Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır

07-04-2010 / 19:45

Dilmanc layihəsi çərçivəsində Azərbaycan dilində mətnlərin səsləndirilməsi üçün ilk kompüter sistemi yaradılmışdır. Sistemin ilkin versiyası bu ilin sonuna kimi ümumi istifadə üçün təqdim olunacaqdır. Hazırda layihə üzərində son tamamlama işləri aparılır.

Bu barədə layihənin direktoru Əbülfət Fətullayev məlumat vermişdir. Nitqin tanınması sistemi vasitəsilə klaviaturadan istifadə etmədən, kompüterə mətni mikrofona deməklə daxil etmək mümkündür. Sistem avtomatik olaraq insan nitqini yazıya çevirir və klaviatura ilə yazmaqdan 3-4 dəfə daha sürətli mətn yazmağa imkan verir. Bu sistem həmçinin gələcəkdə kompüteri və digər qurğuları səslə idarə etməyə imkan yaradacaqdır. Hazırda sistem vasitəsilə Azərbaycan dilində 85 faizlik dəqiqliklə 130 min söz və söz birləşmələri müəyyən edilir. Sistemin səs filtri tələffüz xüsusiyyətləri üzərində qurulur. Bu da kompüter istifadəçilərinə nitqi Windows əməliyyat sistemi tərəfindən dəstəklənən istənilən redaktədə mətnə çevirməyə imkan yaradır. Mətnlərin səsləndirilməsi sistemi kompüterdəki mətni insan səsi ilə oxuyur. İstifadəçilər Azərbaycan dilindəki mətni proqrama daxil edərək onun oxunuşuna qulaq asa biləcəklər. Bu proqram vasitəsilə məktublar, sənədlər və digər mətnlərə daha az vaxt sərf etməklə və yorulmadan - oxunuşuna qulaq asmaqla tanış olmaq mümkün olacaqdır. Sistem, həmçinin verilən mətnin oxunuşunu “mp3” formatında yadda saxlamaq imkanı yaradacaq və həmin mətnə mobil telefonda və ya pleyerdə qulaq asmaq da mümkün olacaqdır.

Dilmanc layihəsi çərçivəsində, həmçinin ilk telefon tərcüməçi sistemi yaradılmışdır. Yeni texnologiya sayəsində telefon danışıqlarının avtomatik tərcüməsini həyata keçirmək mümkün olacaqdır. Sistem Azərbaycan-ingilis və ingilis-Azərbaycan istiqamətləri üzrə avtomatik tərcüməni həyata keçirir. Sistemin yaradılması Azərbaycan dili üçün ilk dəfə hazırlanmış 3 böyük alt sistemin - Azərbaycan nitqinin tanınması, maşın tərcüməsi və mətnin səsləndirilməsi sistemləri hesabına mümkün olmuşdur. //www.azertag.com


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə