“WTDC-25” Könüllülük Proqramında müsahibə mərhələsi başa çatıb

14-07-2025 / 15:46

Cari ilin 17-28 noyabr tarixlərində Bakıda keçiriləcək Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Dünya Telekommunikasiya İnkişaf Konfransı (WTDC-25) çərçivəsində təşkil edilən Könüllülük Proqramının müsahibə mərhələsi uğurla yekunlaşıb.

Xeberler.az bildirir ki, Beynəlxalq Telekommunikasiya İttifaqı telekommunikasiya və informasiya-kommunikasiya texnologiyalarının inkişafını təşviq edən, onların qlobal miqyasda əlçatanlığını və səmərəli istifadəsini təmin edən BMT-nin aparıcı ixtisaslaşmış qurumudur. Təşkilat inkişaf etməkdə olan ölkələrdə rəqəmsal bərabərliyi gücləndirmək və innovativ həlləri irəli sürmək məqsədilə hər dörd ildən bir Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransını keçirir.

“WTDC” rəqəmsal transformasiya proseslərini sürətləndirmək və ölkələr arasında rəqəmsal uçurumu aradan qaldırmaq üçün qlobal liderləri, siyasətçiləri və sənaye nümayəndələrini bir araya gətirən yüksəksəviyyəli beynəlxalq platformadır. Tədbirə
təxminən 150 ölkədən 1500-dən çox iştirakçı qatılır və burada dayanıqlı inkişaf məqsədlərinə uyğun yeni siyasətlərin və fəaliyyət planlarının hazırlanması müzakirə
olunur. Konfrans Azərbaycanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək.

Proqrama böyük maraq göstərən 500-dən çox könüllü namizəd əvvəllər Azərbaycanda keçirilmiş beynəlxalq tədbirlərdə könüllü təcrübəsi olan şəxslər arasından seçilərək müsahibələrə dəvət alıb. Namizədlərin qiymətləndirilməsi zamanı aşağıdakı əsas meyarlar nəzərə alınıb:

Güclü ünsiyyət və komandada işləmək bacarıqları;
Dinamik mühitlərdə çevik və davamlı işləmək qabiliyyəti;
Müxtəlif mədəniyyətləri və fərqli bioqrafiyaları təmsil edən insanlara hörmətlə yanaşma;
İngilis dili bilikləri (əlavə xarici dil bilikləri üstünlük hesab edilir).

Yekun seçim mərhələsindən sonra təsdiqlənmiş könüllülər “WTDC-25”dən əvvəl keçiriləcək və bir neçə mərhələdən ibarət olacaq xüsusi təlim proqramına dəvət ediləcəklər. Təlimlər könüllülərin tədbir zamanı öhdəliklərini peşəkar səviyyədə yerinə yetirmələri üçün nəzərdə tutulub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə