“Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusu müzakirə olunmuşdur
Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Qadın və Uşaq Problemlərinin Araşdırılması İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən konfransda “Uşaq və yeniyetmələrin internet təhlükəsizliyi” mövzusu müzakirə olunmuşdur.
AQUPDK sədrinin müavini Aynur Sofiyeva bildirmişdir ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiq olunması və yüksək sürətlə inkişaf etməsi danılmaz bir faktdır. Kompyuter və internetin insan fəaliyyətinin bütün sahələrinə nüfuzu faydalı olduğu qədər də təhlükəli və zərərlidir. İnformasiya və internet asılılığının yaranmasına insanların yaş xüsusiyyətlərinin bilavasitə təsir göstərdiyini deyən A.Sofiyeva qeyd etmişdir ki, internetin əsas istifadəçiləri olan uşaqlar və yeniyetmələr müvafiq təsirə daha çox məruz qalırlar. Müşahidələr göstərir ki, bu cür uşaqlarda vətənpərvərlik hisləri zəif, milli-mənəvi dəyərlər isə tam mənimsənilməmiş olur. Onlar psixoloji baxımdan daim gərginlik yaşayır və çox asanlıqla cinayətkarların təsirinə düşürlər. Araşdırmalar göstərir ki, dünyada internetlərdən istifadə edən istifadəçilərin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz demişdir ki, internetdə biliklə, informasiya ilə bağlı xeyirli tərəflər olmaqla yanaşı, onun uşaqlar üçün ziyanlı tərəfləri də vardır. Bunların sırasına pornoqrafiya, terrorizm, milli, dini ayrı-seçkiliyi təbliğ edən informasiyaları və başqalarını daxil etmək olar. Eyni zamanda, uşaqlar üçün ifrat dərəcədə zərərli ola bilən, arzu olunmayan informasiyalara isə qəddarlığı təbliğ edən oyunlar aiddir.
Dövlət qurumları, qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdiyi konfransda internet təhlükəsizliyinin hüquqi təminatından danışılmışdır. Çıxış edənlər internet vasitəsilə uşaqlarda sui-istifadə hallarının yarandığını qeyd etmiş, belə halların qarşısının alınmasının vacibliyini vurğulamışlar. Bildirilmişdir ki, uşaqların informasiya asılılığı ilə mübarizə sahəsində beynəlxalq təcrübədən yararlanmalı, internetin idarə edilməsi mexanizmi yaradılmalı və uşaqların internetdən səmərəli istifadəsi üçün profilaktik tədbirlərdən istifadə olunmalıdır.
AzərTac