Xəbərlər.az saytında artıq bir aydan çox olar ki, “Mənim 100-lüyüm” layihəsi əsasında hər həftə sizə sorğu təqdim olunur. Çoxsaylı “Bu 100 nəfər kimlərdir axı?” suallarınıza cavab olaraq milli mənsubiyyəti, peşəsi, yaşı, siyasi və dini görüşü müxtəlif, ən əsası, hadisələrə dair şəxsi fikir sahibi olan bu kəslərdən hər həftə daha aktiv olan bir şəxsi sizə təqdim etmək qərarına gəldik. Bu həftə qonağımız layihəmizin aktiv istifadəçisi, idman jurnalisti Zaur Xudiyev oldu.
-Müsahibimin iş gününün sonunda əhvalı necədir?
-O baxır həmin iş gününün gedişatına. Müxtəlif cür ola bilər: yorğun, az yorulmuş, kefikök, kefsiz və s. Ancaq mən istənilən halda həmişə pozitiv olmağa çalışıram.
-Bəs bugün hansı günlərdəndir?
-Az yorulmuş və kefikök.
-Elə bu kefikök halınla səndən öyrənək görək, Zaur Xudiyev kimdir?
-Zaur Xudiyev sadə vətəndaş. Gürcüstanda, Borçalıda anadan olub, Bakıda böyüyüb, ali təhsillidir. Futbolu, ədəbiyyatı çox sevir. Dövlət Neft Şirkətinin işçisidir. Eyni zamanda həvəskar jurnalistika ilə məşğul olur. Kifayət qədər optimist adamdır, xırda şeylərdən xoşbəxt olmağı bacarır.
-Sosial şəbəkələrdə dostların səni daha çox necə tanıyır: Dövlət Neft Şirkətinin işçisi, yoxsa futbol jurnalisti?
-Daha çox futbol xəbərlərindən paylaşımlar etdiyim üçün idman jurnalisti kimi tanıyırlar. Ancaq şəxsən tanıdığım insanlar hər iki işimdən də xəbərdardır.
-Bəs sənə necə tanınmaq daha xoşdur?
-Lap uşaqlıqdan jurnalist olmaq istəmişəm. Həm də idman jurnalisti. Təsəvvür edirsən, həm futbola baxırsan, futboldan danışırsan, müzakirə edirsən, fikir bildirirsən, yazırsan və həm də buna görə sənə pul ödəyirlər. İnanılmaz bir şeydir. Ancaq elə oldu ki, çox cüzi bir fərqlə jurnalistikaya yox digər bir yaxın ixtisasa, Nəşriyyat işi və redaktə etmə ixtisasına yiyələndim, sonrada işim də ixtisasıma uyğun oldu. Bu da daha çox maddi vəziyyətlə əlaqədardır. Ancaq ikinci, əlavə iş kimi də olsa jurnalistikadan uzaqlaşmaq istəmirəm və sevinirəm ki, hazırda bu sahənin içindəyəm. Çox istərdim ki, idman jurnalisti Zaur Xudiyev kimi tanınım.
-Sosial şəbəkələrdə paylaşımlarını redaktə etməli olsan, dəyişəcəyin nüanslar nədir?
-Adətən palaşımlarımı redaktə eləməyi sevmirəm. Uzaqbaşı Facebook-un verdiyi imkanlar daxilində hansısa korrektə işləri apararam. Nə vaxtsa yazıb sildiyim bir statusumu xatırlamıram. Hə, təbii ki, zaman keçdikcə mövzular dəyişir, yazdıqlarımız, paylaşımlarımız öz-özünə redaktə olunur. Məsələn 4-5 il bundan əvvəl yazdıqlarımızla bu gün yazdıqlarımız arasında xeyli fərqlər görürük. Ancaq istənilən halda bütün dəyişiklikləri zamana buraxmaq lazımdır.
-Onda gəl elə keçən ilki bir paylaşımına nəzər salaq. Yazmısan ki, baxacağın futbolla həyat yoldaşının sevimli serialı üst-üstə düşsə xanım fədakarlıq etməlidir. Bəs bugün intenetin canı sağolsun deyib o fədakarlığı sən edirsən, ya fikrin dəyişməyib?
-Bu 8 martla bağlı yazdığım yazıdan bir parça idi. Bizdə, sözün açığı, elə problemlər olmur. Evdə 2 televizor, kompüter və sürətli internet var. Mümkün toqquşmalardan sığortalanmışıq. Ancaq məcburi hallar olarsa məncə iki tərəf də güzəştə gedə bilər. Əgər xanım güzəştə gedirsə böyük fədakarlıq etmiş olur.
-Sən işinlə əlaqədar, demək olar ki, bütün günü sosial şəbəkələrdə gündəmi izləyib xəbər paylaşırsan. Ailənə lazımi vaxt ayıra bilirsən?
-Xanımım sosial şəbəkə istifadəçisidir. Mənim qədər aktiv olmasa da gündəlik istifadə edir. Ailəmə mümkün qədər vaxt ayırmağa çalışıram. İşdən sonra bir müddət qızımla oynayıram, ev əhli ilə söhbət edirik, bütün bunların fonunda sayta xəbər də qoyuram, hələ üstəlik həmin xəbəri Facebook-da paylaşıram da. Paralel olaraq davam etdirməyə çalışıram. İşlərimlə əlaqəli olduğu üçün xanımım da anlayışla qarşılayır.
-Neçə ildir ki, Sosial şəbəkə istifadəçisisən?
-2008-ci ildən Facebook-dayam. Ancaq son 4-5 ildir ki, daha çox aktivəm.
-7 il sosial şəbəkəli və 7 il sosial şəbəkəsiz. Hansı daha uğurlu olardı və niyə?
-7 ili deyil də, son 3 ilimi sosial şəbəkəsiz təsəvvür edə bilmirəm. Ancaq istənilən halda sosial şəbəkəli illər daha maraqlıdır, məncə. Məsələn, Facebookda olmasaydım bu gün tamamilə fərqli insanların əhatəsində, fərqli mühitdə, tamam başqa aləmdə olardım. İnanmıram ki, o aləm, indikindən daha yaxşı ola bilər.
-Facebook-da ilk 11-liyinə kimlər daxildir? Kimləri daha çox və nəyə görə izləyirsən?
-İlk 11-lik... Çətin sualdır. 4 nəfərin paylaşımlarından bildiriş alıram: Gündüz Qaralov, Çingiz Özgür, Həsən Həsənov və Şəbnəm Karslı. Bu adamlar mənim üçün çox maraqlıdır və paylaşımlarını ilk mən görmək istəyirəm. Bundan əlavə Nəsimi Nəbizadəni, Rəşad Müseyibzadəni, Elvin Cəbizadə, Şərif Ağayar və Şəhriyar Del Geraninin statuslarını maraqla izləyirəm. Və bir də çalışıram Orxan Əzim, Elvin Bayramlı və Gül Abbasovanın paylaşdıqları fotoları diqqətdən qaçırmayım. Deyəsən 12 oldu, olsun. Dostluğumdakı çox maraqlıdır. Hər cür, hər sahəyə aid insana rast gəlmək olar. Şair, yazıçı, futbolçu, aşıq, jurnalist, müğənni, fotoqraf və s.
-Bəs səni izləyənlər necə, futbolla bağlı çox link, xəbər paylaşırsan deyə səni dostluqdan silir və ya şikayət etmirlər ki?
-Konkret şikayət edən olmayıb. Dostluqdan çıxardan kimsə də diqqətimi çəkməyib. Ancaq, ola bilsin ki, kimsə bezsin və mənim paylaşımlarımı gizli eləsin. Görməsin. Normal hesab edirəm. Hətta arada bir aktivliyi yoxlamaq üçün status, şəkil paylaşıram, təxmini bəlli olur ki, hamı yerindədir.
-Aktivlik demişkən, son hesablamalara görə facebook istifadəçilərinin faizi azaldığı halda twitter-də artma müşahidə olunur. Səncə bu 2 sosial şəbəkə nəhənginin derbisinin axırı necə ola bilər?
-Twitter istifadəçisi deyiləm. Nəsə heç vaxt maraqlı gəlməyib mənə. Ancaq son vaxtlar faiz nisbətində facebooku üstələdiyi çox maraqlıdır. Demək ki, artıq Facebook o qədər də maraq kəsb etmir.
-Sosial şəbəkələrdəki qruplardan çox vaxt yaman gileylənirsən, səbəb nədir?
-Axxx o qruplar, qruplar... Bir də baxırsan bildiriş gəlir ki, filankəs səni "dartma yaxam cırıldı" qrupuna əlavə eləyib. Adamdan bir icazə almaq yox, soruşmaq yox, qulağımdan tutduğu kimi fırladır qrupa, bir də ayılırsan ki, pəəhh filan qrupdan filan qədər bildiriş. Çətin işdir. Mən çıxmaqdan bezdim, onlar qrupa atmaqdan bezmədilər.
-Bəs bizim qrup necə? "Mənim 100-lüyüm" səni hələ bezdirməyib, deyəsən. Çünki nəinki bezib çıxmaq, hətta ən aktiv 100-lük nümayəndələrindənsən.
-Yox, məsələ qrupa əlavə olunmaq deyil, hansı qrupa əlavə olunmaqdır. Məsələn, mən əminəm ki, kim olsa belə bir qrupda olmaqdan ancaq məmnuniyyət duyar. Zövqünə, seçiminə şübhə etmədiyim bir xanımın seçdiyi 100 adamdan biriyəmsə, bundan imtina etmək olarmı? Üstəlik, maraqlı müzakirələr, mövzular və sorğular paylaşılır. Bacardığım qədər aktiv olmağa çalışıram. Mənim üçün də əlavə əyləncədir.
-Keçən müsahibimiz Məhəmməd Türkməndən növbəti müsahib üçün sual verməyini istədik, sualı belə oldu: Sosial şəbəkələrdə nələri paylaşmaqdan çəkinirlər?
-Ailədaxili söhbətləri və bir də etnik, irqi və dini mövzuda nələrisə.
-Bəs sənin gələn müsahibimizə sualın nə olardı?
Facebooksuz ən çox nə qədər qala bilmisiniz? Mən cəmi bir həftə dondurmuşdum, onu da Dünya Çempionatının finalında mərcdə uduzmuşdum deyə. Çox çətin oldu.
-Eşitmək istədiyin sual və yaxud son fikirlərin?
Hansısa bir sualın əksikliyini hiss etmədim. Son fikir olaraq isə, layihə çox maraqlıdır, ideya əladır. Uğur arzu edirəm özümüzə - seçilmiş 100-lüyə.
Günel Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri