“Sosial mediada paylaşımların öz dilimizdə olmaması məni narahat edir”

06-06-2015 / 13:30

Xeberler.az saytında artıq bir neçə aydır ki, “Mənim 100-lüyüm” layihəsi əsasında hər həftə sizə sorğu təqdim olunur.  Çoxsaylı “Bu 100 nəfər kimlərdir axı?” suallarınıza cavab olaraq milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan bu kəslərdən hər həftə daha aktiv olan bir şəxsi sizə təqdim etmək qərarına gəldik. Bu həftə qonağımız layihəmizin aktiv istifadəçisi, MAG verilişindən yaxşı tanıdığımız aparıcı Turanə Hüseynlidir.

- Turanə, ixtisasın kimya-biologiya  olsa da eyni zamanda bir neçə  yerdə işləməyinə baxmayaraq səni aparıcı kimi təqdim etdim. Bəs Turanə Hüseynli özünü kim olaraq təqdim edərdi?

-Elə aparıcı- Turanə Hüseynli.

-Bəs sosial şəbəkələrdə necə, aparıcı kimi tanınırsan?

-Dünən bir mesaj aldım, yazırdı ki, "yaxşı marketing menecersiz, sizə qulaq asa bilməmişəm hələ, ümid edirəm həm də yaxşı aparıcısınız". Əslində çox az adam marketing sahəsində də çalışdığımı bilirdi və ilk dəfə bu yöndə bu tip mesaj alırdım. TV-də aparıcılıq etdiyim dövrlərdə mənfi rəy aldığımı xatırlamıramHər zaman " ağıllı, sakit, davranışını bilən" və s. tipli fikirlər eşitmişəm. Radio aparıcılığı bir az fərqlidir, davranışını səsinlə çatdırmalısan və şükür ki, hazırda çox müsbət fikirlər eşidirəm, səsimdən müsbət enerji aldıqlarını deyirlər. Amma bütün xoş fikirlər məni rahatlatmır, əksinə, çiyinlərimə daha da məsuliyyət yükləyir, daha çox öz üzərimdə çalışmağa çalışıram. Hələ özümü aparıcı kimi tam doğrultduğumu və özüməməxsus xətt çizdiyimi düşünmürəm. 

-İndi isə keçək mövzumuzla bağlı suallara. Deyə bilərikmi ki, Turanə Hüseynli aktiv sosial şəbəkə istifadəçisidir?

-100 faiz (gülür). Bunu anamdan da, soruşsanız burda yatıb-durduğumu deyər. 

-Bu yerdə soruşmaq yerinə düşərdi. Əvvəlki müsahibimiz Könül Əliyeva idi. O sizə “Daha çox hansı sosial şəbəkələrdən istifadə edir?” sualını verdi. (Ənənəvi olaraq siz də növbəti müsahibimiz üçün sual verməlisiniz.)

-Facebook, İnstagram, Twitter-in aktiv istifadəçisi sayılıram, həmçinin Linkedin hesabım var. Növbəti müsahibinə  sualım, hansı hallarda sosial şəbəkələrdən istifadəni yararlı sayır və özü nə məqsədlərlə istifadə edir? Olardı.

-Necə düşünürsən insanları sosial şəbəkədəki paylaşımlarına görə tanımaq olarmı?

-Ən maraqlı nüanslardan birinə toxundun. Həyatda tanımadığın insanı tanıyırsan, həyatda tanıdığın insanı bir daha tanıyırsan və insanlar haqda səndə fərqli fikirlər yaranır və ya ümumiyyətlə, tanıya bilmirsən. Bir neçə qrupa bölərdim və bu çox uzun mövzudur mənə görə. Qısası, sosial şəbəkələr həyatımıza və insanlar haqda fikirlərimə təsir edib.

-Bəs sənə sosial şəbəkələrdə realda olduğundan fərqlisən deyən olubmu?

-Həyatda, deyəsən, daha çox sevirlər məni . Burdan bir az özündən razı, soyuqqanlı görünə bilirəm bəlkə də. Həyatda hamıya olmasa da, enerji aldığım insanlarla çox müsbət ünsiyyətdə oluram. Bir də tez-tez fotolarımı paylaşıram, hər zaman çəkinirdim ki, fotolarda daha yaxşı görünürəm, nəinki həyatda.  Bu məqamlarda fərqli ola bilərəm bəlkə də.

-Bir az paylaşımlardan danışaq. Hansı növ paylaşımlar səni narahat edir və ya qıcıqlandırır?

-Həyatda tanıdığın və fikirlərinə bələd olduğun bəzi insanların hər mövzuya "dərin" fikirlər bildirən paylaşımları, hər şeyə fikir bildirmə məcburiyyəti hiss edərək hər şeyə fkir bildirən adamların paylaşımları, gündəmdə mövzu olan kimi "qonşudan qalma geri" prinsipi ilə paylaşım edənlər, dilimizdə normal yazmayanlar və xüsusən "ş"nı "w" kimi yazanlar (istisnalar həmişə var) sevgi, məhəbbət, ayrılıq , həyati statuslar yazan məktəbli uşaqlar. Ümumiyyətlə, niyə gedib dərs oxumur bu məktəblilər?! (gülür)

-Turanə Hüseynli paylaşımlarını nəyə uyğun edir?

-Paylaşımlarımı öz düşüncələrimə və maraqlarıma uyğun edirəm. Amma bunu da unutmuram ki, mən ictimai fiquram və özüm qədər məni izləyən insanları da düşünməliyəm. Nə qədər düzgün, faydalı, maraqlı paylaşımlar etsəm, o qədər faydalıyam demək. Bunu qətiyyən kütləyə işləmək üçün etmirəm, kütlə varsa, daha yararlı işlər görüb, onları paylaşmaq lazımdır demək.

-Bəs nələri paylaşmaqdan ehtiyyat etmisən?

-Özəlimi. Mənə məxsus şəxsi hadisələrimi paylaşmamağa çalışıram. Bəzi şeylər özəl olduğu üçün özəl qalmalıdır məncə və neqativ hisslərimi paylaşmamağa çalışıram. "Başım ağrıyır", "ölürəm" və s. tipli şeylər özəlliklə.

-Sosial şəbəkələrdə izlədiyin, fikirlərini bəyəndiyin ictimai fikirli şəxslər varmı?

-İndi bir-bir adlarını çəkə bilməyəcəm, çünki, yaddaşım zəifdir, sonra "ayyy filankəsi də deyərdim gərək" olacaq. Amma xüsusən izlədiyim, paylaşımlarını bəyəndiyim insanlar var. İstər media sahəsindən, istər qələm əhlindən, istər tələbə və s. İndi fərqli və maraqlı beyinlər çox az olduğu üçün həmin "az" və dəyərli olanların qədrini bilməyə çalışıram.

-Necə düşünürsən, bu gün sosial şəbəkələr PR kampaniyaların, reklamların "aləti"nəmi çevrilməlidir ya sadə insanların söhbət, müzakirə, gün ərzində yorğunluqlarını çıxaracaqları məkanı olaraqmı qalmalıdır?

-Artıq o dediyin "yorğunluğunu çıxarmaq" nüansı nə dərəcə realdır, deyə bilmərəm, amma, uzaq məsafələri yaxın etdiyinə görə və doğrudan da ünsiyyətə yarayacaq həddə istifadə edilməsi məqbuldu düşünürəm. Yaxındakıları uzaqlaşdıracaq həddə çatmışıq. Amma  qaldı ki, PR  indi ən çox məhz sosial şəbəkələrdən istifadə olunur PR  üçün və ən rahat üsuldur deyərdim. Təbii, bu qədər asan və rahat olanda da ziyan tərəfləri də qaçılmazdır.

-Sosial şəbəkələrdə dostluq istəklərini qəbul edərkən ilk olaraq nələrə diqqət yetirirsən?

-İlkin məlumatlara göz atıram. Təhsil, iş yeri, ortaq dostlar. Haradan tanıdığımı və ya kim ola biləcəyini görmək üçün. Daha sonra profil fotosu və paylaşımlar. Bunlar ümumilikdə 1dəqiqə 28 san. çəkir, çox vaxtımı almır.

-Bir az da Əlfəcindən danışaq. Gördüyüm ən maraqlı layihələrdən biridir. Layihəni Youtube kanalından yayımladınız. Televiziya layihəsi kimi düşündünmü? Ya gənclər-ə daha çatımlı olsun deyə mi İnternet məkanını seçdiniz?

-Təşəkkür edirəm, bunu eşitmək həqiqətən xoşdur mənə. Əlfəcin övladım kimidir. Layihə ağlımda olan ilk gündən İnternet yayımı üçün nəzərdə tutmuşdum, çünki "Əlfəcin"-in xitab edəcəyi kütlə TV -ə baxmırdı. Həm yerli tv-mizdəki vəziyyətin məni qane etdiyini deyə bilməyəcəm. İlk şəxsi layihəm olduğu üçün, kənar müdaxilə olunmasını da istəmədim. Komandanı özüm topladım və işlədik. Belə olanda sərbəst olursan, İnternet sənə sərhəd və maneələr qoymur və daha çox bir şeylər edə bilirsən deyə düşündüm.

-Artıq sona yaxınlaşırıq. TEDx-dəki çıxışınına toxunmadan keçmək istəmirəm. İnsanlara cəsarətli olmağı, hər nə olursa olsun yola davam etməyi, hər zaman seçim olduğunu və monoton həyat yaşamamaq mesajını veribsən. Bəs cəmiyyətə fayda verən hansı məzmunlu sosial çarxda rol almaq və ya eyni məzmunlu  çarxlar çəkmək istərdin?

-Əgər gələcəkdə bu yöndə potensiallı komanda toplasam və görəcəyim işin keyfiyyətinə əmin olsam, yararlı və mesajverici roliklər çəkmək istəyərəm. Qaldı ki, rol almağa. İndiyədək bir çox film, serial, reklam çəkilişlərinə dəvət almışam. Amma çox az dəyərləndirmişəm, çünki seçiciyəm və özümü aktrisa kimi görmürdüm. Yaxınlarda çox maraqlı sosial film təklifi gəldi, hələ ssenarini görməmişəm, uyğun olduğu təqdirdə rol ala bilərəm.

-Sonda isə soruşmaq mənə maraqlı olardı. "Mənim 100-lüyüm" layihəsi haqqında nə düşünürsən?

-Düşünürəm ki, bu çox maraqlı layihədir. Tanımadığım fərqli, maraqlı 99 üzvlərinin fikirlərini oxumaq, müzakirələrə fərqli fikirlərini görmək maraqlıdır. Bu üzvlərdən biri seçilməmə şadam və sizə uğur arzu edirəm.

-Biz də layihənin aktiv üzvü olduğunuz üçün sizə xüsusi təşəkkür edirik.

 

Ülviyyə Alıxanova 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə