Previous Next
Bağla

“Böyük Qayıdış” platforması iki nüfuzlu mükafata layiq görülüb

05-05-2026 / 10:53

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Böyük Britaniyada fəaliyyət göstərən BUILD Review Magazine tərəfindən təşkil olunan Facilities Management Awards 2026 beynəlxalq müsabiqəsində iki nüfuzlu mükafata layiq görülüb.

Xeberler.az məlumat verir ki, Mərkəz “Milli obyekt və infrastruktur idarəetməsi üzrə ən yaxşı rəqəmsal platforma” və “Müştəri xidmətlərində mükəmməllik” mükafatlarını qazanıb.

İİTKM bu mükafatlara “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasının monitorinq və hesabatlılıq portalı” – Böyük Qayıdış Platforması çərçivəsində həyata keçirilən innovativ rəqəmsal sistemə görə layiq görülüb. Portal işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti, infrastruktur, xidmətlərin təşkili, reabilitasiya və yenidənqurma layihələrinin icrasına dair məlumatların real vaxt rejimində toplanması, təhlili və qiymətləndirilməsini təmin edən vahid elektron idarəetmə mühiti formalaşdırır.

Qiymətləndirmə zamanı platformanın bir sıra üstünlükləri xüsusi qeyd olunub. Bunlara dövlət proqramı üzrə məlumatların sistemli idarə olunması, icra göstəricilərinin elektron şəkildə daxil edilməsi və təsdiqi, OECD/DAC meyarları əsasında çoxmeyarlı qiymətləndirmə mexanizmi, layihələrin “Earned Value Management” modeli üzrə təhlili, risk idarəetmə alətləri, coğrafi informasiya sistemləri ilə inteqrasiya və real vaxt videomonitorinq imkanları daxildir.

Bundan əlavə, platformada rəqəmsal identifikasiya və çoxsəviyyəli şifrələmə vasitəsilə məlumat təhlükəsizliyi təmin edilir, süni intellekt əsaslı çatbotlar vasitəsilə isə istifadəçilərə operativ xidmətlər təqdim olunur.

Qeyd olunub ki, “Ən yaxşı rəqəmsal platforma” mükafatı Böyük Qayıdış çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin idarə olunması sahəsində tətbiq edilən rəqəmsal modelin beynəlxalq səviyyədə qabaqcıl təcrübə kimi tanındığını göstərir. “Müştəri xidmətlərində mükəmməllik” mükafatı isə platformanın şəffaf, operativ və istifadəçi yönümlü xidmət mexanizmlərinin yüksək qiymətləndirildiyini təsdiqləyir.

Əldə olunan bu uğur Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan yenidənqurma və reabilitasiya proseslərinin müasir rəqəmsal idarəetmə alətləri ilə müşayiət olunduğunu nümayiş etdirir. İİTKM-nin formalaşdırdığı Böyük Qayıdış Monitorinq və Hesabatlılıq Platforması post-münaqişə dövründə ərazilərin bərpası və dövlət proqramlarının icrasının rəqəmsal idarə olunması sahəsində qlobal miqyasda tətbiq oluna bilən innovativ model kimi qiymətləndirilir.

Qeyd edək ki, “Facilities Management Awards” tikinti və infrastruktur idarəetməsi sahəsində beynəlxalq səviyyədə tanınan nüfuzlu mükafat proqramlarından biri hesab olunur.

 
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə