Son dövrlərdə Azərbaycanda startap sahəsinə maraq daha çox artıb. Bu sahədə özünü sınamaq istəyən və hətta uğur qazanan xanımların da sayı artır.
Onlardan biri də startap təlimlərində həmişə fəal olan, IWORK layihəsinin qurucusu Günay Məmmədzadədir.
Günay Məmmədzadə həmçinin Startap Azərbaycan müsabiqəsində qalib olmuş RobiGuide layihəsində menecer və business developerdir.
Xeberler.az Günay Məmmədzadə ilə müsahibəni təqdim edir:
-Günay xanım, startap tədbirlərində, ümumiyyətlə, bu sahədə sizi aktiv görürük. Məlumdur ki, bu sektorda xanımların sayı azdır. Maraqlıdır, necə oldu ki, startaplarla məşğul olmağa başladınız?
-Uşaqlıqdan baxdığım filmlərdə şirkət rəhbərlərinin investor qarşısında çıxışı, böyük kütlə qarşısında öz layihələrini təqdim etməsi çox xoşuma gəlirdi. Sonra məktəbdə oxuyarkən təsadüfən bir neçə master–klass təqdimatında iştirak etdim. Əmin oldum ki, mənim çalışmaq istədiyim sahə elə budur. Bu sahədə aktiv fəaliyyətə universitetdə oxuyanda başladım. 1-ci kursda olanda artıq bir startap müsabiqəsində uğur qazandım. Bu, mənim üçün inanılmaz idi. Layihəm üzərində 3 ay davamlı işlədim və sonra Startap Azərbaycan müsabiqəsinə qatıldım. Bundan sonra mənim üçün yeni maraqlı həyat başladı.
-Hansı ixtisas üzrə təhsil almısınız?
- Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişəm. Bəli, bilirəm sizə də maraqlı gələcək ki, startap dünyasından tam uzaq bir peşəyə sahib olmuşam. Bunu məndən hamı soruşur ki, necə bacardım? Filologiya üzrə təhsil almağım startap fəaliyyətində mənə heç bir çətinlik yaratmadı, əksinə bu sahədə mənə çox kömək etdi. Dil bacarıqları və nitq mədəniyyəti insanlarla ünsiyyət qurmağı asanlaşdırır. Layihələrin təqdimatında, komandanın idarə edilməsində, adi bir uğurlu müqavilənin qurulmasında, biznes planın yazılmasında və digər sahələrdə təhsil mənə çox kömək etdi.
-İT üzrə, startaplarla bağlı bilikləriniz necə formalaşıb? Bu sahəni harada öyrənibsiniz?
-İT üzrə biliklərimi artırmaq üçün müxtəlif təlimlərdə iştirak etmişəm , mütəxəssislərdən müxtəlif dəyərli məsləhətlər almışam, onların yanında olub təcrübə və bilik yığmağa çalışmışam. 11-ci sinifdə oxuyanda bir neçə layihədə könüllü olaraq işlədim. Lakin bu sahədə biliklərimi daha çox genişləndirmək üçün kitabların xüsusi rolu oldu. Artıq bu sahə ilə bağlı kitab oxumaq əsas məşğuliyyətimə çevrilib (gülür). Səhərləri tez durub ən azı 1 saat kitab oxumağa vaxt ayrımağa çalışıram. ( “20 dəqiqənin qaydası” strategiyasının tərəfdaşıyam ).
- IWORK layihəsinin rəhbərisiz, necə oldu bu layihəni yaratdınız?
- Məlumdur ki, Azərbaycanda minlərlə xüsusi bacarığa və biliyə malik olan insan öz bilik və istedadından istifadə edib əlavə gəlir əldə etmək istəyir. Onlar bununla öz sosial problemlərini həll etmək istəyir. Həmçinin, bu insanlar arasında öz zəhmətləri və xidmətləri ilə qazanc əldə etmək istəyən aztəminatlı ailələr, əlillər və təqaüddə olan mütəxəssislər də var. Digər tərəfdən isə gündəlik həyatda müvəqqəti işçi tələbatına ehtiyac olduğunu hiss etdim. Bu müşahidələrimdən irəli gələrək IWORK layihəsi yarandı.
-İlk vaxtlar layihənizə tələbat necə idi? Sonradan layihəni necə inkişaf etdirdiniz?
- Layihəmiz ilk gündən böyük marağa səbəb oldu, lakin investisiya problemi ilə rastlaşdıq. Layihə ilə maraqlanan bütün investorlar qəribə şərtlər qoyurdular (onların şərtlərinə ad verə bilmədiyim üçün “qəribə” deyirəm). Ona görə də onlarla ümumi nəticəyə gələ bilmirdik. Bu baxımdan layihəni elə öz komandamız inkişaf etdirməyə çalışırdı.
-Layihənizi hansı müsabiqələrə təqdim etdiniz və nəticə necə oldu?
- Layihəni ölkəmizdə əsas startap müsabiqəsi olan Startap Azərbaycan 2014 müsabiqəsinə göndərdim və müsabiqədə qaliblərdən biri də mən oldum.
-Hazırda iwork.az saytında problemlərin olduğunu görürürük. Bu, nə ilə bağlıdır ?
- Əvvəldə qeyd etdiyim kimi, investorlarla anlaşa bilmədiyimiz üçün layihəni inkişaf etdirmək üçün vəsiat məsələsində çətinliklərimiz çox oldu. Saytın texiki tərəfi təkmilləşdirmək üçün maliyyə tələb edilir. Ona görə saytı tam işlək formaya gətirə bilməmişik. Həm də komandamızın bəzi üzvləri hərbi xidmətə çağrıldı. Ona görə də bir az çətinliklər oldu. Sosial şəbəkələrdə bizi izləmək olur. Daha aktiv fəaliyyətə başlamağı düşünürük. Layihə ilə bağlı bəzi yeniliklərimiz olacaq. Hazırda bunlar üzərində çalışırıq. Hətta gələcəkdə bir neçə platforma və layihələr ilə birgə iş əməkdaşlıq planlaşdırırıq.
-Sizə stimul verən şəxslər varmı ki, onların fəaliyyətini izləyib, daha çox ilham alırsınız?
- Tanınmış insanların həyatı ilə maraqlanıram. Amma onlar mənə stimul verdiyi üçün yox, sadəcə fəaliyyətləri maraqlı olduğu üçün izləyirəm. Mənə stimul verən, mənim uğruma inanan və məni hər tərəfli dəstəkləyən ailəmdir. Bir şirkət rəhbəri kimi İndra Nooyi PepsiCo şirkətinin CEO-sının fəaliyyətini izləyirəm. Onun idarəetmə üsulları xoşuma gəlir.
-Xarici mütəxəssislərdən kimlərin təlimində olubsunuz və bu təlimlərin sizə faydası dəyibmi?
- Xarici mütəxəssislərin təlimlərini daha çox internet vasitəsi ilə izləyirəm. Lakin Felix Lee, Paur Waren, Naem Zafar, Ralf Simon, Yvone Wong, Jordi Serrano Pons, Carlos Abler, Rick Rasmussen kimi mütəxəssislərin təlimində iştirak etmişəm və ya onların dəyərli məsləhətlərini almışam. Bəli, məsləhət almaq gələcək fəaliyyət üçün çox önəmlidir. Bu təlimlərdə iştirakım fəaliyyətimə müsbət təsir edib.
-Dünya ölkələrində startapçı xanımların sayı kişilərə nisbətən azdır. Sizcə, bu nədən irəli gəlir?
- Fikrimcə, startapçı xanımlar bu sahədə kişilərə nisbətən daha çox problemlə üzləşir və buna görə də bəzən həvəsdən düşürlər. Məsələn, öz şəxsi biznesini qurmaq istəyəndə investorlar deyir : “Sizin ideyanız əladır.Lakin siz gündə 16 saat, həftədə 6 gün kişi kimi işləyib bütün gücünüzü işə sərf edə biləcəksinizmi ?Sizin övladınızın neçə yaşı var? Bir ana və həyat yoldaşı olaraq,siz neçə saat evdən kənarda ola biləcəksiniz?” . Cavab necə olsa da, dünya təcrübəsinə dayanaraq deyə bilərəm ki, investorlar bu layihələrə yatırım etmir. Digər tərəfi, dünyada belə bir təcrübə var ki, müqavilələr və əlaqələr bəzən axşam şam yeməklərində və ya barlarda qurulur. Hər xanımın buna imkanı olmur. Həmçinin kişi investorlar bəzən qadınların xanımlar üçün düşündüyü layihələri başa düşmək istəmir, layihənin gələcəyinə inanmır. Bu və digər problemlər ilə rastlaşdıqları üçün startapçı xanımların sayı daha azdır.
-Startap tədbirlərində də görürük ki, yenə də xanımların sayı azdır. Bəs Azərbaycanın startap ekosistemində xanımların bu sahəyə az maraq göstərməsi nə ilə əlaqəli ola bilər?
- Azərbaycanda bu sahədə xanımların az olması əsasən onların bu haqda məlumatsız olduqlarından irəli gəlir. Eyni zamanda da qədimdən bizdə yaranan stereotip “qadın ya müəllimə olar, ya həkim, ya da ki, ümümiyyətlə işləməz” psixologiyası formalaşıb. Məncə , bu stereotipdən hələki tam azad olmamışıq. İki il öncə “Milli startup hərəkatına dəstək olaq” layihəmiz çərçivəsində şəxsən xanımların startap dünyasından az və ya ümumiyyətlə, məlumatsız olduğunu gördüm. Lakin inanıram ki, xanımların sayı artacaq (gülür).
-Ümumiyyətlə, Azərbaycanın startap sahəsini necə qiymətləndirirsiniz?
- Azərbaycanda startap anlayışı özü yeni yaranıb. Cəmi bir neçə ildir ki, insanlar “startap” kəlməsini anlayıb, bu sahəyə maraq edir. Əlbətdə ki, bu sahə hələ çox inkişaf etməlidir , mütəxəssislərin sayı artmalıdır. Sevindirici haldır ki, bu sahənin inkişafı üçün başda Startap Azərbaycan olmaqla, müxtəlif tədbirlər, təlimlər təşkil edilir.
-Sizcə, startaplarla bağlı təşkilən edilən tədbirlərin insanlara hansı faydası olur?
- Belə tədbirlərin faydası çox böyükdür. Ən azı istedadlı gənclər bir -birini tədbirdə tanıyıb, ümumi bir iş qura bilir. Digər tərəfdən gənclər yeni məlumatlar, təcrübə əldə edirlər, xarici mütəxəssislərlə tanış olur.Həmin tədbirlərdə onlar komada ilə işləməyi, insanlar qarşısında çıxış etməyi öyrənir. Özünə əminlik yaranır, onlar daha çox sosiallaşır.
-RobiGuide layihəsinin də menecerisiniz. Bu yaxınlarda qrant müsabiqəsində də qalib oldunuz. Təbrik edirik. Layihə ilə bağlı hansı yeni işləri görürürsünüz? Layihə inkişaf edə bilirmi?
- Təşəkkür edirəm. Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşkili ilə 3 cü qrant müsabiqəsinin qaliblərindən biri RobiGuide layihə oldu. Bəli, RobiGuide layihəsinin meneceri və business developer tərəfini işləyirəm. Layihə uğurla irəli addımlayır. Tezliklə yeniliklərimiz barədə ətraflı məlumat yayımlayacağıq. Heç bir problem yaranmasa, işlər gözlədiyimiz kimi davam etsə, Formula 1 yarışmasında tətbiq artıq istifadəyə veriləcək.
-Layihənizi ictimaiyyətə təqdim edəndə əsasən hansı problemlə üzləşirsiniz?
- Təqdimat zamanı bəzən insanlar ilk dəfədən layihənin kontentini başa düşmür. Lakin daha ətraflı və görüntülü təqdimatdan sonra layihənin fərqliliyini, təqdim etdiyi faydaları aydın başa düşə bilirlər.
-Qeyd edilmişdi ki, RobiGuide həm də qlobal bazar üçün nəzərdə tutulub. Bu istiqamətdə işlər nə yerdədir? Belə deyək, ölkəmizdə layihədən gözlədiyiniz naliyyətləri əldə edə bildiniz?
- Artıq Gürcüstan və Qazaxstan ilə danışıqlar aparıb, əlaqə qurmuşuq. Robi ilk öncə Bakıda, daha sonra Azərbaycanda tam istifadəyə veriləndən, sınaq müddəti və görülən işlərin ətraflı analizindən sonra digər ölkələrdə də istifadəsinə başlanacaq.
- Bu gün yalnız Azərbaycanda yox, dünya ölkələrində də investor problemi var. Layihə rəhbərləri əksər vaxt bu məsələdə çətinlik çəkir. Siz layihənizə maraq göstərib, inkişafına dəstək verən xarici və ya yerli investor tapa bilibsiniz?
- Layihələrin hər ikisi ilə maraqlanan investorlar olub, lakin daha sonra baş verən devalvasiya görə müəyyən problemlər yaşadıq. Hazırda bu problem aradan qaldırılıb və müxtəlif investorlar bizim ilə əlaqə saxlayır. Xaricdən də müxtəlif təkliflər alırıq. Vəziyyət o qədər pis deyil ( gülür).
-Qrant və müsabiqələrdən qazandığınız vəsait layihənin inkişafına yetərincə kömək edirmi?
- Bu vəsaitlər layihənin 20-30 faizinin inkişafına kömək edir.
-Ümumiyyətlə, sizcə startap layihəsini inkişaf etdirmək üçün startapçıların qrantlara bel bağlaması, onu gözləməsi doğrudurmu? Özləri layihələrini necə inkişaf etdirməlidir? Dünya ölkələrində əksər vaxt layihənin ilkin mərhələsində investisiya yatırımı olmur. Gərək müəyyən mərhələyə çatasınız ki, sonra yatırım edilsin. Amma ölkəmizdə əksər startapçılar ilk başdan yatırım almaq istəyir. Bunu problem hesab etmək olar ?
- Məncə bu, normaldır. Hər bir layihəni pulsuz başlamaq olmur. Sizinlə razıyam, müəyyən layihələr var ki, ilk vaxt cibinizdən investisiya edib başlaya bilərsiniz. Yuxarıda qeyd etdiyim kimi, elə istedadlı insanlar var, onların möhtəşəm ideyaları var , lakin başlamağa imkanları yoxtur. Bu mənada qrantlar layihənin inkişafına az da olsa yardım edir.
- Bu gün əksər gənclərimiz Silikon Vadisində çalışmaq istəyir. Sizin də belə arzunuz var?
- Xeyir, qəribə səslənsə də, Silikon Vadisinə baş çəkmək istərdim, amma orada çalışmaq istəməzdim (gülür). ABŞ-da yeganə işləmək istədiyim yer NASA -dır. Digər sahələrdə seçim etsəm, başqa ölkələri tərcih edərdim.
-Artıq bir neçə gündür ki, Startap Azərbaycan 2016 müsabiqəsinə qeydiyyat başlayıb. Hər hansı yeni layihə ilə müsabiqəyə müraciət etməyə hazırlaşırsınız?
- Bu il müsabiqəyə layihə tədqim etməyi düşünmürük. Çünki yeni bir layihəmiz yoxdur. Hazırda bütün diqqətimizi əvvəlki layihələrimizin inkişafına yönəltmişik. Lakin yeni ideyalarım var və ümid edirəm ki, növbəti Startap Azərbaycan müsabiqələrində iştirak edəcəm.
-Yerli və qlobal bazara hər hansı yeniliklər çıxarmaq istiqamətində ideyalarınız varmı?
- Yerli bazara təqdim etmək istədiyim bir neçə ideyam var. Lakin necə deyərlər “Bir əldə 4 qarpız tutmazlar”. Layihələrimiz uğurla fəaliyyət göstərdikdən sonra komanda ilə ilə yeni layihələrin icrasına başlayacağıq.
-Tez-tez tənqidi fikirlərlə qarşılaşırıq ki, ölkəmizdəki startap layihələrində balans nəzərə alınmır, yəni ən güclü layihələr ən zəif layihələrlə eyni müsabiqədə olur. Sizcə, bu, necə olmalıdır? Startap ekosistemi yeni formalaşan ölkələrdəki kimi bunu nomal hesab etmək olarmı? Bununla başqa hansı təklifləriniz var?
- Məncə, zəiflər arasında qalib olmaq o qədər də ədalətli deyil. Zəif və ya güclü layihə deyəndə, hər şey ideyadan və onun aktuallığından, komandadan, düzgün biznes planın qurulmasından, onların təcrübəsindən aslıdır. Fikrimcə, bu cür fikirlər ondan irəli gəlir ki, bəzi startap müsabiqələr yalnız hazır, işləyən, prototipi olan layihələrə üstünlük verir, ideya və ya start nöqtəsində olan layihələrə imkan saxlamırlar. Bunun qarşısını almaq üçün də təklif edərdim ki, müsabiqələrdə iki ayrı nominasiya üzrə qiymətləndirmə aparılsın. Bir nominasiya artıq işlək və ya ilkin prototip versiyası olan layihələr üçün, digəri isə ideya mərhələsində olan layihələrə dəstək formatında olsun. Lakin hər iki nominasiyaya fərqli lakin maddi dəstək göstərilsin. Çünkü bəzən çox istedadlı insanlarla rastlaşırıq , ideyalarıda çox gözəl olur, lakin ilkin versiyanı yaratmaqlarına belə imkanları olmur ( söhbət puldan gedir). Və biz həmin istedadlı insanları və ya möhtəşəm ideyaları itirmək təhlükəsindəyik.
-Startap tədbirlərində daha çox hansı məsələlərə diqqət edilsə , daha yaxşı olardı?
- Təlim, təlim və yenə də təlim. Startap tədbirlərinə adətən gənc ideyaları olan, lakin layihənin icra olunmasından xəbərsiz olanlar gəlir. Biznes planı qurmaq , təqdimat aparmaq, investorları inandırmaq, müqavilə bağlayarkən nəzərə alınmalı məqamlar qanunlar, dünya təcrübəsi və digər məqamları yeni başlayanlara tədris etmək lazımdır.
-Github-da olan məlumatlara görə, xanımlar kişilərdən daha yaxşı kod yazır. Bəs startap sahəsində necə? Sizcə, xanımlar və kişilərin yaratdıqları layihə, layihə üzərində işləmək və digər məsələlərdə hansı fərqlər var? Deyə bilərikmi, xanımların yaratdığı startap layihələri daha uğurlu olur? Bunun səbəbləri nə ola bilər?
- Bu məsələdə kişilər və qadınlar arasında böyük bir fərq yoxdur. Məncə , yaxşı uğurlu startap layihəsini həm xanımlar, həm də kişilər yarada bilər. Burada əsas amil bir insanın bacarıqları və istedadlarıdır. Düzdür, xanımlar daha səliqəli, xırdalıqlara daha diqqətçil və daha tələbkər ola bilir. Lakin bu bu xüsusiyyətlər bəzi kişilərdə də olur. Ona görə konkert deyə bilmərəm ki, xanımların yaratdığı layihələr daha uğurlu olur (gülür).
-Azərbaycanın startap bazarında hansı yeniliklərin olmasını arzu edərdiniz?
- Bizim startapçıların xarici təlimlərdə, tədbirlərdə və ümumiyyətlə xaricdə təcrübə yığmaq üçün daha çox cəhd edib, buna investisiya ayırması daha yaxşı olardı. Çünki təcrübəli, savadlı, öz işini mükəmməl bilən insanlar bizə hər zaman lazımdır.
- Bir xanımın bu sahədə uğur qazanması üçün nə lazımdır?
- Startap sahəsində uğur qazanmaq istəyən xanımlara və ümumiyyətlə, hər kəsə tövsiyəm odur ki, öz ideyanızı aydın təsəvvür edin, ona inanın və məqsədinizə doğru hərəkət edin. Özünüzü hər zaman inkişaf etdirin, çoxlu ədəbiyyat oxuyun, dillər öyrənin , başqaların bacarmadıqlarını siz bacarın və dünyada istənilən qapılar üzünüzə açılacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri