“Evdar xanımlar da onlayn ticarət səhifələri yaradıb, məhsullarını sata bilər”
Xeberler.az “İKT Qadınlar” rubrikası çərçivəsində növbəti qonağımız Azərbaycan Dövlət İqtisadiyyat Universitetində İKT Mərkəzinin direktoru Zöhrə Həsənovadır.
Zöhrə Həsənova ilə müsahibəni təqdim edirik:
- Zöhrə xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər.
- Bu sahəyə marağım universitet illərinə təsadüf edir. Belə ki, həmin vaxtlar Elektron Hesablama Maşınları şöbəsi yarandı. Özüm ixtisasca riyaziyyatçıyam. 1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsini bitirmişəm. 1980-cı ilə kimi Naxçıvan Pedaqoji İnstitutunda İnformatika fənnini, 2 saylı orta məktəbdə isə Riyaziyyat fənnini tədris etmişəm.
Universiteti bitirdikdən və bir müddət ixtisasım üzrə işlədikdən sonra İKT sahəsi mənə daha da maraqlı gəlməyə başladı. Baxmayaraq ki, ixtisasım riyaziyyat idi, elmi müdafiə işim də riyaziyyat sahəsi bağlı idi. Lakin İT sahəsinə keçməyə qərar verdim.
İKT-ni idman sahəsinə bənzədirəm. Hər zaman işinin başında olmalısan. Hey arxasınca qaçırsan, tam çata bilmirsən. Texnologiya o qədər inkişaf edib ki, hər 14 dəqiqədə yeni bir şey yaranır, kəşf edilir. Mən də çalışıram ki, müasir texnikanı, olduğu kimi qavrayım. Bu bilgilərmidən çıxış edərək İKT-ni universitetdə tələbələrə düzgün formada çatdırmaq üçün xeyli çalışmalıyıq. Tələbəlik illərindən sonra işlədiyim müddətdə isə mənə uyğun olan sahənin İKT olduğuna əmin oldum.
- Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?
- XX əsrdə İKT sahəsində kişilər üstünlük təşkil etdiyi üçün bəzən onlarla ayaqlaşmaq olmurdu. Qadınlar övladlarına vaxt ayırmağa çalışırdı.
Mən də çox vaxtımı yeni texnologiyanın öyrənilməsinə həsr edirdim. Artıq o zamanlar biz də 5-ci nəsil Hesablama Maşınlarından, fərdi kompüterlərlə işləyirik. Amma indiki dövrə qədər olan bütün nəsil Hesablama Maşınlarını öyrənmişik. Hər nəsilə aid proqramlar tərtib etmişik. İndi artıq hazır proqramlarla işləyirik. Əvvəlki dövrlərələrlə müqayisədə texnikadan istifadə etmək, məlumat almaq, öyrənmək indi çox asanlaşıb. İnternet resurslarını istənilən informasiyanı əlcatan edib.
-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ünsiyyətcil olmurlar. Siz necə, tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdinizmi?
- Qəribədir, niyə belə düşünürlər ? (gülür) Əksinə, tanıdığım mütəxəssislərin çoxu ünsiyyət qurmaqdan çəkinmirlər. Sadəcə çoxdanışan olmurlar, konkret mövzulardan danışmağı xoşlayırlar. Tələbəlik illərim çox şən keçib.
-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?
- 1980-1988-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunun “İnformasiya Hesablama Mərkəzi”ndə mühəndis-proqramçı vəzifəsində çalışmışam.
Daha sonra isə N.A.Voznesenski adına LMİİ-nun filialında böyük mühəndis proqramçı vəzifəsindən aparıcı proqramçı vəzifəsinə qədər yüksəldim. 2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya Hesablama Mərkəzi”ndə direktor vəzifəsində çalışıram.
-İşinizdə ən sevmədiyiniz, sizə çətinlik yaradan xüsusiyyət nədir?
- Hər gün yeni məlumat öyrənmək, yeni texnologiyalarla maraqlanmaq mənə zövq verir. İşimi sevirəm. Bəzən auditoriyada tələbələrlə söhbət zamanı yeni çıxan məhsul, texnika haqqında eşidirəm. Bilmirəmsə, dərhal Google-da araşdırma edib ətraflı öyrənməyə çalışıram.
Tələbələr dərs zamanı texnologiyadan istifadə edir. (gülür) İnformasiya və kommunikasiya texnologiyaları - kompüter, internet və elektron çatdırma sistemləri, radio, televizor, proyektorlar, ağıllı lövhələr və digərləri, müasir təhsil sahəsində geniş istifadə olunur. İKT tədrisdə, təlimlərin keçirilməsində, qiymətləndirilməsində getdikcə daha çox və müvəffəqiyyətlə tətbiq olunur. İKT düşünülmüş güclü alətləri vasitəsilə təhsili dəyişdirir. Təhsilə əlçatanlığın genişlənməsinə İKT-nin təsiri yüksəkdir. İKT vasitəsi ilə təhsil istənilən vaxtda və istənilən yerdə aparıla bilər. İndi bütün kursların onlayn materialları saytda yerləşdirilib, günün 24 saatı, həftənin yeddi günü əlçatandır.
-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?
- Son zamanlar tədbirlərdə tez-tez oluram. Axırıncı dəfə "kitabxanaların avtomatlaşdırılması" ilə bağlı Türkiyədə keçirilən tədbirdə iştirak etdim. Və xüsusilə də tədbirlərdə qadınların iştirakına diqqət yetirirəm. Türkiyədə İT sahəsində işləyən rəfiqələrim çoxdur. Müşahidə edirəm ki, qadınların bu sahədə iştirakı zamanla müsbət istiqamətdə dəyişir. Gələcəkdə qadınların İKT sahəsindəki mövqeyi daha yüksək olacaq.
-İKT-nin inkişafında qadınların rolunu necə dəyərləndirirsiniz?
- Qadınların bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirirəm. Neçə illərdir ki, bu sahədəyəm. Bu sahədə baş verən hadisələrdən, bu sektora gələn bütün kompüter nəsillərindən xəbərim var və görürəm ki, respublikada sürətli inkişaf gedir. Əvvəl qadınlar daha çox humanitar sahələrlə məşğul olurdu. İndi isə dövr başqadır. Və qadınlarımız bununla ayaqlaşır. Həmçinin, xanımlar müasir dövrlə ayaqlaşaraq kompüter elmlərinə də maraq göstərirlər.
-Uzun müddətdir ki, bu sahədə çalışırsız. Bu sahəyə yeni başlayan, gəlmək istəyənlərə nə məsləhət görərdiniz?
- Hazırki dövrdə hər kəsin texniki vasitələrlə böyük resurslardan istifadə etmək imkanı var. Təhsildə Universitetimiz İKT-nin inkişafı, İKT-nin köməkliyi ilə təhsili daha da asanlaşdırmaq üçün mühüm addımlar atır. Çalışıram ki, dərslərimiz texniki avadanlıqların köməyi və dəstəyi ilə interaktiv şəraitdə keçsin. Universitetim böyük elmi bazalarla əlaqələri var. Tələbələrə məsləhət görərdim ki, bundan yetərincə faydalansınlar. Yaxşı mütəxəssis olmaq istəyirlərsə hökmən bir neçə xarici dil bilməlidirlər.
-İnformasiya texnologiyaları Mərkəzi olaraq nə kimi işlər görürsüz?
- Öncə qeyd edim ki, əvvəllər Mərkəzin adı İnformasiya Kommunikasiya Texnologiyaları olub. Lakin Elmi Şuranın son iclasında Mərkəzin adı dəyişdirilərək Avtomat İdarəetmə Mərkəzi oldu. Mərkəzimizdə dünyanın bir çox elmi bazaları ilə əlaqələr qurulub. Tələbələr ödənişsiz olaraq həmin bazadan yararlana bilirlər. Universitetin ayrıca server otağı, kompüter mərkəzi də var. Bununla yanaşı Microsoft-un İT akademiyasına universitetimiz abunə yazılıb və tələbələr onlayn rejimdə oxuyaraq dünyanın məşhur Microsoft şirkətinin sertifikatlarını əldə edə bilərlər. Universitetimiz bunun üçün tələbələrə ödənişsiz olaraq şərait yaradır.
-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz və səbəbi ?
- Facebook, Instagram, Twitter-də hesablarım var. Facebook-da tələbərin suallarına cavab verirəm. Bəzən müzakirələrə qoşuluram. Universiteti bitirib xaricdə yaşayan tələbələrimlə Facebook, WhatsApp vasitəsilə əlaqə saxlayıram.
-Siz öz şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?
-Universitetin korporativ maili var. Şəxsi mailimdən də gün ərzində aktiv istifadə edirəm. Vaxtaşırı olaraq profilaktik tədbirlər görürəm. Mailin parolunu daha güclü seçir, mütəmadi dəyişirəm. Digər hesablarımın parolları ilə oxşar olmamasına xüsusi diqqət yetirirəm.
-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?
- Günün çox hissəsi işimlə əlaqədar kompüterim həmişə açıq olur. Məlumatları, yaxud hansısa sənədi kağız formasında yox , elektron formada ümumi şöbəyə göndəririk.
Bütün sənəd dövriyyəsi elektron formada həyata keçirilir. Evdə mühazirə hazırlayanda hansısa məlumatı dəqiqləşdirmək üçün mütləq internet lazım olur.
-Özünüzə vaxt ayıra bilirsinizmi?
-Baxımlı olmağı hər xanım istəyir. Ancaq bunu işlə balanslaşdırmaq çətindir. Təbii ki, bəzən işlərin çoxluğundan özümə və ailəmə vaxt ayırmaq çətin olur. Sağlam həyat tərzimi qorumağa çalışıram. Övladlarımla, nəvələrimlə daha çox vaxt keçirməyə çalışıram.
- İKT sahəsində hansı mükafatlarınız var ?
- 2011-ci ildə Prezidentin sərəncamı ilə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərimə görə “Tərəqqi” medalı ilə təltif edilmişəm. İşimdə daim irəliləmək mənimçün uğurdur. Özümdən daim yenilik gözləyirəm.
- Texnologiyanın mənfi tərəfləri varmı ?
-Texnologiyalar inkişafı yalnız irəli aparır, vaxta qənaət edir. Texnologiyanın bəlkə də yeganə mənfi tərəfi fiziki hərəkəti və canlı ünsiyyəti bir qədər azaltmasıdır. Amma məcburi fiziki hərəkəti idmana vaxt ayırmaqla da əvəz etmək mümkündür. Hər şey insanın özündən asılıdır, onun həyatını şüurla planlaşdırmasından, vaxtına qənaət etməsindən.
-Uşaqların texnologiyalardan düzgün istifadəsi ilə bağlı valideynlərə nə məsləhət görərdiniz?
- Nəvəmə də bəzən kompüterdən çox istifadə etdiyi zaman irad tuturam. Amma indi uşaqlar dərslərini internetin köməyi ilə asanlaşdıra bilirlər. Təqdimatlar hazırlayır, internetdən mövzu ilə bağlı maraqlı məlumat toplamaq imkanı əldə edirlər. Bizim kitabxanalarda keçirdiyimiz, bəzən axtarıb tapa bilmədiyimiz məlumatları indiki gənclər rahat evlərində əyləşərək dünyanın istənilən nöqtəsindən asan şəkildə informasiya ala bilirlər. İnternet məsafələri kiçiltdi. Dünya ovucumuzun içindədi. Bir kliklə məlumatları rahatca tapa bilirik. Valideynlərə məsləhətim azyaşlılarla canlı ünsiyyətə daha çox vaxt ayırsınlar. Uşaqlar sakit olsun deyə hamı övladına telefon, planşet verib başını qatmağa çalışır. Lakin bu gələcəkdə ciddi problemlər yarada bilər.
-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?
-Əvvəllər məişət işlərini öyrənmək üçün gərək kiminsə yanında dayanıb, prosesi izləyirdim. Bir müddətdən sonra da yaddan çıxırdı. Öyrənmək də nə qədər vaxt aparırdı. İndi bütün bunlar sosial mediada cəmlənib. Xanımların öyrənməsi üçün kifayət qədər yemək reseptləri, video resursları var. Xanımlarımız öyrəndikcə öyrətməlidirlər. Aktiv olmalıdırlar. Zəhmət çəkməkdən çəkinməsinlər. Dünyaya açılmaq, ünsiyyət qurmaq lazımdır. Evdə oturmaqla onlayn ticarət səhifələri yarada, hazırladıqları məhsulları rahatlıqla sata bilərlər. Hazırda xaricə getmədən distant təhsil almaq imkanı yaranıb. Bu, xüsusilə fiziki məhdudiyyəti olan, yaxud işləyən insanlar üçün çox yaxşı seçimdir. Yaxud müəllim yanına getmədən onlayn rejimdə xarici dil öyrənmək imkanı var. Hansı ki, əvvəllər tələbələr vaxt qıtlığından, yaxud maddiyyata görə bunları edə bilmirdilər. Hər kəs lüğətləri pul vermədən, onlayn rejimdə əldə edə bilirlər.
-Sizcə 10 il uzağa baxsaq, texnologiyalar bizi idarə edəcək, yoxsa daha çox həyatımızı asanlaşdıran bir vasitəyə çevriləcək?
-İstənilən texnologiyanı insan kəşf edir. Sadəcə gələcəkdə insan əməyinə daha az ehtiyac olacaq. Ağır işləri insanların əvəzinə robotlar edəcək. İnsanlar daha çox yaradıcılıq fəaliyyəti ilə məşğul olacaq.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri