“Sosial mediadakı “aslan”lar məni narahat edir” - Rubrika

28-07-2015 / 14:41

Xeberler.az saytında xeyli müddətdir ki, “Mənim 100-lüyüm” layihəsi əsasında hər həftə oxuculara müxtəlif sorğular təqdim olunur.

Çoxsaylı “Bu 100 nəfər kimlərdir axı?” suallarınıza cavab olaraq milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan bu kəslərdən hər həftə daha aktiv olan bir şəxsi sizə təqdim etmək qərarına gəldik.

Müsahibimiz layihəmizin aktiv üzvü fotoqraf Cavid Məmmədovdur.

- Cavid, əvvəlcə qısaca olaraq səni tanıyaq.

-1992-ci ildə Bərdə də doğulsam da Bakıda böyümüşəm. Elə rəssamlıq təhsilimi də Bakıda almışam. Foto ilə tanışlığım 2012-ci ilə təsadüf edir. Hazırda Moskvada təhsil almaqla yanaşı fotoqraf kimi çalışıram. Amma onu da qeyd edim ki, heç bir zaman fotoqraf olacağımı düşünməmişəm. Uzun illər futbolla məşğul olsam da incəsənəti seçmişəm. Seçimimə görə də peşman deyiləm.

-Keçək əsas suallarımıza. Nə vaxtdan sosial şəbəkə istifadəçisisən?

-2010, bəlkə də 2008-ci il. Tam xatırlamıram.

-Sosial şəbəkələrdə virtual dostların səni kim olaraq tanıyır?

-Azərbaycanda  fotoqraf,  Rusiyada isə rəssam kimi daha çox tanınıram.

-Bundan əvvəlki müsahibimiz aparıcı Turanə Hüseynli idi. Turanə xanım ənənəyə uyğun olaraq sənə bu sualı ünvanladı: Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edisən və hansı hallarda sosial şəbəkələrdən istifadəni daha faydalı sayırsan?

-Sosial şəbəkələrdə, əsasən, gördüyüm işlərin tanıtımını edirəm. Hətta buna kiçik onlayn sərgidə demək olar. Çünki, günümüzdə bir yerə yığa bilməkdə çətinlik çəkdiyimiz kütləni rahatlıqla sosial şəbəkələrdə bir yerə yığa bilirik. Növbəti müsahibinə  sualım isə belə olardı: Necə düşünürsünüz, siz sosial şəbəkədən yararlanırsınız yoxsa sosial şəbəkə sizin zamanınızdan yararlanaraq sizə heç bir şey qazandırmır? 

-Twitter-də 3 insanı izləmə şansın olsaydı bunlar kimlər olardı?

- Azərbaycanlılardan ilk ağlıma gələn Cavid Ağadır. Əsasən fotoqrafları izləyirəm. Sergey Maksimişin və Aleksandr Sorini misal çəkə bilərəm.

-Sosial mediada hansı növ paylaşımlar səni narahat edir və ya xoşuna gəlmir?

-Nəticəsi olmayan bir hadisə baş verdiyi zaman mövzunu üstündə həddindən artıq çox dayanılması və hər kəsin fikir bildirmək də aslan olması bir müddət keçəndən sonra isə quzuya dönmələri.

-Bəs nələri paylaşmaqdan çəkinib, ehtiyyat etmisən?

-Bununla bağlı məhdudiyyətimin olduğunu düşünmürəm. İstədiyim paylaşımları rahatlıqla edirəm. Fikrimcə mən cəmiyyətə görə deyil də, cəmiyyət mənim xoşbəxtliyim üçün çalışmalıdır. Qoy insanlar məni paylaşımlarımla olduğum kimi qəbul etsinlər. Ancaq paylaşımlarım hansısa kütlə üçün olursa həmin kütlənin dəyərlərinə hörmətlə yanaşıram mütləq.

-Sosial şəbəkələrdə dostluq istəklərini qəbul edərkən ilk olaraq nələrə diqqət yetirirsən?

-Əksər istifadəçilər kimi mən də ortaq dostlarımızın sayına, həmin adamların nələri paylaşdıqlarına nəzər yetirirəm. Tanımadığım insanların dostluq təklifini nadir hallarda qəbul edirəm.

-Cəmiyyət üçün hansı sosial mesaj verən fotolar çəkmək istərdin? Və ya bu istiqamətdə layihə keçirməyi düşünürsənmi?

-Artıq bir neçəsinin üstündə çalışmışam. Sizin də bildiyiniz kimi ilk foto layihəm -Moskva metrosunun insanları idi. Niyə məhz metrodakı insanlar deyə soruşsanız, çünki, insanlar elə düşünür ki, metrodan ancaq aşağı təbəqənin insanları istifadə edir. Ancaq bu belə deyil. Metroda çəkiliş etdiyim zamanlarda müxtəlif təbəqədən olan insanlara rast gəlmişəm. Bunlar istər aparıcı olsun, istər rəssam, istər fotoqraf, aktyor, musiqiçi və s. Həm də mənə görə metro tam başqa dünyadır. Təsəvvür edin bir anlıq qatarlar geciksə hər şey bir andaca bir-birinə dəyər. Bu layihədə vermək istədiyim mesaj insanların metro, qatar, eskalator fobiyasından uzaqlaşdırmaq və yeraltı dünyanın necə maraqlı bir yer olduğunu göstərmək idi.
Buna bənzər üzərində işlədiyim digər layihələrim də var.

-Sosial mediada kiberciyanətkarlıq, etik normanın pozulması, təhqir, şantaj və s. kimi hallarla üzləşmisənmi?

-Xeyr. Bu mövzuda heç bir problemim olmayıb və olmadığına görə də sevinirəm. Həm də belə şeylərin üzərində dayanan deyiləm. Həmin şəxsləri qara siyahıya salıb məsələni birdəfəlik həll edərəm.

-Sonda isə soruşmaq mənə maraqlı olardı. "Mənim 100-lüyüm" layihəsi haqqında nə düşünürsən?

Düşünürəm ki, kifayət qədər doğru seçilmiş müzakirə qrupudur. Avropanın müxtəlif jurnallarında 100 nəfərdən sorğu çıxarılaraq hər hansı bir suala yekun cavab kimi oxuyurdum. Bunları oxuduğumda niyə Azərbaycan belə bir layihə üzərində işləmirlər deyə düşünürdüm. Bu layihəyə görə sizlərə təşəkkür edirəm və işlərinizdə uğurlar arzu edirəm.

-Biz də layihəmizin aktiv üzvü olduğunuz üçün sizə təşəkkür edirik.

                                                                                     

Ülviyyə Alıxanova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə