Mətbuat Şurasında “KİV-ə dəstək: mövcud prinsiplər və alternativlik” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Mətbuat Şurasının üzvləri, qəzet baş redaktorları, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, bir sıra Avropa ölkələrində mətbuat orqanları dövlət tərəfindən maliyyələşdirilir və xüsusilə regional qəzetlərə xüsusi diqqət yetirilir: “Dövlət tərəfindən maliyyələşmə olmadıqda belə, mətbuata başqa formalarda qayğı göstərilir. Bir sıra dövlətlərdə qəzetlər ya əlavə dəyər vergisindən tam azaddır, ya da bu verginin miqdarı çox aşağıdır. Bu məsələlər Mətbuat Şurasında müzakirə edilib. Dəyirmi masanın keçirilməsində də məqsəd yerli və xarici mütəxəssislərlə bu məsələni müzakirə etməkdir”.
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərov fondun mətbuata kömək məqsədilə yaradıldığını və bu istiqamətdə iki tədbir keçirdiklərini deyib. O, fondun mətbuata birdəfəlik yardım verdiyini, daha sonra isə layihələrin maliyyələşdirdiyini, ilin sonlarında fərdi olaraq jurnalistlərin yazı müsabiqəsinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov rəhbərlik etdiyi qəzetin rəsmi qəzet olduğunu, lakin dövlət büdcəsindən maliyyələşmədiklərini qeyd edib: “Biz rəsmi qərarları, Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının qərarlarını dərc edirik. Amma təsərrüfat hesablı nəşr kimi fəaliyyət göstəririk. İstəyirik ki, fond növbəti ildə bunu nəzərə alsın”.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bir sıra Avropa dövlətlərində, xüsusilə Almaniyada qəzetlərin dövlət tərəfindən maliyyələşdirildiyini diqqətə çəkib.
“Ayna” qəzetinin baş redaktoru Elçin Şıxlı isə fondun qəzetlərə birdəfəlik yardım ayırmasının əleyhinə olduğunu vurğulayıb: “Hərəyə 5-10 min manat verməklə mətbuatın işini yüksəltmək mümkün deyil”.
ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin müdiri Jalkin Karpenter ayrı-ayrı ölkələrdə dövlətin mətbuata dəstəyinin müxtəlif yolla həyata keçirildiyini əlavə edib: “Çalışmaq lazımdır ki, media özü özünü maliyyələşdirə bilsin”.
ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson da mətbuata dövlət dəstəyi ideyası ilə razılaşmadığını bəyan edib: “Pulsuz nahar olmur. Nahar verən qarşı tərəfdən nə isə gözləyir. Əgər jurnalist dövlət tərəfindən maliyyələşdirilən mətbuatda işləyirsə, istənilən halda onun öz fikrini müstəqil bildirməsi çətin olacaq. Dövlət tərəfindən maliyyələşən mətbuat müstəqil mətbuat deyil. Bunu partiya qəzetlərinə də aid edirəm”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri