Turizm informasiya mərkəzlərinin saytları yenidən hazırlanacaq

03-09-2015 / 22:49

“Turizm informasiya mərkəzlərinin işində effektivliyin artırılması məqsədilə yeni turizm marşrutlarının yaradılmasının, təbliğat sahəsində həm çap, həm də internet resurslarından geniş istifadə olunması zəruridir”

Sentyabrın 3-də mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ölkəmizdə fəaliyyət göstərən turizm informasiya mərkəzlərinin rəhbərləri ilə görüşüb.

Nazirlikdən Xeberler.az-a verilən məlumata görə, görüşdə çıxış edən nazir müavini bu il Bərdə, Qəbələ, İsmayıllı və Qusar rayonlarında dörd yeni turizm informasiya mərkəzinin yaradıldığını qeyd edərək yaxın vaxtlarda daha iki – Şəmkir və Mingəçevir turizm informasiya mərkəzlərinin təşkilinin planlaşdırıldığını diqqətə çatdırıb.

Mərkəzlərin fəaliyyətinin gücləndirilməsinin vacibliyindən danışan N.Səmədov bu qurumların yalnız yerləşdiyi rayon və ya şəhərin təbliği ilə deyil, həmçinin əhatə dairəsində olan regionla bağlı iş aparmalı olduğunu bildirib.

“Turizm informasiya mərkəzləri tərəfindən bölgələrin turizm potensialının təşviqi və onların işinin günün tələbinə uyğun olaraq təkmilləşdirilməsi Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi prioritet fəaliyyət istiqamətlərdən biridir. Bu qurumların yaradılmasının əsas məqsədi regionda daxili turizmin inkişaf etdirilməsi, yerli və xarici turistlərin bölgəyə cəlb olunması, informasiya texnologiyaları vasitəsilə bu regionların turizm potensialı haqqında məlumatları dünyanın hər bir nöqtəsinə çatdırmaqdır”-deyə nazir müavini vurğulayıb.

Bildirildi ki, mərkəzlərin internet saytları vasitəsilə dünyanın hər bir yerindən insanların bölgənin istənilən yerində rahat şəkildə özlərinə əvvəlcədən yer və müvafiq turizm xidmətləri sifariş vermək imkanları olmalıdır. Turizm informasiya mərkəzlərinin saytlarının yenidən hazırlanması və müxtəlif dillərdə məlumatların yerləşdirilməsi ilə turistlərə daha yüksək xidmət göstərilməlidir. Bu sahədə işləri daha da intensivləşdirmək lazımdır.

Görüşdə mərkəzlərinin bu ilin birinci yarısında gördükləri işlərlə bağlı hesabatları dinlənilib. 

Qeyd edək ki, ölkəmizə gələn turistlərin və yerli vətəndaşların məlumatlandırılması məqsədilə ilk Turizm İnformasiya Mərkəzi 2005-ci ildə Xaçmaz rayonunda fəaliyyətə başlayıb. Bu gün paytaxt Bakıdan savayı ölkənin şəhər və rayonları üzrə 12 belə mərkəz (Naxçıvan, Xaçmaz, Quba, Şamaxı, Zaqatala, Qəbələ, İsmayıllı, Bərdə, Qusar, Gəncə, Şəki və Lənkəran) fəaliyyət göstərir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə