Data Plus da Delta Telecom-dan ayrılıb?

01-11-2017 / 15:28

Bu gün Data Plus-ın xidmətində yaranan problem və istifadəçilərə kompensasiya verməsi barədə məlumat dərc etdik.

Məsələ ilə bağlı araşdırma edəndə çox maraqlı vəziyyətlə qarşılaşdıq. Belə ki, Delta Telecom-un onlayn statistikasından məlum olur ki, Data Plus artıq bu beynəlxalq  operatordan internet almır.

Məlum oldu ki, artıq bu şirkət interneti ölkənin 2-ci backbone provayder (beynəlxalq operator) olan Azertelecom-dan almaq qərarına gəlib.

Güman ki, şirkətdə aparılan yeniləmələr də bununla bağlı olub. Əvvəllər bu şirkətin Delta Telecom-dakı payı kifayət qədər yüksək , təxminən 6.5 faiz idi. Data Plus  regionlarda Aztelekom-dan sonra ən böyük şəbəkəyə və çoxsaylı müştərilərə malik olan provayderdir.

Bir müddət öncə də məlumat vermişdik ki, Azertelecom-da kadr dəyişikliyi edilərək  ilk dəfə kifayət qədər peşəkar və tanınan yerli kadr rəhbərliyə gətirilib. Bundan sonra isə ölkənin internet və telekommunikasiya bazarında ciddi dəyişikliklər ola biləcəyini qeyd etmişdik.

Artıq ölkədə əsas internet təchizatçıları olan hər iki qurum, Delta Telecom və Azertelecom-un internet bazarındakı xüsusi çəkilərində ciddi dəyişikliklərin başlandığı müşahidə olunur. İndiyədək topdansatış internet bazarında əsas üstünlük təxminən 70%-lə Delta Telecom-a məxsusdur. 

Güman ki, Data Plus Azertelecom-a keçdikdən sonra bu şirkətin internet bazarındakı əvvəlki 30% xüsusi çəkisi daha da artacaq. Çünki Data Plus Azertelecom-a keçməzdən öncə, yuxarıda qeyd edildiyi kimi Delta Telecom -dan internet alan provayderlər arasında  6.5 % xüsusi çəkiyə malik idi. Hazırda isə statistikada bu rəqəm 0 % olaraq görsənir.

Məlumdur ki, ölkədə son dövrlərdə internetin keyfiyyətində ciddi geriləmələr müşahidə olunur. Ekspertlər bu problemlərin həm də internet bazarındakı rəqabətin yetərli olmaması ilə izah edirlər

Onu da qeyd edək ki, Delta Telecom xeyli sayda provayderlərin şirkətə borclu olması ilə bağlı bir neçə dəfə açıqlamalar verib. Hazırda Data Plus-la Delta Telecom arasında borcla bağlı məhkəmə çəkişməsi də davam edir. Adı çəkilən şirkətlər isə məhkəmənin yekunu ilə bağlı açıqlama verməyib.  

Xatırladaq ki, bir müddət öncə ən iri provayderlərdən olan CityNet də Delta Telecom-dan ayrılaraq Azertelecom-a keçib.

Yeri gəlmişkən qeyd edək ki, Strateji Yol Xəritəsində yaxın bir neçə ildə 3-cü backbone provayderin (beynəlxalq operatorun) da internet bazarına daxil olması nəzərdə tutulub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.