“İnsanlar şərhlərinin efirə getməsi üçün qırğın edir” - Müsahibə

14-07-2015 / 14:09

Televiziyadan küsmüş, televiziyadan uzaqlaşmış, televiziyaya marağı ölmüş insan ordusunu geri qaytarmaq üçün sosial medianı efirə gətirdik” 

“Şəbəkəyə olan marağın əsas səbəbi insanların orada özlərini görməsidir, öz adlarını eşitməsidir. Xeberler.az-dan oxucularıma səslənirəm ki, efirə gedən şərhlərə görə cavabdeh mən deyiləm”.

Xeberler.az ANS TV-də efirə gedən “Şəbəkə” verilişinin aparıcısı və prodüseri Rahil Sayadoğlu ilə müsahibəni təqdim edir:

-Rahil bəy, bir neçə gün öncə “Şəbəkə” verilişinin bu mövsümdə son buraxılışı efirə getdi.  Bu gün kifayət qədər auditoriyası olan bu verilişi ərsəyə gətirərkən ilk vaxtlar hansı çətinliklərlə üzləşdiniz?

-Bu verilişə aparıcı kimi dəvət olunanda, belə desəm hər şey relsin üzərində gedirdi. Verilişin bir ənənəsi var idi və bu ənənədən yola çıxmaq mənim üçün çətin olmadı. Amma təbii ki, televiziya məkanında ilk və yeni  layihə olduğu üçün çətinliklərimiz oldu. Çünki indiyə qədər belə bir mövzu televiziyaya gətirilməmişdi. Amma getdikcə bu çətinliklərə alışdıq. Sosial şəbəkələrdə fəal idim və bu layihəni həyata keçirmək mənə çox rahat oldu. Layihə efirdə gedə-gedə yeni-yeni təcrübələr qazandım. Verilişin tempini artırmaq üçün qonaqlar dəvət etmək təcrübəsindən faydalanmaq istədim, amma gördüm ki, əks nəticə verir (gülür). Çünki efirə çağırılan qonaq verilişin tempini azaldırdı. Gələcək planlarımız çoxdur, birini deyim ki, Twitter sosial şəbəkəsinə aid rubrikaları verilişə gətirmək istəyirəm.

-Verilişə başlamaq üçün sosial şəbəkələrdə, xüsusən də Facebook-da aktiv fəaliyyətdə olmaq əsas rol oynayırdımı?

- Sosial şəbəkələrdə aktiv olmadan belə bir verilişi ərsəyə gətirmək birmənalı şəkildə mümkün deyil. Mütləq gündəmdən xəbərin olmalıdır. Şəbəkə verilişi sosial şəbəkələrin gündəmindən bəhs edən bir layihədir. Layihənin uğurlu alınması üçün gecə-gündüz gərək Facebook-da yatasan (gülür). İki gözünün ikisi də gərək sosial şəbəkədə olsun, camaatın nədən danışdığı, hansı mövzuların daha çox nələrin paylaşıldığını diqqətdə saxlamalısan. Amma tək buna da ümid etmək olmaz, həm də özündən mövzular düşünməlisən. Adi mövzuların müzakirəsindən xəbərlər çıxarmalısan. Bir də görürsünüz kimsə status yazıb, tez ekran görüntüsünün surətini yaddaşda saxlayıram. Sizə bir misal çəkim, Facebook-da 4 mindən çox dostum var. Bir dəfə dostluğumda olan 16 yaşlı bir uşaq binadan sallanan yerdə şəkillərini paylaşmışdı. Heç kim də ona fikir vermir. Gördüm ki, bu, çox yaxşı materialdır. Tez bu görüntülər mənim qarmağıma keçdi, yeniyetmə ilə əlaqə saxladım, mənə xeyli video materiallar göndərmişdi. Yəni demək istəyim odur ki, bu layihədə işləmək üçün tək sosial şəbəkələrin sənə verdikləri ilə kifayətlənmək olmaz, özün də axtarıb tapmalısan. Sosial şəbəkələrdə aktivlik sənin xeyrinə işləməlidir.

-Sosial medianın, İnternet medianın ictimai rəyə təsir imkanları və TV -lərin təsir imkanlarını necə dəyərləndirirsiniz ?

- Televiziya hələ ki, təsir dairəsinə görə sosial şəbəkələrdən üstündür. Çünki televiziya tamaşaçısı İnternet istifadəçisindən daha çoxdur. Ona görə də hələ ki təsir baxımından sosial şəbəkələr televiziyalara uduzur. Amma etiraf etməliyik ki, sosial şəbəkələrdə azadlıq televiziyadan daha çoxdur. İnsanlar İnternetdə  baxdıqları videoları televiziyada görə bilməyəndə düşünürlər ki, sosial şəbəkələrə inanmaq daha yaxşıdır. Yəni istər-istəməz sosial şəbəkələrin təsir dairəsi getdikcə genişlənir və bunu alqışlayıram. Yaxşı ki sosial şəbəkələr var. Hərdən dostlarıma da deyirəm ki, sosial şəbəkələr yeganə yerdir ki, oradakı azadlığın qarşısını heç kim ala bilmir. Facebook bu gün qarşısı alınmaz bir seldir. Sosial medianın insana ehtiyacı yoxdur, insanların eləcə də televiziyanın sosial mediaya ehtiyacı var. Azad, subyektiv, bir sözlə, cənnət kimi bir yerdir sosial şəbəkələr. Televiziyalar da görür ki, sosial mediasız bacarmaq mümkün deyil. Hesab edirəm ki, getdikcə sosial şəbəkələrin çəkisi televiziyalardan çox olacaq.

-Adətən “isti” xəbərləri ilk öncə sosial mediada, sonra isə TV-lərdə görürük. Sizcə, bu, o deməkdirmi ki, TV-lərin informasiya mənbəyi elə sosial mediadır ?

-Dövr elə bir dövrdür ki, artıq televiziyalar sosial medianın arxasınca düşür. Məsələn, hər hansı bir yerdə yanğın baş verib, televiziya əməkdaşı kamerasını əlinə alıb hadisə yerinə gedib çatana kimi hadisə yerində olan bir gənc həmin hadisəni videoya çəkir, öz Facebook səhifəsində paylaşır. Bu baxımdan istər-istəməz televiziya sosial şəbəkələrin arxasınca düşür. Sürət baxımından sosial media televiziyalardan üstündür.

 

-İnternet media və TV-lərin gələcək inkişafını necə görürsünüz ?

İnternet medianın inkişaf perspektivi yavaş-yavaş arxivə gedir. Amma sosial medianın Azərbaycanda bir milyondan çox istifadəçiləri var və bu rəqəm zarafat deyil. Şəbəkə verilişi də məhz bunun üçün yaradıldı: televiziyadan küsmüş, televiziyadan uzaqlaşmış, televiziyaya marağı ölmüş insan ordusunu geri qaytarmaq üçün sosial medianı efirə gətirdik. ANS telekanalı həmin o ordunu geri qaytarmaq üçün belə desək, tələ işlətdi ki, həmin insanların marağını çəksin və insanları geri qaytarsın. Hesab edirəm ki, məqsədimizə nail olduq. Nə qədər insan var ki televiziyalarda gedən heç bir verilişə baxmırlar, Şəbəkə verilişini isə maraqla gözləyirlər. Çünki biz sosial media istifadəçilərinin fikirlərinə yer ayırırıq, onları maraqlandıran mövzuları teleməkana daşıyırıq. Ona görə də hesab edirəm ki, sosial medianın inkişaf perspektivi artan xətlə gedir, ona marağın azalma ehtimalı sıfırın altındadır. Bütün dünyada telekanallarda müəyyən qadağalar var, amma sosial media bu qadağalardan uzaqdır. Bu baxımdan sosial mediaya maraq getdikcə artır.

-Ümumiyyətlə, gündə neçə saat İnternetdə olursunuz? Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi?

Gün ərzində 6-8 saat İnternetdən istifadə edirəm. Amma bütün günü telefon əlimdən yerə düşmür. Ən çox Facebook istifadəçisiyəm. Twitter və Instagram-da hesabım olsa da onlar mənə sıxıcı və darıxdırıcı gəlir. Hesab edirəm ki, gündəmi izləmək baxımından ən unikalı Facebook-dur. Facebook-dan həddindən artıq istifadə edirəm, buna görə hətta evdə danlanıram (gülür). İnternetdən bu qədər istifadə etdiyim üçün evdəkilər əlimdən beziblər (gülür).

-Facebook-un imkanlarından yetərincə bəhrələnirsinizmi? Qruplarda varsınızmı?

-Facebook-un elə imkanları var ki, onlardan istifadə etmirəm. Məsələn, oyun xidmətindən istifadə etmirəm. Facebook-un zəng funksiyasından da istifadə etmirəm. Bu sosial şəbəkədə 4 mindən çox dostum var. Şəbəkə verilişinin Facebook səhifəsini də mən idarə edirəm, 60 mindən çox izləyicimiz var. Facebook-da profilə öz şəklini qoyan və özü haqqında məlumatları dolğun yazan insanları dostluğa qəbul edirəm. Bacardığım qədər dostluq təkliflərini qəbul edirəm. Facebook-da dostluğumda hər tip insan var, yeniyetmələrdən tutmuş ictimai xadimlərə qədər.  Facebook-da özümə kiçik Azərbaycan modeli yaratmışam. Ona görə də mövzulara şərhləri seçərkən səhifədə yazılan şərhlərlə yanaşı dostluğumda olan insanların yazdıqlarına nəzər salıram. Dostluğumda olan insanlar o qədər rəngarəngdirlər ki, çox zaman onların da məsələyə mövqelərini öyrənirəm.

-Facebook-dan başqa hansı sosial şəbəkədən daha aktiv istifadə edirsiniz?

-İnstagram-dan  bu gün hamı istifadə edir. İnstagram-da elə effektlər var ki, adi insanlar da paylaşdıqları şəkillərdən məşhur kimi görünür. İnsanlar elə şəkillər çəkdirib yerləşdirir ki, müğənnilərlə səhv salırsan (gülür). İnstagram-da hamı ulduzdur (gülür).

-Şəbəkə verilişinin efirə getməsindən sonra maraqlı situasiyalarla qarşılaşmısınızmı? Elə olubmu kimlərsə öz şərhinin efirdə səslənməsi ilə razılaşmayıb.

-Veriliş efirə gedəndən sonra yazırlar ki, "qardaş, mənim şərhimi niyə vermədiniz?" Ən çox bu cür müraciətlər olur. Xeberler.az-dan oxucularıma səslənirəm ki, efirə gedən şərhlərə görə cavabdeh mən deyiləm (gülür). Mən gəncəm, mənim seçdiyim maraqlı hesab etdiyim şərh efirə uyğun olmaya bilər. Təcrübəli redaktor hansı şərhin efirdə gedib-getməyəcəyini daha yaxşı müəyyən edəcək. Baş redaktor efir etikasına uyğun olan şərhləri seçir və efirdə səsləndirilir. Ona görə efirə getməyən şərhlərə görə mən cavabdeh deyiləm (gülür).

Maraqlı situasiyalar efirdən sonra daha çox olur. Birini deyim, İnternetdə yayılan toy videosunun anonsunu verdik. Sosial şəbəkələrdə yayılan həmin videodan xəbəri olmayan insanlar, ANS-də verilişin anonsunda özlərini görüb təəccüblənmişdilər. Bizim mənbəmiz İnternetdir, əgər video İnternetdə paylaşılıbsa, biz məsuliyyətdən azadıq. “Gəlin öz toyunda min oyundan çıxdı” başlığı ilə gedən anonsdan sonra mənə zənglər gəlməyə başladı. Həmin videonu İnternetdən götürdüyümü başa salmağa çalışsam da xeyri olmadı. İnternetdə videonun yayılmasına problem yaratmayanlar efirdə getməsindən narahat idilər. Gəlinin qohumları materialı efirdən çıxarmağımı xahiş etsələr də artıq gec idi. Videonu çıxarmasam da qaynana ilə bağlı yazılan şərhləri çıxarmışdım (gülür).

 -Elə olurmu ki, insanlar öz yazdıqları statusları sizin mesaj qutunuza göndərir ki, bunu efirdə verməyi  xahiş edirik. Bu halla rastlaşmısınızmı?

-Səhifəmizin inboxuna belə mesajlar tez-tez yazırlar. Hələ bir dəfə biri yazıb ki, “Qaqa, sən Allah 50 dənə layk gəlib şərhimə, onu efirdə ver də” (gülür). Hərdən olur ki, şəkil göndərirlər. Heç yadımdan çıxmaz, bir dəfə birinin şərhi efirdə getmədiyinə görə məni təhqir də etmişdi. Neyləyə bilərəm, sosial şəbəkələrdə hər cür insan var. İnsanlar şərhlərinin efirə getməsi üçün qırğın edirlər. Onları maarifləndirirəm, başa salmağa çalışıram ki, siz 700 şərh yazırsınız, amma mənim efirdə 8-9 şərh vermək imkanım var. Məcburam ki, içərisində ən yaxşılarını seçim.

-Sosial şəbəkələrdə etik qaydaları gözləməyənlərə reaksiyanız necə olur?

-Sosial şəbəkələr bizə iki imkan verib: Azad şəkildə ürəyimiz istəyən hər şeyi yaza bildiyimiz kimi görmək istəmədiyimiz yazılara görə insanları azad şəkildə qara siyahıya sala bilərik. Dərdi verən Mark dərmanını da verib (gülür). Etikanı pozanlara qarşı sərt mübarizə aparmıram heç vaxt. Çünki sayları bir deyil, iki deyil. Nə deyəsən axı? Deyərsən betər duruma düşərsən. Tanınmış insanlara yazılan şərhləri görəndə qanım donur. Həmişə ondan qorxmuşam ki, Ay Allah tanınaram mən də və mənim də haqqımda xoşagəlməz ifadələr yazarlar. Şükür Allaha ki, bütün bunlardan uzağam (gülür). Təhqirləri yox, amma tənqidləri çox yaxşı qəbul edirəm. Bir də görürsünüz biri yazır ki, “A qaqa, sənin yerin yoxdur burada, çıx get”. Elələrini də anlayıram, hamının xoşuna gələ bilmərəm.

-Xəstə insanlara yardım məqsədilə Facebook səhifələrdə olan paylaşımlar, sizcə, düzgün təbliğat üsuludurmu?

-Bu məsələyə çox yaxşı baxıram. Bu gün sosial şəbəkələrdən biznes məqsədləri üçün istifadə edənlər, öz siyasi məqsədlərini paylaşanlar, tanış olub evlənənlər var. Sosial şəbəkələrdən hər cür istifadə edənlər varsa, nədən yardıma ehtiyacı olan insanlar istifadə etməsin ki? Hazır ordu var burada. Mesaj qutuma dəfələrlə bu barədə məlumat göndərirlər ki, xahiş edirəm paylaşın. Həmişə deyirəm ki, işin asanına qaçırıq biz. Yardım aksiyalarında görmüsünüz, bank hesabı olur. İçi mən qarışıq çox adam bank hesabını görəndə kömək etmək ona çətin gəlir. Bank hesabı barədə bilgisiz olan insanlar da çoxdur. Ona görə düşünürəm ki, klassik üsulla bir qutu qoyub yardım aksiyasında pul toplamaq daha əlverişlidir. Nərmin Hüseynli üçün aksiya keçirəndə biz sosial şəbəkələrin gücünü gördük. 150-200 min pul necə yığılırdı?

Nərmin Hüseynlinin sonunu dəyişə bilməsək də sosial şəbəkələrdə bu birliyi yarada bilmişdik. Aidiyyatı qurumların yerində olsaydım, xüsusi bir komissiya yaradardım. Ünvanlı sosial yardımı bəlirli şərtlərlə verdikləri kimi bu işi də müəyyən şərtlər daxilində  həyata keçirmək olardı. Müraciət edən insanların maddi imkanına baxılar, yardıma ehtiyacı olan insanlar üçün sosial şəbəkələrdə səhifələr açılar və s. Hesab edirəm ki, sosial şəbəkələrdə yardım aksiyalarının keçirilməsi mühüm məsələlərdəndir.

-İnternetdə informasiya təhlükəsizliyinizi necə qoruyursunuz?

-Zülmlə (gülür). Sonuncu dəfə şifrəm 32 işarədən ibarət idi, kağıza baxıb yazırdım (gülür) . İki dəfə şəxsi profilimə hücum ediblər. Bu yaxınlarda tanımadığım bir xanım mənə yazdı ki, axı sən niyə mənim şəklimi efirdə vermisən. Mən də maraqlandım ki, axı siz hansı şəkildən bəhs edirsiniz? Keçid göndərdi və həmin keçidə klikləyəndə nə baş verdiyini anladım. Profilimi oğurlamaq üçün qurulmuş bir tələ idi. Tez Facebook hesabımın şifrəsini yenidən yazdım və xilas oldum. Elektron poçt ünvanımın şifrəsini tez dəyişdim. Xilas olmasaydım, Allah bilir inboxdan nə yazışmalar üzə çıxardı (gülür).
Xeberler.az-dan sosial şəbəkə istifadəçilərinə də üzümü tutub deyirəm ki, güvənli şifrələrdən istifadə etsinlər və hər an tədbirli olsunlar.

-Özünüzü və cəmiyyəti texnologiyalardan asılı hesab edirsinizmi?

-Əlbəttə, sosial şəbəkələr özündən asılı nəsil yetişdirir. Biz sosial şəbəkələri gəncliyimizin sonunda  gördük. Amma indi elə nəsil yetişir ki, gözünü açan kimi Facebook, Twitter görür. Onlar sosial şəbəkələrlə böyüyürlər. Ona görə də texnologiyadan asılı nəsil yetişir. Amma hesab etmirəm ki, bu asılılıq onlarda problem yarada bilər. İnsan şüurlu varlıqdır. Tamamilə qurtulmaq olmasa da bir yerdən sonra insan özü bu asılılığı azalda biləcək. Hesab etmirəm ki, sosial şəbəkələr insanın axırına çıxacaq, yəni belə bir şey olmayacaq (gülür). Sosial şəbəkələr yaxşı ki, var və ondan istifadə edirik.

-Əgər uşaq artıq küçəyə çıxıb oynamaq istəmirsə, yoldaşları ilə münasibət qurmağa meylli deyilsə, yalnız kompüterə -oyunlara meyl edirsə bu təhlükəlidirmi?

-Texnologiyasız mümkün deyil. Valideyn uşağın əlindən evdəki kompüteri alsa, o, gedib İnternet klublarda kompüterdən istifadə edəcək. Valideynlərə məsləhət görərdim ki, ümumiyyətlə, uşağı texnologiya ilə gec tanış etsinlər. 18 yaşıma qədər telefonda “Yes” və “No”-nun nə olduğunu bilməmişəm (gülür). İndi azyaşlılardan tutmuş bütün uşaqlar telefon və yaxud da planşetdən istifadə edir. Gözünü açan kimi telefon, planşet görən uşağı texnologiyadan uzaq tutmaq çox çətindir. Sosial şəbəkələr insanların içərisindəki boşluğu doldurur. Bir də görürsünüz ki, biri yazır ki, “Dostlar, sağ olun, mən Facebook-dan getdim, bir daha qayıtmayacağam”. Amma oturub statusun altında yazılan bütün şərhləri bir-bir cavablandırır (gülür). Facebook, doğurdan, xəstəlikdir, analoqu yoxdur. Facebook-un əvəzi yoxdur deyə bu boşluğu heç nə ilə doldurmaq olmur.

-Sizcə, valideynlər texnologiya ilə bağlı uşaqlara hansı qadağalar qoymalıdır?

-Bunun ən yaxşı çıxış yolu valideynlər uşağı əlavə məşğələlərə qoymalıdır. İdman, musiqi kimi sahələrə uşaqları cəlb etmək lazımdır ki, uşağın enerjisi azalsın. İnsanların içərisində həmişə bir boşluq olur. Bu boşluqdan xilas olmaq üçün uşaq yaşlarından sosial şəbəkələrə əl atırlar. Ona görə də valideynlər bu haqda düşünməlidir.

-Bəzi deputatlar belə bir fikir səsləndirir ki, İnternetdən sui-istifadə edənlərə qarşı qanunvericilikdə bir sıra dəyişikliklər olmalıdır. Bu məsələyə münasibətiniz.

-Sizə maraqlı bir əhvalat danışım. Ötən dəfə tanımadığım biri mənə yazıb ki, sizin Facebook səhifənizi darmadağın edəcəyəm. Soruşuram ki, niyə? Deyir, mənim şərhimi efirdə vermirsən. Mən də bu insanı yola gətirməyə çalışıram ki, Facebook səhifəmizə hücum etməsin. İnsandır da bəlkə də texnologiyanın elə bir yolunu tapıb ki, bunu asanlıqla edə bilər. Sonra öyrəndim ki, yaşı azdır (gülür). Profilində ünvanlarını qeyd etmişdi. Məcbur olub ona yazdım ki, səni tapacağam, ünvanınızı bilirəm. Bu qorxmağa başladı və aydın oldu ki, uşaqdır. Facebook-da öz ünvanlarını qeyd etməsindən isə xəbərsiz idi. İndi baxın bu cür profillərə nə deyəsən? Düz 20 dəqiqə panikada olmuşam ki, səhifə əldən getdi, ürəyim ağzıma gəlmişdi (gülür). Facebook-dakı saxta profillərin istənilən halda qarşısı alınmalıdır. Azərbaycan höküməti tərəfindən bununla bağlı qanun layihəsi hazırlanması müsbət addımdır. İnsanların şərəf və ləyaqətinə toxunan saxta profillər aradan qaldırılmasını müsbət qarşılayaram. Amma sosial şəbəkələrdəki azadlığı insanların əlindən almaq olmaz. 

-Mobil internetdən istifadə edirsinizmi? Necə  və haralarda  istifadə edirsiniz? Keyfiyyət və qiymət sizi qane edirmi?

- Bəli, istifadə edirəm. Kontur yüklədiyimiz vaxtlarda bu, çox sərfəli idi. Telefonuma 700 kontur yükləyirdim və xeyli istifadə edə bilirdim. Amma indi 2 manatlıq yükləyirsən və sürətlə bitir. Mobil İnternetin qiymətinə gəlincə, gündəlik İnternet paket götürürəm və sürət zəif də olsa məni qane edir (gülür). Hələ ki normaldır, yola veririk.

-Facebook-da süni şəkildə bəyənmə sayının artırılmasına münasibətiniz necədir?

-Belə hallar çox olur. Süni yolla bəyənmə sayının artırıldığını müəyyyən etmək elə də çətin deyil. Bir də görürsünüz ki, maraqlı bir statusdur və 300-400 layk gəlib. Açıb baxanda görürsən ki, Tailanddan, Çindən və s. istifadəçilər həmin yazını layk edib (gülür).  Bu da ondan irəli gəlir ki, sosial şəbəkələr insanı gündəmə gətirən bir fenomendir. Şəkil çəkdirmək insanların əbədiləşmək istəyindən yaranır, sosial şəbəkələr də onun kimidir. Diqqət çəkmək istəyi insanları nsüni yollara baş vurmasına səbəb olur. O adamlar ki, təbii yolla layk yığa bilmirlər, onlar da o zövqü yaşamaq istəyirlər axı. Həmin istifadəçilərin də böyük əksəriyyəti yeniyetmələrdir. Bütün bunlar təcrübəsizlikdə və həvəsdən irəli gəlir və bir müddətdən sonra keçib gedir.

-İş fəaliyyətinizdə informasiya texnologiyalar sizin işinizi, fəaliyyətinizi asanlaşdıra bilirmi?

-Texnologiya həm işimi asanlaşdırır, həm də işimə mane olur (gülür). Bu günə kimi heç kim deyə bilməz ki, mən onun məktubuna cavab yazmamışam. Texnologiya həm rahatçılıqdır, həm də narahatçılıq. İşimlə bağlı WhatsApp-a girirəm, bir də görürəm ki, mesajlar sıra ilə düzülüb. Azyaşlılar, ümumiyyətlə, ömrümə balta vurublar, onlarla bilmirəm hansı dildə danışım (gülür). Çox səbirli insanam, sosial şəbəkələrdəki insanları idarə etmək, doğrudan, çox çətindir. Şəbəkəyə olan marağın əsas səbəbi insanların orada özlərini görməsidir, öz adlarını eşitməsidir.

 

-Sizcə, 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?

-Texnologiyalar bizi idarə etməyəcək, biz texnologiyaları idarə edəcəyik. İnsan texnologiyanı öz rahatlığı üçün yaradıb. İnsan şüurlu varlıqdır və heç vaxt texnologiyanın köləsinə çevrilə bilməz. Texnologiyanın onun narahatlığına xidmət etdiyini görən tək insan ondan uzaqlaşa bilər.

 

 

Mirvari Nəcəf

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə