ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

08-11-2024 / 08:35

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Zəfər Günü münasibətilə “Kibertəhlükəsizlik laboratoriyası”nın açılışı olub.

Xeberler.az məlumat verir ki, açılış mərasimində ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov Zəfər bayramı ərəfəsində universitetdə belə bir auditoriyanın açılmasının xüsusi əhəmiyyət kəsb etdiyini deyib. Kibertəhlükəsizliyin bütövlükdə milli təhlükəsizliyin tərkib hissəsi olduğunu qeyd edən dosent Vazeh Əskərov ordumuzun döyüş meydanında əbədi Zəfərini qazanmasına baxmayaraq, informasiya müharibəsinin davam etdiyini bildirib.

Universitetdə informasiya texnologiyaları, kompüter elmləri və mühəndisliyi ixtisasları üzrə yüksəkixtisaslı mütəxəssislərin yetişdirildiyini nəzərə çatdıran Vazeh Əskərov “Kibertəhlükəsizlik laboratoriyası”nın açılmasının bu istiqamətdə təhsil alan tələbələrin yetişdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Milli Məclisin deputatı Tahir Mirkişili, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev və digər şəxslər çıxışlarında ADNSU-nun dövlətimiz və xalqımız üçün yetişdirdiyi mütəxəssislərə hər zaman ehtiyac olduğunu vurğulayıblar. Çıxışlarda qeyd olunub ki, bugünkü mütəxəssis müasir dövrün tələblərinə uyğun yetişdirilməlidir və ADNSU-da bu istiqamətdə xüsusi tədris aparılır.

Sonda laboratoriyanın açılışının simvolu olan rəmzi lent kəsilib, qonaqlar burada tələbələr üçün yaradılmış şəraitlə tanış olublar. Laboratoriyanın açılış mərasimindən sonra tədbir iştirakçıları ADNSU-nun 23 şəhid məzunun Xatirə kompleksini ziyarət edib, onların adlarını daşıyan auditoriyalara baş çəkiblər.

Qeyd edək ki, laboratoriya universitetin İnformasiya Təhlükəsizliyi və İdarəetmə fakültəsinin (İTİF) “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan tələbələrinin fərqli kiberhücumların, onlardan müdafiələrin və müəyyən kiberinsidentlərin analizini aparmaq üçün əlverişli alətlər təklif edir.

Üç otaqdan ibarət laboratoriya 30 ədəd kompüter və lazımi proqram təminatı ilə təchiz olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə