Azərbaycanda elektron ticarət xidmətləri göstərən startaplar və layihələr təsdiqlənməyə çalışırlar – ŞƏRH

12-10-2023 / 14:23

“Elektron ticarətin sadəliyi, geniş məhsul seçimlərinin təqdim etməsi və rəqabətli qiymət təklif etməsinə görə ölkəmizdə bu sahəyə maraq olduqca yüksəkdir. Azərbaycanda elektron ticarət xidmətləri göstərəcək böyük platformaların yaradılmasına dəfələrlə cəhd olunub, hazırda da belə platformalar var. Startap olaraq və layihə olaraq da var. Sadəcə ölkəmizdə xalq arasında bu platformalara etimad olmadığı üçün innovasiyanın birbaşa buradan çıxışı internet seqmentində müəyyən inamsızlıq yaradır. Bu səbəbdən ölkəmizdə daha çox artıq mövcud olan və güvən qazanmış beynəlxalq platformalardan istifadə edirik”.

Bunu “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasov deyib.

Ekspertin fikirlərinə əsasən, qardaş Türkiyənin özündə “Trendyol”dan öncə də bu tip elektron ticarət xidmətləri göstərən şirkətlər var idi, lakin populyarlıq qazanan və güvənilir bir platforma olmağı yalnız bir-ikisi qazandı. “Bunlar təkcə onlayn-satış platforması deyil, həm də anbarı, beynəlxalq logistika şirkətləri ilə əlaqələri olan, digər tərəfdaş şirkətlərlə xüsusi memorandumları olan böyük bir layihələrdi. Onlar bu elektron ticarət xidmətləri göstərəndə, həmçinin xüsusi endirimlər də həyata keçirir. Yəni, bu, təkcə ticarət platforması deyil, böyük yatırımlar tələb edən bir layihədir. Dünyada bu tip şirkətlərdən biri də “Amazon”dur. Belə ki, bu şirkətin də dünyanın bir çox ölkəsində böyük anbarları var, logistika sahəsində xüsusi imkanları var, müxtəlif hədiyyəli kampaniyaları mövcuddur. Burada söhbət sadəcə texnoloji tərəfi - sayt yaratmaqdan söhbət getmir, əsas iş marketinq heyətinin üzərinə düşür. Belə layihələrin marketinqi və PR onun uğurlu biznes layihəyə çevrilməsində mühüm rol oynayır. Azərbaycanda da bu tip startaplar və şirkətlər olsa da, hələ ki, onlar təsdiqlənməyə çalışırlar. Hər bir yeni yaranan xidmətin özünəməxsus yanaşması, fərqliliyi olur. Bu tip layihələrin həyata keçirilməsi, tənzimlənməsi böyük heyət (marketoloqlar, PR komanda, reklam işçiləri) və yatırım tələb edir. Fikrimcə, belə bir layihənin Azərbaycandan kənarda tanınıb uğur qazanması üçün öncə ölkə daxilində referans (təsdiq) qazanmalıdır. Və yaxud, şirkətin digər ölkələrdə də eyni zamanda filialları fəaliyyətə başlamalıdır ki, daha tez geniş tanınıb güvən qazansın”, - deyə E.Abbasov əlavə edib.

Qeyd edək ki, bu il aprelin sonunda Türkiyənin “Trendyol” və “PAŞA Holding” Azərbaycanda e-ticarət xidmətlərinin göstərilməsi üçün birgə şirkətin yaradılması barədə razılığa gəliblər. Ötən ay Türkiyənin daha bir onlayn ticarət platforması Azərbaycanda fəaliyyətə başlamaq niyyətini elan edib. Bu əməkdaşlıqlar ölkəmizdə texnologiya və logistika sahələrinin inkişafına töhfə verəcək ki, bu da öz növbəsində həm ölkədaxili çatdırılma xidmətlərinə müsbət təsir göstərəcək, həm yeni iş yerlərinin yaranmasına təşviq edəcək, həm də ölkəmizə xarici yatırımların axınını stimullaşdıracaq.(Azərtac)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə