Neft Akademiyasında baş verən terror hadisəsindən dərhal sonra mobil rabitədə və internet sistemində problemlər yaranıb.
Xeberler.az bildirir ki, telefonla danışmaq, saytları açmaq müşkülə çevrilib.
Ən ağrılı məqam isə hadisə baş verən dəqiqələrdə televiziyaların operativ informasiya verməməsi idi. Dünən saat 11:30 qədər telekanallar ancaq şou, əyləncə proqramları və teleseriallar verirdi.
Xəzər TV və İTV-də muğam, ATV-də kliplər, Az.TV-də konsert, ANS-də Nisə Qasımovanın «Xoş vaxt olun» proqramı yayımlanırdı. Faciədən yarım saat sonra ATV Aygun Kazımovanın «Xeyir ola» şousunu təkrarını efirə vermişdi. Az.TV isə «Xəbərlər» proqramında dövlət başçısının Avropaya səfərindən süjetlər verirdi.
Ancaq SNN-Türk başda olmaqla Türkiyənin əksər televiziyaları Azərbaycan paytaxtından birbaşa xəbərlər yayımlayırdılar. Yerli telekanallardan yalnız saat 12 xəbər buraxılışlarında ANS və İTV terror hadisəsi barədə məlumat verdi.
Niyə fors major vəziyyətdə Azərbaycanda rabitə və internet sistemi işləmədi? Telekanallar əhalini operativ informasiya ilə təmin etmədi?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, istənilən ölkədə informasiya artanda informasiya resurslarına giriş artır: «Ancaq ölkənin informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən yanaşsaq, informasiya resurslarına giriş və telefon əlaqələri ilə sərbəst istifadə həmişə əlçatan olmalıdır. Yəni informasiya sistemləri elə qurulmalıdır ki, fors-major situasiyalarda yaranacaq problemlər nəzərə alınsın». O.Gündüzün sözlərinə görə, söhbət internet resurslara müraciətlərin normal səviyyəyə çatdırılmasından gedirsə, giriş-çıxış trafikləri yetərli olmalıdır: «Konkretləşdirsək, internet kanalının həcminin artırılmasına ehtiyac var. Eyni zamanda, hökumətlə bərabər informasiya resurslarının sahibləri də fors-major situasiyalarına hazır olmalıdırlar. O cümlədən mobil operatorları və telefon şəbəkəsi istifadəçiləri standartlara əməl etməlidirlər».
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov isə internet sistemində heç bir yüklənmə baş vermədiyini deyib. Şöbə müdiri «Mediaforum»a bildirib ki, xəbər saytlarına girişin çətinləşməsi internetin zəif işləməsi kimi başa düşülməməlidir: «Bu, saytların serverlərinin özü ilə əlaqəlidir. Ekstremal şəraitdə saytlardan məlumat almaq istəyənlərin sayı çoxaldığına görə serverdə yüklənmə baş verir və saytlara giriş ağırlaşır. Yüklənmə yalnız xəbər saytlarında baş verib. Həm də bu cür hadisələr təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkələrində baş verir».
Televiziya mütəxəssisi Zeynal Məmmədli telekanalların faciə baş verən zaman operativ işləməməsini iki amillə əlaqələndirdi: «Birinci amil qeyri-peşəkarlıqdırsa, ikincisi müstəqil olmamaqdır. Telekanallar hansısa xəbərin verilməsi ilə əlaqədar hakimiyyət mərkəzindən icazə almalıdırlar. Mən inanmıram ki, Azərbaycan televiziyaları Neft Akademiyasındakı faciədən çox gec xəbər tutublar. Amma xəbər tutsaydılar belə, şifahi formada məlumatı yayıb sonra gün ərzində vəziyyəti diqqətdə saxlaya bilərdilər». Z.Məmmədli dedi ki, əgər ölkədə ictimai rəy önəmli rol oynamayanda, insanlar televiziyarda hansı proqrama baxdıqlarının fərqinə varmayanda və öz hüquqlarını tələb etmək səviyyəsində olmayanda elektron KİV-lər də bu şəklə düşür: «Onsuz da informasiyanı gizlətmək mümkün olmayacaqdı. Ona görə də telekanalların operativ olmamasında müstəqillikdən çox qeyri-peşəkarlıqları rol oynayır. Necə yəni, paytaxtın mərkəzində gəncləri qətl edirlər, amma televiziyalar susur. Heç olmasa, anons verməliydilər ki, önəmli xəbər gözlənilir və bundan sonra proqramlar dəyişdirilməliydi».
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri