“Valideynin texnologiyadan anlayışsız olması fəlakətdir”- MÜSAHİBƏ

10-04-2015 / 12:12

Xəbərlər.az saytında artıq bir neçə aydır ki, “Mənim 100-lüyüm” layihəsi əsasında hər həftə sizə sorğu təqdim olunur.  Çoxsaylı “Bu 100 nəfər kimdir axı?” suallarınıza cavab olaraq milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan bu kəslərdən hər həftə daha aktiv olan bir şəxsi sizə təqdim etmək qərarına gəldik. Bu həftə qonağımız layihəmizin aktiv istifadəçisi Könül Əliyeva oldu. Müsahibəmizdən də yan keçməyən analıq hissi bizi texnologiyanın bu qədər inkişaf etdiyi bir zamanda onu ictimai fəaliyyətindən daha çox bir ana kimi tanımağımıza səbəb oldu.

-Salam, müsahibimin kefi necədir?

-Sağ olun, çox yaxşı.  Siz necəsiniz?

-Mən də əla, əvvəlcə qısa olaraq sizi tanıyaq, "Mənim 100-lüyüm"ün aktiv üzvü Könül Əliyeva kimdir?

-İlk olaraq ana. Hazırda daha çox siyasi fəaliyyətimlə özümü cəmiyyətə təqdim edirəm. Tibbi bitirməyimə baxmayaraq hec bir zaman ixtisasımla məşğul olmamışam. 

-2 övladınız var, 14 və 16 yaşında. Demək olar ki, keçid yaş dövründədirlər. Bu halı da nəzərə alsaq siyasətdə olan bir qadın üçün analıq missiyası nə kimi çətinliklərlə üzləşir?

-Əslində işin ən çətin və maraqlı məqamı budur. Ancaq şükür Allaha övladlarım bu nüansa diqqətlə yanaşırlar. Məsuliyyəti dərk edib mənə dəstək olurlar. Bildiyiniz kimi, çox məsuliyyətli və çətin anlarımız olur. Bəzən işimizə o qədər aludə oluruq ki, övladlarımızı diqqətdən kənarda qoya bilirik. Qızım böyük olduğu üçün bu məsuliyyəti dərk edir. Oğlum da onun kimi, bəzən isə  diqqətdən kənarda qaldığı üçün qısqanclıq halları olur.  Bax, o an özümü toparlayıb əsas missiyamın analıq olduğunu xatırlayıram.

-İşinizlə əlaqədar siz sosial şəbəkələrdən aktiv istifadə edirsiniz, bəs övladlarınız necə? Onlar da sosial şəbəkə istifadəçisidir?

-Bəli. Çox təssüf ki, bu belədir. Ancaq buna zamanın tələbimi deyək, yaxud hər kəsin ünsiyyət vasitəsimi. Bir reallıq var ki, hər ikisi istifadə edir. Qızım abituriyent olduğu üçün hal-hazırda istifadə etməsə də, keçən il istifadə edirdi. Oğlumun isə 14 yaşı var və artıq bir ildir ki, Facebook istifadəçisidir. Əslində əvvəllər buna çox sərt yanaşırdım. Ancaq artıq normal qəbul edirəm. Çünki tək mənim övladlarım deyil, bütün dostları da istifadə edir. Onlara icazə verirəm. Bir şərtlə: özüm nəzarət edəcəyəm.  Onsuz da övladlarımla aramızda dost, rəfiqə münasibətəri var. Bu, onların da, dostlarının da diqqətindən yayınmır. Hətta bəzən sevinirəm ki, həsəd aparanlar belə olur.

-Facebook istifadə üçün minimum yaş həddini 13 tərcih edib. Oğlunuz elə yaşının tamamını gözləyib deyəsən. Sizcə, bu yaş doğrudur?

-Mənim fikrimcə, 15 yaş həddi istifadəçi üçün daha məqsədə uyğundur. Məlum, əlimizdə deyil.  Nəinki 15, hətta 17 yaşında yeniyetmələri də nəzarətsiz buraxmaq olmaz. Çünki sosial şəbəkələrin mənfiləri daha çoxdur.

-Sizin daha çox müşahidə etdiyiniz mənfi hallar hansılardır?

-Yeniyetmələr üçün daha çoxdur. Müxtəlif qruplar var ki, mənşəyi, məqsədi bəlli deyil. Onlara qoşula bilərlər. Tanımadıqları insanlarla ünsiyyətdə olmaq onlar üçün çox ağır nəticələr verə bilər. Onlara psixoloji təsir edən görüntülər göndərərək təhdid edə bilərlər. Bu və ya digər hallar. Ona görə də mən ancaq öz çevrələrindən olan dostları ile ünsiyyət qurmalarına icazə verirəm.

-Onda yeniyetmələrin sosial şəbəkələrdən istifadəsi valideyn nəzarətində daha uyğundur deyə bilərik. Belə çıxır ki, texnologiyadan valideynlər nə qədər yaxşı anlasa o qədər övlada nəzarəti asan olar. Razısınız?

-İndiki dövrdə övladı sosial şəbəkə istifadəçisi olan valideyn bu sahədən anlayışsızsa bu artıq fəlakətdir deyə bilərik. Çünki övladının nə işlə məşğul olduğundan, kimlərlə ünsiyyət qurduğundan xəbəri olmayacaq. Sizinlə tamamilə razıyam.

-Bir də elə hallar olur ki, valideynlər sosial şəbəkələrdə nəzarəti həddindən çox qabardırlar və bu da övladların başqa vasitələrdən istifadəsinə səbəb olur. Məsələn, gizli ad, əngəlləmək. İncə cizgini necə qorumaq olar?

-İnsanı nədən qorusan onu etməyə çalışacaq. Bu bir aksiomadır. Uşaqların istifadə etdiyi cihazlara qədər nəzarət etmək lazımdır. Bu o demək deyil ki, hər adi hala görə onu danlamaq olar. Onsuzda internetdən istifadə uşaqlarda aqressivlik yaradıb. Bəli, onları daha çox sıxdıqca  əlimiz çatmayan vasitələrdən istifadə edə bilərlər. Övladlarım sosial şəbəkələrdən sərbəst istifadə edə bilirlər. Ancaq valideynləri icazə verməyən uşaqlar internet klublardan, dostlarının cihazlarından istifadə edərək istəklərinə nail olurlar. Mənim uşağım Facebook-da yoxdur deyen valideynlərin övladlarının istifadə etdiyini öz gözümlə görmüşəm.

-Bəs bir valideyn kimi sizdə də gələcəkdə övladlarınızın texnologiyanın, sosial şəbəkələrin əsiri olacağı qorxusu var?

-Bu insanın iradəsinə bağlı bir məsələdir. Əgər işləri sosial şəbəkə ilə bağlı deyil, eləcə asılıdırsa bu çox təhlükəli olar. Bütün valideynlər kimi məni də narahat edər. Sizə bir misal deyim, qızım abituriyentdir. Dərslərinə görə istifadə etmir. “Ana, Facebook-a girməyəndə heç girmək istəmirəm”- deyir. Yəni, bu bir vərdişdir. Tək yeniyetmələrin yox, yetkin insanların da başqa məşğuliyyətləri olsa, asılılıq azalar, məncə. Bunun şüalanma kimi çox dəhşətli bir halını da nəzərə almamaq olmaz.

-Bəs bir abituriyent üçün lazımlı test sualları, informasiyalar olan səhifə, qruplardan nə dərəcədə yararlana bilir?

-Hər hansı bir informasiyanı əldə etmək üçün bəzən istifadə edir. Başqa heç nə. Onsuz əsas ağırlıq hazırlıqlar və sınaq imtahanlarının üzərinə düşür. Elə də vaxt qalmır.

 -"Mənim 100-lüyüm"ün gənc valideyni olaraq analara, xüsusilə də övladları yetkinlik yaşına çatmayan valideynlərə məsləhətiniz nə olar?

-Mən övladlarımla birlikdə özümü 14 yaşında da, 16 yaşında da hiss edə bilirəm. Bu çox vacibdir. Özümüzün keçdiyimiz yaş dövrlərini yəqin ki, unutmamışıq. Onlara qarşı anlayışlı ,diqqətli olmalıyıq ki, onların sevgisini və inamını qazana bilək. Ən əsası cəmiyyətə sağlam düşüncəli, mükəmməl vətəndaş  bəxş etmək  istəyiriksə övladlarımızla dost olmağı bacarmalıyıq.

-Hər dəfə müsahibimizdən gələn müsahib üçün sual rica edirik, Zaur Xudiyevin də sizə sualı belə oldu: “Sosial şəbəkələrdən ən çox nə qədər müddət ayrı qala bilmisiniz?”

-Yaxın vaxtlarda 3 gün istifadə etmədim. Mənim fəaliyyətim sosial şəbəkə ilə bağlı olduğu üçün informasiya qıtlığı çəkirdim. İstədiyim an tərk edə bilərəm, elə də asılılığım yoxdur. Mən burada dostlarımla ünsiyyət qurmuram demək olar ki. Sırf işlə bağlı buradayam.

-Bəs sizin gələn müsahibimizə sualınız nə olar?

-Daha çox hansı soaial şəbəkədən istifadə edir və buna səbəb nədir?

-Son olaraq bizə sözünüz, təklifiniz, iradınız?

-Sizə uğurlar arzulayıram. Cəmiyyəti narahat edən məqamlara toxunursunuz. Çox sağolun. 

Günel Hacı


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə