Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022 / 19:23
Bir neçə gün öncə Ədliyyə Nazirliyinin rəsmiləri ötən ilin ən uğurlu rəqəmsal həlli olan “Mobil notariat”-dan sonra “Mobil məhkəmə”nin də tamamilə yenidən qurulacağını bildirib.
 
Məlum olduğu kimi bu resurs 2019-cu ildən istifadəyə verilsə də yalnız informativ xarakterli bir tətbiq olmaqla istifadəçilər arasında elə də üstünlük qazana bilməyib. Funksionallığı da yoxdur.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, tam funksional mobil məhkəmə sistemi dünya ölkələri arasında da yeni yanaşma hesab olunur. Az sayda ölkələr var ki, bu tip sistemlərdən istifadə olunur. MDB-də yalnız Ukrayna və Qazaxıstanda bu tip oxşar resurslar yaradılıb.
 
"Ölkəmizdə “Elektron məhkəmə” sisteminin yaradılmasına Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı sərancam əsasında başlanılıb.
 
Sərəncam məhkəmə sistemində rəqəmsal transformasiyanı nəzərdə tuturdu. Ötən müddət ərzində “Elektron Məhkəmə” informasiya sistemi, Vahid Məhkəmə Portalı, digər bir çox infromasiya sistemləri və elektron resurslar formalaşdırılıb. İlkin dövrlərdə inteqrasiyada problemlər olduğundan “Elektron Məhkəmə” informasiya sisteminin tam funksional fəaliyyətində çətinliklər olurdu.
 
Lakin Prezident 1 iyun 2020-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərman imzaladıqdan sonra digər dövlət informasiya sistemlərinin də “Elektron Məhkəmə”yə inteqrasiyası sürətlənib".
 
Osman Gündüzün sözlərinə görə, son zamanlar "Mobil notariat"ın da digər dövlət resurslarına inteqrasiyası onun faydalılığını xeyli artırıb. İndi demək olar ki, əksər dövlət qurumları mobil telefonda rəqəmsal formada olan etibarnamələri tanıyır.
 
"Həm mobil tətbiq və həm də “Elektron Məhkəmə” informasiya sistemi dövlət-özəl tərəfdaşlığı ilə BestComp şirkəti tərəfindən hazırlanıb. Ümumiyyətlə, diqqət yetirdikdə görsənir ki, hazırda mobil resursla yanaşı, Vahid Məhkəmə Portalının da təkmilləşdirilməsinə ciddi ehtiyac var. Bu resursun dizaynı xeyli köhnəlib, axtarış imkanları zəifdir, interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil".
 
Ekspert qeyd edib ki, Ədliyyə Nazirliyi “Mobil notariat”-da istifadəçilərin identifikasiya məsələsini və bir çox rəqəmsal problemləri tam həll edə bilib.
 
"Düşünürəm ki, bu praktikadan istifadə etməklə məhkəmə iştirakçılarının mobilliyini, məhkəmələrə uzaqdan qoşulmanı və mobil izlənilməni, mobil telefonla məhkəmə baxışlarında iştirakı, məhkəmələrə elektron qaydada iddia verilməsini və elektron sənəd mübadiləsini, məhkəmələrə əlçatanlığı tez bir zamanda, daha çevik və effektiv formada həll etmək mümkündür.
 
Fikrimcə mobil rəqəmsal həllər məhkəmə sistemində ictimai nəzarət imkanlarını daha effektiv reallaşdırmağa, ictimai əhəmiyyət kəsb edən statistikanı izləməyə, məhkəmə proseslərində daha çevik formada iştiraka da imkan yaradacaq".
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə