Məlum olduğu kimi, bu gün ölkəmizdə müxtəlif sahələrdə xarici mütəxəssislərin təcrübəsindən isifadə edilir. Bu amil İKT sahəsinə də aiddir. Belə ki, hazırda ölkənin İT şirkətlərində çalışan xarici mütəxəssislərin sayı kifayət qədərdir.
Xeberler.az olaraq ölkəmizdə olan xarici İT mütəxəssisləri daim diqqətdə saxlayır, onlarla söhbət edib, bunları oxucularımızla paylaşırıq.
Son dövrlərdə Azərbaycanın startap sahəsinə qarşı diqqət və marağın artıdığı müşahidə edilir. Xüsusən də universitetlərdə startapla bağlı fəaliyyətlər artır, startap komandaları formalaşır.
Ölkəmizdə təhsil sahəsində innovativ yeniliklərə daha çox meyilli olan ADA Universiteti həmişə diqqət çəkir. Belə ki, universitetdə startap sahəsini inkişaf etdirib, ADA-nın öz Startap, İnkubasiya Mərkəzinin yaradılması üçün Cənubi Koreyadan olan mütəxəssis ilə birgə fəaliyyətlərə başlanıb.
Məlumatımıza görə, artıq koreyalı mütəxəssis Simon (Soon Hyun) Rhee ilə ADA Universitetində yeni İnkubasiya Mərkəzinin yaradılması istiqamətində bir çox işlər həyata keçirilib.
Məlumdur ki, Koreya İT bazarı hazırda dünyada sürətlə inkişaf edib, örnək olan bazarlardandır.
Elə fürsətdən istifadə edib Simon ilə həm həm Koreya bazarı, inkişaf mərhələləri, həm də Azərbayacanın startap sahəsi ilə bağlı maraqlı söhbət etdik.
10 aydır ölkəmizdə olan xarici mütəxəssis Azərbaycanın İKT bazarı, ümumiyyətlə, ölkəmiz barədə maraqlı fikirlərini bizimlə bölüşüb.
Müsahibəni təqdim edirik:
-Simon, əvvəlcə ondan başlayaq ki, Koreyada İT ilə bağlı hansı işlərlə məşğul olubsunuz?
- 35 ildən çox İT sahəsində təcrübəm var. Belə ki, Cənubi Koreyada qlobal İBM, 3.com, Dell, HP kimi şirkətlərdə yüksək - ölkə rəhbəri və ümumi menecer (general manager) kimi vəzifələrdə çalışmışam. Bununla yanaşı, öz şəxsi biznesimi də yaradıb, məşğul olmuşam. Bu, elektron təhsil ilə bağlı olub. Belə ki, Harvard Universitetində əsası qoyulan bir elektron təhsil sistemini ilk dəfə oalraq Koreyaya gətirdim. Bu işdə isə əsas müştərilərimiz LG və Samsung şirkətləri oldu. Sistem vasitəsi ilə böyük və qlobal şirkətlərdə öz kompüterlərinizdən istifadə edərək tez bir zamanda ingilis dilini öyrənə bilirdiniz. Düzdür, hazırda buna oxşar texnologiyaların sayı çoxalıb. Amma həmin vaxtlar xüsusilə təhsildə belə texnologiyalar az idi. Bu sistem proqram səvviyəsində idi. Yəni, proqram insan səsinin tanıyırdı. Əgər hər hansı şəxs sözü yalnış tələffüz edərdisə, sistem ona düzəliş edirdi.
-Bunu Sizin ilk startapınız hesab etmək olar?
-Bəli, tamamilə doğrudur. Bu, mənim ilk startapım oldu. 3 ildən sonra isə həmin startapı ən böyük təhsil şirkəti olan Pago-daya satdım. Bunu xüsusilə vurğulamaq istəyirəm ki, startapı çox yaxşı ideya ilə başlamaq nə qədər gözəl olsa da ,əsas layihəni inkişaf etdirib, düzgün vaxtında qərar qəbul etməyi bacarmaq lazımdır. Yəni, doğru zamanda qərar vermək lazımdır ki, bu startapı satmaq, yoxsa intellektual mülkiyyət formasına çevirib daha da inkişaf etdirmək lazımdır? .
-Belə çıxır ki, Koreyada həm yerli əhali, həm də dövlət yenilikləri tez qəbul edib, tətbiq edir ?
-Bəli, mən bu startapı 15 il əvvəl, 2003-cü ildə qurdum. Düzdür, hökumət tərəfindən və digər başqa bir maneələr yox idi. Amma sektor da bugunki kimi inkişaf etməmişdi. Yəni, həmin vaxtlar ölkədə böyük bir dəstək və startap şirkəti mövcud deyildi. Amma bunlara baxmayaraq startap layihəsinə o marağı müşahidə edirdim. Hazırda Koreyada dövlət səviyyəsində startaplara böyük dəstək verilir. Buna Koreyada startap ekosistemi deyirik , çünki bu sistem artıq yaradılıb. Məncə, hazırda Azərbaycanda mövcud olan şərait Koreyada 15 il əvvəl ilə oxşardır.
- Koreya bu inkişafa necə nail oldu?. Bu gün İT layihələri ilə dünyaya örnək göstərilən dövlətin bu uğuru oxucularımıza da maraqlı olardı
-Bildiyiniz kimi, Koreyada 1997-1998-ci illərdə iqtisadi böhran, maddi çətinliklər yaşandı. O zaman Koreyada bir çox şirkət xeyli sayda insanı ixtisar etdi. Bu zaman ölkə prezidenti işsizliyin qarşısını alamaq üçün bir çox yeni qərarlar verdi. Belə ki, dövlət tərəfindən startaplara şərait yaradıldı, ekosistem, qanunlar dəyişdi. Həmçinin dövlət tərəfindən bu kimi layihələrə də maddi dəstək verildi. Mümkün olan hər bir şərait yaradıldı ki, insanlar öz imkanları əsasında şirkət qura bilsin.
-Onda belə çıxır ki, bu böhran olmasa idi, Koreya indiki inkişafa çata bilməzdi?
-Bəli, sizinlə razıyam. Bəlkə də, böhran olmasa, ölkədə belə bir inkişaf da ola bilməzdi. İqtisad böhran əsas inkişaf səbəblərindən biri oldu. Bu da inkişafı sürətlənirdi. Həmin dövrdə ən önəmlisi isə dövlətin verdiyi yeni qərarlar idi. Belə ki, həmin vaxtda universiteti bitirən məzun, bir neçə səhifəlik biznes planla birlikdə ideyasının texniki izahatı ilə dövlətə müraciət edərdisə, təxminən 10 min ABŞ dollarında pulu heç bir qarşılıq tələb edilmədən əldə edirdi. Bu vəsaiti almaq isə çox asan idi, çünki əlavə olaraq şərtsiz verilirdi. Belə ki, komandaların qarşısına heç bir şərt qoyulmurdu. Eyni zamanda, dövlət cavan və işsiz insanlarla bağlı təbliğata başladı. Təbliğatda qeyd edilirdi ki, Samsung kimi iri şirkətlərdə işləməkdənsə, həqiqətən də həyatda uğurlu olmaq istəyirsinizsə, öz ideya, fikirlərinizlə əziyyət çəkib, sıfırdan şirkət qurmağınız dünyaya uyğunlaşıb, uğurlu olmaq üçün daha yaxşı bir yoldur. Bu kimi məqamlar təbliğ olunurdu. Bütün uğurlu ölkələrdə olduğu kimi Koreyada da startap sistemi yuxardan aşağı, yəni dövlətdən başlayaraq inkişaf edib. Məlumunuz olduğu kimi, Amerikada əsasən bu sahə aşağdan yuxarı inkişaf edib. Hansı ki, vətəndaşlar özləri başlayaraq bunu yuxarı dairlərdən tələb edib. Amma bizdə bir çox başqa yerlərdəki kimi dövlətdən başlayıb. Azərbaycanın hazırki vəziyyəti, mədəniyyəti, bir çox faktorları nəzərə alsaq, Koreyaya daha yaxın ölkədir, nəinki ABŞ-a.
-İKT dövlət dəstəyi olmadan da belə inkişaf edə bilərmi?
-Düzdür, “olmayacaq”, “alınmayacaq” deyə bilməzdim. Amma real olaraq baxsaq, dövlət dəstəyi olmasa, bu sistemin işləməsi, doğru-düzgün alınması çox çətin, uğurlu olmasının şansı çox azdır. Eyni zamanda, onu da nəzərə almalyıq ki, Azərbaycandan nəinki uzaqda olan ölkələr, hətta yaxında olan ölkələrə dövlət tərəfindən böyük investisiyalar olunub, dəstək verilir. Azərbaycan onlarla yarışıb, rəqib olmaq istəyirsə, sözsüz ki, dövlətin dəstəyi olmadan nəsə etmək çətindir.
-Hazırda Koreyada trend olan texnologiyalar nələrdir? Startaplar hansı sahəyə daha çox önəm verir?
-Belə deyə bilərəm ki, 10-15 il qabaq Koreyada da hazırda Azərbaycanda olduğu kimi startap deyəndə mobil texnologiyalar, şəbəkə və digər bu kimi texniki layihələr idi. İndi isə startap deyəndə heç də texniki və mühəndislikdən söhbət getmir. Düzdür, indi də sözsüz ki, startap layihələrində İKT həlləri istifadə edilir. Amma startapların özləri bir çox mövzularda, kənd təsərrüfatı, təhsil, tibb üzrə də isifadə edilir. Yəni, startapın özü sırf texnologiya startapı deyil. Sadəcə ideyadan asılı olaraq texnologiya orada istifadə edilir.
-Bəzən eşidirik ki, koreyalıların belə qoçaq olması məcburiyyətdən irəli gəlir. Yəni, hesab edilir ki, onlar yaşamaq üçün bu qədər çox işləməyə alışıblar. Ona görə də uğurları daha çox olur. Siz necə düşünürsünüz?
- Hələ də xatırlayıram ki, Koreyada prezident Park Chung-hee-nin dövründə böyük hərbi çevriliş oldu. Bu hərbi çevriliş olan zamanda (1996) Azərbaycanın orta gəliri 100 dollara yaxın idisə, bu, Koreyada yalnız 60 faiz idi, yəni çox kasıb ölkə idi. O zaman dövlət tərəfindən qərar verildi ki, camaatın əhvalını qaldırmaq lazımdır. Onları müəyyən formada düzgün yönləndirmək lazımdır ki, daha uğurlu və varlı bir həyata sahib olmağa həvəsli olsunlar. Bunları nəzərə alaraq ölkədə Saemaul (ətraflı burada) proqramı tətbiq edilməyə başladı. Belə ki, mahnılardan başlayaraq həvəsləndirici tədbirlərlə bütün əhalinin fikrini dəyişməyə çalışırdılar ki, biz səhər tezdən durub, işləyib, öz əziyyətlərimiz hesabına uğurlu və imkanlı ölkəyə çevrilməliyik. Həmin proqramda startaplar daha həvəsli oldu.
-Bəs, bu inkişafda təhsil necə rol oynadı?
-Koreya mədəniyyətində təhsilə çox önəm verilir. Xahiş edirəm, fikir verin ki, təhsil sistemi yox, təhsilə verilən önəmdən danışıram. Dövlət dəstəyi ilə 1950-ci illərdə bütün əhalinin orta məktəbə getməsi və ən azından tam orta təhsilin bitirməsi şərt idi. Bundan sonra isə istəyən ya ali məktəbə gedirdi, ya işləməyə davam edirdi. Həmin dövrdə Koreyanın həm də bəxti gətirdi. Çünki dünya üzrə iqtisadi inkişaf görünürdü, həm də yüngül sənaye inkişafına yol açıldı. Yüngül sənaye inkşaf etdikcə bizim əhali sadəcə orta məktəb qurtarmaqla orada işləyirdi. Çünki bu kimi yerlərdə işləmək üçün çox böyük biliklər tələb olunmurdu. Buna görə də ölkə çox yaxşı sürətdə inkişaf edirdi. Amma təxminən 1980-ci illərin ortasına yaxın dünya üzrə yüngül sənaye sahəsi artıq stabilləşdi və yüngül sənayedən çox ağır sənayeyə önəm verilməyə başladı. Bizim də ölkə bu inkişafa uyğunlaşdı. Belə ki, ağır sənayə inkişaf edəndə lazım olan avadanlıqların hamısı ABŞ-dan, Almaniyadan və digər inkişaf etmiş ölkələrdən gətirildi. Orta məktəbi yaxşı oxumuş işçilər isə artıq ingilis dilində və ya digər xarici dildə olan avadanlıqlardan istifadə etməyi tez bir zamanda öyrənə bildikləri üçün biz rahatlıqla yüngüldən ağır sənayeyə keçə bildik.
-Bir məqam diqqətimizi çəkdi. Görünür, Siz bu işlərdə xarici yox, elə məhz yerli mütəxəssislərin əməyindən istifadə edibsiniz
-Çox doğru vurğuladınız ki, biz xarici yox, yerli əhaliyə önəm verdiyimiz üçün inkişaf edə bildik. Bununla belə, Koreya İnkişaf İnistitu adlı bir yer var. Hansı ki, bura dövlətin düşüncə orqanıdır. Onlar hər 5 il üçün əlavə stratergiya, planlar qurub yüngül sənayedən ağıra keçmək üçün tədbirlər planı hazırladı. Burada əhalinin hansı illərdə, hansı sayda, hansı formada təhsil almasını planlaşdırıldı və sonra da həmin insanların ən önəmli işlərdə yer alması təmin edildi. Və buna görə də dövlətin stratergiyası, təhsilə verdiyi önəm çox vacibdir. O zamanlarda ölkə prezidenti Park əslən Koreyadan olan amerikalını hansı ki, Masaçusets Texnologiya İnsitutunu (MİT) bitirmişdi və iqtisad sahəsində məşhur eskpert idi. Onu tapıb, Koreyaya dəvət etdi. O zaman ona verilən rəsmi maaş prezidentin maşından 2 qat çox idi. Azərbaycana gəldikdə isə əminəm ki, burada çox böyük potensial, imkanlar var. İnsan resursları cəhətdən görürəm ki, Azərbaycan əhalisi çox işlək və ağıllıdır. Ehtiyat və hörmətlə bunu əlavə etmək istərdim ki, bir az da hiss olunur ki, dövlət tərəfindən liderlik və istiqamət məsələləri daha güclü olmalıdır.
-Yəqin ki, artıq Koreyada investor, vençur fondları da formalaşıb
-Bu tip struktur startapların inkişafı üçün şərtdir. Koreyada da belə ekosistem mövcud olduğuna görə bir çox xarici investorlar də buraya gəlir və həvəslə yatırım edir. Ötən dəfə Azərbaycanda böyük bir rusiyalı investor fondunun nümayəndəsi ilə görüşmüşdüm. Öyrəndim ki, onun da Koreyada ofisi var. Cənubi Koreyaya Amerika, Çin daha çox gəlir. Çin yeni texnologiyaların hamısını öz ölkəsinə aparmaqda maraqlıdır.
-Azərbaycanı vuğulamışkən, məlumatımıza görə, Koreya hökumətinin dəstəyi ilə ölkəmizə gəlibsiniz. Hökumətin belə addım atmaqda məqsədi nədir?
-Cənubi Koreyada xüsusi Elm, İKT və Gələcəyi Planlaşdırma Nazirliyi fəaliyyət göstərir. Bu nazirliyin nəzdində İT Sənayesinin İnkişafı Agentliyi var. Bu agentlik adından ekspert olaraq Koreya dövləti tərəfindən Azərbaycana göndərildim. Proses belədir ki, biz də əvvəllər kasıb və köməyə ehtiyacı olan ölkə olmuşuq. Hansı ki, Dünya Bankı, ABŞ və digər böyük ölkələr tərəfindən bizə böyük dəstək olub. Bu dəstək zamanı kömək alan idiksə, hazırda ölkəmiz inkişaf edib. Bizim də dünya qarşısında borcumuz var ki, öz bacarıqlarımızı, biliklərimizi dünya ölkələri ilə paylaşaq. Agentliyin stratergiyası budur ki, mənim və digər kimi ekspertləri Azərbayacan göndərsin və Koreyada bizim əldə etdiyimiz uğurları Azərbayanda tətbiq etsin.
-Azərbaycandan başqa hansı ölkələrdə olubsunuz?
- 2014-cü ildə Afrikada, Uqanda ölkəsində də eyni proqramla çalışdım. Orada mənim işim Uqanda dövlətinə elektron hökumətin qurulması və stratergiyasının yaradılması idi. Orada 1 il çalışdım. Azərbaycan isə həmin proqramla gəldiyim ikinci dövlətdir. Artıq 10 aydır burdayam. Əslində, buradakı fəaliyyətim də bir il nəzərdə tutulmuşdu. Amma bu gün səhər xəbər aldım ki, Azərbaycanda daha bir il fəaliyyət göstərmək üçün Koreya tərəfindən icazə verilib (gülür). Hesab edirəm ki, Azərbaycan həm Koreyada, həm digər ölkələrdə olan bu tip proqramlardan daha çox faydalanıb, bizim kimi ekspertlərdən dəvət etsə, daha yaxşı olar. Ətrafda olan, Qazaxıstan, Rusiya, Özbəkistan kimi ölkələrə baxsaq, onlar daha aqressiv formada Koreyadan tələb edir ki, bu tip ekspertləri göndərin. Azərbaycan da daha tez inkişaf üçün bu formada tələblərlə müraciət edə bilər.
- Azərbaycanda artıq 10 aydır fəaliyyət göstərirsiniz. Bu zamanda hansı işləri gördünüz?
- Bəli, 10 aydır buradayam. Bu müddət ərzində ölkədəki vəzifəm ADA Universiteti və Koreya hökumətinin razılaşmasına əsasən universitetdə Startap və İnkubasiya Mərkəzinin yaradılması üzrə stratergiyanın qurulması, sonra isə bu stratergiyanın realaşdırılması üçün müəyyən addımların atılması olub. Demək olar ki, artıq biz buna nail olduq. Belə ki, yerli köməkdən faydalanaraq ötən ilin noyabr ayında bu stratergiyanı yekunlaşdırıb, ADA Universiteti rəhbərliyinə təhvil verdik. Sonra isə ADA rektorunun dəstəyi ilə ilk olaraq startap sahəsində maarifləndirici və bununla bağlı elan məqsədi ilə ADA Startap Günü tədbirini təşkil etdik. Bu Startap Gününün əsas məqsədi tələbələri məlumatlandırmaq və növbəti startap tədbirlərinə hazırlamaq idi. Həmin bu tədbirdə universitet rektoru Startap Mərkəzinin açılmasını elan etdi, bu üzrə planları açıqladı. Bundan sonra bizə ayrıca bir otaq ayrıldı. Daha sonra ADA Universitetinin ilk ideya yarışmasını keçirdik. Bu yarışda 20-yə yaxın komanda öz fikirlərini paylaşdı və yarışa qatıldı. Onlardan 3 komanda qalib seçildi. Mayın 26-da , ADA-nın məzun günü çərçivəsində qaliblərin mükafatlandırma mərasimi də keçirildi.
-Tələbələrlə hansı formada işləyirsiniz? Onların bu sahəyə marağı necədir?
-Qeyd etdiyimiz kimi, universitet daxilində ilk ideya yarışması zamanı tələbələrin böyük marağını və aktivliyini müşahidə etdik. Tələbələrlə belə işləyirdik ki, hər bir komanda müxtəlif ixtisaslı tələbələri yığmalı idi ki, onların komandaları birtərəfli olmasın. Onlar komandaları formalaşdırdıqdan sonra ADA daxilində hansısa bir müəllim seçib, professor tapıb onu rəhbər kimi özlərinə təyin edirdilər. Əgər ADA-nın həmin işçisi onlara dəstək verib, inanırdısa, biz onların ideyasını yarış üçün qeydiyyata alırdıq. Yarış zamanı da bütün müəllimlərin qapıları onların üzünə açıq olurdu. Bildiyiniz kimi, ADA-da müxtəlif növ biznes və İT ixtisasları var. Komandalar bu bölümlərdə olan bütün bu müəllimlərdən kömək ala bilirdi. Təxminən bir ay ərzində onlar öz ideyalarını formalaşdırdılar. Bəziləri hazır məhsula oxşar səviyyədə, bəziləri yalnız ideya ilə gəldi. Sonra növbəti addım olaraq biz onlardan tələb etdik ki, qısamüddətli təqimat hazırlasınlar. Onlara izah etdik ki, münsif qarşısında qısamüddətli necə təqdimat etmək olar. Bir ay müddətdən sonra təqdimatı hazırladılar. Münsiflər qarşında təqdimatlar oldu və sonra qaliblər seçildi.
-Bundan sonra tələbələrin ideyalarına hansı formada dəstək olacaq?
- Bundan sonra isə fərdi olaraq komandalarla görüşəcəyik, məsləhətlər aparacağıq. Sonra da həm universitet daxildən, həm universitet xaricindən ekspertlər dəvət edib, təlimlər keçməyi planlaşdırırıq. Hazırda mərkəzimiz də aktivdir. Tələbələr orada çalışır, onlara mentor dəstəyi veririk. Potensialı yüksək olan komandaları seçib həm də maddi dəstək verəcəyik. Bununla yanaşı, komandalar üçün təlimlər, müəyyən seminarlar da təşkil ediləcək. Onların ADA-da işləməsi üçün müəyyən şəraitlər yaradılacaq. Öncə istəyirik ki, ADA-da yerli olaraq yaxşı nəticələr göstərək ki, sonra ölkə üzrə və qlobal yarışlara qatılaq.
- Artıq yarışlara qatıla biləcək komandalar formalaşıbmı?
-Bütün layihələrdən təxminən yarısı yüksək potensiala sahibdir. Əminəm ki, onlara lazımi dəstək göstərsək, məhsulları hazır olanda bazara çıxarılma, maketinq kimi dəstəklər göstərilsə, çox uğurlu olacaq və doğru formada öz bizneslərini işlədə biləcəklər.
- Ölkəmizdə bu sahədə hansı problemləri müşahidə edirsiniz?
-Belə deyə bilərəm ki, Azərbayacanda hazırda dövlət tərəfindən maddi və müəyyən başqa dəstəklər var. Amma hesab edirəm ki, bu, kifayət deyil. Yəni, bu ümumi bir ekosistem vəziyyətində deyil. Dövlət tərəfindən daha güclü dəstəyə ehtiyac var. Bundan nəticə olaraq gənclər bir az ümidlərini itirirlər ki, həqiqətən də burada öz ideyamı həyata keçirib, uğurlu ola bilərəm?. Ona görə də gənclərdə həvəsin itməsini müşahidə edirəm. Amma bu da rahatlıqla düzəldilə bilər. Əgər dövlət tərəfindən bu ekosistem yaradılarsa, inkişaf da sürətlənəcək. Bir məsələni xüsusi vurğulamaq istəyirəm ki, Cənubi Koreyada prezidentlər bütün çıxışlarında, görüşlərdə yeni iş yerlərinin yaradılmasından danışır. Düzdür, hər ölkənin prezidenti belə danışıqları, müzakirələri aparır. Amma bir fərq var ki, yeni iş yerlərinin yaradılmasını deyərkən, hər dəfə çıxışlarında bunu vurğulayarkən həmişə startap haqda danışırlar ki, yeni iş yerlərinin yaradılması üçün startaplar çoxalmalıdır. Bu sözləri eşidib, əməl edən Koreya dövləti də startap layihələrinə çox böyük dəstək verir. Azərbayacan dilini yaxşı anlamadığım üçün ölkənizdə bununla bağlı ümumi vəziyyəti tam deyə bilmərəm. Hazırda Koreya dövlət büdcəsinin 0, 5 faizini yalnız startapa xərcləyir. Bu isə hardasa 3 milyard dollar edir. Bu dəstəklərin hamısı isə heç bir qarşılıqsız, qaytarmaq şərti daşımadan verilir.
-Koreya bizim yerli layihələri dəstəkləyə bilərmi?
-Bəli, əminliklə deyə bilərəm ki, Azərbaycan tələbələri çox istedalı və bacarıqlıdır. Sözsüz ki, onlar bunu bacarar. Azərbaycan gənclərinin problemi odur ki, onların düşüncələri bir xeyli məhdud dairədədir. Yəni, hələlik yalnız ölkədaxili fikirləşirlər. Amma qlobal düşünmək lazımdır. Onların qlobal bazarda şansları çoxdur, sadəcə bir az daha çox çalışmaları lazımdır. Bunları bacarsalar, onların həm Koreya, həm də yaxın ölkələrdə şansları çoxdur.
-Azərbaycan bu sahədə də inkişaf etmək üçün nə etməlidir?
-Məncə, Azərbaycanda dövlət səviyyəsində təbliğat kampaniyasına ehtiyac var. Əsasən də bu təbliğat valideynlərə yönəlməlidir. Çünkin görürəm ki, Azərbaycanda valideynlərin təhsildə təsiri böyükdür. Bir çox valideynlər isə təhsili uşağın stabilliyi, təhlükəsizliyini təmin etmək kimi düşünür. Əksəriyyəti də fikirləşir ki, elə şirkətdə işi tapıb, orada fəaliyyətlərinə davam etsələr, daha yaxşıdır. Amma reallıq fərqlidir. Uşaqlar öz ideyalarının inkişafı, startaplarla məşğul olarsa, qat-qat daha yaxşı uğurlu ola bilər. Dövlət səviyyəsində bu istiqamətdə təbliğata ehtiyac var ki, onlar öz uşaqlarını dəstəkləsin.
-Simon, çox rəsmi danışdıq, deyəsən. Bir az ölkəmizdəki sosial həyatınızdan danışaq. Azərbaycanı bəyənirsinizmi? Burada günləriniz necə keçir?
-10 aydır burdayam, Azərbaycanı çox sevirəm. Ölkənizdə bəzi məqamları xüsusi vurğulamaq istəyirəm, hansı ki məni çox müsbət cəhətdən təəccübləndirdi. Gündəlik olaraq Baku Bus-dan istifadə edirəm. Orada ayaq üstündə dayanında baxıram ki, avtobusa qadın və uşaq daxil olanda avtomatik olaraq kimsə tez durur, ona yer verir. Bu, çox gözəl adətdir. Azərbaycanı daha çox sevdirir. Belə mədəniyyət çox önəmlidir. Azərbaycan nə qədər Avropa və Qərb istiqamətə doğru inkişaf etsə də, mütləq gərək belə adətləri qoruyub saxlasın ki, uşaqlar bunu görsün və həqiqi Azərbaycan mədəniyyətini itirməsin.
-Koreya mətbəxi ilə Azərbaycan mətbəxi arasında fərq böyükdür. Bu, Sizə çətinlik yaratmır?
-Azərbaycan mətbəxini, yeməklərini çox sevirəm. Düzdür, Koreya ilə müqayisədə çox fərqlidir. Amma qəbul edə bilməyəcəyim, mənə qeyri-adi gələn nəsə yoxdur. Bütün yeməklərin dadı və bişirilməsi çox gözəldir. Azərbaycan yeməkləri çox acı, ədviyyatlı olmur. Bunu xüsusi olaraq bəyənirəm (gülür).
-Simon, ən çox hansı yeməyi bəyənirsiniz?
-Ən çox xoşladığım və şansım olduqca yemək istədiyim quzu ətidir. Azərbaycanda yetişirdilən düyü və digər tərvəzlər diqqətimi çox çəkir.
-Ailəniz, dostlarınız üçün darıxırsınız?
-Əlbəttə, Koreyadakı ailəm, dostlarım üçün darıxıram. Amma bir məsələni vurğulamaq istəyirəm ki, 35 ildən çoxdur öz ölkəmdə fəaliyyət göstərirəm. Tam doğru bir vaxtdır ki, başqa ölkədə təcrübəmi göstərim. Bir tərəfdən ailəm üçün darıxıram, bir tərəfdən də Azərbaycanda yeni dostlar, ailə qazanıram.
-Azərbaycanda ən çox diqqətinizi nə cəlb etdi?
-Etiraf edim ki, burada hər bir şey mənə maraqlıdır. Çalışram ki, hər gün yemək yeyəndə, insanlarla söhbət edəndə daha çox yeni nələrsə öyrənim, dilinizi anlamağa çalışım. Baxmayaraq ki, Azərbaycan Koreya ilə fərqli mədəniyyətlərə malikdir. Bir çox məqamlara qibtə edirəm. Kitablarda gördüyüm bəzi Avropa adətlərinin də burada şahidi oluram. Əsas da Azərbaycan toyları mənə çox maraqlı gəlir (gülür). Artıq iki Azərbaycan toyunda iştirak etmişəm. Çox dəbdəbəli keçrilir. Mənim üçün olduqca maraqlıdır.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri