“Televiziyada baş verən hadisələri də sosial şəbəkələrdən öyrənirəm”

07-10-2015 / 15:56

Xeberler.az-ın  “İnformasiya texnologiyaları tanınmışların həyatında” layihəsinin növbəti qonağı tanınmış teleaparıcı, bloqçu Azər Qəribdir.

Azər Qəriblə müsahibəni təqdim edirik:

-Azər bəy, müasir texnologiyalardan, internetdən ilk dəfə nə zaman və hansı məqsədlə istifadə etmisiniz? Hansı hissləri keçirdiyinizi xatırlayırsınızmı?

-Təxminən 2000-ci illərin əvvəlləri idi. Yadımdadır ki, internetə qoşulmaq çox əziyyətli idi, dial-up ilə internetə qoşulurdum. Sürət hədsiz zəif, qiymət isə indikindən dəfələrlə çox idi. İnternetdə axtarış verən zaman yarım saat prosesin bitməsini gözləyirdim. 

-Hansı sosial şəbəkələrdən daha çox istifadə edirsiniz?

-Facebook-dan təbii ki, işimlə əlaqədar olaraq aktiv istifadə edirəm. Facebook məni hər cəhətdən qane edir. Özümü PR edirəm, eyni zamanda reklam təklifləri alıram. İşimin çox hissəsini Facebook üzərindən qurmuşam. Twitter hesabım da var. Ancaq Facebook-la əlaqəlidir. Facebook-dakı statuslarım elə Twitter-də paylaşılır. Son illər populyarlaşan Instagram-da isə mütəmadi olaraq şəkil paylaşmıram. İnstagram-da aktiv olmadığım üçün dostlarım mənə irad tutur. 

-Səyahətdə çox olursunuz. Sosial şəbəkə istifadəçiləri kimi bizimkilər xaricilərdən nə ilə fərqlənir?

-Sosial şəbəkələr bütün cəmiyyətin bir hissəsidir. Cəmiyyətin mədəni inkişaf səviyyəsi  sosial şəbəkələrdə özünü biruzə verir. İnkişaf etmiş ölkələrdə yaşayan insanlarda diskussiya mədəniyyəti var. Bizdə əfsuslar olsun ki, ciddi bir məsələ haqqında müzakirə aparmaq mümkün deyil. Kimsə qıraqdan gəlib mövzunu başqa istiqamətə yönləndirəcək, qarşı tərəfi qıcıqlandırmaq üçün qeyri-etik ifadələrdən istifadə edəcək, hətta bu kimi yollarla özünü haqlı çıxarmağa da çalışacaq. Bununla bağlı belə bir lətifə də var: ingilislərə sual verirsən, cavab verirlər, israillilərə sual verirsən, sənə sualla cavab verirlər, ruslara isə sual verəndə(bunu bütün Post-sovet məkanına aid edərdim) mövzu qalır qıraqda sübut etməyə çalışırlar ki, sən nə qədər axmaqsan. (gülür) 

-Facebook-da dostluğa qəbul edərkən daha çox nəyə fikir verirsiniz?

-Sosial şəbəkələr işimin bir parçasıdır və mənə auditoriya lazımdır. Necə ki, jurnalist məqalə, reportajını çox adamın oxumasını istəyir, eləcə də mən. Bu səbəbdən dostluq göndərənləri seçmirəm. Facebook-da dostlarımın sayı limiti aşıb və məni ancaq izləmək mümkündür. Paylaşım və şəkilləri açıq paylaşdığım üçün dostluğumda olanlarla məni izləyənlər arasında heç bir fərq yaranmır. Sosial şəbəkələr fəaliyyətimdə çox böyük rol oynayır. İşimin bir parçasıdır və ondan peşəkar istifadə etməyə çalışıram. Sosial media fəaliyyətimi gündəmdə saxlamaq üçün bir alətdir. 

-İş fəaliyyətinizdə sosial şəbəkələrdən necə bəhrələnirsiniz? 

- Sosial media işgüzar fəaliyyətimdə çox böyük rol oynayır. İşlətdiyim səyahət bloqu rus dilində fəaliyyət göstərir. Facebook hesabımda isə çalışıram Azərbaycan dilində paylaşımlar edim ki, hər iki auditoriyanı itirməyim. İşim səyahətlə bağlı olduğu üçün turizm şirkətləri, otellər, restoran rəhbərləri məni öz məkanlarına dəvət edir.Və mən Facebook, Twitter-də qonağı olduğum yerlər haqqında fikirlərimi bölüşürəm.

-İşinizdə sevmədiyiniz xüsusiyyət nədir?

-Texnologiyalardan istifadə baxımından aciz olduğum üçün bu bəzən məndə çətinliklər yaradır. Bu yaxınlarda məşhur bloqçular Sergey Dolya və Aleksandr Cheban ilə görüşüm oldu. Onlarda diqqətimi çəkən istifadə etdikləri texnoloji avadanlıqlardan peşəkarcasına yararlanmaları idi. Mən telefonun sadəcə zəng, mesaj və internet funksiyasından istifadə edirəm. (gülür)

-Səfərlərdə çox olursunuz, İT ilə bağlı başınıza maraqlı hadisələr gəlibmi?

- Yadımdadır, bir dəfə Venesiyada olanda kamera çantamı itirmişdim. Bir də gördüm ki, içərisində bank kartları, kamera olan çantam yoxdur. Səyahətə tanışlarımla getdiyim üçün onlara arxayın olmuşdum, onlar da mənə(gülür).İlk olaraq banka zəng edib kartların fəaliyyətini dondurdum. Sonra bikef-bikef otelə qayıtdım. Və o gün noutbuku açmağa, elektron poçtuma baxmağa həvəsim olmadı. Səhəri gün Bakıya uçacaqdım. Evə çatdım elektron poçt ünvanımı açanda Venesiya polisindən mesaj gəlmişdi: “Çantanız tapılıb, hələ şəhərdən getməmisinizsə əşyalarınızı gəlib götürə bilərsiniz”. 

-Hansı elektron poçt ünvanından istifadə edirsiniz? Mailinizi gün ərzində neçə dəfə yoxlayırsınız?

-Hazırda Gmail-dən istifadə edirəm. Bir müddət əvvəl Yahoo hesabı da açdım. Lakin ondan aktiv istifadə etmirəm. Bəzən müasir texnologiyalardan istifadədə çətinlik çəkirəm. Konservativ biriyəm, yeniliklərə gec alışıram. Telefonda proqram, mobil tətbiqlərdən demək olar ki, heç istifadə etmirəm. Mailim telefonuma bağlı olduğu üçün məktub gələn kimi bildiriş alıram. Kompüteri açanda ilk işim mailimi yoxlamaq olur.

-İnformasiya təhlükəsizliyinizi necə qoruyursuz? 

-Əslində bunun üçün xüsusi heç nə etmirəm. Sadəcə şifrələri diqqətlə seçirəm. Son zamanlar eşidirəm ki, məşhurların adından saxta profillər açırlar. Belə bir halın mənim başıma gəlmədiyi üçün çox sevinirəm. Ancaq bu söhbət oğru yadına daş salmaq kimi oldu. (gülür)

-Son günlərdə sosial şəbəkələrin lisenziyalaşdırılması məsələsi gündəmə gəlib. Aktiv istifadəçi kimi bu məsələyə münasibətiniz

-Burada iki cür yanaşma var. Biri var, Azərbaycan hökuməti Facebook rəhbərliyindən ölkədən gəlir əldə etdiyi üçün vergi istəyir. Yəni, reklama sərf olunan vəsaitlər və s. Əgər hökumət bunu Mark Zuckerberg-dən ala bilərsə çox gözəl. Yox, əgər sosial şəbəkədən istifadə etmək hökumət tərəfindən məhdudlaşdırılırsa, daha dəqiq desək ödənişli olursa, istifadəçi kimi bu mənə təsir göstərəcək və bununla razı deyiləm. İnanmıram ki, hökumətimiz belə bir addım atar. Çünki bu həm texniki, həm də imic cəhətdən xoş qarşılanmaz. 

-İnternetdən istifadənin ümumiyyətlə müsbət və mənfi tərəflərini nədə görürsünüz?

-İnternetin müsbət tərəfləri hüdudsuzdur. Universitetdə oxuyanda ağlımdan keçməzdi ki, bir düyməyə klikləməklə istənilən məlumatı öyrənmək olar. Uşaq olanda məni hər yay tətilində nənə-babamın yanına Qəbələyə göndərirdilər. Bakıya zəng etmək üçün rayonun mərkəzinə getməli, poçtda növbəyə durmalı idim. Telefonla danışmaq o qədər əziyyətli iş idi ki, 5 dəqiqə ailənlə danışmaq üçün bir gün vaxtın gedirdi. Ancaq indi bir cihazla şəkil çəkib, üzərində müəyyən əməliyyatlar aparıb, sosial şəbəkələrdə yayımlaya bilirik. Kameranı axırıncı dəfə nə vaxt işlətdiyim yadımda deyil. Çünki bütün işlərimi telefonla görürəm:həm rahat, həm də cəld. İnternetin mənfi cəhətinə gəldikdə isə onu deyə bilərəm ki, insanlar neqativ fikirlər paylaşır. Yazılan şərh, status, paylaşımlarda aqressivlik nümayiş etdirirlər. Hər şeydən şikayətlənirlər. Elə insanlar var ki, bədxəbər çatdırmaq bir-birləri ilə yarışır. Bu isə məni və digər mənim kimi düşünənlərə mənfi təsir edir.

-İnsanları texnologiyalardan asılı hesab edirsiniz?

-Neçə illərdir ki, dostlarla görüşdüyümüz zaman bir masa ətrafında əyləşsək belə başqa insanlarla danışır, mesajlaşırıq. Bu təbii ki, yaxşı vəziyyət deyil. Telefonla məşğul olacağıqsa niyə bir yerə toplaşırıq? Vacib zəng yaxud mesaj olanda cavab vermək olar.

- Xaricdə səfərdə olarkən Rominq xidmətindən istifadə edirsiniz, yoxsa olduğunuz ölkənin mobil operatorunun xidmətindən istifadə edirsiniz?

-Uzunmüddətli qalıramsa, yaxud tez-tez səfər edirəmsə həmin ölkənin yerli operatorundan istifadə etmək daha sərfəlidir. Ukraynaya tez-tez getdiyim üçün orada artıq yerli operatordan istifadə edirəm. 2-3 günlük səfər etdiyim ölkələrdə isə Rominqdən istifadə edirəm. Rominqdən istifadə daha rahatdır. Çünki mənə zəng edənlər məni rahat tapırlar. Amma Rominq xidmətinin qiymətindən razı deyiləm. Həddindən artıq bahadır. İnsan heç vaxt ona göstərilən xidmətin qiymətindən razı olmur. (gülür) 



-Sosial şəbəkələrdə sizə ünvanlanan bütün mesajları cavablandırırsız?

-Çalışıram ki, hamısına cavab verim. Hərdən təhqiredici mesajlarla qarşılaşıram. Həmin insanı tanımıramsa qara siyahıya daxil edirəm. Biri var mənim fikrimə mənfi münasibəti olsun. Bu normal haldır, fikirlərimiz üst-üstə düşməyə bilər. Lakin birbaşa insanı təhqir etmək acizlikdir.

-Azər bəy, efirə gedən səyahət verilişlərinə münasibətiniz..

-Səyahət verilişləri mütləq olmalıdır. İnsanlar yeni mədəniyyətlər görməli, onlarda yeni fikirlər yaranmalı, insanların dünyagörüşü artmalıdır. Azərbaycan kanallarını isə ümumiyyətlə izləmirəm. Televiziyada baş verən hadisələri sosial şəbəkələrdən öyrənirəm. Bunun bir neçə səbəbi var, təkcə televiziyaların yox, cəmiyyətin də günahıdır. Biznes maraqları televiziyalar üçün önəmli rol oynadığından televiziya rəhbərliyi məcbur olub insanlara maraqlı olanı nümayiş etdirir. 
Digər bir məsələ texniki məsələlərlə bağlıdır. Siqnalın keyfiyyəti yaxşı deyil. Müqayisə üçün Rusiya kanallarına baxmaq kifayətdir ki, bu fərqi görəsən. Görüntünün keyfiyyəti, vizuallıq və s. bunlar televiziya üçün vacib faktordur. 

-Hər hansı verilişin uzunmüddətli olması üçün sosial şəbəkələrin rolu nə dərəcədə əhəmiyyətlidir?

-Verilişim efirə gedən vaxtlar sosial şəbəkələr Azərbaycanda elə də populyar deyildi. Həyatımızda belə böyük rol oynamırdılar. Verilişim indi efirə getsəydi, daha çox populyar olardı, sosial şəbəkələrdə daha çox PR edərdim.

-Verilişiniz yayımlandığı ilkgünlərdə İKT avadanlıqları baxımından hansı problemlər yaşayırdınız?

-Verilişi hazırlamaq üçün xaricə gedirdim, bir neçə gün çəkiliş edirdim. Tək hazırlayırdım. Musiqi, dizayn, redaktə və s. bütün bu işləri təkbaşına görürdüm. Ancaq verilişi montaj etmək üçün professional montajçı tapa bilmirdim. Montajçılar kompüterlərində Adobe Premiere-də işləyirdi. Yeni proqramlar çıxsa da, həmin proqramları bilən mütəxəssislər yox idi. Məsələn, o vaxt Bakıda ilk adamlardan idim ki, Apple kompüterini almışdım. Amma, bir mütəxəssis tapmırdım ki, o kompüterdə montaj edə bilsin. 

-Sizcə, valideynlər texnologiya ilə bağlı uşaqlara hansı qadağalar qoymalıdır?

-Uşaq bəzən valideyni o qədər yorur ki, valideyn də çıxış yolu kimi kompüteri, planşeti uşağa verir ki, istirahət etsin. Təbii ki, kiçik yaşlı uşaqların texnologiya, internetdən istifadəsinə həmişə nəzarət etmək lazımdır. Amma düşünürəm ki, artıq uşaqlar böyükdürsə və texnologiyadan müstəqil şəkildə, problemsiz həll edə bilirlərsə özləri özlərinə bu barədə məhdudiyyət tətbiq etsələr daha yaxşı olar. Nəvəmin 4 yaşı olmasına baxmayaraq mobil tətbiqləri sərbəst şəkildə telefona yükləyir, istifadə edir, hərdən mənə də öyrədir. (gülür) 

-Sizcə gənclərin internetdə çox vaxt keçirməsi onların intellektinə mənfi təsir edirmi?

-Bu şərti anlayışdır. Fərqi yoxdur internet olmayan dövrdə də oxumaq, bilikli savadlı olmaq istəyən şəxslər istədiklərinə nail olurdu. Yaxud da əksinə internet yox idi amma bəzi gənclər oxumaq həvəsində deyildilər. Oxumaq, məlumatlanmaq, maariflənmək istəyən hər kəs üçün internet bu prosesi daha da asanlaşdırıb.

-Texnoloji avadanlıq alarkən daha çox nəyə diqqət edirsiniz?

-Məni daha çox dizayn cəlb edir. Funksiyaların hamısına bələd olmadığım üçün parametrlərin mənim üçün elə də əhəmiyyəti yoxdur. Telefon alarkən meqapikselinə daha çox önəm verirəm. Amma zəng, mesaj funksiyası hamısında olduğu üçün hansının görüntüsü ürəyimə yatırsa onu alıram. 

-Azər bəy, ilk istifadə etdiyiniz fotoaparatı xatırlayırsınızmı?

-Sony markasından idi. Uşaqlıqdan şəkil çəkməyi sevərdim. Dayım məşhur fotoqraf Raqib Abdullayev kosmonavtları, onlar haqda sənədli filmlər çəkməyi sevərdi. Onun laboratoriyasına gedib bütün detallarla maraqlanırdım. Sonradan atam evdə mənim üçün kiçik laboratoriya hazırladı. Əvvəllər şəkil çəkmək və onu çıxarmaq çox əziyyətli proses idi. Lenti qaranlıqda fotoaparata yerləşdirirdim, şəkli çəkdikdən sonra həmin lenti qaranlıq otaqda fotoaparatdan çıxarırdım. Proses 1 saat yarım çəkirdi. Daha sonra xüsusi mayelər olan vannalarda şəkilləri yuyurdum. Bir şəklin hazır olması üçün saatlarla vaxt gedirdi. Birdən-birə şəkli çəkən kimi şəklin hazır olması... Bu mənim üçün inqilab idi. həyat sürprizlər etməyə davam edirdi. (gülür)

-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz? 

-Gün ərzində 17-18 saat telefon yanımda olur. Telefonu ancaq yatanda kənara qoyuram. 

-Gündəlik məlumatları xəbər saytlarından oxuyursunuz, yoxsa sosial şəbəkələrdən ?

-Hansısa xəbəri oxumaq üçün konkret saytlara daxil olmuram,. Facebook-da link paylaşılıbsa, klikləyib xəbəri oxuyaram. Bəzən elə olur ki, bir xəbər üçün sayta daxil oluram oradakı məlumatlar marağımı çəkir və oxucusuna çevrilirəm.
Yeri gəlmişkən, bir şikayətim də var. Məni xəbər saytlarında ana səhifədə çıxan reklamlar narahat edir. Ekrana reklam gəlir, imtina edirsən, yenidən gəlir, yaxud başqa səhifə açılır. Həmin an saytı oxumaq istəyirdimsə də fikrimdən daşınıram. (gülür)

-Sosial şəbəkələrdə sizə təklif edilən yardım elanlarını, aksiyaları qiymətləndirirsinizmi?

-Hər birinə çalışdığım qədər diqqət yetirməyə çalışıram. Bu yaxınlarda valideynləri olmayan gənc bir xanım ailə həyatı qururdu. Yardıma ehtiyacı olduğu üçün mənə müraciət etmişdi. Bununla bağlı Facebook-da status paylaşdım. Tanışlarla köməkləşib gəlinin cehizini hazır etdik, tədbirdə də şəxsən iştirak etdim. Həmçinin, uşaqlar, qocalar evinə vaxt tapdıqca baş çəkirəm. Ancaq mənə o qədər yardım mesajları gəlir ki, onların hamısını paylaşsam gərək profilimi bağlayıb, yardım elanları səhifəsi açım.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə