“Hindli və çinlilərlə birlikdə proqramlaşdırma sahəsində təcrübə keçmişəm”

19-06-2015 / 12:24

“Beynəlxalq olimpiadalara qatılan tələbələrin iş tapması daha asandır”.

“İT TƏLƏBƏ” rubrikasının növbəti müsahibi Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsinin 4-cü kurs tələbəsi, proqramçı Məhəmməd Vəliyevdir.

Məhəmməd Vəliyev ali məktəb tələbələri arasında İnformatika üzrə Ümumrespublika Olimpiadasında 3 dəfə qalib gələrək mükafat alıb.

Xeberler.az müsahibəni təqdim edir:

-Məhəmməd bəy, İT sahəsinə  marağınız nə vaxtdan başlayıb?

-Birinci sinifdə oxuyurdum və atam mənə kompüter almışdı. Kompüterə olan marağım elə bundan sonra başladı. Atamözü də proqramçı olsa da, ailəm mənim həkim olmağımı istəyirdi. Amma uşaqlıqdan texniki fənlərə marağım var idi və öz istədiyim sahəni də seçdim. Qardaşımın da bu sahəyə marağı çoxdur. Demək olar ki, bizim ailə proqramçılar ailəsidir.

-Hazırda hansısa bir İT şirkətində və ya digər bir qurumun İT sahəsində çalışırsınızmı ?

-Hazırda heç bir şirkətdə çalışmıram. Yayda proqramlaşdırma ilə bağlı biliklərimi artırmaq üçün İsveçrəyə gedəcəyəm. Onlayn qaydada müraciət etdim və müraciətimə müsbət cavab verdilər. Ötən il də bu yola baş vurmuşdum və 40 nəfərin içərisində yeganə azərbaycanlı tələbə mən idim. İsveçrədə hindli tələbələrlə birlikdə qalırdıq və öyrəndim ki, Hindistanda proqramlaşdırmanı orta məktəbdən uşaqlara keçirlər. Ona görə Hindistanda hamı proqramlaşdırmanı  bilir. Bizim ölkədə daha çox insan ticarətlə maraqlandıqları kimi, Hindistanda da proqramlaşdırmağa maraq göstərirlər.

-Ölkəmizdə xarici ölkələrin proqramçılarına proqram yazdırmaq geniş yayılıb. Sizcə bunun səbəbi nədir?

-Bizdə bu sahədə daha çox Ukraynaya üz tutduqlarını eşitmişəm. Xarici proqramçılarproqramları bizimkilərdən qat-qat ucuz yazırlar. Bizdə 5 minə yazılan proqramın Ukraynada 3 min qiyməti var.Amma təəssüf ki, bunun mənfi tərəfləri də var.  Belə ki, proqramın yenilənməsi zamanı bir sıra texniki problemlər yaşana bilər. Bu problemləri aradan qaldırmaq üçün gərək həmin proqramçını yenidən axtarıb tapasan.

-Startap layihəniz olubmu? Startap layihələri ilə bağlı nə deyə bilərsiniz?

-Startap tədbirlərinə  bir neçə dəfə qatılmışam və düşünürəm ki, uğurlu startap layihəsini xaricdə həyata keçirmək daha məqsədəuyğundur.

-Gələcəkdə özünüzü İT sahəsində harada görürsünüz?

-Müşahidə edirəm ki, olimpiadadan yüksək nəticələr göstərənlər xarici şirkətlərdə çalışa bilirlər. Yandex, Google, Facebook kimi böyük xarici şirkətlərdə işləyənlər var. Mən də öz gələcəyimi bu şirkətlərdən birində görürəm. Amma kifayət qədər təcrübə toplayandan sonra yenidən Azərbaycana  qayıtmaq fikrim var.

- İT sahəsindəki bilik və bacarıqalrınızın  tələbə yoldaşlarınıza, müəllimlərə  hansısa köməyi dəyirmi ?

-Universitetdə alqoritmlə bağlı tələbələrə dərslər keçmişəm. Proqramlaşdırma sahəsində öyrəndiyim yenilikləri tələbə yoldaşlarımla bölüşürəm, onlarla müzakirələr aparırıq.

-Tədris prosesində, gündəlik  işlərinizdə İT-dən, mobil telefondan, kompüterdən , planşetdən istifadəniz necədir? Bu avadanlıqlar tədris prosesini və gündəlik fəaliyyətinizi daha asan qurmağa kömək edə bilirmi ?

-Demək olar ki, hər gün hər saat bu texnologiyalardan istifadə edirəm. İşimi xeyli asanlaşdırır.

-Gün ərzində neçə saat İnternetdə olursunuz?

-9-10 saatımı İnternetə sərf edirəm.

-Bəzən İT sahəsinin tələbələri və artıq təhsili başa vuranlar deyirlər ki, onlar bilik və bacarıqları təhsil müəssisəsində yox, daha çox iş yerlərindən, İnternetdən əldə edirlər . Sizdə bununla bağlı vəziyyət necədir ?

- İT sahəsində oxuyan tələbələrə təcrübə və nəzəriyyə dərsləri birlikdə olsa daha yaxşı olar. Xaricdə olarkən apardığım müşahidələrə əsasən deyə bilərəm ki, onlarda daha çox nəzəriyyəyə üstünlük verirlər. Bizdə isə əksinə. Proqramlaşdırma sahəsi üçün nəzəri biliklərin olması daha vacibdir.

-Ən çox istifadə etdiyiniz sosial media vasitələri  və saytlar hansılardır?

-Facebook və Quora-dan daha aktiv istifadə edirəm. Quora mənəgörə daha maraqlı sosial şəbəkədir və orada istənilən sahəyə aid suallar verilir.  Və əsas üstünlüyü ondadır ki, həmin sualları bu sahədə olan mütəxəssislər cavablandırır. Bizdə belə saytlara o qədər də maraq göstərmirlər. Twitter-də isə sadəcə paylaşımları izləyirəm.Forbes-də olan xəbərləri,  İT sahəsində olan xəbər  resurslarını, bu sahədə çalışan insanların bloqlarını oxuyuram.

-İT sahəsinə tələbə oğlanların qızlara nisbətən daha çox maraq göstərməsinin səbəbi nədir sizcə?

-Təkcə Azərbaycanda deyil, xaricdə də İT sahəsində çalışan qadınlar var. Xaricdə qadınları İT sahəsinə cəlb etməkdə əsas məqsəd fərqli ideyaları ortaya çıxarmaqdır. Çünki qadınlarla kişilərin düşüncəsi həmişə fərqli olur. Bəziləri İT sahəsində olan qadınların işin öhdəsindən gələ bilməyəcəyini düşünür. Qadınların bu sahəyə çox maraq göstərməsinin səbəblərindən biri bu ola bilər. Məncə bu sahədə qadın-kişi fərq etmir, əsas məsələ səmərəli işləməkdir.

-İT sahəsində ölkədə görülən işləri , ümumi vəziyyəti  necə dəyərləndirisiniz?

-Startap Azərbaycan müsabiqələri deyərdim ki, bu sahənin inkişafına təkan verir. Startaplar üçün ayrılan məbləğlər elə də böyük olmasa da, startap layihələrinin inkişafında müəyyən qədər əhəmiyyətlidir.

-İxtisasınız üzrə xaricdə magistr təhsili almağı düşünürsünüzmü?

-Bəli, Azərbaycanda yox, amma xaricdə magistr təhsili almaq haqqında düşünürəm.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə