Xəbərlər “İKT QADINLAR” rubrikası çərçivəsində “Azertelecom” şirkətinin Verilənlər və səs ötürülməsi xidmətləri şöbəsinin rəhbəri, “Femmes Digitales - Azərbaycan qadınları İKT-də” klubunun üzvü Aida Sultanova ilə müsahibəni təqdim edir:
-Aida xanım, necə oldu ki, İKT sahəsinə marağınız yarandı? Adətən kişilər bu sahəyə maraq göstərirlər. İKT sektorunda qadın olmaq çətindir?
-1988-ci ildə məktəbi bitirəndə kompüter həyatımıza yenicə daxil olurdu və bu texnologiyaya maraq böyük idi. Hamı məsləhət görürdü ki, kompüterlərin tətbiq olunduğu ixtisaslara yiyələnim və bu istiqamətdə təhsil alım. Mən valideynlərimin, əsasən atamın məsləhətinə qulaq asıb Azərbaycan Texniki Universitetinin Avtomatlaşdırma və Hesablama Texnikası fakültəsinə daxil oldum. Seçdiyim sahə çətin olsa da maraqlı idi və məni özünə cəlb edirdi.
-İKT sahəsində ilk iş yeriniz və vəzifəniz nə olub?
-Tələbə ikən Bakı Teleqraf Şirkətində elektromexanik vəzifəsində fəaliyyətə başladım. İlk işim də bu oldu. Daha sonra Texniki Universiteti bitirdim və mühəndis kimi çalışmağa başladım.
-Karyeranızın ilk illərində hansı çətinliklərlə qarşılaşırdınız?
-İKT sahəsində çalışmağa başlayanda bu sahədə biliklər qazanmalı idim və bütün bunları mənimsəmək, başa düşmək üçün təcrübə şərt idi. Heç bir şey asan əldə olunmur. Nə isə əldə etmək üçün özündə güc, potensial tapmalısan. Yeniliyə başlamaq elə də asan deyil, səni çətinliklər gözləyir.
-İşinizdə ən sevmədiyiniz xüsusiyyət nədir?
-Öz işimi sevirəm. Nə isə əldə etmək istəyirsinizsə, bunun üçün davamlı çalışmalısınız.
-Övladınız informasiya texnologiyalarından aktiv istifadə edirmi?
-Qızımın 10 yaşı var və uşaq yaşlarından kompüterlə tanışdır. Düşünürəm ki, buna görə də o, bizdən şanslıdır. Bir məsələni də qeyd edim: ailədə bir araya toplaşanda mobil telefon və ya planşetdən istifadə etmirik. Amma etiraf etməliyik ki, uşaqlarımızı müasir texnologiyalardan uzaqlaşdırmaq düzgün deyildir. Övladlarımıza anlatmalıyıq ki, kompüter, ipad, ipod və ya başqa kommunikasiya vasitələrinin rolunu həyatda düzgün qiymətləndirməyi bacarmaq gələcəkdə onlar üçün faydalı olacaqdır.
-İKT sahəsindən əlavə hansısa biznesiniz varmı?
-Telekommunikasiya sektorunda 22 ildir ki, çalışıram və son 4 il “Azertelecom” şirkətində verilənlər və səs ötürülməsi xidmətləri şöbəsində rəhbər işləyirəm. İşimi çox sevirəm. İşimdən xaric əlavə qazanc əldə etmək barədə heç düşünməmişəm.
-Tələbəlik illəri. Deyirlər ki, İKT üzrə təhsil alan tələbələr ətrafları ilə ünsiyyət qurmaqda çətinlik çəkirlər. Siz necə, tələbəlik illərində qrup yoldaşlarınızla münasibət qura bilirdinizmi?
-Ətrafımda olan insanlarla ünsiyyət qurmaq mənim üçün heç vaxt problem olmayıb. Hətta indi də tələbə yoldaşlarımla mütəmadi zəngləşir, bir-birimizdən xəbər tuturuq.
-Səfərlərdə tez-tez olursunuz? Xarici İT tədbirlərdə kişilər yoxsa qadınlar çoxluq təşkil edir?
- Doğrudan da əvvəllər bu sektorda qadınların azlığı hiss edilirdi. Lakin son zamanlar İKT sahəsində fəaliyyət göstərən qadınların sayının artması nəzərə çarpır ki, bu da arzuolunan tendensiyadır. İT sahəsində işləyən kişilərin çoxluq təşkil etməsini isə normal qəbul etmək lazımdır.
-Bu sahədə qadınların rolunu necə dəyərləndirirsiniz?
-Bu sualı bir neçə il əvvəl versəydiniz, fikrim başqa cür olardı. Hazırda bu sektorda qadınların yüksək ixtisasa malik olmalarının şahidi oluram. Bu da sevindirici haldır.
-Sosial şəbəkələrdən hansından daha çox istifadə edirsiniz və səbəbi ?
-Facebook-dan nisbətən çox istifadə edirəm. Sizinlə də orada tanış olduq (gülür).
-Facebook-da paylaşdığınız şəkillərin altında sizi narahat edən şərhlər alırsınızmı?
-Facebook-da şəkil paylaşmağı sevmirəm, xüsusilə də öz şəkillərimi. Amma paylaşsam da əminəm ki, problem yaşanmayacaq.
-Siz öz şəxsi məlumatlarınızın təhlükəsizliyini necə təmin edirsiniz? Elektron məlumatlarınızın oğurlanması və arzuolunmaz müdaxilə halları ilə rastlaşmısınızmı?
-Bu sektorda olduğum üçün hər şeyi dəqiq bilirəm. Belə hallarla rastlaşmamaq üçün müxtəlif təhlükəsizlik sistemlərindən, spamlardan qorunmaq üçün antiviruslardan istifadə edirəm.
-Sizə kişilərlə yoxsa qadınlarla işləmək daha rahatdır?
-Cinsindən asılı olmayaraq ən vacibi işindən zövq almaqdır. Ancaq etiraf edim ki, kişilərlə işləmək mənim üçün daha rahatdır.
-Qərar qəbul edərkən kiminlə məsləhətləşirsiniz?
-Demək olar ki, bütün ciddi qərarlarımı yoldaşımla məsləhətləşib verirəm. Ağıl ağıldan üstündür.
-Qadına öz sahəsində uğur qazanmaq üçün nə lazımdır?
-Səbr, iradə, ən əsası özünə inam. Məncə, hər şeyin təməlində özünə inam dayanır.
-İnternetdə hər gün neçə saat vaxt keçirirsiniz?
-İşimlə əlaqəli olaraq səhər tezdən axşam saat 6-ya kimi ehtiyac yarananda İnternetdən istifadə edirəm. Evə gedəndən sonra isə çox istifadə etməməyə çalışıram. Ümumiyyətlə, telefondan, kompüterdən asılı deyiləm.
-Sizcə, texnologiyanın müsbət və mənfi tərəfləri nələrdir?
-Ətrafımıza baxsaq hər şeyin necə mükəmmələ doğru inkişaf etdiyini görərik. Əvvəllər bir məktubu yazıb göndərmək bir neçə saat vaxtımızı alırdı. İndi isə bir an ərzində bir düyməni basmaqla bu işi görə bilirik. Həyatımızı asanlaşdırdığı üçün texnologiyalara minnətdar olmalıyıq. Texnologiyalar bəzən insanları robotlaşdırır və passiv həyat tərzinə sürükləyir.
-Qadınların həyatında texnologiya nəyi asanlaşdırıb?
-Robotlar, evdə istifadə etdiyimiz avadanlıqlar, soyuducu, ütü, tozsoran və s. məişət əşyaları vaxtımıza və gücümüzə qənaət etmək üçün böyük vasitələrdir. Bütün bu texnologiyalar qadınların həyatını asanlaşdırır.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri