«Provayederlər kütləvi oğurluqla məşğul olur»

05-07-2011 / 20:59
Osman Gündüz: «Dünyanın heç bir yerində provayder xidmətə görə dövlət qurumuna belə yüksək haqq ödəmir»

«5 min müştərisi olan provayeder hər ay ATS-ə 65 min manat pul ödəməlidir»


Rabitə və İnformasiya Texnologiya Nazirliyi iddia edir ki,
Azərbaycanda internet xidmətlərinin orta qiymətləri region dövlətlərində tətbiq olunan orta qiymətlərlə eyni səviyyədədir. Nazirlik bildirir ki, Azərbaycanda ADSL texnologiyasına qoşulmaqla saniyədə 1 Mb-dək surətlə limitsiz internet xidmətinə görə aylıq ödəniş 20-50 manat arasında dəyişir. Bu götərici qonşu Gürcüstanda 30-50, Ermənistanda 70, Ukraynada 50-110, Belarusda 130-200, Moldovada 20, Rusiyada 30, Qazaxıstanda isə 85 manat təşkil edir.
Lakin o da bəllidir ki, ölkədə internetin qyiməti azaldıqca, keyfiyyət də aşağı düşür. Bu isə istehlakçıların haqlı olaraq narazılığına səbəb olur. Ölkədəda adıçəkilən sektordakı xidmət səviyyəsinin vəziyyətlə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətimizdə maraqlı faktlar açıqlandı.


- Osman bəy, Azərbaycanda İnternet xidmətinin qiymətlərinin regionda ən ucuz olduğu iddia olunur. Bu, nə dərəcədə əsaslı informasiyadır?

- Doğrudan da, son bir neçə ildə Azərbaycanda internetin qiyməti 15 dəfə endirilib. 2008-ci ildə 600-700 manat\\\\Mbp, 2009-cu ildə 150 manat\\\\Mbp idi. Bir il öncəyə qədər dünyada ən bahalı internet Azərbaycanda idi. Amma indi regionda ən ucuz xidmətin bizdə olduğunu iddia etmək də həqiqətə uyğun deyil. Rusiyada, Gürcüstanda tariflər bizdəkindən bir qədər aşağıdır. Avropa ölkələrində isə 1 Mbp sürət artıq yoxdur. Ona görə də internetin ucuz olması barədə deyilənlər doğru deyil.

- Bəlkə bir qədər detalları açıqlayasınız. Nəyə görə internetin qiymətini ucuz hesab etmək olmaz?

- Hazırda Azərbaycanda internetdə qiymət məsələsinin problemli olduğunu düşünmürəm. İnsanlar müqavilədə ödədikləri qiymətə uyğun normal sürəti ala bilsələr, o zaman müəyyən mənada müsbət addamlardan danışmaq olar. Təəssüf ki, keyfiyyət ifrat dərəcədə aşağıdır. Provayderlərin 99 faizi istehlakçıların aldıqları interneti oğurlamaqla məşğuldur. Yəni «çəkidə» oğruluq edirlər.

- Deməli, müqavilədə göstərilən sürəti istehlakçıya vermirlər?

- Tamamilə, doğrudur. Məsələn, 1 Mbp sürət əvəzinə 500 Kbit sürət verirlər. Bu kontekstdən yanaşanda, o zaman Azərbaycanda internetin qiyməti kifayət qədər yüksəkdir. Əgər 1 Mp üçün 20 manat verib 500 Kbit alırlarsa, deməli, müqavilənin tam dəyəri 40 manatdır. Ölkədə 1 Mbp 20 manat göstərilsə də, real olaraq 40 manatdır. Bu isə yenə yüksək tarif deməkdir. Hər dəfə qiymətləri azaltmaqla, sürəti də aşağı salırlar. Provayderlər tərəfindən həyata keçirilən belə qanunsuzluqlara son qoyulmalıdır. Kütləvi şəkildə insanların aldadılması prosesi gedir.
Başqa tərəfdən müsbət bir tendensiya da var. Ölkənin əsas internet təsisatçısı «Delta-Telekom» şirkəti provayderlərə göstərilən xidməti 40 faiz endirib. Bunu alqışlayırıq. Keyfiyyətin düzəlməsi üçün əsas addımlardan biri bu idi ki, «Delta-Telekom» bu addımı atdı. İndi gözləyirik ki, provayderlər vəziyyəti necə düzəldəcək. Bunun monitorinqini aparmağa çalışırıq. İnternet təsisatçısının tarif endirimindən sonra provayderlərin həm keyfiyyəti yaxşılaşdırmaq imkanı var, həm də 4-10 Mbp üçün qiymətləri kifayət qədər aşağı sala bilərlər. «Delta-Telekom» rəsmi şəkildə bəyan edib ki, provayderlər interneti nə qədər çox alsalar, qiymətləri bir o qədər aşağı salacaqlar.
Lakin bir məsələni xüsusi vurğulamaq lazımdır. Oğurluğu 100 faiz provayderin üzərinə atmaq lazım deyil. Ola bilsin ki, ofisə, evə gələn telefon xətləri calaq-calaqdır, kanalizasiyaya su yığılıb, o zaman istehlakçı 1Mbp sürəti tam almaya bilər. Deməli, problemi 100 faizlıq provayderlərin üzərinə yıxmaq da ədalətsizlik olardı. Burada günah həm də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindədir.


- Maraqlıdır, nəyə görə bazarda yalnız bir internet təsisatçısı var?

- Dediyiniz çox ciddi məsələdir. Bazara yalnız bir şirkətin diktə etməsi inhisarçılıqdır. Bununla bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişik. Qurumdan bizə açıqlama verildi ki, hazırda bazarda 3 internet təsisatçısı mövcuddur. «Delta-telekom»dan başqa «Azərtelekom» da artıq fəaliyyətə başlayıb. Üçüncüsünün adını hələ dəqiq bilmirəm. Onların bazara nə dərəcədə girə biləcəklərini dəqiq analiz etmək mümkün deyil. Çox güman ki, provayderlər qiymət məsələsinə üstünlük verəcəklər. «Delta-Telekom»un tarifləri bəllidir. Bu şirkət hazırda bazarda hökmran mövqedədir. Amma digər iki şirkətin qiymətlərindən xəbərsizəm. Bazarda azad rəqabətin, provayderlərin seçim imkanlarının olması məqsədəuyğundur.

- «Delta-Telekom»da qiymətlər necədir?

- 40 faiz endirimdən sonra 1 Mbp-in qiyməti 35 manatdır. Provayderlər beynəlxalq normaara uyğun, regionlar üzrə onu 4-5 yerə bölə bilirlər. Azərbaycanda isə daha çox yerə böldüklərindən keyfiyyət aşağı düşür. Hazırda 1Mbp-i 35 manata alıb 4 əvəzinə 15-yerə bölürlər.

- İnternet təsisatçıları tarifləri aşağı salandan sonra xidmət haqlarının aşağı salınmasının qarşısını alan başqa amil qalırmı?

- Əlbəttə, qalıb. Provayderlər üçün qiymətləri aşağı salıb, keyfiyyəti yüksəltməsinin qarşısını alan bir amil var. Onlar istehlakçılara 1 Mbp sürətli interneti 20 manat satır. İndi sual oluna bilər ki, 20 manatın nə qədəri provayderə qalır. 20 manatın 13 manatını Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə ödəyir. Xidmət göstərilməsində istifadə olunan telefon, kommunikasiya xətlərin istifadəyə görə ödənilən 13 manat çox yüksək məbləğdir. Dünyanın heç bir yerində provayder xidmətə görə dövlət qurumuna belə həddə ödəniş aparmır. Nəticədə həmin şirkətlərə qalan xeyir hər Mbp-in üzərində 1-2 manat olur. Məcbur olub sürəti aşağı salırlar. Ona görə də internet xidmətində qiymətlərin endirilməsində əsas diqqət yetiriləsi məqam Rabitə və İnformasiya Texnolorgiyaları Nazirliyinin tutduğu xərcin aşağı salınmasıdır. Araşdırmaq lazımdır ki, 13 manat hara gedir? Onlar bəyan edə bilər ki, montyor xətləri təmir edir. O zaman 10 ildir nə üçün deyirlər ki, infrastruktur elektronlaşdırılıb? Əgər elektronlaşdırılıbsa, montyor nəyi təmir edəcək? 5 min müştərisi olan provayeder hər ay ATS-ə 65 min manat pul ödəməlidir. Bu biabırçılıq, soyğunçuluqdur.

- Belə çıxır ki, qiymət endirimlərində nazirliyin özü maraq göstərmir?

- Doğru məntiqdir. Nazirlik özünə bəraət qazandırmaq üçün deyə bilər ki, infrastruktur saxlayır, işçilərə əməkhaqqı verir, servis göstərir. Halbuki, bütün avadanlıqları, inventarları provayderlər alıb ATS-lərdə yerləşdirirlər. Hər halda, 1Mbp sürət üçün 13 manat vəsait ödənilməsi heç bir məntiqə sığmır. «Delta-Telekom» şirkəti 40 faiz endirim etdikdən sonra, növbəti addımı nazirlik atmalıdır. Dövlət qurumu qoyulan məbləği aşağı salmalıdır. Məlum deyil ki, həmin xərclər hara yönəlir.

- Osman bəy, burada hər bir istiqamətdə istehlakçıların hüquqları pozulur. İnternet istifadəçiləri öz haqlarını necə tələb edə bilərlər?

- Bununla bağlı kifayət qədər boşluqlar mövcuddur. Azərbaycan İnternet Forumu zaman-zaman monitorinqlər aparır, ictimaiyyətin diqqətini cəlb edirik, dövlət qurumlarına müraciət edirik. Provayederlərin kütləvi oğurluğu çox ciddi problemə çevrilib. Azərbaycandakı internet istifadəçilərinin hüququları ilə bağlı məsələni qarşıdakı illərdə daha da gündəmə gətirib, ciddi məşğul olacağıq. Rabitə və İnformasiya Texnologiyaları və İqtisadi İnkişaf Nazirlikləri də burada maraqlı olmalıdırlar.

- Qanunvericilikdə internet istifadəçilərinin hüquqlarını qoruyan müddəalar yoxdur ki?

- Təbii ki var. Sözsüz ki, bu istehlakçıların hüquqlarının pozulması deməkdir. Və internet istifadəçilərinin haqları «İstehlakçı hüququları haqqında» Qanunla qorunur. Amma hüquq pozuntularına dair faktlar əldə etmək üçün gərək monitorinqlər aparılsın. Hazırda müəyyən prosedur qaydalar hazırlayırıq. Çox güman ki, yaxın gələcəkdə məhkəmə çəkişmələri olacaq.

//bizimyol.az (Vüsalə RÜSTƏMOVA )

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə