"Uzun müddət davam edən müzakirələrdən və tənzimləyici əngəllərdən sonra Aztelekom nəinki Baktelekom-la, hətta AzEuroTel, Gəncə və Sumqayıt Telekom, Azərrabitəlayihə, Beynəlxalq ATS kimi qurumlarla da birləşdirildi. Bu, hökumətin qərarı ilə həyata keçirilən bir addımdır".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
Ekspert qeyd edib ki, Baktelekom-la birləşmək üçün 4 il vuruşan Aztelekom, yekunda telekommunikasiya bazarında mövqelərini daha da gücləndirmiş oldu:
"Əslində təbii inhisarçıların bir qurumda birləşdirilməsi, dövlətə məxsus telekommunikasiya sektorunun bir dövlət şirkəti olaraq fəaliyyət göstərməsi uğurlu addım hesab oluna bilər. Yəni bir neçə təbii inhisarçı ilə vuruşmaqdansa elə biri ilə vuruşmaq, prinsipcə ağlabatandır.
Həm də daha çevik və şəffaf idarəetmə, investisiyalardan effektiv istifadə, optimallaşma baxımından da bunlar uğurlu hesab edilə bilər.
Yeri gəlmişkən dərhal qeyd etmək isterdim ki, ümumiyyətlə son illərdə RİNN tərkibində olduğu müddətdə Aztelekom-un maliyyə təsərrüfat vəziyyətinin sağlamlaşdırılması, daha hesabatlı və şəffaf quruma çevrilməsi baxımından, ölkə üzrə internet probleminin həll edilməsi baxımından atılan addımlar çox uğurlu olub".
Osman Gündüzün sözlərinə görə, yalnız Aztelekom-un təklif etdiyi internet paketlərində problem həll edilməmiş qalır:
"Vətəndaşlara tələbatına uyğun sürət və qiymət seçimləri indiyədək təqdim edilməyib. Antiinhisarın bununla bağlı qaldırdığı işdən də indiyədək xəbər yoxdur.
Ümumiyyətlə, Aztelekom-la bağlı son zamanlar atılan addımlar, telekommunikasiya sektorunda baş verənlər xeyli düşündürücüdür. Burada ciddi risklər də görsənir. Aztelekom nəhəng bir dövlət telekommunikasiya operatoruna çevrilib, bazarda xüsusi çəkisi hədsiz artıb. İnternet istifadəçilərin böyük əksəriyyəti bu quruma məxsusdur- 3 milyon vətəndaşa internet satır. Mağistral provayder statusu qazanıb. Ölkədaxili, dövlətə məxsus nəhəng bir telekommunikasiya infrastrukturu qurub".
Ekspert bildirib ki, məhz belə bir məqamda Aztelekom həm də RİNN tərkibindən çıxarılaraq AZCON Holdinqin tərkibinə qatılıb:
"Yəni hazırda Aztelekom-u Nazirliyə bağlayan heç bir şey qalmayıb. Yeganə incə məqam nazir Rəşad Nəbiyevin AZCON Müşahidə Şurasına rəhbərlik etməsidir.
Əgər sabah nazir bu qurumun müşahidə şurasından kənarlaşsa ölkənin 1 N-li nəhəng telekommunikasiya operatorunun RİNN-ə hər hansı aidiyyatı olmayacaq".
Osman Gündüz düşünür ki, bu cür struktur dəyişikliklərində, Aztelekom-un nəhəng dövlət şirkətinə çevrilməsində ciddi risklər də var:
"Aztelekom həm magistarldır- interneti ölkəyə gətirir, həm ölkədaxili magistral şəbəkənin sahibidir –özəl provayderlərə kanallar icarəyə verir, həm də özəllərlə birlikdə son istifadəçiyə internet satır.
Bu qədər funksiyanın bir qurumda cəmlənməsi, əlavə qurumların da bura birləşdirilməsi sonda rəqabət üçün uğurlu olmaya bilər.
Düşünmək olar ki hökumət bəlkə də “sağlamlaşdırıb satmaq” prinsipini rəhbər tutub. Yəni düşünmək olar ki sonda Aztelekom-da yalnız magistrallar qalar, pərakəndə internet satış infrastrukturu özəlləşdirilə bilər. Hansı ki bu çox doğru addım olardı.
Burada həmçinin dövlət və ictimai nəzarət imkanlarının genişləndirilməsinə ehtiyac var. Görünən odur ki sektorun tənzimləyici qurumu olan İKTA-nın hələlik Aztelekom-a təsir imkanları yox dərəcəsindədir. Amma yeni yaranan mühit, Aztelekom-un Nazirlik tabeçiliyindən çıxarılması İKTA-nın bu dövlət şirkətinə təsirlərini daha da genişləndirə bilərdi".
Ekspert qeyd edib ki, sektorda gedən struktur dəyişikliklərində daha bir incə məqam var:
"Hərdən belə fikirlər də açıqlanır ki, Azercell də Aztelekom-a birləşdirilə bilər. Bu baş verərsə, ölkənin həm ən böyük mobil operatoru, telekommunikasiya operatoru və həm də əsas sabit internet operatoru bir mərkəzdə cəmlənəcək.
Bu isə Azərbaycanın telekommunikasiya sektorunda tam yeni bir mühit formalaşdıra bilər, sektorda belə bir təmərküzləşmənin uğuru, yarada biləcəyi risklər isə başqa bir müzakirə mövzusdur".