“İT-də çalışanlar gəlirlərindən şikayət etməməlidir”-Müsahibə

20-05-2016 / 10:29

Xeberler.az-ın “İT kadrlar” layihəsinin növbəti qonağı  ADA Universitetində İT Mühəndislik kafedrasında (School of IT and Engineering) “Programlaşdırmanın Əsasları” fənnini tədris edən Rəşad Əliyevdir.

Rəşad Əliyev bakalavr və magistratura təhsilini Cənubi Koreyanın nüfuzlu universitetlərində başa vurub. O, uzun illər Koreyada yaşayıb. 2014-cü ildə  ölkəmizə qayıdıb və  iki ildir ki, Azərbaycanda fəaliyyətini davam etdirir.

Rəşad Əliyev həmçinin,  Azərbaycanla Cənubi Koreya arasında əlaqələri inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən Dream Trading MMC-in direktorudur.

İT mütəxəssis Rəşad Əliyevlə müsahibəni təqdim edirik:

-Rəşad bəy, bu gün İT sahəsində kifayət qədər biliyə və təcrübəyə sahibsiniz. Bu sahəyə gəlməyinizdə əsas rol oynayan hansı fakt olub? Kimlərsə sizə dəstək olubmu?

-Texnologiyalarla çox kiçik yaşlarımdan maraqlanırdım. Yadıma gəlir ki, IV-V  siniflərdə oxuyanda kompüterlərə qarşı böyük marağım var idi. 1990-cı illərin sonunda kompüter oyunları yeni-yeni  çıxırdı.  Bu oyunları görəndə fikirləşirdim ki, monitorun içində başqa bir dünya var. Ekranda oyunçular hərəkət edir. Uşaq olsam da, başa düşürdüm ki, bunu kimsə düzəldib. Bu, mənə çox maraqlı  idi. Müşahidə edirdim ki, həmin oyunlardan başqa ölkələrdə də istifadə olunurdu və  bəzən oyunçuların geyimləri də dəyişdirilir, onlar fərqli formada təqdim edilirdi. Məndə sual yarandı ki, bunu necə edirlər? Elə o sual məni bu sahəyə gətirdi. Amma o zaman bilmirdim ki, bu sahəni tədris edən konkret ixtisas var. IX-X  sinifdə oxuyanda  riyaziyyat müəlliməm dedi ki, sənin marağın olduğu sahə Tətbiqi Riyaziyyat ixtisasıdır və sən mütləq, bu sahəyə getməlisən. Ondan sonra  bu sahə ilə konkret maraqlanmağa başladım. 620-dən çox toplayaraq Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat ixtisasına qəbul oldum.

Ailənizdə İT ilə məşğul olan kimsə varmı?

-  Atam avtomobil mühəndisidir. Texinki tərəfə marağım atamın fəaliyyətlərindən yaranıb (gülür).

-Rəşad bəy, məlumatımıza görə, Bakı Dövlət Universitetində bakalavr təhsilin 1-ci kursundan sonra Cənubi Koreyaya gedibsiniz. Necə oldu ki, buradakı təhsili yarımçıq qoymaq qərarına gəldiniz?

-Cənubi Koreyaya gedib, orada təhsil almağımda elə  Bakı Dövlət Universitetinin böyük rolu oldu. I kursda təhsil aldığım vaxt universitetə Koreyadan qonaqlar gəlmişdi. Dekanımız, rəhmətlik Rizvan müəllim elan etdi ki, tələbələrdən ingilis dilini bilənlər görüşdə iştirak etsin. Mən və bir neçə qrup yoldaşım həmin görüşdə iştirak etdik. Sonra məlum oldu ki, Koreyadan gələn nümayəndələr KAIST Universitetində təhsil almaq üçün buradan bir neçə tələbə seçəcək. Qeyd edim ki, KAIST Universiteti Asiyanın MİT-si (Massachusetts Institute of Technology)  hesab edilir. Yəni, bu universitet  konkret texniki universitetdir, elm və mühəndislik, İKT üzrə təhsil verir. Müsahibədə həm İKT üzrə nəzəri və praktik, həm də ümumi dünyagörüşlə bağlı çox suallar verildi. Yadımdadır ki, bizdən müsahibə götürən koreyalı professor dedi ki, pəncərdən bax, bayırda o qədər uşaq gözləyir və onlar da sənin kimi Koreyaya gedib, təhsil almaq istəyir. Mən niyə səni seçim? O zaman çox səmimi cavab verdim ki, mənim marağım konkret  kompüter elmlərinədir və  sizin ölkədə də  bu ixtisas çox yüksək  səviyyədə tədris edilir. Həmçinin, həmin vaxtlar Respublika üzrə İnformatika Olimpiadasında iştirak etmişdim və 3-cü yerə layiq görülmüşdüm. Amma  diplomumu götürməmişdim. Bəxtim orada gətirdi ki, müsahibə olan otaq diplomların  olduğu yerdə idi. Xanım  diplomu da  göstərdi.  Onun da çox böyük müsbət təsiri oldu. Koreyaya gedib çatandan sonra  gördüm ki, onlar diplomlara, informatika üzrə  olimpiadalara çox yüksək qiymət verirlər.  120-dən çox namizəd arasından 4 nəfər seçildik. Amma konkret deyə bilməyəcəm niyə seçildim (gülür).

- İT biliklərinizin təməli ölkəmizdə qoyuldu deyə bilərik, yoxsa Koreyada hər  şeyə sıfırdan başladınız?

- İT ilə bağlı biliklərim X sinifdə formalaşmağa başladı. BDU-da təhsil aldığım vaxtlar İT ilə bağlı  müəyyən biliklər qazandım. Ramin Mahmudzadə kimi tanınmış mütəxəssislərdən dərs aldım. Bununla yanaşı, ölkədə İT ilə bağlı keçirilən tədbirlərdə, yarışlarda aktiv iştirak edirdim. Amma etiraf edim ki, Koreyaya  gedəndə özümü ağıllı hesab edirdim. Oraya gedəndən sonra  gördüm ki, əslində bu sahə ilə bağlı mən heç nə bilmirəm və öyrənməli olduğum çox şeylər var (gülür).

- Qısa müddət olsa da, ölkəmizdə bakalavr  təhsili alıbsınız. O zaman KAIST-dəki  bakalavr təhsili ilə bizim təhsil sistemini müqayisə edə bilərsiniz.  KAIST-də İT üzrə dərslər necə keçirilir?

-  KAIST-də bakalavr təhsili elə qurulub ki, sizin istəyinizdən asılı olmayaraq layihələrdə iştirak edirsiniz. Təhsil aldığınız vaxt layihələrdə fəaliyyət göstərirsiniz. Bununla yanaşı, nəzəri dərslərdən başqa  təcrübə müddəti də var. Hər bir bakalavr tələbəsi  3-cü kursda ən azından iki ay Koreyanın ən yaxşı İT şirkətində təcrübə keçməlidir. Nəzəri biliklərin praktikada  mənimsənilməsi baxımından xaricdə təhsil daha faydalıdır.

 -Siz hansı  tanınmış şirkətdə təcrübə keçdiniz? Bu şirkətlər tələbələri hansı  kriteriyalara görə qəbul edir?

 - KAIST-də təcrübəyə göndəriləcək tələbələrə bir proqram təqdim edilir və orada  Cənubi Koreyada  ən yaxşı İT şirkətləri siyahısı olur. Tələbələr istədikləri şirkətə  müraciət edir. LG Electronics şirkətində təcrübədə oldum.  LG kimi məşhur şirkətlərdə  təcrübə keçmək uğrunda ciddi mübarizə gedir. Yəni, belə şirkətlərə namizdələr çox olur. Elə oldu ki, şirkətdən təsdiq  cavabı aldım və LG-də təcrübəyə başladım.

 -Dünyanın ən yaxşı İT şirkətində təcrübə keçibsiniz. Şirkətdə ilk günlər təəssüratınız necə oldu? LG-də əsasən hansı işləri görürdünüz?

-LG-də ilk bir həftə özümü inandırmağa çalışdım ki, istifadə etdiyim avadanlıqları da yaradan məşhur şirkət bura imiş (gülür). Şirkətdə çalışanlar çox məşğul olurdu. LG-yə təcrübəyə gələnləri böyük layihələrdə iştirak edən komandanın tərkibinə daxil edirlər. Bir komandada adətən 5-20 nəfər olur və bir nəfər team lider olur. Hər şey o liderdən asılıdır. Bəxtim gətirdi ki, çox yaxşı team rəhbərim oldu. Başqa təcrübə keçənlərə fikir verirdim, onlara  kitab verilirdi ki, məzmunu oxuyub, danışsınlar. Bizim team lider isə çətin layihə verdi və dedi ki, bunu 2 aya bitirməlisiniz. LG-də təcrübədə olmağımın ən böyük üstünlüyü o oldu ki, demək olar Koreyanın ən yaxşı İT mütəxəssislərini tanıdım. Çünki liderimiz hər mövzu ilə bağlı həmin sahənin mütəxəssislərinin ünvanını, əlaqəsini verirdi.

 -Koreyada təshil alan tələbələrə necə bir yanaşma var?

-Koreyalılar  deyirlər ki, onları digər ölkələrdən fərqləndirən yalnız insan resursudur. Onlar bildirir ki,  yalnız təhsil ilə bu  qədər inkişaf ediblər. Məsələn, Koreya vaxtında öz  tələbələrini digər inkişaf etmiş ölkələrə göndərib ki, oradakı bilikləri, təcrübələri  öyrənsin və sonra geri gətirsin. Və bunun üçün də həmin tələbələrə  çox imkanlar yaradılıb. Artıq Azərbaycan da bu istiqamətə doğru gedir. Ölkəmizdə də xaricdə təhsil almış tələbələrin təcrübəsindən istifadə edilir və bunun üçün də şəraitlər yaradılır. Əslində, Azərbaycanın təbii resursları çoxdur. Əgər biz də artıq insan resursuna keçsək, Koreyanı da ötüb keçərik (gülür).

- Magistratura təhsilinizi də Koreyada bitirdiniz? Təhsil müddətində ixtisasınızla bağlı hansı yeniliyə imza atdınız?

-Magistratura təhsilimi Koreya Universitetində (Korea University) oxudum. Magistratura müddətində təhsil nəzəri və praktik olmaqla iki hissəyə bölünmüşdü.  Səhərlər  nəzəri dərslərimiz olurdu. Sonra isə universitetin daxilindəki laboratoriyada çalışırdıq. Əslində həm nəzəri, həm praktik işləri çatdırmaq çox çətin olurdu. Bəzən  laboratoriyada işləri çatdıra bilmirdik və gecə də qalıb işləyirdik. Magistratura tələbələri üçün bəzi qaydalar var idi.  Onlar professorların yanında köməkçi işləməli idi (Teaching Assistant). Çünki həmin professorlar bu fəaliyyətlərə görə qiymətləndirirdi. Mən də Teaching Assistant  olaraq işləmişəm. Bu, böyük təcrübə olub.

-Məlumatımıza görə, DDoS hücumları ilə bağlı Koreyada patentə sahib ilk azərbaycanlısınız. Bu fəaliyyətlə də tələbə vaxtı məşğul idiniz?

-  Bəli, magistraturada buraxılış işim DDoS hücumları ilə bağlı  idi.  Bu müddətdə araşdırma aparmağın istiqamətlərini öyrəndim. Koreya universitetlərində araşdırma mərkəzləri var. Orada  layihəmiz üzərində çalışırdıq. Həmçinin magistratura diplomunu almaq üçün beynəlxalq konfransda iştirak edib, patent almaq  tələb edilir.  Koreyada, Çində və Amerikada DDoS hücumları ilə bağlı apardığım araşıdırmanı təqdim etmişəm.  Azərbaycanlı olaraq Koreyada qeydiyyatdan keçmiş patentim var. ABŞ-da qeydiyyat üçün təqdim edilmiş, amma hələ tam təsdiqlənməmiş patentimiz var.

 -Tələbə olduğunuz vaxt yaşam xərclərini necə ödəyirdiniz? Haradasa çalışıb əmək haqqı alırdınızmı?

-Bakalavr təhsil aldığım müddətdə dövlət proqramında ödəniş edilirdi. Yataqxanada qalırdım. Magistratura təhsil müddətində isə kirayə qalırdım. Laboratoriyada  layihələrdə iştirak edirim. Buna görə ödəniş  olurdu.  Düzdür, çətinlik olurdu. Amma o qədər problemlərim olmurdu.  Bəzən həftə sonları əlavə yerlərdə işləyirdim bəzən isə ailəm dəstək olurdu.

-Hazırda DDoS hücumları ilə bağlı araşdırma fəaliyyətinizi davam etdirə bilirsinizmi?

- Xeyr, təəssüflər olsun ki, Azərbaycana qaytıqdan sonra belə elmi araşdırmalarla  məşğul ola bilmirəm. Çünki ölkəmizdə bu sahə bağlı araşdırma mərkəzləri  yoxdur. Demək olar ki, Koreyada bütün universitetlərdə belə mərkəzlər var və  təhsilə bağlı fəaliyyət göstərir. Yəni, nəzəri  öyrəndiyiniz bilikləri bu mərkəzlərdə araşdırma apararaq daha da təkmilləşdirə və ortaya yeni bir iş çıxarda bilirsiniz. ADA-da belə mərkəzlərin  yaradılması  planlaşdırlır. Hazırda xaricdə bizim yaxşı mütəxəssislər var. Amma Azərbaycanda belə mərkəzlər olmadığı üçün vətəndə  fəaliyyətlərini davam etdirə bilmirlər.

-İlk hansı proqramlaşdırma dilini öyrənibsiniz? Hazırda  neçə proqramlaşdırma dili bilirsiniz?

- İlk olaraq  Paskal dilini öyrəndim. Yadıma gəlir ki, atamın institutda istifadə etdiyi kitabların üzərində Paskal dilini öyrənirdim. Layihədən asılı olaraq bir çox dillərdə işləmişəm. Hazırda Java dilini daha çox işlədirəm.

-Sizcə, ölkəmizdə prorqamlaşdırmaya yeni başlayan tələbələr hansı dildən başlasa, daha uğurlu olar?

-Əslində bu suala birmənalı cavab vermək çətindir. Azərbaycanı düşünsək, Java və Piton dilindən başlamaq  çox əhəmiyyətlidir. Amma yalnız bu dillərdə qalmamaq şərti ilə.

 -Rəşad bəy, Cənubi Koreyadan vətənə nə vaxt qayıdıbsınız?  ADA-da konkret olaraq hansı fənləri tədris edirsiniz? 

-  2014-cü ildə Azərbaycana qayıtmışam. Hazırda ADA Universitetində İT və Kompüter Elmləri ixtisasları üzrə tədris edirəm. Bundan əvvəl Bakı Ali Neft Məktəbində dərs demişəm. Orada əsasən İT-də avtomatika ixtisasına üstünlük verilir. ADA-da isə  Kompüter Elmləri tədris edilir. Bununla yanaşı, ölkəmizdə fəaliyyət göstərən biznes konsaltinq şirkəti Dream Trading-in direktoru vəzifəsini icra edirəm.  Bu şirkət Cənubi Koreya ilə Azərbaycan arasında əlaqələr qurmaq, bu mədəniyyəti inkişaf etdirməyə xidmət edir. Şirkət 2013-cü ildən fəaliyyət göstərir.

-Deyirlər ki, İT mütəxəssislər bir az ərkəsöyün olur. Bu baxımdan sizin işdə rəhbərliklə problemləriniz olurmu?

- Məncə, bunun ixtisasa  aidiyyatı yoxdur. Hər  sahədə belə insanlar olur. Amma deyə bilərəm ki, bu sahədə çalışanlarda özündən razılıq var. İT bilik və bacarıqlara sahib olmaq istər-istəməz müəyyən bir bacarıq sayılır. Bu ixtisasda hər gün bir yarışdasınız və bu yarışın nəticəsinə görə başqalarından fərqlənirsiniz. Əgər yarışı qazanırsınızsa, deməli başqalarından bir addım öndəsiniz (gülür).

- İT sahəsində bu qədər yüksək fəaliyyətləriniz var. Bu, sizdə özünüdən razılıq yaradırmı?

-  Xeyr, qətiyyən özündən razılıq olmur. İnsan inkişaf etmək istəyirsə, hər gün  hiss edir ki, əslində  o qədər də biliyə sahib deyil. Həmişə yuxarı baxdıqca hiss edirsən ki, sizdən yüksəkdə kimsə var. Həm xaricdə, həm də Azərbaycanda elə şəxslər var ki, onlarla müqayisədə hələ öyrənəcəyim çox şeylər var (gülür).

- Özünüzü həmyaşıdlarınızdan üstün hesab edirsinizmi?

-  Səmimi etiraf edim və çox təəssüflər olsun ki, özümü  bəzi həmyaşıdlarımdan üstün görürəm. Amma çox istəyirəm ki, bütün Azərbaycan gəncliyi öz üzərində çox işləsin və mən özümü üstün hiss edə bilməyim (gülür).

-İş prosesində lazım olan bütün proqramları, avadanlıqları zamanında yeniləyə bilirsinizmi? Təminatınız necədir, sizdə lisenziyasız proqramlardan istifadəyə icazə verilirmi ?

-ADA-da bütün istifadə olunan proqramlar lisenziyalıdır və bütün proqramlar  universitet tərəfindən bizə verilir. İşlətdiyimiz əməliyyat sistemləri və ofis paketlərinin hamısı lisenziyalıdır və vaxtında yenilənir. Onlayn lisenziyanı isə universitet özü yeniləyir. 

-Tələbələriniz əsasən hansı istiqamətdə daha çox fəaldırlar? Ölkəmizdəki ali məktəblərdə İT-nin tədrisini necə qiymətləndirirsiniz?

- Sevindirici haldır ki, tələbələr İT-yə çox böyük  maraq göstərirlər. Əsasən ixtisas seçimində  çox suallar olur.  Bəzən əksər tələbələr Kompüter Elmləri fənninin nə olduğunu bilmir. Bu, problemdir və məsələnin  üzərində işləmək lazımdır. Tələbələr məktəbi bitirəndə artıq bu haqda məlumatlı olmalıdırlar. Bu məsələni  onlara  doğru formada tədris etmək lazımdır ki, hansı istiqamətə getdiklərini müəyyən edə bilsinlər. Çünki bu məqamları bilmədən universitetə daxil olduqdan sonra tələbəyə birbaşa bunu anlamaq çətin olur. Onlar da seçim edə bilmir. Buna görə də çox sayda sualları olur. 2-ci kursda  isə əsasən digər ölkələrdə təhsillərini davam etdirmək istiqamətində suallar verib, məsləhət alırlar.  

-  Yəqin ki, əvvəlki tələbələriniz sizin üçün darıxır. Onlarla  görüşüb,  İT ilə bağlı  mövzularda dəstək ola bilirsinizmi?

-Bəli, BANM tələblərim ilə indi də görüşürük. Onlar İT ilə bağlı müxtəlif olimpiadalara qoşulur. Düzdür, mütəmadi görüşə bilməsək də, sosial mediadan onların fəaliyyətini izləyir və suallarını cavablayıram. Bəzən layihələri ilə bağlı onlara məsləhət verirəm.

-Sosial mediadan aktiv istifadə edirsinizmi? Əsasən hansı platformada aktivsiniz?

-Sosial mediadan aktiv istifadə edirəm. Əsasən də Facebook-dan çox faydalanıram.

-Öz fəaliyyətiniz dövründə hansısa ən böhranlı bir an olubmu? Yəni, hansısa avadanlıqda və ya proqram təminatında – informasiya sistemlərində hansısa problemlər olubmu ?

- Çətinliklər və gözlənilməz problemlər hər yerdə olur. İT sahəsində isə belə hallarla lap çox qarşılaşırsınız. Bəzən işə baxırsan və deyirsən ki, mən bunu qətiyyən bacara bilmərəm. Belə hallar həddindən artıq çox olur. Bu vaxt  gərək əziyyət çəkib, inadla işin üstünə gedəsən. Belə bir hadisə universitet vaxtı başıma gəlmişdi. Belə ki, təhsilimin 2-ci ilində “Data Structures” dərsi götürdüm. Bu fənni götürəndə JAVA  dilini yeni öyrənirdim. Bizə bir ev tapşırığı verdilər. Qrafika ilə bağlı idi. Bu, mənə çox çətin gəlirdi. Problem yaşayan 5 nəfər idik.

 Professordan xahiş etdik ki, bizə doktorantura tələbəsi versin ki, onun yardımı ilə işi sona çatdıraq. O da bizə bir nəfər  yuxarı kurs tələbəsi verdi ki, bildiyi təcrübələri bizimlə bölüşsün. O bizə dedi ki, bunu edə bilmirsinizsə, ixtisasınızı dəyişin. Bunu deyib, getdi. Sonra komandamızdakı 3 nəfər də bu fəndən imtina etdi. Mən və bir qazaxıstanlı dostum söz verdik ki, sona qədər gedəcəyik. Həmin gün gecə yatmadıq və işi sona çatdırdıq. Həqiqətən də dostumla özümüzə söz vermişdik ki, bunu bacara bilməsək, ixtisasımızı dəyişəcəyik. Həmin gün öyrəndim ki, edə bilməyəcəm demək sadəcə  bəhanədir.  Koreyalıların tez-tez dediyi bir söz var “Failure is not an option” (Kəsilmək çıxış yolu deyil).

-Rəşad bəy, nə yaxşı doktorantura təhsilini də Koreyada almadınız? Buraya sizi nə gətirdi? Koreyaya yenidən qayıtmaq fikriniz varmı?

-   Çox yaxşı sual oldu (gülür). Əslində, mən Koreyada  MS-PhD proqramına qəbul oldum. 5 ilə doktorantura alıb, sonra qayıdacaqdım. Həmin vaxt özümə sual  verdim ki, mənə PhD lazımdırmı? Bəzi insanlar sadəcə doktor adına görə PhD alır. Ona görə düşündüm ki, akademik fəaliyyəti hələlik kənara qoyum və iş fəaliyyətinə davam edim, təcrübə toplayım. Sonra əmin olsam ki, akademik fəaliyyət göstərib, doktor, professor olacam, o zaman PhD alaram.  Özümü yoxlamaq üçün mənə vaxt lazım idi. Həmin vaxt da mənə  Birləşmiş Ərəb Əmirliklərindən ( BƏƏ) yaxşı iş təklifi gəlmişdi. Yəni, bu iş ölkəmizlə BƏƏ arasında əməkdaşlıqla bağlı idi. Etiraf edim ki, bu səbəbdən Azərbaycana qayıtdım. Sonra o iş alınmadı. Amma burada olmaqdan məmnunam. Ola bilsin ki, işlə bağlı yendidən Koreyaya qayıdım. Amma sonda özümü Azərbaycanda görürəm (gülür). 

-  Başqa ölkədə təhsil alıb, çalışıbsınız. Adətən yeni ölkəyə uyğunlaşmağın çətin olduğunu bildirirlər. Cənubi Koreyada xarici vətandaş olaraq başınıza gələn ən maraqlı hadisəni  bölüşərdiniz

-  Koreyalılarda xaricilərə qarşı fobiya var. Yadımdadır ki, universitetə başladığım ilk vaxtlarda yolu itirində tapım deyə Koreya dilində ümumişlək sözləri öyrənirdim.Əvvəl öz universitetmin yerləşdiyi ərazini  sual vermək üçün Koreya sözlərini öyrəndim. Bir dəfə yolu azdım və öyrəndiyim sözlərlə koreyalılardan universitetin yerini soruşdum. Onlar mənə baxıb deyirdi ki, biz ingilis dilində bilmirik. Mən elə başa düşmüşdüm ki, Koreya dilində yaxşı danışa bilmədim və onları başa sala bilmədim. Amma sonra bu dili yaxşı öyrəndikdən sonra anladım ki, bu onların xarici fobiyaları ilə bağlı imiş.

-Necə düşünürsünüz, Azərbaycanda İT sahəsinin tədrisində əsas hansı problemlər var və bu istiqamətdə hansı addımlar atılmalıdır?

-Ən böyük problem odur ki,  İKT sahəsi ilə maraqlananlara vaxtında ətraflı məlumat verilib, bu sahə ilə bağlı maarifləndirici işləri aparılmır. Məsələn, İT ilə 4-5-ci sinifdən maraqlanırdım. Amma  konkret olaraq belə ixtisasın olduğunu bilmirdim. Bu, problemdir. Hazırda İnformatika fənni olsa da, gənclər konkret olaraq kompüter elmləri, proqramlaşdırmanın nə olduğunu bilmir. Əslində bununla bağlı layihə fikirləşmişik. Bu ixstisasları ümumi, uyğun formada insanlara çatdıracaq bir platforma yaratmaq istəyirik. Bu sahədə xaricdə olan mütəxssislərimizi geri qazanıb, onların təcrübəsindən istifadə etmək, bizə çox fayda gətirə bilər. 

 -İT sahəsinin nümayəndələri istirahəti çox sevirlər, yoxsa işləməyi ?

-  İT və kompüterlər əlaqəli  olan insanlar daha çox istirahəti sevməlidir. Belə bir deyim də var ki,  proqramçı bir az tənbəl olmalıdır ki, bütün işləri tez qurtaracaq bir proqram yaza bilsin (gülür).

- Ailənizlə, dostlarınızla vaxt keçirə bilirsinizmi? Koreya dostlarınızla necə əlaqə saxlayırsınız? 

 -  Ailəmlə və dostlarımla vaxt keçirməyə çalışıram, amma bu məsələdə hələ də bir az çətinlik çəkirəm. Koreyada çox dostum var. Bəzən Bakıya gəlirlər.

-  Deyirlər, İT ilə məşğul olanlar özəl həyatına vaxt ayıra bilmir və çox gec evlənirlər.  Neçə yaşınız var? Siz də şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?

- Hələ subayam (gülür). 27 yaşım var. Əslində  hamımız insanıq və  normal həyat yaşamaq istəyirik. Şəxsi həyat da mütləq olmalıdır.  Amma indi  gənclər bir neçə istiqamətdə fikirləşməlidir. Həyatda yaşamaq üçün vacib  olan pul və digər mənəvi dəyərlər kimi ehtiyaclar var. Bunları balansa gətirmək çətindir. Ona görə də müasir gənclik müəyyən yaşa qədər inkişaf məqsədi qoyur. Bir çox sahələrdə insanlar çalışırlar ki, müəyyən yaşa qədər istədiklərini əldə edib sonra rahat yaşasınlar. Yəni, yaxınlarının, əzizlərinin yaşam tərzini yaxşı vəziyyətə gətirsinlər. Bundan başqa, İT sahəsində  bircə ay istirahət edəndə yenilikləri qaçırdırsınız. Çünki bu sahə çox sürətlə inkişaf edir. Həm də bir mövzudan artıq başqaları ilə maraqlananda işə diqqəti yönəltmək çətin olur. Əslində, şəxsi həyatla iş həyatını bir yerdə aparmaq olur. Amma  bu, asan deyil (gülür). 

-Maraqlıdır, həyat yoldaşınızı İT-dən sahəsindən seçəcəksiniz  və yaxud sahənin fərqi yoxdur? Nə vaxt evlənməyi planlaşdırırsınız?

-  Ailə quranda  ixtisasa yox, insana fikir vermək lazımdır. Əgər insanın bəyəndiyi  bir bəy və ya xanım varsa və evliliyə də imkanı çatırsa, məncə, bunu gecikdirməməlidir.

-Uzun illər Koreyada yaşayıbsınız. Koreyalı xanımla ailə qurardınızmı? Bu məsələdə sizin üçün millətin fərqi var?

-  Əlbəttə, var. Danışdığımız dil, böyüdüyümüz mədəniyyət bizə böyüklərimizdən mirasdır.  Mən də bu mirası gələcək nəsillərə ötürməliyəm. Məncə, sualınıza cavab verə bildim (gülür). 

 -İT sahəsi gəlirli sahədir. Gəlirləriniz sizi qane  edirmi?

- Bəli, İT sahəsi kifayət qədər gəlirli sahədir. Gəlirlərim məni qane edir. İT sahəsində bacarıqlı insan gəlirlərinin azlığından şikayət etməməlidir. Əgər şikayət edirsə, bu, artıq onun problemidir (gülür).

-Cənubi Koreyada startap yaratmaq trend halına gəlib. Sizin də startapınız varmı?

-Açığı, startap vaxt tələb edən sahə olduğu üçün imkan edib belə layihələrlə məşğul ola bilməmişəm. Amma indi ideyam var və bunun üzərində düşünürəm. Mobil ödəniş sistemi ilə bağlı layihəyə başlamaq istəyirik. Bunun üçün vaxt, komanda və vəsait lazımdır. Ona görə hələ bu istiqamətdə konkret fəaliyyətim yoxdur .

-Siz Cənubi Koreyanın startap ekosistemi ilə də yaxından tanışsınız. Hazırda ölkəmizdə inkişaf edən bu ekosistemi necə qiymətləndirirsiniz? Hansı problemləri müşahidə edirsiniz?

- Son illərdə ölkəmiz bu sahədə çox inkişaf edib. Yaxşı startaplar yalnız yarışmanın nəticəsi olaraq yaranır. Amma təəssüflər olsun ki, bəzən müşahidə edirəm ki, gənclərimiz ideyasını bölüşməkdə ya tənbəllik edir, ya da utanır. Çünki dostlarla oturanda elə  möhtəşəm ideyalar deyirlər ki, mənə də çox maraqlı gəlir. Amma bu fikirləri sistemləşdirib, layihə formasına salıb təqdim edən çox az insan olur. Bunun da müxtəlif səbəbəri var. Ola bilər ki, onlar ideyalarını təqdim etməkdən utanır. Və yaxud da sözün əsl mənasında buna tənbəllik edirlər (gülür). Ona görə də bu tip insanları qorxutmadan  onları da bu eksosistemə gətirmək üçün rahat şərait yaradılsa, yaxşı olar. 

-İT-dən başqa boş vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Uşaqlıqdan müxtəlif idman növləri ilə  maraqlanıram. Hazırda basketbol və üzgüçülüklə məşğul oluram. Bununla yanaşı, bilyardla da maraqlanıram. Professional olmasa da, oynaya bilirəm (gülür). Formula-1 yarışlarına çox böyük marağım var. Bu yay Bakıda keçiriləcək yarışda “Start Tower Marshal” olaraq iştirak edəcəm.

- İT sahəsinə gəlmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

-Ümumiyyətlə, ilk növbədə bu sahə ilə bağlı təhsili əlçatan etmək lazımdır.  Gənclər  bu sahəyə nə üçün gəldiklərini anlamalıdır. Yəni, İT -də işləyənlər çox maaş alır məntiqi ilə bu ixtisasa gəlmək düzgün deyil. Buna görə də bu sahəyə gəlmək istəyən gənclər  İKT ilə bağlı maariflənməlidir. Əgər bu sahəyə gəlibsinizsə, o zaman özünüzü yalnız ətrafınızdakı dostlarınızla, yaxınlarınıza müqayisə etməyin. Çünki hazırda dünyada bu sahədə böyük inkişaf gedir. Orada olan imkanlar Azərbaycanda normal tələbələrin xəyal edəcəyindən də çoxdur. Ona görə də İKT-ni seçən  gənclər özlərini mütləq dünya ilə  müqayisə edib, dünya ilə yarışsınlar.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə