Təhsil müəssisələri hansı texnologiyalarla İnternetə qoşulub?

07-08-2015 / 10:36

Nə üçün indiyədək cəmi 60 məktəb fiber optik xətlə İnternetə qoşula bilib?

Azərbaycanda təhsil müəssisələrinin İnternet bağlantısı AzEduNet şirkəti tərəfindən həyata keçirilir.

AzEduNet (Azerbaijan Educational Network) -Azərbaycan Təhsil Şəbəkəsi 2004-cü ildən etibarən fəaliyyət göstərir. AzEduNet təhsil sistemində fəaliyyət göstərən,  İnternet/İntranet, həm də İKT xidmətlərini həyata keçirən provayderdir.

Xeberler.az  AzEduNet provayderinin fəaliyyəti ilə bağlı bu qurumun direktoru Natiq Yəhyayev ilə söhbətləşib.

Onunla  müsahibəni təqdim edirik:

-Natiq müəllim, AzEduNet provayderinin başlıca fəaliyyət istiqamətləri hansılardır?

-Şirkətin fəaliyyəti əsasən Azərbaycanda təhsil sektoruna yönəlib. Biz dövlət və özəl təhsil müəssisələri ilə işləyirik. İnternet, İntranet, data (məlumat ) ötürülməsi və s. xidmətlər təklif edirik. 

Bizim bu sahədə uğurlar əldə etməyimiz üçün hərtərəfli texniki inkişaf etmiş şirkət olmağımız kifayət etmir, təhsildə olan ehtiyacları və sırf təhsil sahəsində mövcud müasir tendesiyaları anlamaq çox vacibdir.

Bununla belə AzEduNet MMC-nin  avadanlıqları, demək olar ki, Azərbaycanın bütün rabitə qovşaqlarında quraşdırılıb. Biz aparıcı istehsalçıların yalnız yüksək keyfiyyətli avadanlıqlarından istifadə edirik ki, bu da bizə xidmət keyfiyyətini yüksək səviyyədə saxlamağa imkan verir və həmçinin avadanlıqların idarə edilməsini asanlaşdırır.

İKT xidmətlərini göstərən və ya sistem inteqratoru kimi AzEduNet MMC böyük Məlumat və Resurs Mərkəzlərinin layihələndirilməsi daxil olmaqla, demək olar ki, bütün İKT xidmətlərini təmin edəcək səviyyədədir.

-Təhsil müəssisələrinin İnternetə qoşulması prosesi necə həyata keçirilir?

-Öncə təhsil müəssisələrinin Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması üçün məlumat toplanılır: təmir vəziyyəti, yerləşdiyi ərazi, qoşulma üçün texniki şəraitin olub-olmaması, İKT avadanlığın sayı və s. Sonra həmin təhsil müəssisəsində AzEduNet şirkəti tərəfindən bir sıra işlər aparılır: lokal şəbəkənin çəkilməsi, İKT avadanlığının tam işlək vəziyyətə gətirilməsi, Azərbaycan Təhsil Şəbəkəsinə qoşulması və sonradan texniki xidmətin təşkili.

-Hazırda AzEduNet neçə məktəbi İnternetə qoşub? Məktəblərə verilən İnternetin surəti nə qədərdir? Konkret bir məktəbə verilən İnternetin surəti nəyin əsasında müəyyən olunur?

-Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə Təhsil Nazirliyi və onun tabeçiliyində olan 2 minə yaxın qurum - təhsil idarələri, şöbələri, ali, orta və orta ixtisas təhsil müəssisələri və s. qoşulub.
Təhsil müəssisələri müxtəlif texnologiyalarla  İnternetə bağlanıb: fiber optik, ADSL və Simsiz (3G, Peyk antenası və s.).
Ən yüksək sürəti fiber optik bağlantısı verir (100Mbit/s sürətə qədər). ADSL (4Mbit/s sürətə qədər) və Simsiz (10Mbit/s sürətə qədər) qoşulmaların sürəti isə texniki şəraitdən asılıdır.
Bu günə qədər yalnız 60 təhsil müəssisəsi fiber optik qoşulmadan istifadə edir.

-Hansısa məktəblərin İnternetə qoşulma texnologiyası nəyin əsasında müəyyən olunur?

-Qoşulma növü sifarişçinin sifarişi əsasında müəyyən edilir. Əsas sifarişçi isə - Təhsil Nazirliyidir.

-Siz bir neçə qoşulma növündən danışdınız. Bəs hansı prinsipə əsaslanaraq Siz təhsil müəssisəsi üçün qoşulma tipini seçirsiniz?

-Bu çox asandır, ilk növbədə təhsil müəssisələrinin ADSL texnologiyası ilə qoşulmasının mümkün olub olmadığı yoxlanılır. Əgər belə bir imkan yoxdursa, biz 3G bağlantısından istifadə edirik. Nəhayət, əgər təhsil müəssisəsi 3G əhatə zonasında yerləşmirsə biz VSAT peyk terminalı quraşdırmalı oluruq.
Bugünkü gündə biz pilot layihəsi çərçivəsində 60-dan artıq təhsil müəssisəsini təhsil şəbəkəsinə fiber optik rabitə kanalları ilə qoşmuşuq.

-Sizin fikrinizcə bu gün təhsil müəssisəsi üçün ən yaxşı bağlantı növü hansı olmalıdır? Xeberler.az-a açıqlaya bilərsinizmi?

-Fikrimcə, fiber optik bağlantı daha yaxşı qoşulma növüdür. Baxmayaraq ki, ADSL texnologiyası kifayət qədər potensiala malikdir (24 Mbit/s qədər), telefon kabellərinin vəziyyəti qənaətbəxş olmadığı üçün, bu potensialdan Azərbaycanda tam istifadə etmək mümkün deyil. Əgər Bakı, Sumqayıt və Abşeron rayonunun təhsil müəssisələrini  8-10 M/s sürətlə təmin edə biliriksə, rayonlarda bu maksimum 4 M/s sürətlə mümkündür.
Əməkdaşlıq etdiyimiz BTRİB, Aztelekom MMC ilə infrastruktur sahəsində böyük yeniliklər etmişik. Onların New Generation Network (NGN) layihəsi  bizə əvvəl qoşulması mümkün olmayan bir çox təhsil müəssisəsində bunu həyata keçirtməyə imkan verdi. Köhnə kabellər mükəmməl vəziyyətdə olsalar belə, ADSL texnologiyasının hələ bir böyük çatışmamazlığı var. Maksimal download parametri 24 Mbit/s, maksimum upload parametri 1.5 Mbit/s-dir. Əgər bunun evdə İnternet istifadəçisinə hər hansı bir məlumatı yükləmək üçün elə də fərqi yoxdursa, təhsil müəssisəsi üçün bu çox vacib parametrdir. İnzibati və tədris proseslərində məlumat yükləmələrindən daha fəal istifadə olunur. Buna görə də təhsil şəbəkəsi üçün ən optimal seçim fiber optik kanallarıdır. Bir sıra simsiz qoşulma növləri də var, lakin onlar problemlidir. Biz simsiz rabitə kanallarını başqa seçim olmadığı şəraitdə istifadə edirik. Bu qoşulma təhsil şəbəkəsinə çox az uyğun gəlir. Bu çox bahalıdır və məlumatların ötürülmə surətində böyük məhdudiyyətlər var. 

-Əgər belədirsə, onda niyə bugünə qədər yalnız 60 təhsil müəssisəsi fiber optik qoşulmadan istifadə edir? Bu böyük xərclərlə bağlıdır yoxsa texniki problemlər var?

-Düzü, biz bu təklifi vermişik, lakin tələb olunan investisiyalar çox böyükdür. Bu gün biz bu layihəyə investisiya cəlb olunması yollarını axtarırıq. Böyük xərclər tələb olunur. Bu çox çətin məsələdir, ancaq inanıram ki, həll yolu tapılacaq.

-Məktəbdaxili İnternetin paylaşdırılması necə həyata keçirilir?Buna kim nəzarət edir?

-Təhsil müəssisəsinin daxilində İnternetin paylaşdırılması təhsil müəssisəsinin öz üzərinə düşür. Çünki 2 mindən artıq təhsil müəssisələrində İnterneti daxili kompüterlər arası paylaşmağa nəzarət etmək çətin olardı.

-Bir təhsil şəbəkəsi kimi bu şirkət texniki baxımdan daha nə xidmət göstərir?

-Təhsil şəbəkəsi, texniki dildə desək, Korporativ Özəl Şəbəkə özündə bir çox xidmətləri göstərir: Təhsil Nazirliyi və ölkə ərazisində təhsil şöbələri və təhsil müəssisələrinin vahid təhsil şəbəkəsinə qoşulması, Şəbəkənin İdarə Edilməsi Mərkəzi (Network Operation Center), Şəbəkə trafikinin monitorinqi, Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, İnternet trafikinin paylanması, qadağan olunmuş İnternet məzmunlarının filtrasiyası (pornoqrafiya, qumar, ekstremizm və s. bu tip zərərli məlumatların bloklanması), İP Telefoniya və Video Konfrans xidmətləri, Qaynar Xətt və Service Desk xidmətlərinin təmin edilməsi, Active Directory, E-mail, DNS, DHCP və s. bu kimi xidmətlər.

Həmçinin Təhsil Sisteminin İnformasiyalaşdırması İdarəsinin Məlumat və Resurs Mərkəzində ehtiyat resurslar xidməti, Virtual Özəl Şəbəkə (Virtual Private Network).
 Belə ki, biz hər bir təhsil müəssisəsini xidmətlə yanaşı intranet port ilə təmin edirik. Bu xidmətin qiyməti isə qoşulma növündən asılıdır (FTTB, xDSL, 3G, VSAT və s.). Biz təhsil müəssisələrinə 20-dən artıq bu cür xidmət göstəririk.

-Bütün bu xidmətləri həyata keçirmək üçün komandanı necə formalaşdırmısınız?

-Bütün ölkəni əhatə edən şəbəkədə bu xidmətləri həyata keçirmək üçün bizim yüksək ödənişli mütəxəssis komandamız var. Gördüyünüz kimi, təhsil şəbəkəsi – təhsil ehtiyacları üçün qurulmuş bir peşəkar sistemdir.

-Bildiyimiz kimi, AzEduNet MMC-də uşaqların İnternetdə təhlükəsizliyi məqsədilə süzgəc sistemi yaradılıb. Sistemin iş prinsipi ilə bağlı məlumat verə bilərsinizmi?

-Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə qoşulan bütün təhsil müəssisələrinin mərkəzləşdirilmiş şəkildə İnternetə çıxışı təmin edilir. Və bu İnternet trafikin süzgəci AzEduNet şirkəti tərəfindən dünyada liderlərdən biri sayılan WebSense sistemi üzərində qurulub. Bu sistem bütün veb trafik öz bazasında olan məlumat əsasında süzgəc edir. Öz bazasını isə iki üsulla yeniləyir: beynəlxalq WebSense məlumat bazasından və AzEduNet şirkətinin mühəndislərinin əlavə etdiyi məlumat əsasında.

-Məktəblərdə İnternetlə bağlı problemlər yarananda bu problemi kim aradan qaldırır?

-Təhsil Nazirliyində təhsil müəssisələri üçün 146 Qaynar Xətt xidməti fəaliyyət göstərir. Təhsil müəssisələri də bütün yaranan problemlərlə bağlı bu qaynar xidmətinə müraciət əsasında onların problemləri cavabdeh qurumlara yönəlir. AzEduNet şirkəti təhsil müəssisələrində Azərbaycan Təhsil Şəbəkəsinə qoşulma və İKT avadanlığı ilə bağlı problemlərin aradan qaldırılmasına cavabdeh bir qurumdur.

-Sizin şəbəkəyə kiberhücumlar olurmu? Təhlükəsizliyi necə qoruyursunuz?

-Əlbəttə ki, bütün şəbəkə resurslarına olduğu kimi, Azərbaycan Təhsil Şəbəkəsinə də hücumlar olur. Hazırda Azərbaycan Təhsil Şəbəkəsinin və onun daxilində olan bütün resursların təhlükəsizliyi AzEduNet şirkəti tərəfindən dünyada lider olan Cisco Systems şirkətinin təhlükəsizlik həlləri əsasında həyata keçirilir.
AzEduNet şirkətinin Şəbəkə İdarəetmə Mərkəzində həmçinin Şəbəkə Təhlükəsizliyi Mərkəzi yerləşir.

 

Mirvari Nəcəf,

Ağasəf Haqverdiyev

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə