Informasiya əldə edilməsi haqqında Qanun dəyişdirildi
Milli Məclisin bugünkü növbədənkənar iclasında “Kommersiya sirri haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlara düzəlişlər müzakirə edilərək qəbul olunub.
Parlamentin İqtisadi siyasət komitəsinin arayışında deyilir ki, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalında iştirak payı haqqında məlumatları kommersiya sirrinə daxil etməyin vaxtı çatıb.
Odur ki, qapalı informasiya yalnız məhkəmənin qərarı ilə, istintaq orqanlarının sorğusu, müvafiq icra hakimiyyətinin, həmçinin məhkəmə prosesi zamanı vəkilin sorğusu üzrə verilə bilər.
Deputatlar Qüdrət Həsənquliyevin və Asim Mollazadənin sözlərinə görə, informasiya alınması üzrə həm beynəlxalq normalar, həm də qanuni hüquqlar baxımından ədalətsizlikdir. “Biz Avropa məkanında yaşayırıq, odur ki, unifikasiya edilmiş qanun üzrə fəaliyyət göstərməliyik”, - A.Mollazadə vurğulayıb.
Deputat Mübariz Qurbanlı hesab edir ki, Avropa bizim üçün hökm deyil və ölkə milli maraqlardan çıxış etməlidir. Ancaq o, biznesmenin müəssisənin nizamnamə kapitalında iştirak payının nədən milli prioritet olduğunu açıqlamayıb.
“Kanada parlamentində spiker qərb ölkələrindən birindən alınmış qırıcıların qiymətini açıqlamaqdan imtina edib”, - o vurğulayıb.
Deputat İqbal Ağazadənin sözlərinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalında iştirakı haqda məlumatlar kommersiya sirri sayıla bilməz. “Bu ondan ötrü qəsdən edilir ki, mənimsənilmiş dövlət vəsaitləri haqqında məlumatlar ictimaiyyətin nəzarətindən çıxarılsın. Əgər sahibkar vergi ödəyirsə, nədən özü haqda məlumatı gizli saxlamalıdır”, - o vurğulayıb.
Deputat Fazil Mustafa deyib ki, parlament komitələri informasiyanın daha da açıqlığına xidmət etmək əvəzinə milli maraqlar adı altında vəziyyəti daha da çətinləşdirir.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə Qazaxıstan qanunvericiliyinə istinad edərək bildirib ki, bu ölkədə də bu cür məlumatlar qapalı sayılır.
Müzakirələrdən sonra deputatlar düzəlişləri 97 səs “lehinə” 4 səs “əleyhinə” və iki bitərəf olmaqla qəbul ediblər.