Artıq 35 ildir ki, dünya ölkələri internetin köməyi ilə əlaqə qurur. Azərbaycan isə on beş ilə yaxındır bu şəbəkəyə qoşulub. Son illər ölkədə internetin inkişaf tempi yüksələn xətt üzrə getsə də, mövcud problemlər danılmazdır. Rəsmi statistikaya görə, Azərbaycanda fəaliyyət göstərən internet-provayderlərin sayı 30-dan çoxdur. Onların ən nəhəngləri- «Bakinternet», «Aztelekom» dövlətə məxsusdur və onlar bazarda inhisarçı şirkətlər olaraq tanınır.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə ölkədə fəaliyyət göstərən internet provayderlərin yenidən lisenziyalaşması məsələsini gündəmə gətirib. Naziri Əli Abbasovun açıqlamasına görə, burada məqsəd internet xidmətini yüksəltməkdir. Onun dediyinə görə, bir neçə il əvvəl internet xidmətlərinin inkişafı və bu bazarın liberallaşdırılması məqsədilə nazirlik internet provaydinq xidmətləri üçün nəzərdə tutulmuş lisenziyalaşma prosedurlarını ləğv edərək provayderlərin üzərindən nəzarəti götürüb: «Lakin hazırda internetin inkişaf etməsinə və geniş yayılmasına baxmayaraq, ölkədə internet xidmətlərinin keyfiyyəti lazımi səviyyədə deyil. Nazirliyin provayderlərə təsir göstərmək və nəzarət etmək üçün tələb olunan səlahiyyəti yoxdur. Bu səbəbdən istifadəçilərin hüquqları pozulur və onlar ödədikləri vəsaitlərin əvəzində keyfiyyətsiz xidmət alır, narazılıqlarını bildirirlər».
«Görünür, nazir Afrika ilə Azərbaycanı dəyişik salır»
Nazirliyin mövqeyni qəzetimizə şərh edən Azərbaycan İnterner Forumun prezidenti Osman Gündüz hesab edir ki, bu, yolverilməz addımdır. Ekspert bunun ölkədə internet xidmətlərinin daha da bahalaşmasına və monopolyalaşmasına gətirib çıxaracağını bildirdi: «Dünyada liberallaşma getdiyi bir vaxtda, nazirin lisenziyalaşdırmadan danışması gülünc görünür. Görünür, nazir Afrika ilə Azərbaycanı dəyişik salır. Bu gün sözügedən sahədə qaydaları tənzimləmək üçün kifayət qədər instrumentlər mövcuddur. Son zamanlar internetin keyfiyyətsizliyi ilə bağlı problemi aktullaşdırmışıq. Görünür, nazir bundan ehtiyat edərək özünü sığortalamaq üçün qabaqlayıcı tədbirlər görür. Əslində, lisenziyalaşma ilə provayderləri şantaj edir».
Nazirlik ayda minimum 20 min manatdan çox «pul yeyir»
«Əgər bu gün internet keyfiyyətsizdirsə, burada günahkarı provayderlərdə deyil, nazirlikdə axtarmaq lazımdır» deyən O.Gündüz provayderlərdən nazirliyə gələn gəlirlərin böyük hissəsinin gizlədildiyini bildirdi: «Məsələn, bu gün provayderlər xidmət göstərmək üçün telefon qovşaqlarından istifadə edirlər. Hər ADSL müştərisinin ATS-də qeydiyyatı var. Burada bir sıra problemlər meydana çıxır. Provayder bir ADSL müştərisi üçün telefon qovşaqlarına ayda 7-8 manat pul ödəyir. Amma provayderin bir müştəridən əldə etdiyi gəlir 1-2 manatdır. Deməli, provayderlər bir müştəridən əldə etdiyi gəlirdən 4-5 dəfə çox ATS-lərə ödəniş aparır. Amma ora ödənilən 7-8 manatın pulun 2-3 manatı qanunidir. Qalan hissəsi isə «görünməyən pullar»dır. Bununla, məsələn, 5000 ADSL müştəri üçün telefon qovşağına 40 min manat pul ödənilməlidir. Onun da 15-20 min manatı qanunidir. Hələ ən minimum hesablayaraq, ayda 20 mindən çox pulun hara getdiyi məlum deyil. Əslində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi buna açıqlama verməlidir ki, həmin pullar hara gedir. Yenidən lisenziyalşdırma sadəcə olaraq qaranlıq məqamların üstünü örtmək üçün bir vasitədir».
Ekspert əlavə etdi ki, bu ad altında provayderlərdən «pul yığılacağ»ı istisna deyil. O.Gündüzün sözlərinə görə, bu gün internet üzərində inhisar dövlət və dövlətin payı olan birgə müəssisələrin əlində cəmləşib: «Dəfələrlə bununla bağlı nazirliyə müraciət etmişik ki, ATS-lərdə provayderlərə qarşı ayrıseçkilik var. Ayrıseçkilik nədir? Ən dəhşətli fakt odur ki, dövlətə məxsus «Bakinternet» və «Aztelekom» fəaliyyət göstərir. Dövlətə məxsus provayder isə özəl provayderə xidmət göstərir. Bu, necə ola bilər? Həmin iki provayder ATS-ə ödənilməsi gərəkən vəsaiti vermirlər. Ona görə də özəl provayderlər çıxılmaz vəziyyətə düşüb. Onlar risk altında fəaliyyət göstərdiyini düşünürlər. Belə ki, yeni texnologiyalar gətirib, xidməti artıra bilərlər. Amma dövlətə məxsus povayderlər qiyməti iki dəfə aşağa salsa, bu, onlar üçün çətinlik yaradacaq və müflisləşəcəklər. Özəl şirkətlər dövlət şirkətlərinin onları nə vaxt yıxacaqları qorxusu ilə yaşayırlar.
Regionlarda internetin verilməsinin 90 faizini dövlətin iki şirkəti həyata keçirir. Bu sahədə infrastruktur dövlətin əlində cəmləşdiyindən dövlət üçün bu işi görmək ucuz başa gəlir».
O.Gündüz hesab edir ki, bütün problemlərin kökündə azad rəqabətin olmaması, kanalların və ATS-lərin özəlləşdirilmədiyi dayanır. Özəlləşdirməyə gəldikdə isə müsahibimiz bildirdi ki, bu sahədə prezident Heydər Əliyevin bir neçə fərmanı olub, amma özəlləşmə prosesi indiyədək həyata keçirilməyib.
O.Gündüz bildirdi ki, yeni lisenziyalaşma internet xidmətinin «dəyərini» bir neçə dəfə artıracaq: «Nəticədə biz yenə də daha bahalı internet alacağıq».
Provayderlər susur…
Yeni lisenziyalaşma ilə bağlı özəl provayderlərin də münasibətini öyrənməyə çalışsaq da, təəssüf ki, istəyimiz alınmadı. «Azeurotel», «Azeronlayn», «Azerin», «Superonlayn», «Konnekt» kimi böyük provayderlər ölkənin informasiya resusrlarının əsas təmintaçılarından olsalar da, özləri barədə informasiya vermirlər. Adıçəkilən şirkətlərdə mətbuatla işləyəcək şəxslər olmadığından şirkətin nümayəndələrinə ünvanlanan suallarımız havada qaldı.
«Azerin» İnternet şirkətindən yalnız onu bildirdilər ki, internetin inkişafına mane olan amillərdən biri şəbəkədə gərginliyin olmasıdır. Şirkət əməkdaşı yenidən lisenziyalaşma nəticəsində xidmətin keyfiyyətinin artılacağını ümid edir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri