Dünyanın ən məşhur jurnalisti Culian Assanj “Hürriyet”ə müsahibə verib
İki aydan çoxdur ki, dünya mətbuatının gündəmindən düşməyən Culian Assanj Türkiyədə çıxan “Hürriyet” qəzetinə açıqlama verib. O, “Wikileaks” həqiqətlərindən danışıb.
- Culian, hazırda özünüzü necə hiss edirsiniz?
- Son iki aydır çox stressli günlər yaşayıram. İki il əvvəl Afrikada qızdırmaya tutuldum. Bu səbəblə çox diqqətliyəm. Stress yorur. Amma hər şeyin bir əvəzi var. Başıma gələ biləcəklərə hazırlıqlıyam. Bu işə girərkən qarşılaşacağım riskin fərqindəydim. Digər tərəfdən mətbuat son 24 saatda üzərinə düşəni edir. “İraq döyüş gündəliyi”nin əks-sədası günlərlə, aylarla danışılacaq. İnsanların dərs çıxarması lazımdır.
- Culian, Siz “İraq döyüş gündəliyi”ni hər şeyə baxmayaraq nəşr etdiniz. Pentaqon sizə və "Wikileaks"ə rəsmi olaraq müharibə elan etdi. İsveç müraciətinizi rədd etdi. "Wikileaks"ə internet yoluyla gələn yardımlar donduruldu. Büdcəniz yoxdur. Ortaya çıxan görüntü çox da parlaq deyil. İki sual yaranır: siz qorxmursunuzmu; “Wikileaksın” gələcəyi necə olacaq?
- Dünyanın dörd bir tərəfindən inanılmayacaq dəstəklər gəlir. Çox gözəl insanlar mənə dəstək verir. Mətbuat ilk dəfə üzərinə düşəni etdi. Etməyə davam edəcək. Daha əvvəlki sənəd ifşalarımda televiziya dəstəyim yox idi. İndi televiziya kanalları da bu sənədlərlə əlaqədar sənədli filmləri göstərməyə qərar verdi. Tam bir əməkdaşlıq içindəyik. Ürəyim rahatdır. Qorxmuram. Təhlükələrə hazırlıqlıyam.
- Bir ara “İraq döyüş gündəliyi”ni nəşr etməyəcəyinizi açıqladınız. Sonra da nəşr edəcəyinizi eşitdirdiniz. Fikrinizi dəyişməyə səbəb nə oldu?
- Bu tam əsassız bir məlumatdır. Pentaqon mənimlə əlaqədar bir çox şayiələr yayır. Bəzi mətbuatlar da buna alət olur. Onsuz da bu cür xəbərləri internetdə yaymaq çox asandır. Mənimlə əlaqədar yayılan bu tipli xəbərdə həqiqət payı yoxdur.
- Sizcə, ”Böyük güclərə' qarşı mübarizə, yəni müasir Don Kixotluq etmək mümkündürmü?
- “Ola bilməz” deyə etmədiyimiz şeylərlə bizim özümüzü məhdudlaşdırırıq.
- Siz gerçək xəbərləri, ya da xəbər olan sənədləri dünyaya pulsuz təqdim edirsiniz. Halbuki media maqnatları sizin yerinizdə olsa bu xəbərlərdən böyük pullar qazanardı. Amma siz əslində onları istifadə edib, xəbərlərinizin daha geniş kütlələrə çatmasını təmin edirsiniz. Qəribə bir əməkdaşlıq deyilmi bu?
- Zatən etmək istədiyim də bu idi. Dünya səviyyəsində pulsuz bir şəbəkə qurub, gələn xəbərləri böyük diqqətlə araşdırıb, yığmaq, xalqa təqdim etmək, xalqı məlumatlandırmaq, bunu pulsuz etmək. Əslində bu qəzetlərin işi olmalı idi. Amma indi bizim sayəmizdə onlara hazır xəbərləri nəşr etmək qalır. Qəzetlərin etməsi lazım olanı Wikileaks edir.
- Siz jurnalistikaya fərqli bir dünyagörüşü gətirdiniz. Bunu tam olaraq internet jurnalistikası adlandıra bilmərik. Elə deyilmi?
- Jurnalistikada onsuz da şəffaflıq olmalıdır. İndiki vaxtda jurnalistlər stol arxasında, heç araşdırmadan, barmağını tərpətmədən xəbər əldə edir. Hamısı üçün söyləmirəm. Çürük almalar üzündən yaxşılara xarab deyə bilmərik. Araşdırmaçı jurnalistika mənim etdiyim işin özüdür. Hər şey sənədə, faktlara söykənir. Savadlı insanlara niyə etibar edirlər? Çünki onlar faktlarla, araşdırdıqlarının nəticələri ilə danışarlar. Ağıllarına gələni, ya da başqalarından eşitdiklərini deməzlər. Elmli insanların araşdırmaları illər keçəndən sonra belə başqa alimlər tərəfindən istifadə edilir. Ona ğörə onlar hər zaman hörmət görər. Mənim qəbul etdiyim jurnalistika budur. Nəşr etdiyim hər xəbər həqiqətə söykənir.
- Məlumatlı jurnalistika iş deyil?
- Ciddi bir araşdırma işidir. Qorxu, insanların dəstəyi, sənədlər. Asan məsələ deyil.
- Oxucu hansı jurnalistika növünü təqdir edir?
- Qəzet oxucusuna sadəlövh deyə bilərik. Daha doğrusu, sıravi bir oxucudur. Qəzetdə oxuduğu hər şeyə inanmağa meyllidir. Məlumatlanmaq istər. Bu səbəblə media maqnatlarına işini yaxşı bilən jurnalistlər lazımdır. Yoxsa xalqı səhv məlumatlandırarsınız.
- Yaxşı, sizin nəşr etdiyiniz sənədlərdə etik yanlışlar yoxdurmu? Bu məlumatların Amerika strategiyalarına və milli təhlükəsizliyinə təhdid yaratdığı deyilir. Buna münasibətiniz?
- Belə bir şey olarmı? Tam əksinə. Mən amerikalılara kömək edirəm. Xalqın gerçəyi öyrənməsini təmin edirəm. Rəhbərliklər də inkişaflardan dərs çıxarmalıdır. Daha əvvəl etdikləri səhvləri təkrarlamazlar. Beləcə, yalanlar üzərində nizam olmaz.
- Müsahibələrinizin birində "Murdarları əzməkdən xoşum gəlir" demisiniz. Bu sözlər Obama administrasiyasını narahat edib.
- O müsahibədə Amerika rəsmilərini nəzərdə tutmamışdım. ‘Güclüləri əzmək xoşuma gəlir' demişdim. Buradakı güc bir çox mənada başa düşülə bilər. Zəifin yanında olmağı sevirəm.
- 2003-ci il iyul ayının 5-də Amerika hərbiçilərinin türk əsgərlərinin başına çuval keçirməsi hadisəsini necə qiymətləndirirsiniz? Bu hadisənin arxasındakı səbəb nə idi?
- Bu mövzuyla əlaqədar şərh verə bilmərəm. Sənədlərə söykənərək danışmaq lazımdır. “İraq döyüş gündəliyi” çərçivəsində soruşursunuzsa, bu sənədlər 2004-2009 arasında tutulan gündəliklərin toplumudur. 2003-cü illə əlaqəsi yoxdur.
- Sizə dünyanın dörd bir tərəfindən saysız sənəd gəlir. Bəs əlinizdə Türkiyə ilə bağlı sənədlər varmı? Varsa, daha çox hansı mövzuyla əlaqədar? Və birdə bu sənədləri dərc etməyi düşünürsünüzmü?
- Türkiyə bir çox baxımdan əhəmiyyətli ölkədir. Əlimə də saysız sənəd çatır. Başlıqlara gəlincə Kürd məsələsini, Türkiyənin Avropa Birliyinə üzvlüyünü məsələləri. Ancaq bu sənədləri nəzərdən keçirməyimiz üçün türk dilini bilən bir qrupa ehtiyacım var. Buradan sizin vasitəçiliyinizlə çağırış edirəm. Türkcə bilən tərcüməçilərə ehtiyacım var.
- İngiltərədə bir jurnal tərəfindən 2010-cu ilin ən məşhur 50 adamından biri seçildiniz. Məşhurluğunuz yaydığınız “çox məxfi” sənədlərdən önə keçdi. Sənədlərlə gələn bir yüksəliş əldə etdiniz. Bu şöhrəti hiss edirsiniz?
- Bu mənim şüurlu seçimim oldu. Tanınmağımı yenə sənədlər üçün istədim. Bu formada istədiklərimi daha rahat izah edəcəkdim. Əvvəllər bu qədər məşhur deyilkən daha rahat idim. Amma o zaman da müəyyən bir yerdə qalmırdım. İndi də qaçaraq yaşayıram. Artıq nə etməyimdən asılı olmayaraq hər getdiyim yerdə tanınıram. Baş rolu oynayan adam yox, oyunçu olmaq istəyərəm.
- Sizə çatdırılan saysız sənədin qaynağını bilmirsinizsə maraqlandığınız olurmu heç? Bəzi sənədləri nəşr etmək, qaynağınızı təhlükəyə atmaq mənasını vermirmi?
- Bu çox diqqətlə etdiyim bir əməliyyatdır. Qaynağını bildiyim, ya da bilmədiyim sənədlər olur. Ancaq bunu mütləq bir şəkildə təsdiq etdirirəm. Əlbəttə, sənəd əlimə çatmışsa, müxbir də risk altına girir. Amma risk olmadan cəmiyyətə faydalı işlər görülə bilməz.
- Culian, yaratdığınız zəlzələlərlə daha çox hüquqi çətinliklə qarşılaşa bilərsiniz. “Wikileaks”in gələcəyi təhlükədəmi?
- Məlumatlar kütləviləşdikcə gücümüz də artır. Qorxmuruq, əksinə daha da güclənirik. Hüquqi baxımdan bizə dəstək vermək istəyən təşkilatların sayı da artır. Münaqişələri yaradanlar bundan sonra həqiqətə qarşı qoruna bilməyəcək.
P.S. Culian Assanj son iki aydır hər cür təzyiq və təhdidlərə baxmayaraq, mübarizəyə davam edir.
Mətbuat konfransında da müsahibəmiz zamanı da arabir öskürməsi reportyorun diqqətindən qaçmayıb. O, ollduqca yorğun və yuxusuz görünürmüş. Buna baxmayaraq, cənab Assanj qərarlıymış.
Enerjisinin hardan qaynaqlandığı barədə jurnalistin sualına dünyanın ən məşhur jurnalistinin cavabı belə olub: “İstəmirəm ki, gələcək nəsillər bizim etdiyimiz səhvləri təkrarlasın. Təmiz bir tarix yazmaq lazımdır. Bu yolda mənim və “Wikileaks”in də payının olmasını arzulayıram”.
Tərcümə musavat.com-undur
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri