Yüksək Texnologiyalar Parkı “Uşaq festivalı”nda innovativ məhsullar nümayiş etdirib

02-06-2022 / 17:58

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirə giriş sərbəst olub. Festivalda uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər.

Xeberler.az bildirir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı, həm də onların xoşbəxt, sağlam böyüyüb yetişməsinə, təhsil almasına, layiqli vətəndaş kimi formalaşmasına cəmiyyətin diqqətini bir daha yönəltmək məqsədi daşıyıb.

Festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub. Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb.

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YTP) üçün ayrılmış meydançada qurum tərəfindən istehsal olunmuş innovativ məhsullar nümayiş etdirilib. YTP-nin rezidentləri olan “Troniq” MMC ultrabənövşəyi dezinfektor robot, “TV box”, LED lampa, plata və diod kimi yüksək texnologiyalı məhsullar, “Elm və Texnologiyalar Parkı” MMC isə kiçikhəcmli dron sərgiləyib.

Öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işləri aparmaq imkanına malik robot uşaqların xüsusilə diqqətini cəlb edib. Yüksək texnologiyalara böyük maraq göstərən uşaqlar festival çərçivəsində təşkil olunmuş interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış olmaq imkanı qazanıblar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə