Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

19-01-2023 / 18:21

Azərbaycanı İT sahəsində dünyada tanıdan alim - Rasim Əliquliyev

Ölkəmizdə informasiya cəmiyyətinin inkişaf etdirilməsində, İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan elminin beynəlxalq aləmə inteqrasiyasında informatika elminin inkişafına öz töhfəsini verən, bu sahədə mühüm nailiyyətləri olan görkəmli alimlərimizin rolu əvəzedilməzdir. Belə alimlərimizdən biri də Azərbaycanda informasiya cəmiyyəti və e-dövlət quruculuğunun elmi-nəzəri əsaslarının işlənilməsi və inkişafında mühüm xidmətləri olan akademik Rasim Əliquliyevdir.

Yanvarın 20-də AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyevin 65 yaşı tamam olur. Dərin analitik düşüncə, zəngin dünya görüşü və yüksək intellektə malik Rasim müəllim Azərbaycanda informasiya texnologiyaları sahəsində tanınmış mütəxəssisdir.

Onun ölkəmizdə İKT sektorunun  inkişafı, bu sahədə yüksəkixtisaslı kadrların hazırlanması, informasiya cəmiyyətinin təşəkkülü və bərqərar olması prosesinin uğurla aparılmasında böyük xidmətləri var. Görkəmli alimin tükənməz enerjisi, gərgin əməyi sayəsində son illərdə Azərbaycanda informasiya texnologiyaları, süni intellekt və informasiya təhlükəsizliyi sahəsində kompleks tədqiqatlar aparılmış, əldə olunan elmi nəticələrə dair məqalələr nüfuzlu beynəlalq jurnallarda öz əksini tapmışdır.

Akademik Rasim Əliquliyev informasiya cəmiyyəti sahəsində dövlət siyasətinin, bir sıra strateji əhəmiyyətli layihələrin həyata keçirilməsində, internetin milli infrastrukturunun formalaşması və inkişafının təmin olunmasında, müasir informasiya texnologiyalarının ölkəmizə transformasiyası prosesində yaxından iştirak edir.

O, 2007-ci ildə “İnformatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü (akademik) seçilmişdir. 2013-2019-cu illərdə AMEA-nın akademik-katibi vəzifəsində işləmişdir. 2019-cu ildən isə AMEA-nın vitse-prezidentidir.

Alimin 2009-cu ildə  Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif olunması dövlət başçısı tərəfindən onun çoxillik məhsuldar elmi fəaliyyətinə verilən yüksək qiymətdir. Rasim müəllim, həmçinin 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdir.

Rasim Əliquliyevin rəhbərliyi altında 4 elmlər doktoru, 31 fəlsəfə doktoru hazırlanmışdır. Hazırda 8 elmlər doktoru, 12 fəlsəfə doktoru hazırlığı üzrə doktorant və dissertantların elmi məsləhətçisi və rəhbəridir.

Görkəmli alim, əsl ziyalı olmaqla yanaşı, həm də təcrübəli elm təşkilatçısı olan akademik Rasim Əliquliyev 2002-ci ildən İnformasiya Texnologiyaları İnstitutuna rəhbərlik edir. Onun yüksək tələbkarlığı və təşkilatçılıq qabiliyyəti sayəsində institut qısa müddət ərzində İKT-nin ən müasir problemləri ilə bağlı tədqiqatlar aparan, informasiya-kommunikasiya texnologiyaları sahəsində öndə gedən qurumlarından birinə çevrilib.

Rasim müəllim informasiya texnologiyaları sahəsində yüksək elmi nailiyyətlər qazanmış bir alim kimi təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınır. Çoxlu sayda beynəlxalq elmi konfrans və simpoziumların fəal iştirakçısı və məruzəçisi olmuş alimin müəllifi olduğu ideyalar və elmi məqalələr dünya elmi ictimaiyyəti tərəfindən hər zaman maraqla qarşılanır.

Azərbaycan elminin bu günü və sabahı naminə, yorulmadan çalışan fədakar elm xadiminin fəaliyyəti, əldə etdiyi mühüm nailiyyətlər beynəlxalq aləmdə də yüksək qiymətləndirilib, son 3 ildə akademikin adı ABŞ-ın Stenford Universitetinin ən nüfuzlu reytinq siyahısına daxil edilib.

Gərgin elmi-təşkilati fəaliyyətlə məşğul olmasına baxmayaraq, Rasim Əliquliyev ali təhsil sistemində İKT üzrə gənc mütəxəssislərin hazırlanmasına da böyük dəstək verir. O, uzun müddət Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft Akademiyasında professor kimi fəaliyyət göstərərək kompüter sistemləri və şəbəkələrinin yaradılmasının nəzəri və texnoloji əsasları, informasiya cəmiyyətinin formalaşması və informasiya təhlükəsizliyinin təmin olunması mövzuları üzrə bir sıra fənləri tədris edib. Həmçinin 2008-ci ildən Azərbaycanın təhsil sistemində ilk dəfə olaraq Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində “İnformasiya cəmiyyətinin əsasları” fənni üzrə mühazirələr oxuyub.

Görkəmli alim uzun illər məhsuldar fəaliyyəti nəticəsində sözün əsl mənasında, nüfuzlu bir elmi məktəb yaradıb. Bu məktəbin yetirmələri hazırda informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının inkişafına, cəmiyyətin informasiyalaşdırılması prosesinə önəmli töhfələr verir, müxtəlif qurumlarda, həmçinin ölkə hüdudlarından kənarda uğurla fəaliyyət göstərirlər.

Akademik Rasim Əliquliyev həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da gücləndirilməsinə xidmət edən tədbirlərin fəal iştirakçısıdır. O, Avropa elm və tədqiqat şəbəkələri birliyi olan GEANT-ın Baş Assambleyasının üzvü, eyni zamanda Avropa Komissiyasının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, EU4Digital: Şərq tərəfdaşlığı ölkələrinin elm-təhsil şəbəkələrinin imkanlarının genişləndirilməsi və dünya elminə inteqrasiyasının sürətləndirilməsi (EaPConnect) layihəsinin Azərbaycan üzrə nümayəndəsidir.

Dövlət siyasətinin tərkib hissəsi kimi İKT sahəsində genişmiqyaslı uğurlu beynəlxalq münasibətlərin qurulması, ölkəmizin yüksək informasiya texnologiyaları sektorunun imkan və perspektivlərinin nəinki regionda, həmçinin dünyanın aparıcı ölkələrində və beynəlxalq təşkilatlarda geniş təbliği alimin məqsədyönlü fəaliyyətinin tərkib hissəsidir.

Rasim Əliquliyev bir alim kimi dövlət və cəmiyyət qarşısında məsul vəzifə daşımasına, gərgin iş rejiminə baxmayaraq, informasiya texnologiyaları sahəsində aktual elmi problemləri daim diqqətdə saxlayır, gündəmə gətirir, beynəlxalq səviyyəli konfranslar təşkil edir. Eyni zamanda, alim və mütəxəssislərə elmi işlərində dəstək verir, gənc nəslin elm sahəsinə gətirilməsinə böyük qayğı göstərir.

Akademik Rasim Əliquliyevin tövsiyələrini dinləmək, onun elmi biliklərindən və zəngin təcrübəsindən faydalanmaq qürurvericidir.

Elm fədaisi olan Rasim müəllimi 65 illik yubileyi münasibətilə təbrik edir, böyük alimimizə bundan sonra da elmin inkişafı yolunda yorulmadan, böyük həvəs və coşqu ilə fəaliyyət göstərməyi arzu edirik!


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə