Məlum olduğu kimi, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kompüter Mərkəzi 2007-ci ildən fəaliyyət göstərir. Bu yaxınlarda isə Mərkəzin bazasında “İKT, monitorinq və qiymətləndirmə” mərkəzi yaradılıb.
Xeberler.az olaraq Mərkəzin fəaliyyətinin əsas məqsədi tədris, elm və idarəetmə fəaliyyətlərində İnformasiya Texnologiyalarının tətbiqi ilə universitetdə təhsilin keyfiyyətini yüksəltməkdir. Mərkəzdə görülən işlərlə tanışlıq məqsədi ilə onun direktoru, dosent İlham Əhmədovla söhbətləşirik.
İlham Əhmədov söhbət əsnasında qeyd etdi ki, mərkəzin əsas məqsədi universitet fəaliyyətinin prioritet sahələrini informasiyalaşdırmaqdır.
“Mərkəz yaradılanda 5 illik fəaliyyət proqramı hazırlamışdıq, perspektiv fəaliyyətimiz bu proqramda öz əksini tapırdı. O zaman planlaşdırırdıq ki, hər tədris ilində 2-3 layihə həyata keçirək. Proqramda 5 il ərzində 15-dən artıq layihənin həyata keçirilməsi nəzərdə tutulurdu. 5 illik proqramın icrası nəticəsində universitetdə tədrisin kompleks informatlaşdırılmasına nail olmaq mümkün idi. Proqramı hazırlayarkən beynəlxalq təcrübədən yararlanmışdıq. 1996-2006-cı illərdə artıq Rusiyanın bir neçə pedaqoji universitetlərində İKT sahəsində maraqlı təcrübə toplanıb”.
İlham Əhmədov vurğulayıb ki, İT layihələri mürəkkəbliyi ilə yanaşı həm də kapital tutumludur. Bura yüksək səviyyəli mütəxəssislər cəlb edilməlidir:
“Təhsil sektorunda İT məsələlərinə ayrılan vəsait, xüsusən də proqramçılara verilən məvacib əmək bazarında mövcud maaşlara nisbətən az olduğu üçün bura səviyyəli mütəxəssislər dəvət etmək çətin idi. Layihələrin icrasına maliyyə ayrılmadığından inkişaf proqramını tam reallaşdırmaq mümkün olmadı. Bununla belə bəzi layihələri icra etmək mümkün oldu. Universitetimizin rektoru, AMEA-nın müxbir üzvü, prof. Yusif Məmmədovun təşəbbüsü ilə universitetdə keçirilən kollekvium və imtahanların şəffaflığı və obyektivliyini təmin etmək üçün mərkəz elektron test imtahanı sisteminin yaradılması ilə məşğul oldu. Bu layihəni daxili imkanlarımız hesabına icra etməli idik”.
İlham Əhmədovun sözlərinə görə, 2007-ci tədris ilinin oktyabr ayının sonu idi, kollekviumların başlanmasına az vaxt qalırdı, faktiki olaraq 1 ay ərzində kompüterlər almaq və ümumi tutumu 200 yerlik kompüter sinifləri yaratmaq, onları şəbəkədə birləşdirmək, kompüterlərin yerləşəcəyi sinifləri təmir etdirmək, mebellə təchiz etmək lazım idi. Ən çətini isə az vaxt ərzində elektron test imtahanı üçün proqram təminatının yaradılması, əməkdaşları bu sistemlə işləməyi öyrətmək (mərkəzdə o vaxt 18 əməkdaş çalışırdı), universitetdə tədris olunan 500 fənn üzrə kollekvium üçün testlər tərtib etmək idi:
“Proqram təminatı yaratmaq məqsədi ilə təcrübəli proqramçı Etibar Axundovu universitetimizə işə dəvət etdik. Etibar müəllim təhsilə daim maraq göstərən dəyərli ziyalılarımızdan idi, o, az məvacib ilə bu mürəkkəb işin icrasına başladı və faktiki olaraq layihəyə rəhbərliyi öz üzərinə götürdü. Cəmi 1 ay ərzində layihəni tamamlamaq mümkün oldu”.
Direktor Xeberler.az-a bildirib ki, 2007-ci ilin dekabr ayında artıq kollekviumların elektron test sistemi ilə aparılmasına başlanılıb:
“2008-ci ildən isə imtahanları da bu sistemlə aparmağa başladıq. Sonrakı illərdə proqram sistematik olaraq təkmilləşdirilirdi. Sonralar bu proqram sistemi digər universitetlər tərəfindən də uğurla tətbiq edildi.
Mərkəz universitetin informasiya-təhsil portalının (adpu.adu.az) yaradılması və idarəedilməsi funksiyasını də yerinə yetirirdi. Paralel olaraq professor–müəllim heyətinin və texniki personalın kompüter savadlığının yüksəldilməsi üzrə kurslar da təşkil edirdik. Kompüter savadlılığının yüksəldilməsi istiqamətində treninqlərdə Avropada kompüter savadlılığının standartları üzrə keçirilən kurslar (ECDL) tələbələrimiz tərəfindən maraqla qarşılanır”.
İlham Əhmədov həmçinin qeyd edib ki, təhsildə İKT-nin tətbiqinə dair bir neçə beynəlxalq və respublika səviyyəli konfranslar təşkil edilib:
“Təhsildə İKT adlı elmi-metodik jurnal nəşr etməyə başladıq. Bu jurnal Ali Attestasiya Komissiyasının siyahısına daxil edilib. Hazırda Mərkəzdə təhsilin informasiyalaşdırılması ilə yanaşı, tədris prosesinin qiymətləndirilməsi və monitorinqi, universitetdə keyfiyyətin idarə edilməsi məsələləri ilə məşğul oluruq. İnkişaf proqramında nəzərdə tutulan layihələrin zəruri səviyyədə maliyyələşməməsi səbəbindən bir çox layihələri həyata keçirə bilmədik. Beynəlxalq təcrübədə universitetlərin ümumi büdcəsinin 30-40 faizi İT layihələrinə sərf edilir. Bu layihələr müxtəlif mənbələrdən maliyyələşir.
Bu gün milli universitetlərimizin İKT sahəsində problemləri çoxdur, bu problemlərin kökündə isə yüksək ixtisaslı kadr çatışmazlığı və maliyyə vəsaitlərinin çatışmazlığı durur”, deyə o bildirib.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri