“Azərbaycanın üçüncü peykinin hazırlanması ilə bağlı tender başa çatıb”

24-10-2015 / 18:21

Oktyabrın 24-də rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Mingəçevir şəhərində bölgə vətəndaşlarını qəbul edib.

Xeberler.az APA-nın yerli bürosunun  məlumatına istinadən bildirir ki, qəbulda Mingəçevir şəhərindən, Zaqatala, Qax, Balakən və Göyçay rayonlarından olan sakinlər iştirak ediblər.

Vətəndaşların müraciəti əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, televiziya və radio yayımı xidmətlərinin keyfiyyəti, eləcə də işə qəbul, yeni elektron ATS-lərin çəkilişi, xidmət mədəniyyəti və digər məsələlərlə bağlı olub.

Qəbula gələn vətəndaşların hər birini diqqətlə dinləyən nazir Əli Abbasov müraciətlərin bəzilərini yaradılmış canlı videobağlantı ilə aydınlaşdıraraq tapşırıqlar verib, bir sıra məsələləri yerindəcə həll edib. Qəbulda 20-ə yaxın vətəndaş iştirak edib. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq nazirlik və təşkilatlara göndərilməsi məqsədilə nəzarətə götürülüb.

 Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanın 2-ci milli telekommunikasiya, ümumilikdə isə 3-cü süni peykinin hazırlanması üçün elan olunan tender artıq başa çatıb. Onun sözlərinə görə, kosmik sənaye ölkəsinə çevrilən Azərbaycan yeni süni peyklərin orbitə çıxarılması istiqamətində fəal işləyir. Hazırda Azərspace-1 və Azərsky peykləri fəaliyyət göstərir.

Üçüncü peykin hazırlanması və yaxın gələcəkdə orbitə çıxarılması barədə məlumat verən Əli Abbasov deyib ki, ABŞ, Kanada və Fransa şirkətlərinin iştirak edəcəyi bu layihə ölkəmiz üçün çox səmərəli olacaq:

“Bu layihə ABŞ şirkəti tərəfindən hazırlanacaq və ümumi maliyyələşdirmə Kanadanın İdxal və İxrac Bankı tərəfindən həyata keçiriləcək. Azərspace-2 peyki orbitə 2017-ci ildə qaldırılacaq. Azərbaycan peykin orbital mövqeyini İntelsat şirkətindən 25 illiyə icarəyə götürəcək. Kanada bankının maliyyələşdirəcəyi peyk orbitə buraxılandan bir il sonra isə Azərkosmos şirkəti əldə edilən gəlirlər hesabına ödənişlər aparacaq. Yəni həmin vaxt peyk artıq özünü maliyyələşdirə biləcək. Bunun ölkəmiz üçün ikinci böyük səmərəli tərəfi odur ki, bu peyk yeni bir qruplaşmada olacaq. Həmin qruplaşmada yeni texnologiya əsasında hazırlanan radar peykləri də mövcud olacaq. Bu da imkan verəcək ki, Azərbaycan telekommunikasiya imkanlarını artırmaqla yanaşı, həm də yer səthini müşahidə imkanlarını genişləndirsin".

Xeberler.az

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə