəsi əsasında hər həftə sizə sorğu təqdim olunur. Çoxsaylı “Bu 100 nəfər kimlərdir axı?” suallarınıza cavab olaraq milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan bu kəslərdən hər həftə daha aktiv olan bir şəxsi sizə təqdim etmək qərarına gəldik. Bu həftə qonağımız sosial şəbəkələrin aktiv istifadəçisi, jurnalist Məhəmməd Türkmən oldu.
Türkmən elinə salam olsun, 100-lüyümün aktiv üzvünün əhvalı necədir?
Çox gözəl, sən necəsən?
Mən də əla. Gəl, əvvəlcə səni tanıyaq: Məhəmməd Türkmən kimdir?
Baxır nə mənada. Peşə olaraq jurnalist. Peşəni kənara qoysaq, adi bir insan.
Adi bir insan olmaq harada daha asandır? Realda, yoxsa sosial şəbəkələrdə?
Realda daha asandır. Sosial şəbəkələrdə adi bir insan olmaq daha çətindir. Jurnalist olduğum üçün müəyyən məsuliyyətlərim var. Mən tam rahat ola bilmərəm. Gərək yazanda məsuliyyətini unutmayasan. Çünki sosial şəbəkədə yazdıqlarımı hamı oxuyur. İmzamı özümdən daha çox düşünürəm. Çünki daima yaşayası və yazası deyiləm. Bir gün qocalanda, geridə qoyduğum ayaq izlərim təmiz olmalıdır
Səncə, kimlər bugün izləri ilə sosial şəbəkələri çirkləndirir?
Çoxları var. Hamısını yazıb, qurtarmaq olmaz. Bir kütlə var. Mən onlara "Chat axını" deyirəm, chatlardan, Facebook-a gələnlər. Görüm onların Facebook-u bağlansın. Bir də var, müəyyən kütləyə təsir edə bilənlər. Onların da arasında cahil adamlardan sui-istifadə edənlər var. Bu, məncə, daha da təhlükəlidir.
Kifayət qədər izləyicin var. Laykdan başqa sənin onlara və yaxud onların sənə necə faydası dəyir?
Laykların bircə şeyə faydası var, o da yazdığımın oxunmasını bilməyimdir. Bu, yeni nələrsə yazmağa stimul verir, adamda məsuliyyət yaradır.
Bəs hesabından reklam, PR vasitəsi kimi istifadə edirsən?
Bu vaxta qədər bir qəpik qazanmamışam. Elə fürsət olsa belə dəyərləndirmərəm. Mən öz profilimdə yazdığım yazıları, hətta çəkdiyim fotoları belə paylaşmıram. Bunun üçün səhifə açmışam. Orada paylaşıram.
200-300 nəfərin yazılan hər hansı bir fikri bəyənməsi adi bir şey deyil, konfrans keçsən səsin o qədər insana çata bilməz, sən sosial şəbəkələrin bu fürsətindən yararlanıb izləyicilərinə daha çox nələri çatdırmağa çalışırsan?
Orası elədir. Amma mən oxumadan like edən 10 minlərdənsə, oxuyaraq like edən 10 nəfəri seçirəm. Kimsə yazdığımla bağlı şərh yazanda xoşum gəlir. Hətta əks fikirli bir söz yazsa belə. Mən onlara öz fikirlərinin olmasını aşılamağa çalışıram. Hər kəs öz düşündüyünü bölüşməlidir. Başqaları elə deyir deyə, onlar da bununla razılaşmalı deyil.
Çox izləyicilərdən danışdıq, bəs Məhəmməd özü kimlərin daimi izləyicisidir və niyə?
Hə, maraqlı sualdır. Konkret kimlərisə izləmirəm. Elə bir şəxs yoxdur ki, daima onu izləyim. Amma bəzi istisnalar var. Misal üçün maraqlı, bəzən məntiqli, bəzən isə məntiqsiz status yazan iki xanım var dostluğumda. Kefim olmayanda onların profillərinə göz gəzdirirəm ki, bir az kefim açılsın. Ümumiyyətlə isə söyüşlə dolu statuslar yazdıqları üçün izləmədiyim dostlarımdan başqa, hər kəsin yazdıqları qarşıma çıxır. Elə olur ki, tanımadığım insanların hansısa paylaşıma yazdıqları şərhləri bir-bir oxuyuram. Bu mənə fikir formalaşdırmaqda köməklik edir. Konkret ad çəkmək lazım gəlsə, Coşqun Eldaroğlunu misal göstərə bilərəm. Yazdıqlarını bir yerə yığıb, kitab halında çap edib, gənclərə paylamaq lazımdır, məncə.
Sosial şəbəkələrdə aktiv olan biri olaraq yeni istifadəyə verilən milli sosial şəbəkəmiz Myday-dən istifadə etməyi düşünürsən?
Nəinki düşünürəm, artıq qeydiyyatdan keçmişəm və 6 nəfər dostum da var. İlk baxışdan pis görünmür, amma bir az da üstündə işləmək lazımdır.
Ümid edirəm gələn müsahibəni elə milli şəbəkəmizdə edərik. Ümumi neçə il olar ki, sosial şəbəkələrdəsən və bunun həyatına nə kimi müsbət və mənfi təsirləri olub?
5 il olar səhv etmirəmsə. Müsbət təsiri daha çox olub. Həm işimlə bağlı, həm də şəxsi həyatla bağlı Facebook-un əvəzsiz rolu var. Mənfi cəhəti isə çox vaxtımı aparmasıdır. Amma bundan xilas olmaq da mümkün deyil. Çünki bir yolla həyatımızın önəmli hissəsini zəbt edib. Bir dəfə yoxladım. 24 saatlıq hesabımı dondurdum. Nə qədər boş vaxtımın qaldığını gördüm.
Şəxsi həyat demişkən, dost siyahında ailəndən kimlər var və nə kimi təsirləri olur?
Bacım Türkiyədə evli olduğu üçün əlaqəni daha çox Facebook üzərindən qururuq. Anam üçün də hesab açmışam. O da sosial şəbəkə istifadəçisidir. Status yazmağı bacarmasa da, arada səhvən statuslarımı oxuya bilir. Onunla bağlı nəsə yazanda təzyiq edir. Yemək bişirməməklə hədələyir məni. Qohumlarımdan da dostluğumda olanlar var. Bir-ikisi aktiv olaraq yazdıqlarımı izləyirlər.
Sosial şəbəkələrdən necə istifadəni məsləhət görərdin?
O baxır istifadəçinin məqsədinə. İşlə bağlı istifadə edilirsə buna sərhəd qoymaq olmaz. Yox, əgər başqa məqsədlər üçünsə mümkün qədər az. Özlərinə maksimum vaxt ayırsalar daha yaxşı olar. Amma gündəmin də nəbzini tutsunlar.
Başda dönə-dönə qeyd etdin ki, adi bir adamsan. Səncə, bu adi adamın "Mənim 100-lüyüm"də olmağına səbəb olan qeyri-adilik nədir? Layihə haqqında fikirlərini də öyrənmək xoş olar.
Məncə, hansısa mövzuda normal fikir irəli sürə bilməyim. Standart olmamağım və sosial şəbəkədən yaxşı istifadə etməyim ola bilər. "Mənim 100-lüyüm" layihəsi isə çox layihələr kimi digərlərinin plagiatı deyil. Tam fərqlidir və çox maraqlıdır. Hələ mən sosial şəbəkələrdə bu qədər aktiv iştirak etdiyim başqa bir qrup xatırlamıram.
Növbəti müsahibimizə hansı sualı ünvanlamağımızı istəyərdin?
“Sosial şəbəkələrdə nə barədə yazmağa, nəsə paylaşım etməyə çəkinir?” Məsələn, mən dini inanclar, partiyalarla bağlı yazmağa çəkinirəm. Birbaşa inamla bağlı olduğu üçün xətirlərinə dəyməməyə çalışıram.
Hələlik son sözün?
Hamıya işində uğurlar.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri