“İKT məhsulların ixracına fərqli vergi tətbiq olunmalıdır”

09-09-2016 / 10:52

Prezident İlham Əliyevin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamı vergi sistemində yeni genişmiqyaslı islahatlar üçün mühüm baza yaradıb.

İslahatların əhatə dairəsi, iqtisadi, sosial və ictimai əhəmiyyəti böyük olduğundan geniş ictimai müzakirələrə yol açıb.

Neuron Technologies şirkətinin rəhbəri İsmayıl Ələkbərov Vergilər Nazirliyinin mətbu orqanı olan “Vergilər” qəzetinə müsahibəsində vergi sistemində gözlənilən dəyişikliklərə, habelə tətbiq edilməsi nəzərdə tutulan yeniliklərə dair öz fikirlərini bildirb, islahatların gözlənilən ictimai faydası barədə rəylərini bölüşüb.

İsmayıl Ələkbərov deyib ki, İKT məhsullarına fərqli vergi tətbiq olunması ölkəmizdə informasiya texnologiyalarının inkişafı ilə yanaşı, həm də ixracın təşviqinə şərait yaradacaq:

“İKT bazarı üçün maraq doğuran sahələrdən biri “rəqəmsal iqtisadiyyat”dır və Azərbaycanda kifayət qədər potensial və iddialı şirkətlərin bu sahədə dünya bazarına çıxmaq imkanları var. Biz, İKT şirkəti olaraq, xarici valyutanın Azərbaycana gəlməsində maraqlıyıq və xarici şirkətlərin elan etdiyi tenderlərə qatılırıq. Bu sahədə vergi rejiminin dəyişdirilməsini, sadələşdirilməsini istəyirik. İKT beyin məhsulu olduğundan, bu malların ixracına fərqli vergi tətbiq olunmalıdır. Bunun vergi qanunvericiliyində, o cümlədən ikiqat vergitutmanın tətbiqi ilə bağlı sazişlərdə nəzərə alınmasını vacib sayırıq”.

Şirkət rəhbəri  təklif edir ki  “rəqəmsal iqtisadiyyat”la bağlı maddənin detalları konkretləşdirilsin, bu sahədə korporativ vergiqoymanın aydın mexanizmləri aydınlaşdırılsın, müzakirələrə şirkətlərin də nümayəndələri cəlb olunsun və onların təklifləri nəzərə alınsın:

“Bundan başqa, fikrimcə, dünyada daha geniş vüsət alan və artıq özünü ölkəmizdə də hiss etdirən e-ticarətin vergiyə cəlb olunması ilə bağlı tədbirlərin təkmilləşdirilməsinə ehtiyac var. Bu, dövlət büdcəsinə «rəqəmsal iqtisadiyyat»ın müxtəlif istiqamətləri üzrə əlavə vergilərin cəlb edilməsinə, yüksək texnoloji mal və xidmətlərin ölkəmizə daxil olmasına təkan verə bilər”.

Onun sözlərinə görə, “vahid hesabat standartı” sisteminin tətbiq olunması mexanizminin hazırlanmasında da sahibkarlıq subyektlərinin fikirlərinə yer verilməsi əhəmiyyətlidir:

“Bu sistemin mexanizmləri sadə və aydın olmalıdır. İdxal olunan bir sıra mallara tətbiq olunan ƏDV-nin fərqləndirilməsi də zəruridir. Məsələn, taxıl məhsulları və digər zəruri ərzaq malları ilə avtomobil, texnika və sair məhsulların idxalına tətbiq olunan ƏDV-nin fərqləndirilməsi zəruridir. Xaricdən ölkəyə gətirilən avtomobil ilə ərzaq malları arasında ən azı iki dəfə fərq qoyulmalıdır”.

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə