Vençur fondların inkişafı nə üçün ləngiyir?

09-09-2015 / 13:11

Hazırda dünyada  internet biznesin, elektron ticarətin və  startap bazarının inkişafı sahəsində vençur fondlarının rolu kifayət qədər yüksəkdir.

Bir çox ölkədə yüksək texnologiyalar sahəsini inkişaf etdirmək üçün yaradılan vençur fondlarına milyardlarla vəsait ayrılır.

Ölkəmizdə bu sahəyə nəzər salanda isə son dövrlərdə bir sıra vençur fondları yaransa da,  bu sahədə  xeyli problemlərin olduğunu müşahidə edirik. Əslində demək olar ki, ölkəmizdə vençur fondlarının fəaliyyəti nəzərə çarpmır. Fəaliyyətdə olan vençur şirkətlər isə inkişaf edə bilmir. Bəziləri isə bir müddətdən sonra fəaliyyətini dayandırır.

Xeberler.az məsələ ilə maraqlanıb.

Ekspertlər və mütəxəssislər ölkəmizdə vençur fondlarının  fəaliyyətindəki problemləri və bu sahənin inkişaf mexanizmini Xeberler.az-a şərh edib.

Xəzər Vençur (Khazar Ventures )şirkətinin  icraçı direktoru Nail Vəliyev  Xeberler.az-a bildirib ki, vençur kapital  bazarının inkişafı üçün,  çarxın bütün hissəsi tam olmalıdır. Onun sözlərinə görə, buraya hüquqi bazadan başlamış, müəllif hüquqları kimi mövzular daxildir:

“Hazırda ölkəmizdə müxtəlif maliyyə institutlarının bu sahəyə marağının az olması həm də ekosistemin işlək vəziyyətdə olmaması bu sahəyə mənfi təsir edir. Kifayət qədər təcrübəli investorların olmaması, bacarıqlı mütəxəssis qıtlığı, hər hansı bir startapın inkişafı üçün olan problemlər və s. bu kimi məsələlər  də vençurların inkişafını ləngidir”.

Nail Vəliyev qeyd edib ki, bu günə qədər ölkədə fəaliyyət göstərən özəl və dövlət investisiya qurumlarının qeyri neft sektoruna soyuq yanaşması, asan və tez gəliri olan enerji, ticarət və tikinti sahələrinə yönəlmələri də bu sahənin inkişafına təsir edən amillərdir:

“ Məhz bu cür soyuq yanaşmanın nəticəsində biz hazırda iqtisadiyyatımızı yetərincə  diversifikasiya edə bilməmişik. Ümid edirəm, son dövrlərdə yaranmış vəziyyət investorlarımızı texnologiya və vençur  biznesinə yönəlməyə həvəsləndirəcək”. 

Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz məsələyə münasibət bildirərkən deyib ki, İKT sektorunun inkişafında, startap ekosistemdə  Azərbaycanın ən yaralı yeri vençur şirkətləri ilə bağlıdır.

Osman Gündüz vurğulayıb ki, xarici ölkələrin təcrübəsi göstərir ki, internet biznesin, startapların inkişafında  vençur fondları mühüm rol  oynayır. Azərbaycanda isə bu sahədə inkişaf çox zəifdir. Forum rəhbəri hesab edir ki, bu sahəni inkişaf etdirmək üçün İki istiqamətdə iş aparmaq lazımdır:

“ İlk olaraq xarici fondların, xarici resursların bu sahəyə cəlb edilməsi istiqamətində işlər aparılmalıdır, qarşılıqlı  əməkdaşlıq gücləndirilməlidir.  Daha sonra dövlət qurumları bu məsələyə  ciddi diqqət ayırmalıdır. Hazırda dövlətin əlində elə maliyyə resursları var ki,  xarici təcrübədən yararlanmaqla  vençur  fondlar yaradıla bilər. Məsələn,  ölkədə sığorta  ilə bağlı və ya pensiya ilə bağlı maliyyə resursları var. Fikrimcə , qanunvericilik bazasını təkmilləşdirməklə bu tip resurslardan vençur fondların yaradılması və inkişafı istiqamətində faydalanmaq olardı. Elə RYTN yanında  İnformasiya Texnologiyaların İnkişafı Dövlət  Fonduna da bu məqsəd üçün maliyyə ayrıla bilərdi”.

Forum rəhbəri vençur fondlarının inkişafı üçün qanunvericilik tərəfinin də gücləndirilməsini olduqca vacib  hesab edib:

“Nəzərə alaq ki, hazırda vençur fondları ilə bağlı qanunvericilik də təkmilləşməyib. Dünyaya nəzər salanda görürük ki, adi fiziki  şəxslər, angellər ( mələk yatırımçılar) bu  sahəyə böyük məbləğdə pul yatırır. Azərbaycanda isə bu tip fəaliyyətlərlə rastlaşmırıq. Əlbəttə , buna səbəb mövcud iqtisadi mühitlə bağlı olsa da, eyni zamanda stimullaşdırıcı addımların, risklərin sığortalanması kimi addımların olmamasıdır.  Vençur fondları ilə bağlı dünya təcrübəsi öyrənilməlidir. Ölkəmizdə  bu sahənin qanunvericiliyin təkminləşdirilməsi vacib şərtlərdəndir”.

Vençur kapitalı üzrə mütəxəssis, İnfiPro şirkətinin rəhbəri Eldar Abbasov Xeberler.az-a bidirib ki, hazırki vəziyyətdə Azərbaycanda vençur sahəsinin inkişafı perspektivli  görünür.

Eldar Abbasov  qeyd edib ki, banklarda depozit hesabı olan imkanlı huquqi və fiziki şəxslər hazırki iqtisadi vəziyyətdə daha maraqlı görsənən  alternativ investisiya yolları axtara bilər:

“Əgər depozitə əvvələr  10-12 faiz təklif olunurdusa, indi bu faiz dərəcələri aşağıdır.  Belə olan halda investorlar  daha gəlirli investisiya instrumentlerinə üz tuta bilərlər. Yəni, sahibkarlar öz vəsaitlərindən daha böyük qazanc əldə etmək üçün bu sahələrə kapital qoyuluşunu nəzərə ala bilərlər. Belə vəziyyətdə  vençur şirkətlərinə investisiya marağı artacaq".

Eldar Abbasov qeyd edib ki, vençur şirkətlər o vaxt inkişaf edir ki, aşağı faiz dərəcələri olan ölkələrdə investorlar, depozitdən təkmilləşmiş investisiyalar axtarırlar:

"Qərbdə bu faiz dərəcələri çox aşağı olduğundan fondlara yönəlik investisiyalar ve hətta riskli hesab olunan bir başa səhm alış verişi çox geniş yayılıb. Azərbaycanda ümumiyyətlə fərdi kapital (private equity) sektorunun gələcəyini parlaq görürəm. Belə ki, bu sahə təcrübəli menecment, kapital və borc hesabına şirkətlərin alışı (acquisition) sonradan bu şirkətlərin yenidən  qurulması (restructuring) ilə şirkətin mənfəətinin artırılması həyata keçirilir və son etapda şirkətin yenidən satışı nəzərə tutulur”.

Məltəm Talıbzadə 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə