Təhsil haqqında dövlət sənədləri elektron formada veriləcək

08-01-2026 / 17:47

Təhsil haqqında dövlət sənədlərinin təsvirləri və onların verilməsi qaydaları təsdiqlənib.

Xeberler.az məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təhsil haqqında dövlət sənədlərinin tam elektron formatda verilməsini təmin edən yeni qaydalar təsdiqlənib. Yeni qərara əsasən, ali, orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə diplomlar, attestatlar, sertifikatlar və onlara əlavələr hüquqi qüvvəyə malik elektron sənədlər kimi formalaşdırılacaq. Bununla da təhsil haqqında dövlət sənədlərinin verilməsi prosesi tam şəkildə rəqəmsal mühitə keçirilir.

Həmçinin Nazirlər Kabinetinin 29 aprel 2010-cu il tarixli 82 nömrəli qərarı ləğv edilir və onun əvəzinə rəqəmsallaşma və elektron hökumət prinsiplərinə uyğun yeni mexanizmlər tətbiq olunur.

Yeni qaydaların əsas üstünlükləri:

- Təhsil haqqında dövlət sənədləri "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi" (TMİS) üzərindən elektron formatda formalaşdırılacaq;

- Təhsil sənədlərindəki məlumatlar Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə təhlükəsiz şəkildə təqdim və əldə edilə biləcək;

- Bütün təhsil pillələri üzrə sənədlərə ştrix-kod əlavə olunaraq onların həqiqiliyinin operativ və onlayn yoxlanılması təmin ediləcək;

- Məzunlar sənədlərini elektron kabinetlərindən istənilən vaxt əldə edə, elektron qaydada paylaşa və zərurət olduqda çap edə biləcəklər;

- Təhsil sənədlərinin dublikatlarının verilməsi, ləğvi və yenidən tərtibi vahid, şəffaf və tam rəqəmsal prosedurlar əsasında həyata keçiriləcək.

Qaydalarda bakalavriat, magistratura və rezidentura səviyyələri, eləcə də orta ixtisas, peşə və ümumi təhsil pillələri üzrə dövlət sənədlərinin məzmunu, verilmə müddətləri, verilməsindən imtina halları və hüquqi nəticələri sistemli şəkildə tənzimlənir.

Qəbul edilən dəyişikliklər təhsil haqqında dövlət sənədlərinin verilməsində şəffaflığın artırılmasına, inzibati prosedurların sadələşdirilməsinə, vətəndaş məmnunluğunun yüksəldilməsinə və təhsil sistemində rəqəmsal idarəetmənin institusional əsaslarının gücləndirilməsinə xidmət edir.

Qeyd edək ki, diplom ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili), magistratura və rezidentura səviyyələri üzrə təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 iş günü müddətində hazırlanacaq.

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə