Qısa telefon nömrələri necə verilir ?

04-05-2015 / 11:33

Ölkədə fəaliyyət göstərən müxtəlif  hüquqi  və fiziki şəxslər, operatorlar, provayderlər, TV və radiolar,  ayrı-ayrı dövlət və özəl xidmətlər müxtəlif məqsədlər üçün  3 və 4 rəqəmli prefikslər( qısa nömrələr) əldə edirlər.

Bu, o deməkdir ki, vətəndaşlar və hüquqi şəxslər daha tez əldə oluna bilən, daha yadda qalan həmin nömrə vasitəsi ilə bu qurumlarla əlaqə saxlayacaqlar. Yəni, bu nömrələr qurumla  ictimaiyyət arasında əlaqəni daha əlçatan edir.

Son günlərdə müşahidələrimiz göstərir ki, qısa nömrəni əldə etmək problemə çevrilib. Söhbət etdiyimiz xeyli sayda insanlar qeyd edir ki, onlar qısa nömrə əldə edə bilmirlər. Səbəb olaraq isə onlara deyilir ki, qısa nömrələr artıq qalmayıb və yaxud da onların  bu barədə müraciətlərinə ətraflı məlumat verilmir.

Nazirliyin təqdim etdiyi qısa nömrələrin siyahısında diqqətimizi bir məqam da çəkdi. Belə ki, bir quruma məxsus bir neçə qısa nömrə qeydiyyatdadır.

Xəbərlər məsələ ilə  maraqlanıb ki, qısa nömrələri necə əldə etmək olar, hansı qurumlar bu nömrələri verir və bu fəaliyyət necə təşkil olunur? Bu tip nömrələrin əldə edilməsi ilə bağlı tariflər necədir ?

Yəni, qısa nömrə əldə etmək istəyən hər hansı fiziki və ya hüquqi şəxs kimə müraciət etməli və  nömrəni əldə etmək üçün nələrə diqqət etməli, hansı mərhələdən keçməlidir?

Araşdırmalarımız nəticəsində məlum olub ki, qısa nömrələr  Rabitə və Yüksək  Texnologiyalar nazirliyi tərəfindən təqdim olunur və indiyədək də xeyli sayda fiziki və  hüquqi şəxslərə bu tip nömrələr verilib. RYTN-nin saytında da bu haqda elə qısa formada da informasiya verilib. Təəssüf ki burada Nazirliyin yeni adı da hələ yenilənməyib.
http://mincom.gov.az/fealiyyet/telekommunikasiya/qisa-nomreler/#


Nazirlikdən bu barədə ətraflı məlumat almaq istəsək də bizə bu məsələni ictimailəşdirmək istəmədiklərini deyib,  konkret bir cavab verməkdən yayındılar.

Görünür, nazirlik qısa nömrələrlə bağlı fəaliyyət prinsiplərini açıqlamaq istəmir. Elə rəsmi saytlarında da bu haqda yetərli infomasiya tapmaq mümkün deyil. Bunun səbəbi və məqsədi bizə də qaranlıq qaldı.

Bildiyimizə görə, bu məsələnin tənzimlənməsi, təşkili məsələsində  Bakı Telefon Rabitəsi  İstehsalat  Birliyi də fəaliyyət göstərib, məsuliyyət daşıyır.

Bakı Telefon Rabitəsi  İstehsalat  Birliyinin Baş direktorunun  müavini   Xankişi Xankişiyev  Xəbərlər-ə bildirib ki, nömrə resurslarının ayrılması birbaşa Rabitə və Yüksək Texnologiyalar nazirliyinə aiddir.

BTRİB-in fəaliyyətinə gəlincə isə o, qeyd edib ki, onlar sadəcə bu tip nömrələr ayrıldıqdan sonra onun texniki təminatı, bütün ölkə boyu istiafdəsinin təmin olunması üçün texniki parametrləri müəyyən edirlər.
Onun sözlərinə görə, nömrə ünvandır. Nömrələrin  hansı  şəbəkədə  qoşulmasını operatorlar müəyyən edir. Məsələn, ola bilər ki, Gəncədən və digər bölgələrdən qısa nömrələrə qoşulma olsun. Bu işləri rabitə təşkil edir. Xankişi Xankişiyev deyib ki, qısa nömrələrlə bağlı müraciətləri  digər provayderlər BTRİB-ə ünvanlayır və onlar texniki parametri müəyyənləşdirirlər ki, qısa nömrələr hansı şəbəkə üzərindən işləyəcək.

Beləliklə məlum oldu ki,  qısa nömrələrin texniki təminatı telekommunikasiya operatorları tərəfindən həyata keçirilir. Amma qısa nömrələrin əldə  edilməsi mexanizmi kifayət qədər qaranlıqdır.  Aydınlaşdırdıq ki, nömrə ilə bağlı müraciətlər RYTN-ə edilir,  lakin bundan sonrakı fəaliyyət haqqında məlumat əldə etmək mümkün deyil.
Proses kifayət qədər qeyri-şəffaf aparılır.

Yəni, bu, bir növ mobil operatorların məşhur nömrələrini,  onların  qısa nömrələrini əldə etmək uğrunda mübarizəyə bənzəyir.
Amma operatorlar heç olmasa belə nömrələrin qiymətlərini açıqlayırlar. Bəs görəsən, nazirliyin məşhur  qısa nömrələrini, lap elə adi qısa nömrələrini  necə və  hansı qiymətə əldə etmək olar!? Ümumiyyətlə bu tip nömrələrin əldə  edilməsi üçün görəsən hansısa ödəniş nəzərdə tutulurmu ?

Mövzuya qayıdacağıq.

Məltəm Talıbzadə

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə