Dəfələrlə yazmışıq ki, XXI əsr insanı artıq sosial internet şəbəkələrinin əsirinə çevrilib. Səhər əl-üzünü yumamış “görəsən bizimkilər indi nə yazıb” deyə kompüterə cuman, gecələr isə sosial şəbəkəni “yalqız” qoymayan adamların əhatəsində yaşayırıq. Alimlərə inansaq, Facebook, Tvitter kimi şəbəkələr insanlarda asılılıq yaradır, bir az zəif olanlar üçünsə xəstəliyə çevrilir. Durum bu qədər qəlizdir. Amma hər şey xəstəlik səviyyəsində qalsaydı nə vardı ki...
Müəyyənləşdirilib ki, Facebook nə qədər populyar və faydalı olsa da ondan pis məqsədlər üçün istifadə edənlər də az deyil. Facebook üzündən zaman-zaman yaşanan gülməli və acı hekayələri topladıq. Bu yazı “dəlinin yadına daş salmaq” kimi çıxsa da orada yazılanlardan çıxan ibrət dərsi hətta internet divanələrinin də başına ağıl qoyacaq qədər böyükdür.
***
24 yaşlı ingilis qadın E.Cons keçmiş sevgilisi çılpaq şəkillərini Facebook-da yerləşdirdiyi üçün intihar etdi. Birləşmiş Ərəb Əmirliklərində çalışan müəllimə intihar etdiyi gün İngiltərədəki ailəsinin yanına getməyə hazırlaşırmış. Amma Facebook-da çılpaq şəkillərinin yayımlandığını öyrənən kimi belə qərar verib. İlkin versiyaya görə, BƏƏ kimi mühafizəkar ölkədə çalışan E.Cons bu şəkillərdən sonra ona təzyiqlərin artacağından ehtiyatlanıb. Amma onun ölkədən çıxmaq istəmədiyi də söylənilənlər sırasındadır. Belə ki, gənc qız anası ilə son söhbətində “əgər ölkədən çıxmaq istəsəm, həbs oluna bilərəm” deyib. Consla eyni evdə qalan rəfiqəsi isə öldüyü gün onun cibində pasportunun da olduğunu və əşyalarını yığışdırdığını deyib. Keçmiş sevgilisinə gəlincə... Jamie Brayley adlı bu gənc E.Consun şəkillərini Facebook-da yerləşdirdiyi iddialarını rədd edib.
***
Türkiyənin Elazığ şəhərində iki tələbənin başına gələnləri də Facebook bəlası adlandırmaq olar. Polis 20 yaşlı iki gəncdən 15 gün boyunca xəbər çıxmadığı üçün hərəkətə keçərək onları axtarmağa başlayıb və idarə etdikləri maşının qəzaya uğradığını öyrənib. Amma elə itdikləri gün gənclərdən Onur Üzelin öz Facebook səhifəsində “Doğum tarixi 24.02.1990, ölüm tarixi 04.02.2010. Bu günə nəsib imiş” sözlərini yazması onların intihar qərarı verdiyi və bunu öz Facebook səhifəsi vasitəsilə paylaşdığı güman olunub.
***
Yunanıstanın Krit adasının Hanya şəhərində 14 yaşlı bir lisey şagirdi Facebook-da “Məktəb müdirinə nifrət edirəm” adlı səhifə açdığı üçün başı bəlaya girib. Məktəbin 100 şagirdinin bu səhifəyə qoşulduğundan müdir şagirdi liseydən qovub. Qovmadan öncə 14 yaşlı qız liseyin intizam komissiyası qarşısında müdirdən üzr də istəyib. Amma müəllim heyəti daha öncə də bu sayaq olayların yaşandığını və cəzalandırılma baş tutmasa, bunların təkrarlana biləcəyini nəzərə alaraq qərarından vaz keçməyib. Hanya Orta Məktəb Müəllimləri Dərnəyinin rəhbəri Vasilis Papastamos isə deyib ki, əgər müəllimlər texnologiyanın nailiyyətlərindən xəbərdar olsaydı, bu qədər panikaya düşməzdilər.
***
Avstraliyada yaşayan əkiz qardaşlar Angela və Maruanni Vourlis 20 yaşları tamam olan gün Facebook səhifələrinə girərək gələn təbriklərə baxarkən şoka düşüblər. Belə ki, təbrik oxumaq arzusunda olan əkizlər orada 17 yaşlı qardaşları Bobbi və iki dostunun yol qəzasında öldüyünü öyrəniblər. Dostları onlara qardaşlarına görə başsağlığı verərək səhifələrinə “Bobbi, rahat yat” mesajı yazıbmış. Qəza 6 saat öncə baş versə də polisin ailəyə xəbər verməməsi təpkilərə səbəb oldu. Bu isə Facebook-un polisdən daha operativ işlədiyini üzə çıxardı.
***
Türkiyədə Facebook-un hər gün yeni bəlası yaşanır. Bu yaxınlarda özünü məşhur maneken Sanem Kuyucuoğlu kimi təqdim edən 23 yaşlı Serap B.C. Facebook-da onun adına bir səhifə açıb, profilinə isə manekenin xeyli fotosunu yerləşdirib. Ardınca 52 yaşlı şou xəbər müxbiri Rza Öziş S.Kuyucuoğlu hesab etdiyi manekenlə Facebook vasitəsilə tanış olaraq dostlaşıb. Serap B.C. isə bu yaxınlıqdan istifadə edib jurnalistdən guya ki, bir rəfiqəsinə Antalyada istirahət üçün otel tapmasını xahiş edib. R.Öziş evi tapıb. Ardınca isə dələduz qadın onunla guya S.Kuyucuoğlunu rəfiqəsi adı ilə görüşüb. Tanışlıq bununla da yekunlaşmayıb və jurnalist onun evinə əşya da alıb. Amma az sonra saxta maneken profil səhifəsini bağlayaraq it-bata düşüb. R.Öziş bir tədbirdə həqiqi S.Kuyucuoğlunu görüb ondan bu olanlarla bağlı izahat tələb edəndə isə bütün həqiqət üzə çıxıb. Polis dələduz Serap B.C. haqda araşdırmaya başlayıb.
***
Facebook-da hansısa mövzu ilə bağlı açılan müzakirə, fikir mübadiləsi heç də həmişə intellektual məcrada getmir və yaxşı sonuclanmır. Türkiyədə Facebook-da dartışıb, sonra bunu yumruq davasına çevirənlərin hekayəsi bəs deyincədir. Bu ilin yanvarında Əskişəhərdə baş verən qanlı-bıçaqlı dava da Facebook ucbatından yaşanıb. Gənclər şəbəkədə ağız davasına başlayıb, sonra isə bunu yumruq davasına çevirmək üçün yer müəyyənləşdiriblər. Sonuc? 16 yaşlı gənc özündən 2 yaş böyük birini bıçaqlayıb. Necə deyərlər, biri xəstəxanaya, o biri türməyə...
***
Bu olay da Türkiyənin Antalya şəhərində baş verib. 16 yaşlı bir qız Facebook vasitəsilə tanış olduğu 32 yaşlı bir kişi ilə bir gün parkda görüşüb. Bir müddət söhbət edən “dostlar” daha sonra kişinin israrı ilə parka gəzintiyə çıxıb. Parkdan meşəyə yollanan cütlük arasında az keçmədən xoşagəlməz hal yaşanıb. 16 yaşlı qızcığaz həyat yoldaşından ayrılmış internet “dost”unun təcavüzünə uğrayıb. Bunu ailəsinə bildirəndən sonra isə kişi polis tərəfindən yaxalanıb. Sonuncu bu olayın təcavüz olmadığını, qızın bu ilişgiyə könüllü girdiyini deyib.
***
Facebook lövhəsi deyib keçməyin. Ötən ilin dekabrında Amerikada 18 yaşlı Salum Kombonun 16 yaşlı dostunun lövhəsinə təhqiramiz ifadə yazdığı üçün qətlə yetirilməsi az şeydən xəbər vermir. Xəbərə görə, bu söz ucbatından 16 yaşlı dostu Salumu dəfələrlə bıçaqlayıb və yerdə 400 metr sürüyəndən sonra hovuza atıb. Mərhumun dostları isə bildirib ki, qətlə səbəb heç də Salumun qatilin lövhəsinə təhqiramiz ifadə yazması olmayıb. Sadəcə 16 yaşlı qatil dostlar arasındakı məclisə dəvət olunmayıb və günahı Salumda görərək onu qətlə yetirib.
***
Türkiyənin Sivas şəhərindəki Atatürk liseyində isə Ayşe G. və Dilarə G. adlı iki şagird də Facebook-da müəllimələri Fatma B. barədə yazdıqları təhqiramiz sözlərə görə döyülüblər. Belə ki, liseyin tədbirlərinin birində rəqs edən Fatma B-nin hərəkətləri qızlara xoş gəlməyib və bunu sosial şəbəkədə aşağılayıcı sözlərlə ifadə ediblər. Növbəti gün isə müəllimə onların hər ikisini müdir müavininin otağına çağıraraq danlayıb, ardınca isə müəllimənin əri “ailəmin namusuna dil uzadırsınız” deyərək onların əllərini xətkeşlə döyəcləyib. Şagirdlər polisə müraciət edib, müəllimənin əri isə “onları vurmadım, sadəcə danladım” deyib.
***
Sosial şəbəkədə dostların bir-birinin diqqətini çəkmək üçün “dürtmələməsi” normal hal olsa da Amerikada 36 yaşlı Şanon Cekson bu hərəkətinə görə ya 1 ilə qədər həbs oluna, ya da 2500 dollar cəzalandırıla bilər. Buna səbəb Şanonun dürtmələdiyi şəxslə məhkəmə qərarına görə hər cür ünsiyyəti kəsməsidir. Belə ki, daha öncə məhkəmə bu iki nəfər barədə belə bir qərar verib və Şanon da qarşı tərəfin diqqətini bu cür çəkmək istədiyi zaman sonuncunun təpkisi ilə üzləşib. Məhkəmə dürtmələmə faktını araşdırıb və indi Şanonu cəza gözləyir.
***
İngiltərədə 32 yaşlı Brian Levis 26 yaşlı sevgilisi Haylay Conesi sonuncu Facebook profilindəki “evli” statusunu “subay”la əvəzlədiyi üçün qətlə yetirib. Sənədlərə görə, cütlük rəsmən evli deyildi. Amma 10 ildir birgə yaşadıqları və 4 uşaqlarının olduğunu nəzərə alanda Brian bu status dəyişikliyini xəyanət kimi qiymətləndirərək cinayəti törədib.
***
Türkiyənin İzmir şəhərində Turşucu soyadlı iş adamı daha öncə barlarda işləyən, evlənəndən sonra da bar həyatından vaz keçməyən həyat yoldaşından ayrılmaq üçün Facebook-un xidmətlərindən istifadə edib. Belə ki, xanımı Büşra Sayın bar şəkillərini sosial şəbəkədə yerləşdirdiyi üçün bu, qəzəbli ərinin əlində fakt olub və sonuncu bundan məhkəmədə dəlil kimi istifadə edərək boşanıb. Üstəlik, heysiyyəti təhqir olunduğu üçün B.Sayından mənəvi təzminat da ala bilib.
Sonda. İsmayıl YK-nın “Facebook, bu kızı ordan buldum...” deyə sosial şəbəkə barədə ballandıra-ballandıra bir mahnı oxumasına aldanmayın. Gördüyünüz kimi, Facebook-un ziyanı xeyrindən daha çoxdur. XXI əsrin kəşfi ola bilər, amma neyləyək ki, düz dünya dəlilərlə doludur. Facebook başınızı ağrıtmadan özünüzü ondan qoruyun...
Sevinc TELMANQIZI, YENI MÜSAVAT
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri