"Mövcud qanunvericiliyə görə startap ekosistemdə tənzimləməni həyata keçirməli olan, eyni zamanda startaplara maliyyə dəstəyi göstərməli olan dövlət qurumu NRYTN tabeliyində İnnovasiyalar Agentliyi olmalıydı. “Olmalıydı” sözünü ona görə qeyd edirəm ki, realda bu, ən azı indiyədək baş tutmayıb. Heç bir tənzimləmə aktı, hətta onun layihəsi ortada yoxdur, startaplara ayrılan qrantlardan isə ümumiyyətlə söhbət gedə bilməz".
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz deyib.
Osman Gündüzün sözlərinə görə, qurum nə tənzimləyici orqanı, nə də ekosistemin normal bazar iştirakçısı ola bilməyib:
"Maraqlıdır ki, bu qurumun Nizamnaməsi və Strukturu düz 2 il öncə təsdiqlənib.
Yəni, baxmayaraq ki, qurum hətta 3 il öncə, Prezidentin 2018-ci il 6 noyabr tarixli Fərmanı ilə yaradılıb.
Buradan belə qənaətə gəlmək olar ki, əslində qurum 2 ildir ki, fəaliyyət göstərməyə tam hazır olub. Komanda formalaşdırılıb. İşçilər cəlb edilib. Gözəl ofisi, şəraiti var. Amma qurumdan gözləntilər özünü doğrultmayıb. Dünyada innovasiyaların az qala 2 saata dəyişdiyi bir zamanda 2 il müddətində bu dövlət qurumunun öz fəaliyyətini qura bilməməsi çox müəmmalıdır. Ara-sıra məlumatlar sızırdı ki, İnnovasiyalar Agentliyi ilə NRYTN –nin keçmiş rəhbərliyində olan bəzi şəxslər arasında müəyyən ziddiyyətlər var. Amma qurum bu haqda da heç bir açıqlama verməyib.
Əgər maliyyələşmə ilə, qrantalrla bağlı problem vardısa, görən nə əcəb heç olmasa bir neçə vacib tənzimləyici aktları, məsələn “Vençur maliyyələşmə və vençur fondlar” haqqında qanun layihəsini, rəqəmsal və innovasiyalı mühiti yaxşılaşdırmağa, innovasiya fəaliyyətini tənzimlənməyə yönələn sənədləri maraqlı tərəflərin müzakirəsinə təqdim edə bilməyib.
Nə vaxta kimi bu cür ətalət davam edəcək ?
NRYTN-nin yeni rəhbərliyi bu haqda nə düşünür?
Ekspert qeyd edib ki, Nazirlik mövcud vəziyyəti araşdırmalı və qurumun böhranlı durumdan çıxması üçün ciddi addımlar atmalıdır.
"Ölkədə son bir-iki ildə qeydiyyatdan keçən startapların sayı, ilkin maliyyələşmə və investisya əldə edənlərin sayı, ötən il sektora yatırılan toplam investisiyanın məbləği, inkubasiya və akselerasiya mərkəzlərinin fəaliyyəti ilə bağlı sualların cavabı çox düşündürücüdür.
Hətta MDB məkanında bu istiqamətdə mövcud vəziyyətə nəzər salanda, mənasız "startap şəhadətnamə, startap pasport, startap viza"-dan tam fərqli, daha dinamik mənzərə ilə rastlaşırıq. Bildiyim qədər Prezident Administrasiyasının innovasiyalar sahəsini kurasiya edən bölməsində bu sektorun inkişafı ilə əlaqəli Yol Xəritəsi hazırlanırdı. Bir xeyli təkliflər məndən də alınmışdı.
Yeri gəlmişkən, İnnovasiyaların inkişafı ilə bağlı Strategiyadan da uzun müddətdir ki, xəbər yoxdur. Ümid edirəm PA-nın innovasiyalar bölməsi ekosistemin inkişafına cavabdeh olan NRYTN, VXSİ Dövlət Agentliyi və KOBİA-nı bir araya gətirərək startap və innovasiya mühitinin canlandırılması üçün əməli addımlar atacaq".