Məlum olduğu kimi, son 4-5 ildir ki, Azərbaycanda startap ekosistemi formalaşmağa başlayıb. Bu illər ərzində bu sahənin inkişafı, gənclər arasında təşəbbüskarlıq vərdişlərinin inkişaf etdirilməsi üçün həm dövlət, həm də özəl sektor tərəfindən müəyyən işlər görülür.
Bunun nəticəsdir ki, hazırda ölkəmizdə bir çox gənc startap sahəsinə maraq göstərir, öz ideyalarını layihəyə çevirərək pul qazanır. Bu ideyalara, layihələrə dəstək göstərmək üçün Azərbaycanda bir neçə innovasiya mərkəzləri də fəaliyyət göstərir.
Təbii ki, bütün dünya ölkələrində olduğu kimi, hər irəli sürülən layihə uğur qazanıb, biznesə çevrilə bilmir. Buna baxmayaraq, gənclər bu sahədə özlərini sınayır, təcrübə qazanır, təşəbbüskarlıq vərdişlərini inkişaf etdirə bilir.
Gənclərin irəli sürdüyü ideyaları dəstəkləyib, onlara öz bizneslərinə gedən yolda dəstək göstərən innovasiya mərkəzlərindən biri də Next Step-dir.
Next Step-in ən yaxşı ideyaları müəyyən etməsi ilə bağlı elan etdiyi müsabiqələr barədə saytımızda mütəmadi məlumatlar paylaşılır.
Onu da qeyd edək ki, Next Step ölkədə ideyalara, layihələrə real olaraq maddi dəstək göstərən yeganə Mərkəzdir.
Bu yaxınlarda Mərkəz növbəti, 5-ci müsabiqəsini elan etdi.
Son dövrlər həm sosial mediada, həm də bu sahə ilə maraqlanan gənclər arasında Mərkəzin fəaliyyəti ilə bağlı bəzi fikirlər səsləndirilir. Belə ki, iddia edilir ki, Next Step-in seçimlərində bəzən ədalətsizlik olur. Həmçinin, Mərkəzin verdiyi vəsaitin startapların fəaliyyətinə müsbət təsiri olmadığı da iddialarda yer alıb.
Xeberler.az olaraq Next Step-in hazırda davam edən növbəti müsabiqəsini nəzərə alaraq elə fürstədən istifadə edib həm bu il gözlənilən yeniliklər, həm də ictimaiyyətdəki iddialarla bağlı Mərkəzin direktoru Kamran İmaməliyev ilə söhbət etdik.
Mərkəz direktoru ilə müsahibəni təqdim edirik:
- Kamran bəy, bu il artıq 5-ci dəfədir ki, ideya axtarışındasınız. Next Step bir çox startaplara dəstək verib. Bu günə qədər Mərkəzə müraciət edən layihə sayını bilmək maraqlı olardı
- Bəli, 2017-ci ilin, yanvarın 10-dan etibarən Next Step İnnovasiya Mərkəzi olaraq 5-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsini elan etdik. Mərkəz yarandığı gündən etibarən 4 layihə müsabiqəsi həyata keçirib. 2015-ci ilin iyun ayında baş tutan 1-ci müsabiqədə 31 layihə müraciət edib, onlardan 10-u yarımfinalda təqdimat edib. Finala qalan 3 layihədən yalnız biri-BakuParking layihəsi qalib olub. Daha sonra, 2015-ci ilin dekabrında həyata keçirilən 2-ci “Öz İdeyanı Gerçəkləşdir!” Layihə Müsabiqəsinə isə 95 layihə müraciət edib. Onlardan 35-i yarımfinala, 10-u isə final mərhələsinə keçib. Finalda 4 layihə - WibeMe, FoodLook, SmartWristlet, Ustam layihələri qalib olub.
2016-cı ilin aprel ayında baş tutan 3-cü müsabiqəyə 175 layihə qatılıb. Onlardan 27-i yarımfinala, 4-ü isə finala vəsiqə qazanıb, final mərhələsində isə ComfortAG layihəsi qalib olub. Və ötən ilin sentyabr ayında baş tutan 4-cü müsabiqədə isə 125 layihə müraciət edib, onlardan 25-i yarımfinala, 7-si isə finala vəsiqə qazanıb. Qeyd edim ki, finalda qalib olan Cyclee və BazarDash layihələri hazırda proqramda iştirak edir. Yeni elan etdiyimiz müsabiqəyə müraciət isə hazırda davam edir.
- Next Step-ə ideyalar necə müraciət edir?
- Müsabiqədə iştirak üçün layihələr rəsmi saytımız üzərindən müraciət edir. Onlar öncə qeydiyyatdan keçir, öz layihələri barədə məlumat göndərir. Qeyd edim ki, bu layihələrinin seçimi 3 mərhələdə aparılır. İlkin mərhələdə elan etdiyimiz müsabiqələrdəki şərtlərə cavab verən layihələr seçilir. Daha sonra bu layihələr arasından yarımfinalçılar seçilir. Növbəti mərhələdə isə layihələr münsiflər qarşısında təqdimat edir və finalçılar müəyyən edilir.
- Müraciət edən ideyalar əsasən hansı sahələr ilə bağlı olub?
- Sevindirici haldır ki, Mərkəzə müraciət edən ideyaların əksər hissəsi texnologiya ilə bağlı olub. Bununla yanaşı, digər sahələrdən də ideyalar olub. Etiraf edim ki, onlar arasında da maraqlı olanları vardı. Təəssüflə qeyd edim ki, istər texnoloji, istərsə də digər sahələrə aid olan ideyalarda innovativlik demək olar ki, yox səviyyəsində olub.
- Next Step-in müsabiqəsində qalib gəlmək üçün şərtlər hansıdır?. Bu qəbul kriteriyaları kimlər tərəfindən və nələrə görə müəyyən edilib?
- Next Step İnnovasiya Mərkəzinin mentorları ABŞ-dan olan mütəxəssislərdir. Kriteriyaları və seçimlər demək olar ki, onlar müəyyən edir. Qalib olmaq üçün layihə öncə biznes məqsədi güdməlidir, layihədə mütləq innovativlik olmalıdır, Bundan əlavə, layihəni reallaşdıra biləcək komanda olmalı, ən əsası da komanda rəhbəri layihəni tam olaraq dərk etməli və komandasını yönləndirə bilməlidir. Bu bacarıqlara sahib layihə komandası Mərkəzdə iştirak hüquqi qazanır.
- İdeyaların dəyərləndirilməsi prosesində iştirak edən münsiflər kimlərdir?
- İdeyaların dəyərləndirilməsi əvvəlcə yerli münsiflər tərəfindən aparılır. Yerli münsiflər Next Step İnnovasiya Mərkəzinin təsisçiləri və bu sahədə çalışan digər mütəxəssislərdir.
- Kamran bəy, bəzən sosial şəbəkələrdə, startap qruplarında Mərkəzə müraciət edib, seçilməyən layihə rəhbərləri iddia edir ki, bu seçimlər ədalətli həyata keçirilmir. Sizcə, bu iddialar nədən qaynaqlanır?
- Bəli, haqlısınız. Belə hallarla qarşılaşırıq. Mən şəxsən layihələri və ya ideyaları olan insanların bu sərt reaksiyalarını soyuqqanlıqla qarşılayıram. Çalışıram onlara seçilməmə səbəblərini izah edim. Həmin şəxslərlə söhbətdən sonra çox az qisim demək istədiklərimi başa düşür. Bununla yanaşı, hesab edirəm ki, həmin layihələrin seçilməmə səbəbləri göz qabağındadır. Yəni, şərtlərə cavab vermədiyi üçün onlar seçilmir.
- Elan etdiyiniz müsabiqələrdə Azərbaycan bazarında fəaliyyət göstərən və ümumilikdə dünyaya çıxacaq ideyalar olubmu?
- Mərkəz olaraq hədəfimiz qlobal bazara çıxa biləcək layihələri qəbul etməkdir. Lakin müraciət edənlərin əksəriyyəti lokal (yerli) düşünür. Bu günə qədər elan etdiyimiz müsabiqələrdə onlar arasından qloba çıxa biləcək, qloballaşa biləcək layihələr seçildi. Lakin Sizin də müşahidə etdiyiniz kimi, onların da ömürləri uzun olmadı. Təəssüflər olsun ki, hər bir layihə fərqli səbəblərdən dağıldı.
- Maraqlıdır, regionlardan da Mərkəzə ideya müraciəti olubmu?
- Çox təəssüflər olsun ki, xeyr. Lakin Startap Azərbaycan-ın regionlarla bağlı uğurlu fəaliyyətindən sonra bölgələrdən də Mərkəzə müraciət edənlərin olacağına inanırıq. Artıq bu ildən Startap Azərbaycan platforması ilə əməkdaşlığa başlayıb, bölgələrə gedəcəyik. Ümid edirik ki, bu təşəbbüs regionlarda ideyası olan gənclərə fayda verəcək.
- Kamran bəy, əslində startaplara real maddi dəstək verən ilk mərkəz Next Step-dir. Bu məbləğ nə qədərdir və startaplara nəyə görə verilir?
- İlkin olaraq ideyanın layihəyə çevrilmə mərhələsində ayda 2 min AZN dəstək veririk. Bundan əlavə olaraq , tam təchizatlı ofis, kompüterlər və s. dəstəklər olur. Çox təəssüf ki, komandalar bunları yatırımdan hesab etmir. Lakin bunlar da yatırım sayılır. Əgər layihə təyin edilmiş vaxt ərzində yerinə yetirilirsə, ondan sonra investor qarşısına çıxarılır. 2000 AZN pul da investor qabağına çıxana qədər ortaya demo versiya hazırlamaları üçün verilir.
- Sizcə, startaplar bu məbləğlə işlərinin neçə faizini həyata keçirə bilər?
- Bu, startapdan asılıdır. Əgər hansısa məhsulun ortaya qoyulmasından söhbət gedirsə, şübhəsiz 2 min AZN-dən əlavə dəstəklər də olur. Xeyr, əgər, hansısa proqram təminatının yaradılmasında söhbət gedirsə, düşünürük ki, demo versiyanın ortaya qoyulması üçün bu məbləğ yetərlidir.
- Kamran bəy, startaplar xərclədikləri vəsaitin hesabatını verir?. Mərkəz bu məsələyə nəzarət edir?
- Rəsmi olaraq hesabat tələb etmirik. Çünki bu zaman alır, lakin şifahi olaraq məlumat alırıq. Həm də məbləğ elə də yüksək olmadığından hara xərcləndiyini görmək asan olur (gülür).
- Elə bəzən bu məsələ də tənqid olunur ki, startaplar Mərkəzdən aldıqları pulla heç nə edə bilmir. Sizcə, bu fikirlər nədən yaranır?
- Haqlı olaraq sosial şəbəkələrdə bu haqda yazırlar. Etiraf edim ki, təşəbbüskarların bizdən dəstək alıb, çalışmadıqlarının və ya çox az çalışdıqlarının şahidi oluruq. Odur ki, sosial şəbəkələrdə olan tənqidlər əsaslıdır.
- Next Step-in bəzi layihələri var idi-Ustam və WibeMe. İlk vaxtlar yaxşı başladılar. Demək olar ki, startap ekosisteminin gündəmində idilər. Lakin Ustam da fəaliyyətini dayandırdı. Məlumatımıza görə, WibeMe və FoodLook layihəsi də bağlanıb. Bu startapların uğursuz olmasına səbəb nə idi?
- Ustam layihəsi Mərkəzə müraciət etməmişdən öncə fəaliyyətə başlamışdı. Hətta otellərin birində böyük təqdimatla layihənin tanıtımını etmişdi. Mərkəzimizin 2-ci müsabiqəsində qalib olandan sonra Ustam layihəsi üçün bir çox istiqəmatdə dəstək göstərildi. Lakin layihə 4-5 ay sonra bağlandı. Səbəb olaraq da komandanın dağılması göstərildi. WibeMe layihəsi isə Next Step-in keçirdiyi 10-dan çox investorun iştirak etdiyi DemoDay-də ən çox diqqət çəkən və qalib olan layihə idi. Çünki bu layihənin fəaliyyətə başlamasında lokal və ya qlobal anlayışı yox idi. Dünyanın istənilən yerindən bu layihəni rahatlıqla istifadə etmək olardı. Lakin çox təəssüflər olsun ki, bu layihə də “startap qəbiristanlığı”na göndəriləsi oldu.
Bunun da səbəbi komanda dağılması və komanda rəhbərinin təhsil üçün xaricə getməsi oldu. FoodLook layihəsi də DemoDay-də diqqət çəkmədikdən sonra biraz həvəsdən düşdülər. Layihənin üzərində çalışsalar da, rəsmi olaraq bağlandıqlarını qeyd etməyiblər.
Ümumilikdə deyə bilərəm ki, layihələrin uğursuz olmasına səbəb layihə rəhbəri başda olmaqla komandanın çox az və həvəssiz işləmələri olur.
- Next Step-in əvvəlki müsabiqələrində qeyd edilmişdi ki, startaplar ABŞ-da təcrübə keçmək imkanı qazanacaq. Deyəsən, indiyə qədər ABŞ-a heç bir startap göndərilmədi. Bunun səbəbi nədir?
-Məncə, yuxarda danışdıqlarımızdan sonra artıq bu suala cavab verdim. Səbəb göz önündədir. Sizin də gördüyünüz kimi, heç bir layihə uğurlu olmadı. Əslində, Mərkəz WibeMe layihəsini göndərmək istəyirdi, amma onlar da layihə rəsmi olaraq dayandırdı.
- Next Step elan edir ki, mərkəzin üzvləri həftəlik olaraq ABŞ-dan mentor dəstəyi alır. Bu fəaliyyət necə həyata keçirilir?. Həmin mentorlar kimlərdir? .Bunun startaplara nə kimi faydası olur?
- İlk müsabiqədən indiyə qədər bütün qalib komandalar üçün onlayn olaraq ABŞ-dan mentor dəstəyi verilir. Əlavə olaraq da, hər şənbə günü onlayn dərslər keçirilirdi. Lakin şənbə günü layihə komandaları yuxuda olduqlarından gəlib dərslərdə iştirak edə bilmirdi və buna görə də şənbə günü dərsləri təxirə salındı.
- Deyəsən, bu il müsabiqədə bir neçə yenilik edilib. Qeyd edilib ki, müsabiqəyə müraciət edənlər üçün əvvəlcədən də dəstək göstəriləcək...
- Əvvəlki müsabiqələrdə də öncədən komandalara yardım edirdik ki, münsiflər qarşısında daha peşəkar təqdimat edə bilsinlər. Lakin yeni müsabiqədə bu dəstək daha da genişləndirilib. Belə ki, əlavə olaraq da bu müsabiqədə münsiflərdən başqa yerli investorların da iştirakı olacaq. Ola bilsin ki, hansısa investor ideya mərhələsində olan bir layihəni birbaşa maliyyələşdirmək istəsin. Bundan başqa, Mərkəz tərəfindən müsabiqəyə müraciət etməmişdən layihələrə mentor dəstəyi də göstəriləcək. Hazırda Mərkəzin mentor dəstəyindən istifadə edənlər olsa da, sayı çox azdır.
- Kamran bəy, Next Step layihələrin sonrakı mərhələ inkişafı üçün də dəstək göstərirmi?. Məsələn, onların investisiya əldə edib, dünyaya çıxması üçün nələr edirsiniz?
- Təəssüflər olsun ki, bu günə kimi o səviyyəyə gəlib çıxan layihə olmayıb. Lakin bizim strategiyada əsas dəstəklərdən biri də qeyd etdiyiniz istiqamətdə olub- layihə hazırlanır, müəyyən maraq qazanır və ABŞ-da investorların önündə təqdimat üçün göndərilir.
- İdeyalarla işləyən biri olaraq, sizcə Azərbaycan bazarında hansı problemlər var?. Nəyə görə layihələr tez zamanda uğursuzluğa düçar olur?
- Maraqlı məqama toxundunuz. Əslində, bu gün dünyada yaranan minlərlə startapdan çox az sayda uğur qazananlar olur. Bu sahədə layihənin fail (uğursuz) olması normaldır. Amma belə tez zamanda əldə edilən uğursuzluğun bir çox səbəbləri var. Onlardan ən başlıcası layihə rəhbərlərinin startap anlayışı, biznes anlayışı, komanda işi, investisiya barədə çox az biligiyə sahib olaraq fəaliyyətə başlaması olur. Hesab edirəm ki, bu kimi mövzuların mənası hələ tam olaraq dərk edilməyib.
Bu gün bir çox təşəbbüskar Azərbaycanda investor qıtlığından şikayət edir. Sizi əmin edə bilərəm ki, bizim bazarda kifayət qədər yatırım etmək istəyən insanlar var. Elə ötən ilin aprelində təşkil etdiyimiz DemoDay-də 10-dan çox investor var idi. Hətta onlardan ikisi WibeMe layihəsinə 50 min dolları yatırım etmək istəyirdi. Bundan əlavə, Next Step-in əlavə dəstəkləri var. Lakin heç bir komanda tələbləri bu günə kimi yerinə yetirə bilmədiyi üçün onlara tam dəstək göstərilməyib.
Şübhəsiz, inkişafı ləngidən əsas amillərdən biri də təhsil məsələsidir. Düşünürəm ki, ali məktəblərdə təşəbbüskarlıqla bağlı heç bir fənn tədris edilmir, edilsə də çox zəif olur ki, tələbələr arasında hələ də startap anlayışı formalaşmayıb.
- Yerli və qlobal bazarda hansı qurum və şirkətlərlə əməkdaşlıq edirsiniz?
- Yerli bazarda bütün innovasiya mərkəzləri ilə qeyri-rəsmi əməkdaşlığımız var. Zamanla bir yerə toplaşır, müzakirələr aparırıq. Xaricidən isə ABŞ-dakı Concordia Venture şirkəti ilə rəsmi əməkdaşlıq edirik.
- Kamran bəy, Mərkəzin fəaliyyətində, startaplara dəstək formasında yeniliklər gözlənirmi?
- Bunlar startap layihələrin fəaliyyətindən asılıdır. Dünya bazarına çıxacaq bir neçə layihə olarsa, şübhəsiz qısa zamanda bir çox yeniliklər edəcəyik. Lakin mərkəz olaraq ölkə vətəndaşları üçün “Təşəbbüskarlıq Akademiyası” təşkil etmək istəyirik. Müşahidəmiz göstərir ki, insanlarda buna maraq çox aşağıdır. Dəfələrlə bu təşəbbüsü etdik, amma maraq olduqca aşağı oldu.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri